"Qoqol, Allah sənə rəhmət eləsin..."
AZƏRBAYCAN YAZIÇILARI
BÖYÜK RUS ƏDİBİNİ YAD EDİBLƏR
Yazıçılar Birliyində
(AYB) böyük rus yazıçısı Nikolay
Vasilyeviç Qoqolun anadan olmasının 200 illiyilə əlaqədar tədbir keçirilib.
"Ölü canlar",
"Müfəttiş" kimi ölməz əsərlər müəllifinin
yubileyinə həsr olunan mərasim Azərbaycan Mədəniyyət
Xadimləri Assosiasiyasının
təşkilatçılığı ilə gerçəkləşib.
Assosiasiyanın rəhbəri
filologiya elmləri doktoru Həsən Quliyev Qoqolun
yaradıcılığında qaldırılan problemlərin
hələ aktual sayıldığını bildirib. O, həmin
problemlərin təkcə Rusiyaya deyil, əksər dünya
ölkələrinə və fərqli cəmiyyətlərə
xas olduğunu nəzərə çatdırıb.
Birliyin sədri xalq
yazıçısı Anar N.V.Qoqolun XIX və XX əsr ədəbiyyatına
böyük təsir göstərdiyini önə çəkib.
Anar böyük rus yazıçısının
yaradıcılığının müsbət təsirinin
bütün dünya ədəbiyyatında hiss edildiyini
vurğulayıb.
Tədbirdə
çıxış edənlər Qoqolun əsərlərinin
bədii məziyyətlərindən söz açıb,
onların bəşəri əhəmiyyətini yüksək
qiymətləndiriblər.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 19 may.- S.7.