"Bəhanə" romanının
müəllifi Seyran Səxavətə bəhanəsiz
məktub
Hörmətli Seyran müəllim!
Yazı yaz sözündən qaynaqlanıb. Yaz torpağı necə yazırsa, torpaq yazın yazdığını necə bitirirsə, Siz də "Bəhanə" romanınızı elə yazıb, elə də bitirmisiniz. Bitirmək sözü də yazı sözü kimi sehirlidir. Bitirmək, yəni əkib, bitirmək və ya sona çatdırmaq mənasında iki məna ifadə edir. Lakin hər iki mənada bitirmək, mövcud etmək və yaratmaq qədər zəhmət, istehdad və qüdrət tələb edir. Mən peşəkar ədəbiyyatşünas deyiləm və Sizin bu romanınız haqqında peşəkar ədəbiyyatşünas kimi fikir söyləməkdən uzağam. Lakin bir oxucu kimi onu deyə bilərəm ki, yazın yazdığı və torpağın bitirdiyi güllər və çiçəklərin də arasında alaq olur. "Bəhanə" romanı da bu baxımdan istisna deyildir. Təbiət gülü və çiçəyi ilə yanaşı alaqları ilə də mövcuddur və o alaqlar onun kamilliyinə zərrə qədər də xələl gətirmir. Görünür el, hər gözəlin bir eybi var, - deyəndə həqiqi gözəlliyi və kamilliyi bu vəhdətdə axtarmışdır. Qüsursuzluq yalnız yaradana, məxsusdur. Mən oxucu kimi belə başa düşürəm.
Siz şair kimi də həmişə ədəbi ictimaiyyətin
diqqət mərkəzində
olmusunuz. Hələ 70-ci illərdə yazdığınız
şeirlər, xüsusən
"Subay planetim" şeiriniz əsil sənət nümunəsi
kimi ədəbi xəzinəmizin ən qiymətli incilərindən
biridir. Mən indi bildim ki, bəşəriyyətin
Ana Vətəni olan yer kürəsinin taleyi üçün narahat olan şair
ürəyinin bu nəcib və bəşəri hissləri
öz mayasını haradan almışdır.
Muğam
təkcə sehirli və ahəngdar bir səs deyildir.
O, məhəbbətdir, elmdir,
mədəniyyətdir və
milli, bəşəri
keyfiyyətləri ilə
həyatı dərk etmək formasıdır. Muğam həm də kitabdır. Özü
də elə bir kitab ki,
sözə səs ahəngi, səsə söz ahəngi nəqş edən və qüdrəti ilə sözü endiyi yerə ucaldan, qəm karvanında söz bəxtəvərliyi daşıyan
böyük Füzulini
ilk dəfə oxuculara
və tamaşaçılara
oxudan kitabdır! Əgər ədəbi janrları toxum, istedadı torpaq hesab etsək, onda demək olar ki, bütün
ədəbi "toxumlar"
Sizin münbit "torpağınızda" açmalı
olduğu qədər
gül açıb, verməli olduğu qədər də bar verib.
Bu baxımdan "Bəhanə"
romanı istər mövzusuna, istərsə də
manerasına görə müasir Azərbaycan ədəbiyyatında
bir hadisədir. Publisistika ilə janr etibarı ilə ənənəvi
roman janrının elementlərinin sintezindən
yaranmış bu əsər dünya ədəbiyyatında
olmasa da, Azərbaycan ədəbiyyatında ilk nümunədir.
Özü də son dərəcə uğurlu və kamil bir
nümunədir. Sanki bu əsərdə nə keçmiş,
nə indiki, nə gələcək zaman, nə də
onların arasında heç bir məsafə və sərhəd
yoxdur. Bu əsərdə elə bil bütün zamanlar birləşib
vahid bir "Muğam" adlı zaman yaradır və oxucunu
da nar giləsi kimi öz qabığının içinə
yığır.
Muğam, zamanlar
arasında sərhədi, "Əhməd haradadır"
kino-filmində qohumluq münasibətlərinə girmək istəyən
Şirin kişi ilə Məmməd kişi arasında
mövcud olan çəpərin aradan yox edilməsi kimi yox edir.
Ancaq bu sərhəd ölçülərinin
ölçüsüzlüyü həmişə
mümkün olmur. Zaman yalnız Muğamın pərdələri
arasında öz ölçüsünü itirir. Əslində
bu elə zamanın öz ölçüləridir ki,
Muğamla qovuşub elə sirli səsə
dönmüşdür ki, həmin səsdən yaranan ahəng
ruhun nizamına çevrilmişdir. Muğam zamanı sərhədsiz
qoyduğu kimi, zaman da Muğamın sirli səsinə
çevrilərək əbədiyyət qazanır. Zaman elə
Muğamın səsidir ki, bizi ölçü adlı ahəngi
ilə bu əbədiyyət yolunda haldan-hala salır. Bu səs
itmir və yox olmur. Öz varlığını zahirən
ayrı-ayrı tale ünvanlarında tapsa da, əslində
Muğam, Günəş kimi öz ifaçısını,
doğduğu səhər kimi, özü doğur. Səsin
ünvanları firmaca dəyişsə də məzmunca dəyişmir.
