İstanbulu dinliyorum gözlerim kapalı...

 

...Pierre Loti İstanbulun Eyyub səmtində Xəlicə baxan bir təpədi. Turistlər buranı sıx-sıx ziyarət edərlər və bu nədənlə də təpədə bulunan kafe və çayxanalar çox bahalıdı. Pierre Lotidən bir mənzərə açılır ki, gəl görəsən. Bu adın hardan qaynaqlandığını xəbər alsanız, deyək ki, Pierre Loti orientalist fransız yazıçısıdı. XIX əsrin ortalarında ilk dəfə 26 yaşında İstanbula gəlib dənizçi kimi. O zamanlar Avropada Şərqə maraq artdığından böyük axına səbəb olmuşdu. Təbii ki, gələnlərin içərisində müxtəlif məqsədlər güdənlər vardı. Amma hər gələn geriyə qayıdanda özü ilə Şərq haqqında olumlu-olumsuz, yaxşı, ya da pis bir xatirə aparırdı. Jülyen Vio adlı dənizçi ilk olaraq Pierre Loti təxəllüsü ilə yazmağa başlayanda Osmanlı həyat tərzi, İstanbul haqqında həqiqətləri təsvir edib. Bu şəhərə böyük sevgi ilə yazıb. Deyilənlərə görə, Aziyadə adlı evli bir Osmanlı xanıma aşiq olub, ilk romanı da "Aziyadə" adlanır. Mənə elə gəlir ki, Pierre Lotinin tam bir İstanbul aşiqi, türk dostu olması yazıçı kimi onun xeyirinə işləyib. İndi Fransada həmin adda bir yazarın xatırlanması böyük sual işarəsidi, amma İstanbulda Pierre Lotinin adına küçə, təpə, kafe var. Vaxtilə yaşadığı ev qorunub saxlanılır. Oxuyanların sözlərinə görə, Loti realist qələmlə İstanbulun, Osmanlının gerçək mənzərələrini verə bilib. Və təsadüf sayılmasın ki, binası qoyulduğu gündən kosmopolit şəhər sayılan İstanbulda sevdiyi, tez-tez ziyarət elədiyi məkan kimi Eyyubu seçib. Eyyubun etnoqrafik yapısı tamamilə türk ünsüründən ibarətdir, günü bu gün də. Yazdıqlarına görə, Avropada məşhurlaşan orientalist yazar Sultan II Əbdülhəmidin də, Sultan Rəşadın da qonağı olub.

... Təpədəki mənzərədən aralanıb aşağıdan qübbəsi görünən Eyyub sultan cameyə üz tuturuq. Cameyə getmək üçün diki enib məzarlıqdan keçmək lazım gələcək. Onu da deyim ki, İstanbulda məzarlıqlar çox səliqəlidi, dəbdəbə və təmtəraqdan uzaq məkanlardı. Üzümü sağa-sola tutub burda yatanlara rəhmət oxuyuram. Dədə Əfəndinin qəbri də burdadı. Bu şəxs XIX əsrin sonunda türk musiqisinə böyük xidmət vermiş sənətkardı.

... Eyyub sultan camesini Fateh Sultan Mehmet inşa etdirib. Rəvayətə görə, 671-ci ildə xilafət ordusu Konstantinopolu mühasirə edəndə burda Həzrəti Məhəmmədin yaxın silahdaşı Eyyub Əl-Ənsari şəhid olub. Eyyub Əl-Ənsari Məkkədə İslamı qəbul etmiş ilk müsəlmanlardan sayılır. Həzrəti Peyğəmbər Məkkədən hicrət etdiyi zaman onu daşıyan dəvə Eyyub sultanın evinin qarşısında yerə çöküb və bu işarət üzərinə Peyğəmbər onun evində qonaq olub.

Övliya Çələbinin yazdıqlarına görə, Əbu Eyyub iki dəfə Konstantinopol yürüşündə iştirak edib. İkinci səfərində şəhid olub. 1453-cü ildə İstanbul fəth olunanda Sultan Məhmətin üləmalarından olan Akşəmsəddin onun məzarının yerini bulur və Fatih savaba orda bir came tikdirir. Və bundan sonra Fatihdən başlayaraq bütün sultanlar taxta keçdiklərində Sinan Paşa köşkündən qayıqla bura gəlirlərmiş, camedə iki rükət namaz qılırlarmış, Şeyxülislam da şahlıq qılıncını bellərinə bağlayırmış. Sərv ağacları və məzarlıqlarla çevrələnmiş came qiymətli memarlıq abidəsi sayılır. Osmanlı tarixinin bir çox önəmli isimləri bu məzarlıqda yatır.

