Müəllimlər İnstitutunda Elçin
Hüseynbəyli ilə
görüş olub
Bugünlərdə Azərbaycan
Müəllimlər İnstitutunda (AMİ)
yazıçı-dramaturq Elçin Hüseynbəyli ilə
görüş keçirilib. Görüşü giriş
sözü ilə institutun dosenti, filologiya elmləri namizədi
Baba Babayev açıb. E.Hüseynbəyli ilə
tanışlığının 1997-ci ilə təsadüf
etdiyini vurğulayan B.Babayev onu XXI əsrin
yazıçısı saydığını bildirib:
"Biz hər ikimiz müxtəlif mətbu orqanlarında
müxbir işləyirdik. Amma mən bu gənc, uzunboylu,
gülərüz, qıvraq oğlanın 1989-cu ildə M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini
fərqlənmə diplomu ilə bitirdiyini, həm də
yaxşı nəsr əsərləri yazdığını
bilmirdim. Elçinin nəsri ilə tanış olduqdan sonra
onun əsərlərini mütəmadi şəkildə mətbuat
səhifələrindən izlədim".
Yazıçının həyat və yaradıcılıq
yoluna güzgü tutan məruzəsində B.Babayev onun
"Şah Abbas", son günlərdə işıq
üzü görmüş "Metro vadisi" romanları
haqqında fikirlərini görüş
iştirakçıları ilə bölüşüb.
B.Babayev E.Hüseynbəylini inadkar, cəsarətli
yazıçı kimi səciyyələndirərək,
İvan Buninin Nabokov haqqında dediyi sözləri ona da
şamil etməyin mümkünlüyünü dilə gətirib:
" O, ədəbiyyata soxulub, bizim hamımızı güllələdi".
Dosent çıxışında E.Hüseynbəylinin
bugünlərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
təsis olunmuş "Qızıl kəlmə" ədəbi
mükafatına layiq görülən "Don Juan"
romanı haqqında da söz açıb.
Şair Səlim
Babullaoğlu qələm dostunun çoxplastlı
yazıçı olduğunu bildirərək onu dünya ədəbiyyatının
Mopassan, Çexov, Kortasar kimi məşhur hekayə ustaları
ilə müqayisə edib və deyib ki, E.Hüseynbəyli
magik realizm janrının çox yaxşı nümunələrini
qələmə alıb: "Elçin Hüseynbəylinin
yaradıcılığı ilə tanış olan
gürcü şairi Şota İataşvili, Ukrayna yazarı
Dmitro Stus və başqa tanınmışlar da onun nəsrində
çox aktual mövzuların
işıqlandırıldığını, ciddi problemləri
ədəbiyyata gətirərək onların bədii həllini
verməyə çalışdığını qeyd ediblər".
S.Babullaoğlu E.Hüseynbəylini Bekket məktəbinə
aid ən yaxşı absurd pyes müəlliflərindən
biri hesab etdiyini dilə gətirib.
Kulturoloq Aydın Xan
indiyədək E.Hüseynbəylinin
yaradıcılığı haqqında 100-dən artıq məqalə
yazıldığını vurğulayaraq, onun gələcəyin
böyük yazıçılarından biri olacağına
inandığını önə çəkib. A.Xan
bütün hallarda yazıçının dürüst ədəbi
tənqidə ehtiyacı olduğunu bildirərək,
E.Hüseynbəylini də bu baxımdan istisna saymayıb:
"Yazıçını bütləşdirmək onu məhv
etməkdir. Ona görə də yazıçının əsərlərinin
obyektiv tənqidi də lazımdır ki, o daha da inkişaf
etsin. Bu baxımdan, Elçin Hüseynbəyli normal tənqidə
normal münasibət bəsləyən
yazıçıdır".
Tədbirdə
"Kövrək qanadlar" ədəbi dərnəyini
üzvləri də yazıçının əsərləri
haqqında fikirlərini bölüşüblər.
"Elçin Hüseynbəylinin hekayələri mövzu
aktuallığı və özünəməxsusluğu ilə
oxucunun diqqətini cəlb edir. Yazıçının
"Sular günəşə nəğmə oxuyanda",
"Qara çadralı qadın", "Pəncərədən
baxan ayın şəkli", "Vulkan adam", "Yekəpər",
"Günahın gül üzü", "Dezodorant
qız" və digər hekayələrində mənəvi-əxlaqi
problemlər ön plana gətirilib. Yazıçının
hekayələrində də, romanlarında da qlobal problem kimi ədəbiyyatda
həmişə mövcud olan insan konsepsiyası müəllifin
diqqətindən kənarda qalmır. Onun nəsrində
obrazlar kifayət qədər həyati və real təsvir
olunur". Bu fikirləri görüşdə AMİ-nin
aspirantura və magistratura şöbəsinin əməkdaşı
Xuraman Məmmədova səsləndirib.
Tələbələrdən
Nigar Talıblı, Günel Pəniyeva, Maral Mustafayeva, Aytən
Qurbanova, Təranə Hüseynova, aspirant Vüsalə Quliyeva
və başqaları da E.Hüseynbəylinin nəsrinin səciyyəvi
cəhətlərindən danışıblar.
E.Hüseynbəyli
yaradıcılıq prosesi haqqında danışaraq,
yazıçıların əsasən qrafoman, aqraf, bartlbi və
peşəkar kateqoriyalarına bölündüyünü,
özünü də sonunculara aid etdiyini deyib: "Mənim
yaradıcılıq prosesim maksimum dərəcədə
yaxşı yazanadək davam edir. Əsl
yazıçılıq təkcə yazmağı yox, həm
də daha çox pozmağı bacarmaqdır. Bu cəhətdən,
mən öz yaradıcılığıma son dərəcə
məsuliyyətlə yanaşıram". Sonda tələbələrin
suallarını cavablandıran E.Hüseynbəyli gələcəkdə
yaxşı mütəxəssis olmaq üçün
çoxlu mütaliə etməyin vacibliyini vurğulayıb.
Sevinc MÜRVƏTQIZI