Milli Elmlər
Akademiyasında hesabat
məzmunlu yığıncaq
olub
Dünən Milli Elmlər
Akademiyasının (MEA) Rəyasət Heyətinin növbəti
iclası keçirilib. İclasda çıxış edən
Akademiyanın prezidenti, akademik Mahmud Kərimov deyib ki,
MEA-nın elmi müəssisələrində 144 problem, 460
mövzu üzrə tədqiqatlar aparılıb və 150-yə
yaxın mühüm elmi nəticə alınıb. Bundan
başqa, 300-dən artıq kitab, 2 ensiklopediya, 6000-dən
yuxarı məqalə və tezis, o cümlədən 1200-dən
çox məqalə xaricdə çap edilib. Həmçinin
müxtəlif nazirliklər və dövlət şirkətləri
nəzdində fəaliyyət göstərən elmi mərkəzlər
tərəfindən aparılan tədqiqatlar da əlaqələndirilib.
MEA-nın tərkibinin 176 üzvdən ibarət olduğunu
qeyd edən M.Kərimov onlardan 63-nün həqiqi, 113-nün
müxbir üzv olduğunu vurğulayıb:
"Akademiyanın elmi müəssisələrində, idarə
və təşkilatlarında çalışan əməkdaşların
ümumi sayı 9714 nəfərdir. Elmi işçilərin
sayı 4784 nəfərdir, o cümlədən 529 nəfər
elmlər doktoru, 2068 nəfər isə elmlər namizədidir.
2008-cı ildə aspiranturaya 176 nəfər (154 əyani və
22 qiyabi) qəbul olunub. Hazırda aspiranturada 608 aspirant təhsil
alır. Hesabat ilində 18 doktorluq və 127 namizədlik dissertasiyası müdafiə
olunub".
Tədbirdə
çıxış edən Atatürk Universitetinin (Türkiyə,
Ərzurum) rektoru professor Hikmət Koçak
çıxışında bu ali təhsil ocağının
1957-ci ildən fəaliyyət göstərdiyini önə
çəkib. O, ümummilli lider Heydər Əliyevin vaxtilə
bu universitetin fəxri doktoru olduğunu, prezident İlham Əliyevin
də fəxri doktor seçildiyini söyləyib. Çıxışının
sonunda professor universitetlə MEA arasında elmi əməkdaşlıq
əlaqələrinin qurulmasının zəruriliyini əsaslandırıb.
MEA-nın müxbir
üzvü Rafiq Qasımov heyvanat aləmilə bağlı
elmi-tədqiqat işlərinin ölkədə və xaricdəki
müxtəlif yığıncaqlarda mütəxəssislər
tərəfindən böyük maraqla qarşılandığını
bildirib. Alim bəzi unikal heyvan, xüsusən balıq növlərinin
öyrənilməsi və qorunmasının vacibliyindən
söz açıb.
S.QARAYEVA