İlqar Fəhmidən
söz düşmüşkən...
ÇOXDAN DÜŞÜNDÜKLƏRİM
VƏ İMZA GÜNÜNDƏ GÖRDÜKLƏRİM
"Bayatı" kitab mağazasında keçirilən İmza günü İlqar Fəhmi haqqında çoxdan yazmaq istədiyim bu yazı üçün bəhanə oldu. Deyəsən, hərdən
bəhanələr də
işə yarayır,
axı...
Onun barəsində tərifli-tənqidli
yazıları müəyyən qədər izləmişəm.
Şair Çingiz Əlioğlunun "Körpü" dərgisinin
2004-cü il sayındakı "Yaza bilmədiyim yazıdan
fraqmentlər" adlı sonsöz əvəzi qeydlərində
İlqar Fəhmi haqqında dediyi diaqnozsayağı ifadələr,
üstündən beş il keçməsinə baxmayaraq, hələ
də yadımdadır. Daha doğrusu, bir hissəsini
yaxşı xatırlayıram: "İlqar Fəhmi
tikanları içəri bitən kirpini xatırladır mənə,
özgələrdən qorunma yarağı özünü
yaralayan silaha çevrilir. Mən bunu alqışlayıram,
İlqar yeganə şairdir ki, hamı kimi
doğulmadığının utancaqlığını
yaşayır".
İlqar Fəhminin nəyinsə
utancaqlığını
yaşayıb-yaşamadığını deyə bilmərəm,
amma "tikanları içəri bitən kirpi" çox
uyğun görünən ifadədir. Hətta bəziləri
onu özündən çıxarmağın və ədəbi
mühitdə gedən "zurna-qavalsız" oyunların
iştirakçısına çevirməyin
mümkünsüzlüyünü görəndə bir-birinə
sakit-sakit etiraf edirlər: "Başını
aşağı salıb, öz işi ilə məşğul
olur də..." Nəinki kənardan, hətta öz çevrəsindən
olanlar, məsələn, tənqidçi Əsəd Cahangir qələm
yoldaşı kimi və dostyana giley-güzarını gizlətmir:
"İlqar özü üçün bir akvarium düzəldib
və deyəsən, ordan çıxmaq istəmir. Ədəbi
mühitdə gedən proseslərdən xəbərdar olsa da,
sanki iştirakçı kimi nədənsə ehtiyat
edir".
Universitetin səs-küylü
auditoriyalarına təzə-təzə öyrəşdiyim
vaxtlarda hekayəçi olmaq arzuma qoşulub "Ulduz"
jurnalına gələndə ilk yazımı oxuyan da İlqar
Fəhmi olmuşdu. Sonrakı görüşümüzdə
mənim hekayəyəbənzər yazımı əvvəlcə
tərifləyib, sonra tənqid eşitməyə hazır vəziyyətə
gətirəndə qüsurlarmı başa düşüb
" yazmağa dəyərmi" deyə
nigarançılıqla soruşmuşdum. Aldığım
cavabın təsirindən bir həftə sonra yeni hekayəmi
gətirdim. O vaxt "Körpü" jurnalında dərc
olunan "Çənlibel tülküsü" povesti və
"Ölüm gözəldi, yoxsa sən?" adlı
şeir kitabını dərsdə oxuyanda ədəbiyyata
marağı olan tələbə yoldaşlarımı
İlqar Fəhmi ilə görüşdürmək niyyətində
idim. Nədənsə alınmadı...
Onun "Aktrisa" ,
"Akvarium" , "Qarğa yuvası", "Bakı
tarixindən kollaj" kimi romanları qısa vaxt ərzində
yazılan və ədəbi mühitdə maraqla qarşılanan
əsərlər sırasındadır. Təbii ki, bu əsərlər
haqqında təfsilatı ilə yazmaq, bədii dəyərini,
məziyyətlərini qiymətləndirmək ədəbi tənqidçilərin
öhdəsinə düşən işdir. Və müəyyən
qədər bu əsərlər haqqında deyilib,
yazılıb da!
İlqar Fəhmi həm
də yağışlı-qarlı günlərdə Gənc
Ədiblər Məktəbi üzvlərinin çəkinmədən,
qorxmadan və ürəkaçıqlığı ilə
üz tutub çox şey görüb-götürə biləcəyi
bir dayanacaqdır...
