"Zamanın ruhlara hökm edən şairi"

 

Azərbaycan ədəbiyyatı tarixində istiqlal şairi mövqeyini qazanmaq məhz ona nəsib oldu. Və bu mövqeyə yüksəlmək üçün Əhməd Cavad şərəfli mücadilə yolu keçdi. Bütün Şərqdə və Türk dünyasında ilk demokratik dövləti - Azərbaycan Xalq Cümhuriyyətini o, böyük sevgi və vətən məhəbbəti ilə tərənnüm etdi. Yazdığı şeirlər, himnlər insanların qəlbinə hakim kəsildi. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadə onun haqqında belə yazırdı: "Zamanın ruhlara hökm edən şairi".

Böyük istiqlal şairi Əhməd Cavad 1892-ci il may ayının 5-də Gəncə qəzası Şəmkir nahiyyəsinin Seyfəli kəndində anadan olub. 8 yaşında olarkən atasını itirib. İlk təhsilini molla yanında alıb, ərəb-fars dillərini öyrənib. Sonradan isə "Cəmiyyəti-xeyriyyə"ni Gəncədə açdığı Yelizavetpol (Gəncə) Müsəlman Ruhani Seminariyasında təhsil alıb. Onun buradakı təhsili 1906-1912-ci illəri əhatə edib. Seminariyada oxuduğu illərdə Hüseyn Cavid, Abdulla Sur, İdris Axundzadə, Türkiyədən Gəncəyə gəlmiş Cavad kimi müəllimlərdən dərs alıb. Əhməd Cavadın ilk şeiri məhz həmin dövrdə - 1911-ci ildə nəşr edilib. 1914-cü ildə o, Türkiyəyə gedir. Bir müddət burada yaşadıqdan sonra yenidən Gəncəyə qayıdır.

Elə orada dostları onu "Əhməd Cavad" kimi çağırdıqlarından Gəncəyə qayıtdıqdan sonra da həmin imza ilə yazılarını nəşr etdirir...

Qeyd edək Əhməd Cavad gənc yaşlarından böyük nüfuz qazanıb. Belə ki, "Cəmiyyəti-Xeyriyyə"nin işinə maddi cəhətdən böyük yardım edən məşhur milyonçu H.Z.Tağıyev Ə.Cavada dərin inam göstərirdi. Yaxın adamlarına belə pul kağızlarına qol çəkdirən H.Z.Tağıyev Ə.Cavada imza atdırmadan "Cəmiyyət" fəaliyyəti üçün pul verirmiş.

Əhməd Cavad bir müddət məktəblərdə pedaqoji fəaliyyətlə də məşğul olub. Sonradan onun həbsinə qərar verən - Mir Cəfər Bağırovla bir məktəbdə çalışdığını da söyləyirlər.

1915-1916-cı illərdə "Cəmiyyəti-Xeyriyyə"nin tapşırığı ilə Əhməd Cavad Acarıstana-Batuma gedir. Batumda Süleyman bəyin qızı Şükriyyə xanımla tanış olub ailə həyatı qurur...

Qeyd edək ki, Əhməd Cavadın istiqlal, azadlıq, türklük ruhu ilə dolu, şeirlərinin hamısı maraqlıdır, oxunaqlıdır. Bu mövzuda onun yazdıqları əsasən cümhuriyyət dövrünə təsadüf edir. Lakin onun 1914-cü ilin dekabrında yazdığı, böyük bəstəkar Ü.Hacıbəylinin sonradan musiqi bəstələdiyi "Çırpınırdı Qara Dəniz!" şeiri təkrarsızdır. Bu şeir hazırda bütün Türk dünyasının ortaq himnidir. Bu şeirin hər misrası bir çağırışdır, azadlığa, hürriyyətə səslənişdir. Diqqət edək:

 

   Çırpınırdın Qara dəniz

   Baxıb Türkün bayrağına!

   "Ah!" deyərdin, heç ölməzdin

   Düşə bilsən ayağına!...

   Dost elindən əsən yellər,

   Bana şeir, salam söylər!

   Olsun bizim bütün ellər

   Qurban Türkün bayrağına!