... Tuncay dua etmək üçün içəri keçir. Mən içə camenin həyətindəki qocaman çinar ağacına söykənib gələn turistlərə tamaşa edirəm. Hərə bir dildə danışır - amma fərqi nədi, yuxarıdakı o gözə görünməz qüvvə hamımızı anlayır. Kömək ol, Böyük Yaradan!

İstanbul çox təzadlı bir yerdi. Və hər səmtin də özünəməxsus zümrəsi var. Eyyubun küçələri ilə sahilə doğru irəliləyəndə saqqalı, əbalı kişilərlə, gözünə qədər çarşablanmış qadınlarla sıx-sıx rastlaşırsan. Dindar kəsim burda çoxluq təşkil edir. Bizim müsafir olduğumuz Sarıyerdən çox fərqlidi buralar.

Taksi ilə tramvay durağına tərəf gedirik. Mürəkkəb yol qovşağından baş çıxara bilmədiyimizə görə Tuncay körpünü piyada keçməyə məcbur edir. "Bax, iki addım yoldu, gəl özümüz gedək"- deyir. İstanbulun iki addımı başqa yerin addımlarından çox uzundu axı, yoruluram. Bu günlük bəsdi gəzdiyim. Gedib otelin önündəki sevimli skamyamda oturub Boğazı seyr edəcəm. Və ...

 

   İSTANBULU DİNLİYORUM,

   GÖZLERİM KAPALI

   BİR KUŞ ÇIRPINIYOR

   ETEKLERİNDE;

   ALNIN SICAKMI, DEYİLMİ,

   BİLİYORUM

   DUDAKLARIN İSLAKMI,

   DEYİLMİ, BİLİYORUM

   BEYAZ BİR AY DOĞUYOR

   FISTIKLARIN ARKASINDAN

   KALBİNİN VURUŞUNDAN

   ANLIYORUM

   İSTANBULU DİNLİYORUM...

 

Dumanlı, çiskinli bir gündə sahildən yuxarı qalxırsan. Zamanında sultanların gəzdiyi bu məkanların yeni sahibləri ticarətçilərdi. Səs-küylü, hərəkətli məkanlardı. Bu hay-huyun içində özəl duyğularla baş-başasan. Möhtəşəm Süleymanın hüzuruna tələsirsən. Divarlara vurulmuş lövhələr sənə yol göstərir. Nəfəsin təngiyə-təngiyə diki qalxırsan və birdən... ətrafındakı hər şeyi unudursan.

Ey iki dünyanın hökmdarı Sultan, ey iki oğlunun qətlinə fərman verən Ata, ey başqa saraylardakı qovğaları həll edib də öz sarayında sakitlik yarada bilməyən Ər, ey atları ilə dünyanı lərzəyə salan, ordusunun başında torpaqlar fəth edən, ey vətəndən kənarda döyüşü seyr edə-edə gözlərini yuman Padşah! Xəbərin varmı 500 il əvvəlki səhvlərin acısını yaşayırıq?!

Kanuni Sultan Süleymana avropalılar "Möhtəşəm" ünvanını veriblər. Osmanlının onuncu padşahı, İstanbulun fəthindən sonra dördüncü padşahı. İndi mən İstanbulun ən hündür təpəsində - Xəlici, Mərmərəni, Boğazı, Topqapını görən təpəsində Möhtəşəm Süleymanla üzbəüz dayanmışam. Süleymaniyyə külliyyəsi bir vaxtlar şəhər içində şəhər sayılırmış. Kitabxanası, xəstəxanası, mədrəsəsi, karvansarayı, su anbarı ilə. Came olsa da karvansarayda xristian qonaqları da qəbul edib üç gün pulsuz yeməklə təmin edərlərmiş. Camenin binəsi qoyulan vaxt Parisdə fransız kralı Fransisk Luvr sarayının inşasına başlamışdı. Az keçmiş kraliça Yekaterina Mediçi Tüilri sarayını sifariş vermişdi. Vatikanda isə Mikelancelo Müqəddəs Pyotr kilsəsinin tikintisi ilə məşğul idi. Ancaq sultanın arzusuna görə bu came bütün şəhər əhalisinin istifadəsinə təmənnasız verilmişdi. Elə indi də o zamanlar olduğu kimi içəri girib rəngbərəng mərmərlərdən düzəlmiş dörd nəhəng sütunun, böyük qübbənin, vitrajlardan axıb gələn işıq selinin altında insan ömrünün nə qədər boş, həyatın nə qədər fani olduğunu düşünməli olursan.