Yazıçılar
Birliyinin təşəbbüsü ilə keçirilən və
artıq ənənə halını alan İmza
günündə oxucular İlqar Fəhminin "Qarğa
yuvası" , "Akvarium" və "Aktrisa"
kitablarını müəllifin avtoqrafı ilə əldə
edə bildilər.
Tədbirin
başlamasına on beş dəqiqədən çox vaxt
qalmışdı. "Bayatı" kitab
mağazasının rəflərində gözə dəyməyən
kitablar əməkdaşların stolunun üstündə
qalaqlanıb, təşkilatçılıq işlərinə
qarışmağa həvəsi olmayan müəllifin
arın-arxayınlığının, laqeydlinin altını
çəkirdi, deyəsən... Mağazanın işçiləri
də, yəqin ki, bu "münbit" vəziyyətdən
istifadə edib, stolun altında "gizlənən"
bağlamalardakı kitabları gözəgəlimli yerlərə
düzməyə ərinirdilər. Haradansa ağlıma gəldi
ki, görünür, bu mağazada Yunus Oğuzun "Nadir
şah"ının qəzəbli və zəhmli
baxışlarının qorxusu lazımdır...
Tədbirə gecikən
telekanalların yolunu gözləməkdən ən çox
usandığı hiss olunan və tədbirin
aparıcısı vəzifəsini boynuna götürən
yazıçı-dramaturq, " Ulduz" jurnalının
baş redaktoru Elçin Hüseynbəyli olmasaydı,
güman ki, görüşü səbirsizliklə gözləyənlərin
sayı daha çox olacaqdı. Amma nədənsə, ədəbi
mübahisələrdə səsini hamıya eşitdirə
bilən Elçin müəllim bu dəfə səs tellərinə
əziyyət vermək istəmirdi. Tədbiri
işıqlandıran qəzetçilərin yer-yerdən səslənən
narazılığı və qəzetdə nə
yazacaqlarının dərdini çəkmələri
müqabilində kimsə əsəbini gizlədə bilmədi:
"Nə görmüsüz, onu da yazın.Yazın ki, Elçin
Hüseynbəyli astadan danışırdı".
İmza
gününün keçirilməsi ənənəsinin
müəllif və oxucular üçün vacibliyini qeyd edən
E.Hüseynbəyli İlqar Fəhmi haqqında xoş sözlər
dedi, onun dəyərli qələm yoldaşı, istedadlı
yazıçı olduğunu söylədi.
Xalq şairi Fikrət
Qoca da İmza gününün keçirilməsini yüksək
qiymətləndirdi, tədbiri alqışladı: "Mən
çox sevinirəm ki, bu cür tədbirlər keçirilir.
Bu çox yaxşı ənənədir". İlqar Fəhmi
haqqında fikirlərini tədbir iştirakçıları
ilə bölüşən Fikrət Qoca bu sözləri
xüsusi vurğuladı: "Vaxt gələcək ki,
İlqarla cavan vaxtı görüşdüyünüzə
görə fəxr edəcəksiniz. Onun imzası ilə əldə
etdiyiniz kitabları maraqla oxuyacaqsınız. İnanıram
ki, İlqarın yaradıcılığının bundan
sonrakı təbliğatı da yaxşı qurulacaq".
Şair Ədalət Əsgəroğlu
İlqar Fəhmini çoxdan tanıdığını, onun
ilk oxucularından olduğunu önə çəkib: "Belə
qələm sahiblərinə az-az rast gəlinir" - dedi.
Aydın Xan Əbilovun
fikri belə oldu ki, İ.Fəhmi indi ən çox oxunan və
əsərləri maraqla qarşılanan
yazıçılarımızdan biridir.
Sonda söz alan İlqar
Fəhmi tədbirdə iştirak edənlərə, xüsusən
Fikrət Qocaya minnətdarlığını bildirdi.
Qeyd edim ki, İ.Fəhminin
kitablarının satış qiymətinin münasib
olmasını oxucular razılıqla
qarşılamışdılar. Bunu ən azı,
"Bayatı" kitab mağazasındakı oxucu növbəsinə
əsasən söyləmək olardı...
525-ci qəzet.- 2009.- 19 may.- S.7.