   Yol ver Türkün bayrağına!

 

Əhməd Cavadın bu şeiri bütün Türkiyədə məşhur idi.

1918-ci ilin 28 mayında Azərbaycan İstiqlalı elan edildi. Cümhuriyyətin elanından az sonra mövcud hökumət Gəncəyə köçdü. Səbəbi isə Bakının erməni-daşnak-rus qüvvələrinin nəzarəti altında olması idi. Belə bir zamanda Gəncə şəhərində müstəqillik rəmzimiz olan ilk qırmızı bayrağımız dalğalanmağa başladı (Məlum olduğu kimi ilk bayrağımız qırmızı rəngdə, aypara səkkiz guşəli ulduzun təsviri formasında olub. Üçrəngli bayrağımız haqqında olan ikinci qərar isə 1918-ci ilin noyabrın 9-da verilib). Əhməd Cavad bu münasibətlə yazırdı:

 

   Təmiz alnındakı tozu, torpağı,

   Haqq üçün açdığın əllərinlə sil!

   Qalxıb, bir də enməz elin bayrağı,

   O sənin, o mənim əlimdədir, bil!

 

Azərbaycan Xalq Cümhuriyyətinin elanından sonra ikinci baş verən tarixi hadisə Bakının Qurtuluşu idi. Bakını azad etmədən istiqlalın reallaşması da qeyri-mümkün idi. AXC qurucularının vətənpərvər ziyalılarının apardığı uğurlu diplomatik iş öz bəhrəsini verirdi. 1918-ci ilini iyununda Azərbaycan dövləti ilə Osmanlı Türkiyəsi arasında ilk rəsmi müqavilə imzalandı. Həmin müqavilənin 4-cü maddəsində göstərilirdi ki, Azərbaycan dövləti Türkiyədən hərbi kömək istəmək haqqına malikdir.

General Nuri Paşanın başçılığı altında Qafqaz İslam Ordusunun Azərbaycana dəstək və Bakının Qurtuluşu savaşına başlaması bütün insanlarınızda coşqun hisslər yaratmışdı. Şair Əhməd Cavad isə öz duyğularını və qəhrəman türk əsgərinin xilasa yetdiyini belə ifadə edirdi:

 

   Ey Bakı, sən qorxma, gəldik, gələli,

   Səninçün atıldıq daim irəli!

   Sağ qalanlar annələrə təsəlli,

   Şəhidlərin ruhu gülər, bismillah!

 

Əhməd Cavad Bakının Qurtuluşu savaşında erməni-daşnak xəyanətkar qüvvələrinə kömək edən ingilislərə üz tutub deyirdi:

 

  Bakıya gəlmisiniz salam verməyə,

  Ey Xan sarayını tutan ingilis!

  Gedirkən Kəbəyə hacı karvanı,

  Hacılar yoluna çıxan ingilis!

 

Əhməd Cavad Qafqaz İslam Ordusunun hər bir uğuruna sevinir, ilhama gəlir, onları böyük qələbələrə səsləyirdi:

 

   Bu qarşıdakı duman çıxan bacadan,

   Sən gəlmədən iniltilər çıxardı!

   Geciksəydin, məzlumların fəryadı

   Yeri, göyü, kainatı yıxardı!

   Yürü, yürü batan günün izinə,

   Gülümsəyir doğan Günəş yüzünə!

 

Əhməd Cavad bu şeirini Bakını mühasirəyə almış, xilasa çalışan Qafqaz İlsam Ordusu Güzdəkdə olarkən yazmışdı.

Əhməd Cavadın qəhrəman Türk ordusuna sevgisi bitib tükənmir. Qurulmuş müstəqil Cümhuriyyətin mövcudluğunu bu ordunun zəfərində görür.

 

  Ey şanlı ölkənin şanlı ordusu,

  Unutma Qafqaza girdiyin günü!

  Gəlirkən qovmağa Turandan Urusu,

  Ayağını Qara dəniz öpdümü?!