Ey Möhtəşəm Süleyman, ey ürəyi dağlı ata, böyük arzularla yaşadın. İki dünyanı birləşdirmək istədin. Ömrünün sonuna acı xatirələrin qaldı. Möhtəşəm olsan da, Sultan olsan da enində-sonunda insan idin.

...Yağış deyəsən ara verir, amma sis-duman var. Elə qəlbimdə də. Bu məkandan aralanıram.

 

  ARZULAR BAŞKA ŞEY,

   HATIRALAR BAŞKA.

   GÜNEŞİ GÖRMEYEN ŞEHİRDE

   SÖYLE, NASIL YAŞANIR?

 

Bebekdə bir kafede oturmuşuq. Burası Boğazda sosyetenin, ulduzların takıldığı bir mekan. Menyüya baxıb Adil Polatın təklifi ilə dadını bilmədiyim sahlab sifariş verirəm. Düyü unundan hazırlanmış, üstünə də darçın səpilmiş, bir növ bizim firniyə bənzər, amma duru bir içkidi. Soyuq havalarda insanın canını isidəcək bir şey. Xoşuma gəlmir, amma çox bəyəndiyimi deyirəm.

Hər gün Bebeyin içindən dar yollarla keçib getsək də, ancaq indi diqqətlə ətrafıma göz ata bilirəm. Əksəriyyəti taxtadan tikilmiş əsrlik evlər yolboyu düzülüb. Evlərin qiymətini soruşuram Adil Polatdan:

- Abla, burda elə evlər var ki, paha biçiləməz- deyir.

Düz dənizin qırağında Beşiktaş Valide Sultan cameyinə bənzəyən bir tikili var. Nə vaxta aid olduğunu soruşuram.

- Altı yüz sənə kadar olar.

- Olamaz- deyirəm.

- Nədən?

- İstanbulun fəthi nə zaman, 1453. Dahası var. Camenin mimari yapısı da son dönəmləri göstəriyor.

- Üzerindeki levhaya bakalım, abla.

Lövhəyə baxırıq... mən haqlıyam. İstanbulun Avropa yakasındakı çox məkanlar kimi Bebek də tarixlə müasirliyin qəribə sintezini yaşayır. Son günlərin məşhur mahnısını xatırlayıram:

Sevgilimi koluma takarım,

Bebekde üç-beş tur atarım...

İstanbula gələsən də, alış-verişə çıxmayasan? Olurmu böyle şey? Tamam, hadi bakalım.

... Burası "İstinye park" - neçə qatlı böyük ticarət mərkəzidi. İynədən, düymədən tutmuş hər şey satılır. Satılmağına satılır da, amma mən yazıq öz ölçümdə bəyəndiyim bir şey bulamam ki... Ancaq burda gəzməyin özü əsəbləri sakitləşdirir. Yəqin bilirsiniz də şopinq-terapiya deyilən bir müalicə üsulu var qadınlar üçün. Bir məsələ də var ki, qadınların şopinq-terapiyasından sonra evdəki erkeklərin şokinq-terapiyası başlayır. Eybi yox, həmişə qadınlar əziyyət çəkməli deyil ki?..

Gördüyüm qədəri haqqında bol-bol danışılan ekonomik kriz alış-veriş mərkəzlərinə bir elə toxunmayıb. Alan-alır, satan-satır. Bizimkilərlə də sıx-sıx rastlaşırıq. Heç ağızlarını açmamış üz-göz ifadələrindən, bir də makiyajlarından tanınırlar. Vaxtım və yorğun ayaqlarım imkan verdiyi qədər gəzirəm, evdəkilərə bir-iki hədiyyə alıram...

İndi bu sətirləri yaza-yaza fikirləşirəm ki, İstanbulu gəzib-tozub, vəsf eləmək üçün nə bir həftə, nə bir ay, nə də bir sənə bəs eləməz. Həm də yazdıqlarıma baxıb tarixi xronologiyanı pozduğumu görürəm. Martın sonlarında gəldim buralara. Nisan və mayıs aylarında yazını yazdım. Təsvir edəcəyim Rumelihisarının təməli aprel ayında qoyulub. İstanbul isə bir il sonra mayda fəth olub. Nə fərqi, harda başladın, harda bitirdin? Amma qəribədi, gəzintimə İstanbulun başlanğıc tarixində son verirəm.