Cabbar Qaryağdıoğlu formaca Seyid Şuşinskiyə,
Seyid Şuşinski Xan Şuşinskiyə, Xan Şuşinski
Yaqub Məmmədova, Yaqub Məmmədov Arif Babayevə,
Süleyman Abdullayevə və Sabir Mirzəyevə çevrilsə
də, əvəzində o ilahi səs məzmun etibarı ilə
bir vergül qədər də dəyişməmişdir. Romanın
qayəsi də bizi müxtəlif talehləri bir
varlığa çevirən o ilahi səsin
yaratdığı Muğam dünyasına dəvət etməkdir.
Cənnət deyilən o məkan elə Muğam
dünyasıdır. Muğamın ilk ifaçısı
Anadır! Laylası ruhumuza qanad, ayaq basdığı yer
arzularımıza cənnət olan Ana! İndi gör Seyid
Şuşinskinin anası ona necə lay-lay çalıb ki,
çaldığı lay-lay onun ruhunun və qəlbinin insan
ruhunu və qəlbini qarsıdan şəlaləsinə
çevrilib.
"Bəhanə"
romanı adından da göründüyü kimi ilahi səs və
onun möcüzəsi olan Muğam dünyasına baş
vurmaq üçün bir bəhanədir.
Bu dünyanın
qayğıları çətini Muğam dünyasına
baş vurana qədərdir. İlahi səsi ilə
möcüzə yaradanların və onların möcüzələrinə
baş vuranların dünya qayğıları dəryada saman
çöpü kimi bir şeydir. Böyük ispan
yazıçısı Servantesin çox gözəl bir fikri
var. Böyük çaylar kiçik çaylardan
yarandığı kimi, böyük məsələlər də
kiçik məsələlərdən yaranır.
Bu müdrik kəlama bir
daha nəzər salanda fikirləşirsən ki, doğurdan da
çox vaxt nədənsə yayınmaq üçün gətirilən
bəhanə, qurub, yaratmaq meydanında alova çevrilə bilən
qığılcıma da dönə bilirmiş. Bu əsərin
həqiqi qəhrəmanı Muğamdır. Əsərdə
haqqında bəhs edilən və ilahi səs qüdrətinə
malik olan Süleyman Abdullayev və digər ulu sənətkarlar
olsa-olsa o Muğamın gözü, qəlbi və ruhudurlar.
Nə qədər
ağır olsa da Muğam dünyasının buz
bağladığı günlər də olmuşdur. Xoşbəxtlikdən
buz bağlamış Muğam dünyasının buzları
tez bir zamanda Xalqımızın ləyaqətli qızı,
Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın
isti nəfəsi ilə əriyib dünyanın zəngin mədəniyyət
dənizinin yenilməz dalğasına çevrildi.
Həmin Muğamdır
ki, səsinin ahəngi, "Bəhanə" romanında Sizin
sözünüzün ahənginə çevirmişdir.
Bu baxımdan əsər
məzmun etibarı ilə canlı və ibarətamiz həyat
hadisələri ilə zəngindir. Dili isə ana və bala
danışığı qədər şirindir. Təsvir
edilən hadisələr, haqqında bəhs edilən şəxslərin
sənətkarlıq və şəxsiyyətlərinin təsdiqi
qədər səciyyəvidir. Əsər bütövlükdə
bir Muğam dəstgahıdır.
O, "dəstgahın"
təsiri onu oxuyanların "ifasından" və dünya
görünüşündən asılı olacaqdır.
Əlbəttə ki, əsərin
ədəbi tənqid tərəfindən obyektiv təhlili və
alacağı layiqli qiymət də "dəstgahın" təsirli
oxunmasında az rol oynamayacaqdır. Bu cümlələri
yazıram və fikirləşirəm. İndi Aydın Məmmədovu
haradan tapasan ki, ədəbiyyatımızın bu günkü
ədəbi tənqid səhrasında Qeys kimi peyda olsun və ədəbiyyat
adlı Leylisinin yolunda qələm adlı Günəşin
şəfəqindən süzülən sözün atəşinə
yansın. Ancaq nə bilmək olar, ümid varsa, ümid olan
yerdən bulaq da çıxar.
Kitab tirajının məhdud
olduğu bir vaxtda əsərinizin "525-ci qəzet" kimi
populyar və geniş oxucu auditoriyası olan bir qəzetdə
dərc edilməsi müəllif kimi təkcə Sizin deyil, ən
ümdəsi zərgər kimi zərin qədrini bilən
oxucuların da sevincinə və minnətdarlığına səbəb
olmuşdur.
Mənə elə gəlir
ki, həmin qəzetin öz səhifələrində əsərinizə
ayırdığı yer, bir müəllif kimi nəcib əməyinizə
verilən ilk yüksək qiymətdir.
Müəllif
üçün əsərinin davamını oxumaq məqsədi
ilə qəzetin növbəti nömrəsinin intizarında
olan oxucu marağından daha böyük və izahı
çətin olan xoşbəxtlikdən başqa xoşbəxtlik
ola bilməz.
Mənə ancaq
qazanmış olduğunuz xoşbəxtliyi yeni xoşbəxtliklər
gətirə biləcək əsərlərlə zənginləşdirmək
arzusu qalır!
Hörmətlə, Babək ARUSLU