"Qədim Yunanıstanın mifləri əfsanələri" Azərbaycan dilində

 

Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası cari problemlərin həllilə yanaşı, bir çox konseptual məsələlərin yenidən işlənməsi və təkcə günün tələbləri səviyyəsində deyil, həm də perspektivə hesablanmış vacib addımların atılması zərurətini meydana çıxarır. Buraya dünyanın qabaqcıl elm və təhsil ocaqları ilə qarşılıqlı əlaqələrin qurulması, birgə layihələrin həyata keçirilməsi, intensiv təcrübə mübadiləsi, beynəlxalq dərəcəli elmi konfransların təşkili, sivil dünyada ən mötəbər elmi mənbələrdən sayılan universitet nəşrlərinin işinin təkmilləşdirilməsi və s. kimi məsələlər daxildir. Bunlar yalnız ayrıca götürülmüş təhsil müəssisəsinin deyil, bütövlükdə ölkənin imicinə müsbət təsir edən, Azərbaycan insanının potensialı haqqında xaricdə dürüst təsəvvürlər yaratmağa xidmət edən amillərdir.

Bakı Slavyan Universitetində yuxarıda sadaladığımız sahələr üzrə görülən işlər həm ölkə, həm də xarici mətbuatda mütəmadi işıqlandırılır. Mətbuatın sözügedən universitetdə gedən proseslərə diqqətini də məhz Azərbaycan təhsil sistemində özünəməxsus yeri olan bu elm ocağının dinamik və çevik fəaliyyəti şərtləndirir.

BSU-da həyata keçirilən "Filoloqun kitabxanası - 100" layihəsi barədə oxucularımız məlumatlıdır. Xatırladaq ki, bu layihə çərçivəsində dünya filoloji-fəlsəfi fikrini ifadə edən, illərin sınağından keçərək, artıq mədəniyyət inciləri sırasına daxil olmuş əsərlər orijinaldan Azərbaycan dilinə tərcümə və nəşr edilir. AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayevin rəhbərliyi altında həyata keçirilən bu layihənin əhəmiyyəti göz önündədir. Bu, bir tərəfdən, Azərbaycan filoloji məkanında obyektiv və subyektiv səbəblər üzündən yaranmış ədəbiyyat boşluğunu aradan qaldırmağa xidmət edir və özünə hörmət edən hər bir filoloqun yaxından tanış olmalı olduğu əsərlər fondunun yaradılmasını təmin edirsə, digər tərəfdən, professional səviyyəsinə və gördüyü işin miqyasına görə qonşu ölkələrdən heç də geri qalmayan tərcümə məktəbinin formalaşmasına yardımçı olur.

Sistemsiz, permanent tərcümə praktikasını səmərəli məcraya salmağa yönəldilmiş "Filoloqun kitabxanası - 100" layihəsi çərçivəsində artıq dünyaca ünlü bir çox müəlliflərin əsərləri Azərbaycan dilinə tərcümə edilib və poliqrafiya-nəşriyyat nöqteyi-nəzərindən yüksək səviyyədə nəşr olunaraq oxucuların ixtiyarına verilib. N.Xomskinin "Dil və Təfəkkür", Y.Qolosovkerin "Mifin məntiqi", M.Baxtinin "Dostoyevski poetikasının problemləri", E.Koseriunun "Ümumi dilçiliyə giriş", Ə.Cəfəroğlunun "Seçilmiş əsərləri", "İbn Mühənna lüğəti"("Hilyətül-insan və Həlbətül-nisan") və s. kimi filoloji incilər artıq zövqlü oxucuların stolüstü kitabına çevrilib.

Bu günlərdə BSU-da bu silsilədən olan yeni bir əsər - N.A.Kunun "Qədim Yunanıstanın mifləri və əfsanələri" kitabı nəşr edilib. Bu əsər haqqında nə demək olar? Qeyd edək hələ 1914-cü ildə işıq üzü görmüş bu əsər, sonradan dünyanın demək olar, bütün dillərinə tərcümə olunub və 120 dəfədən də çox nəşr edilib. Hər dəfə yüksək tirajlarla çap olunan bu kitab, təəssüf ki, indiyəcən Azərbaycan dilinə tərcümə edilməmişdi. Sözsüz ki, bu əsərin çapı mədəni həyatımızın mühüm hadisəsidir.

Kitab oxucuları ümumbəşəri mədəniyyətin çox vacib elementi, bir növ dünya mədəniyyətinin sonrakı inkişafının əsasını qoymuş qədim yunan mifologiyası ilə tanış edir. Heç kəsə sirr deyil ki, dünya ədəbiyyatının, mədəniyyətinin bütün inkişaf mərhələlərində mifologiya, mifoloji motivlər və süjetlər aparıcı mövqelərdə olub. Biz antik mifologiya ilə də məhz qədim ədəbiyyat nümunələri əsasında tanış olmuşuq. Hind mifləri - "Vedalar"ın və "Mahabharata"nın, german mifləri - "Eddalar"ın, Fin mifləri - "Kalevala"nın, bizim miflər "Dədə Qorqud"un və başqa oğuznamələrin mayasına hoparaq günümüzə qədər gəlib çıxmışlar və bizi təəccübləndirməkdə davam edirlər. Müasir ədəbiyyatın özünü də mifoloji elementlər olmadan təsəvvür etmək mümkün deyil. Kitabın ön sözünün müəllifləri (Kamal Abdulla və Rəhman Bədəlov) yazır: Bütövlükdə götürdükdə, bəşər tarixi boyu miflərə münasibət dəyişikliyə uğrasa da, yunan mifləri həmişə dünya, ya da ən azı Avropa mədəniyyətinin ön səhnəsində olub. Yunan mifologiyası incəsənət və ədəbiyyat üçün daima eyni zamanda həm xüsusi, özünəməxsus "sirlər xəzinəsi", həm də bədii etalon olmuşdur". Buna görə də, ədəbiyyatşünasların, mədəniyyət tədqiqatçılarının yunan mifologiyası kimi möcüzəvi mənəvi fenomenin rolunu dərk etmədən hansısa dəyərli nəticələr əldə etməsi problemli görünür.

N.A.Kunun "Qədim Yunanıstanın mifləri və əfsanələri" əsəri həm məktəblilər, həm də geniş oxucu auditoriyası üçün maraqlıdır. Yunan mifləri ilə az-çox tanış olan oxucular rəngli illüstrasiyalar və geneologiyayla, hələlik onlardan xəbərsiz olanlar isə sadə və anlaşıqlı dildə ifadə olunmuş əfsanələrlə və miflərlə tanış ola biləcəklər.

"Mütərcim" nəşriyyat-poliqrafiya mərkəzində nəfis tərtibatla çap olunmuş əsər 1000 nüsxəylə yayımlanır.    

 

 

Günay ƏLİYEVA

 

525-ci qəzet.- 2009.- 16 may.- S.22.