Azərbaycanın "Eurovision-2009" uğuru

 

AYSELLƏ ARAŞ MOSKVADA KEÇİRİLƏN BEYNƏLXALQ MÜSABİQƏDƏ ÜÇÜNCÜ YERİ TUTUBLAR

 

Mayın 16-da Moskvadakı "Olimpiya" Mərkəzində "Eurovision-2009" müsabiqəsinin final yarışması keçirilib. APA-nın xəbərinə görə, yarışma müsabiqənin ötənilki qalibi Dima Bilanın ifası ilə başlayıb. Final gecəsini rus müğənni Alsu və tanınmış teleaparıcı İvan Urqan idarə ediblər.

Azərbaycan təmsilçiləri Aysel Teymurzadə və Araş səhnəyə 11-ci çıxıblar. İştirakçılar performanslarını nümayiş etdirəndən sonra səsvermə prosesinə Beynəlxalq Kosmik Stansiyadan start verilib.

Səsvermədə iştirak edən ölkələrdən Çexiya Azərbaycana 10, İsveç 8, Fransa 1, İsrail 6, Rusiya 7, Çernoqoriya 6, Bolqarıstan 8, Litva 5, Yunanıstan 8, Bosniya və Hersoqovina 3, Ukrayna 10, Türkiyə 12, Albaniya 4, Serbiya 4, Kipr 8, Polşa 6, Niderland 10, Estoniya 7, Xorvatiya 10, Rumıniya 4, Danimarka 8, Moldova 10, Ermənistan 1, Macarıstan 10, Norveç 10 xal verib.

Azərbaycandan isə 12 xal Türkiyəyə göndərilib.

Yekun nəticəyə görə, müsabiqənin qalibi Norveç təmsilçisi Aleksandr Rıbak, ikinci yerin sahibi İslandiya olub. Üçüncü yeri isə Azərbaycan tutub. Qeyd edək ki, müsabiqəyə cəmi ikinci dəfə qatılan Azərbaycanın belə bir yüksək nəticəyə nail olması böyük uğur kimi dəyərləndirilir.

Azərbaycan prezidenti İlham Əliyev uğurlu çıxış və qazanılan nailiyyət münasibətilə Aysellə Araşı təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısı Aysel və Araşla telefonla danışaraq, Azərbaycanı Avropa miqyasında layiqincə təmsil etdiklərini deyib, bu nailiyyəti yüksək qiymətləndirib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Xatırladaq ki, builki müsabiqəyə 42 ölkə qatılmışdı. Həmin ölkələrin 20-si mayın 12-də və mayın 14-də keçirilmiş yarımfinallardan finala vəsiqə qazanmış, 5 ölkə isə birbaşa finalda yarışa qoşulmuşdu.

Beləliklə, Aleksandr Rıbakın qələbəsi sayəsində Norveç gələn il "Eurovision" müsabiqəsinə ev sahibliyi etmək hüququ qazanıb.

 

 

525-ci qəzet.- 2009.- 19 may.- S.7.