 

1918-ci ilin sentyabrın 15-günü, Bakının Qurtuluşu Günü Azərbaycan Cümhuriyyəti tarixinin önəmli bir hadisəsi oldu. Bakı düşmənlərdən azad edildi. Ölkədə geniş dövlət quruculuğu prosesi başlandı. Hüquqi və demokratik dövlətçiliyin əsası qoyuldu. Tez bir zamanda ölkədə azad və demokratik seçkilər əsasında ilk Azərbaycan Parlamenti formalaşdı. Bu böyük hadisəyə Əhməd Cavad da öz töhfəsini verirdi. Onun yenə də vətən duyğulu, Vətən ruhlu, bayraq sevgili şeirləri adamları riqqətə gətirirdi:

Əhməd Cavad bir şeirində azad bir dövlətin müstəqil vətəndaşı olduğunu böyük qürur hiss ilə belə çatdırdı:

 

   Soranlara, bən bu yurdun

   Anlatayım nəsiyəm.

   Mən çeynənən bir ölkənin

   "Haqq!" bağıran səsiyəm!

 

Əhməd Cavadın üçrəngli bayrağımıza sevgisi idi. O, bu bayrağa bütün varlığı ilə bağlıdır:

 

 Gül rəngində bir yarpağın

 Ortasında bir hilal!

 Ey Al Bayraq, sənin rəngin

 Söylə neyçün böylə al!?

 

1919-cu ildə isə Əhməd Cavad "Şəhidlərə" şeirini yazdı. Bakını azad edərkən canını qurban vermiş türk şəhidlərinə böyük ehtiramını bildirdi. Azərbaycanın çox bölgələrində məzarlıqlarda uyuyan bu şəhidlər əsl qəhrəmanlıq göstərib vətənimizi düşmənlərdən azad etdilər. Həmin şeir necə təsirli mənalıdır?!

 

   Qalx, qalx sarmaşıqlı məzar altından.

   Gəlmiş, ziyarətə qızlar, gəlinlər!

   Ey karvan keçidi, yollar üstündə

   Hər gələn yolçuya yol soran əsgər!

 

1919-cu ildə Bakı hökumət mətbəəsində "Dalğa" adlı ayrıca bir şeirlər kitabı da çap edildi. Bu kitab ona böyük şöhrət gətirdi və Əhməd Cavadı İstiqlal şairi kimi məşhur etdi.

Əhməd Cavadın Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncədə yazdığı və "Gənclər yurdu"nda çap edilən bir marşı da çox maraqlıdır:

 

   Bayrağıma xain baxan

   Xain gözə mən tikanam.

   Burulursam kölgəsində

   Halal olsun ona qanım!

 

Əhməd Cavadın yazdığı milli marş isə Azərbaycana sonsuz bir sevginin, bağlılığın təzahürü idi:

 

   Azərbaycan, Azərbaycan!

   Ey qəhrəman övladın

   Şanlı Vətəni!

   Səndən ötrü can verməyə,

   Cümlə hazırız!

   Səndən ötrü qan tökməyə

   Cümlə qadiriz!

   Üç rəngli bayrağınla

   Məsud yaşa!

 

İstiqlal şairinin "Azərbaycan, Azərbaycan" şeiri isə vətən sevgisi ilə, torpağa məhəbbət ruhu ilə doludur:

 

   Durna gözlü bulaqların

   Cənnət kimi yaylaqların!

   Geniş-geniş oylaqların,

   Azərbaycan, Azərbaycan!

 

1920-ci ilin 27 apreli Azərbaycan Xalq Cümhuriyyətinin son günü oldu. Azərbaycan bolşeviklər tərəfindən işğal edildi. Həbslər, sürgünlər, ölümlər... Azərbaycanda qanlı rejim tətbiq edildi. təbii ki, belə bir quruluşda, ideoloji cəmiyyətdə yaşamaq Əhməd Cavad üçün qeyri-mümkün idi.