Rumelihisarı Konstantinopolu İstanbula dönüşdürən zamanın əvvəlidi. İlk öncə Ayasofyadan, Sultan Əhməddən, Dolmabaxça sarayından, Pierre Lotidən, Eyyub Sultan cameyindən yazmışdım. Amma bu qarışıqlığın özündə də bir bağlantı var.

Ən hündür qüllədən Boğaz, qarşı tərəfdə Anadolu yakası və Anadolu hisarı görünür. Anadolu hisarını 1396-cı ildə Yıldırım Bəyazid inşa etdirib. 1402-ci ildə Əmir Teymurla savaş olmasaydı İstanbul o zaman fəth ediləcəkdi. Olmadı. Hələ ki, II Mehmet adı ilə taxta çıxmış gənc sultan 1452-ci ildə Boğazın ən dar yerində yeni bir inşaata başlayır - Rumelihisarının. Bu qalanın tikilişi ilə Konstantinopol mühasirəyə alınır. Çünki Qara dənizdən gələn gəmilər şəhərə ərzaq gətirə bilmirlər. Bu nəhəng tikili cəmi dörd aya başa gəlir. Bütün əyalətlərdən toplanmış bənnaların zəhmətiylə. Tikinti bitən kimi Boğazdan keçən gəmilər nəzarətə alınır, tabe olmayan gəmiləri batırır, heyətini isə edam edirlər. Bundan sonra yeni qalaya həm də "Boğazkəsən" adını verirlər - yəni hər iki mənada.

Hisarın qüllələrinin tikintisinə nəzarət II Mehmetin sərkərdələrinə tapşırılır. Dəniz tərəfinə düşən qismiyləsə sultanın şəxsən özü ilgilənir. Elə indi də bu qüllələr tikintini aparmış paşaların ismini daşıyır. Hisarın böyük qüllələrini birləşdirən divarın uzunluğu şimaldan cənuba 250 metr, şərqdən qərbə isə 125 metrdir. Bəzi yerlərdə divar qalınlığı 7 metr, hündürlüyü isə 45 metrə çatır.

Rumelihisarı bu gün muzeydi. Bir vaxtlar üstündən quş uça bilməyən yerdən çox rahatca içəri keçirik. Hərə öz yaşına uyğun cəldliklə - mən də, Tuncay da qüllələrə dırmaşırıq. Bürclərdən bax ki baxasan. Qarşıdan Anadolu hisarının üstündə dalğalanan qırmızı Türk bayrağı görünür. Və birdən Tuncayın sözləri məni təsirləndirir:

- Bu şəhəri hər yaşda bir başqa cür qavrayırsan, - deyir.

Demək bu günün türkləri hələ də var, var olacaqlar. Müharibə qalasının içində konsert meydançası düzəltsələr də, bu günün türklərini oynadıb-oxutsalar da, başlarını qarışdırsalar da var...

Bir az irəlidə Rumelihisarı məzarlığının daşları görünür. Orxan Vəli burda yatır. Şairim, ustadım, yatdığın yer güzel də, gözlerin kapalı da, hala İstanbulu dinliyormusun?

BU SABAH YAĞMUR VAR İSTANBULDA... Şəhər qonaqlarını qarşıladığı hava ilə yola salır, yəni yağmurla.

Adil Polat xanımı ilə hava alanında bizi uğurlamağa gəlib. Vaxta hələ var, kafedə çay içirik:

- Günler elə bil uçdu - deyirəm.

- Nasıl, abla, anlayamadım- deyir Adil Polat və xanımı tez-tələsik düzəliş verir:

- Günler çabuk geçdi diyor.

Tuncay:

- Vay bə, Filiz azericeyi söküyor.

- Tamam, nasılsa bir gün öyrenecek- deyirəm. Və özlüyümdə düşünürəm ki, Türkiyənin də, Azərbaycanın da gələcəyi bu gənclərdən asılıdır. Allaha əmanət olun!

...Uçaqdakı yerimdə oturub gözlərimi yumuram, beynimdə isə bu misralar fırlanır:

 

    İSTANBULDA

   BOĞAZ İÇİNDEYDİM

   BİR QARİP

   İRADƏ TUNCAY...

   Bakı-İstanbul

 

   Mart-may

 

 

İradə TUNCAY

 

525-ci qəzet.- 2009.- 16 may.- S.21.