Əziz qələm dostlarım!

 

Qələm dostları deyəndə, on yaşından yüz yaşına kimi şeir yazan hər kəsə səslənirəm. Dostlar, qəzetlərə, jurnallara böyük silsilə şeirlər verməklə oxucunu yazılarınızdan doyuzdurmayın. Az yazı verin, dadı damağında qalsın, axtarıb kitablarınızı alsın. Şeir balaca olanda, səhifədə kiçik görünəndə sizə "balaca şair" deməyəcəklər. Canınıza zəhmət verib, zorla çox yazmayın. Şeir canınızdan atəş, ağrı kimi çıxsın. Siz yazıb dincəlin. Oxucu da oxuyub dincəlsin. Mən hərdən sizin fitinizə gedib çox yazı çap etdirirəm. Oxuyanda özüm yoruluram. Peşiman oluram.

 

  Leyli-Məcnun nağılı

 

   Bir binada doğulub,

   Əvvəl yoldaş oldular.

   Bir bağçaya getdilər,

   Bağrı-badaş oldular.

   Məktəbdə Leyli-Məcnun

   yavaş-yavaş oldular.

   Toy oldu bir ömürlük,

   Göz ilə qaş oldular.

   Yaşayıb qarıdılar,

   Ömürdən yarıdılar...

   O qədər yaşadılar,

   Bacı-qardaş oldular.

 

   17 may 2009

 

 

   Fikrət QOCA

 

  525-ci qəzet.- 2009.- 19 may.- S.7.