İlk dəfə onu 1923-cü ildə həbs etdilər. 1923-cü ildə gizli olaraq nəşr edilən "İstiqlal" qəzeti müsadirə olunduqdan və yeri aşkarlandıqdan sonra həbslər aparıldı. Həmin vaxtı qəzetin nəşrini, əsas işini reallaşdıran Mirzə Bala Məmmədzadə həbs edilmiş, sonradan isə o həbsxanadan çıxıb İrana qaçmış, Ənzəli şəhərində yaşamışdı. Məhz onun qaçışını Əhməd Cavadla bağlamış, onu həbs etmişdilər. O vaxt Ə.Cavadı bir zaman Qubada birgə müəllim kimi çalışdıqları - dostları H.Musayev və M.C.Bağırov (Sonralar Azərbaycan KP MK-nin birinci katibi) həbsdən azad etmişdilər.

1923-cü ildən başlayaraq, Əhməd Cavad güclü hücumlara məruz qalır, əsas tənqid obyektinə çevrilir. 1925-ci ildə yazdığı "Göygöl" şeiri isə ona ciddi problemlər yaratdı. Şeirə siyasi yanaşmalar oldu. Şeirdə işlədilən "ulduz", "ay", "yaşıl" sözlərinə görə şairi ittiham etməyə başladılar. Qeyd etdilər ki, o, bu şeirində ötən günləri yada salıb, Müsavatı xatırlayıb:

 

   Bulunmaz dünyada bənzərin bəlkə,

   Zəvvarın olmuşdur bir böyük ölkə.

   Olaydı könlümdə bir yaşıl kölgə,

   Düşəydi sinənə yaralı, Göygöl!

   Sənin gözəlliyin gəlməz ki saya,

   Qoynunda yer vardır yıldıza, aya.

 

Sovet mətbuatında artıq Əhməd Cavadı sərt tənqid atəşinə tuturdular. Tənqidçilər onun haqqında yazırdılar: "Bir az da əski şairlərdən bəhs edək. Biz güman etmirik ki, Cavad Axundov və Hüseyn Cavid kimi şairlərdə bu yaxın zamanlarda lazımi bir dönüş, əmələ gələcəkdir... Mündəricə etibarı ilə bu şairlərin yazıları yeni cəmiyyətin və yeni Azərbaycan mədəniyyətinin əleyhinədirlər".

Böyük şairin 1930-cu ildə yazdığı "Kür" əsəri isə onu yeni tənqid hədəfinə çevirdi. Xüsusən əsərdə işlətdiyi aşağıdakı misralar ədəbi və siyasi mühitin ciddi narazılığına səbəb oldu:

 

   Dolaşıb dağı, daşı,

   Qatırım ol, yük daşı.

   Əyil Kürüm, əyil, keç!

   Meydan sənin deyil, keç!

 

Əhməd Cavadın son misralarını belə qəbul etdilər ki, şair yeni həyatı bəyənmir, bəzi quruculuq işlərindən narazıdır, köhnə dövranı üstün tutur və ona görə də Kürə deyir: "Meydan sənin deyil, keç!" Əhməd Cavadın əleyhinə ciddi və sərt tənqidi şeirlərin sayı getdikcə artırdı:

 

   Şeirinə ağuş açıb Türkiyə

    Əhməd Cavadın,

   Bicliyi oldu əyan cümləyə

    Əhməd Cavadın,

   Yetişib Türkiyəyə yazdığı

    bir çox əsəri.

   Yazdığından özünün yaxşıca

    vardır xəbəri,

   Əyləşib Türkiyədə, dəvət edib

    dərbədəri,

   Şeirinə çıxdı yiyə Türkiyə

    Əhməd Cavadın,

   Bicliyi oldu əyan cümləyə

    Əhməd Cavadın...

   Şeirin sonunda isə bildirilirdi:

   Bicliyi oldu əyan cümləyə

    Əhməd Cavadın,

   Yeridir sürgünə, ya türməyə

    Əhməd Cavadın.

 

1937-ci ilin iyun ayında axşam Əhməd Cavadı həbs etdilər. Dustaq sayı 1112 olan şairin istintaq işi 1937-ci ilin 25 sentyabrında başa çatdı. 1937-ci ilin oktyabr ayının 12-dən 13-nə keçən gecə Əhməd Cavadı güllələdilər.

 

 

Nəsiman YAQUBLU

 

525-ci qəzet.- 2009.- 16 may.- S.20.