Tükənməz ümidin sönməyən
poetik işığı
ADİL ŞİRİNİN YARADICILIĞI HAQQINDA BİR
NEÇƏ SÖZ
Azərbaycan poeziyasının tanınmış
nümayəndələri sırasında
məxsusi yaradıcılıq
manerası, orijinal dəsti-xətti, poetik təfəkkürünün təravəti
ilə seçilən
çox istedadlı şairlərdən biri Adil Şirindir. Onun poetik düşüncələrinin fəlsəfi
tutumu, yaradıcılıq
fərdiyyətinin rəngarəngliyi
həqiqi sənət
müstəvisində bədii
özünütəsdiq faktorudur.
Zəngin söz aləmi, bədii predmetə yanaşma özəlliyi, təfəkkür
genişliyi, cəmiyyətə
münasibəti, həyəcan,
duyğu və düşüncələrin təbiiliyi
şairin poetik özünəməxsusluğunu şərtləndirir. Hər
bir şairi düşündürən önəmli
cəhətlərdən biri
də əsərlərinin
əbədiliyinin cövhərini
tapmaq üçün
fenomenal istedad nümayiş etdirməkdir.
Bu istəyin, arzunun çin olması üçün
sənətkarın özünəməxsus
üslubu, yaradıcılıq
fərdiliyi vacib elementdir. Zaman sübut edib ki, şairin üslub fərdiyyəti yaradıcılığının başlıca indeksi olmaqla bərabər, həm də bədii nümunənin, bədii əsərin uzunömürlü olmasını
təmin edən əsas amillərdəndir.
Adil Şirinin zəngin poeziya aləminə yüksək
təsvir və ifadə gözəlliklərinin,
səmimi və təbii duyğuların əks olunduğu poetik tablolar qalareyasıdır - desəm,
yanılmaram. Bu dəyərli
poetik nümunələrdə
milli - mənəvi dəyərlərin sənət
müstəvisində bədii
inikası, ədəbi
- ictimai düşüncənin
sanbalı, forma və məzmunun vəhdətindəki modern
özünüifadə meylləri
poetik idrakın orijinallığına dəlalət
edir. Bənzərsiz mətndaxili intonasiya,
ifadə tərzindəki
yenilik elementləri, həmçinin bədii fikrin poetikasının dolğunluğu, yüksək
vətənpərvərlik məziyyətləri bu şeirləri poeziyamızı
zənginləşdirən poetik nümunə kimi dəyərləndirməyə
əsas verir.
Bədii əsərin əbədiyaşarlığını
şərtləndirən başlıca məziyyətlər
sırasında obrazlılıq həlledici fakt olaraq
qalmaqdadır. Obrazlılıqdan kənar yüksək sənət
əsərini qəbul etmək mümkün deyil. Obrazlı
fikrin qaynaqları xalq ruhundan süzülüb gələn ən
təsirli ifadə vasitələrindən bəhrələnəndə
zəngin ədəbi material yaranır.
"Ay
işığı
qaranlığın
pərdəsini
aralayır
səssizcə.
Burdan
çıxıb getsəydim,
qarşı
yatan qara dağa
bir də
qalxsaydım.
Son nəğməni
oxuyub,
son
duamı etsəydim.
Və
başımı qaldırıb göydə
Aya baxsaydım,
yenidən doğulardım
və yenə sənə aşiq olardım".
Şeirin ruhundakı intonasiyanın təravəti poetik düşüncənin, bədii fikrin ifadəliliyinə məxsusi bir ovqat aşılayır. Bu heç də təsadüfi özəllik deyil.
"Qarşı
yatan qara dağa
bir də
qalxsaydım".
misrası bədii fikrin
alt qatındakı qan yaddaşının, milli ruhun poetik hənirtisidir.
Bu obraz "Dədə Qorqud" dastanındakı milli - fəlsəfi
ruhun çağdaş bədii müstəvidə dolğun
inkişafıdır. Bu şeirdə emosional fikir yükü,
poetik əhvali - ruhiyyə şairin özünəməxsusluğunun
əlaməti kimi nəzərə çarpır.
"Artıq
payızdı, ömrün payızı,
gecələr
uzanır...
Göy
üzündə ulduzlar da
yaşamaqdan
usanır".
bu misralarla başlayan
şeir "ömrün payızı" na varmış
insanın mənəvi-psixoloji durumunun məharətlə
çəkilmiş lirik-psixoloji tablosudur. Bədii nümunədə
poetik obrazın daxilindəki fəlsəfi dəyərin, lirik
ovqatın, əhvali - ruhiyyənin xalq poetik təfəkkürünün
dərinliklərindən gələn obrazlılıqla
qovuşmasının uğurlu təzahürünü
görürük. Bu şeiri insan və təbiət
harmoniyasının bədii - fəlsəfi kodu da
adlandırmaq olar.
İnsan canlı
varlıq olaraq təbiətin bir parçasıdır, digər
canlılardan fərqi odur ki, onun içində də bir təbiət
mövcuddur. Xarakterik, iradə, emosionallıq,
düşüncə, arzu, istək, sevinc, kədər və
s. psixoloji komponentlər insanın daxilindəki təbiətin
bizə məlum olan coğrafiyasıdır. Ancaq vizual təbiətdəki
saysız - hesabsız sirlər kimi, virtual təbiətin də
kifayət qədər sirləri vardır. Bu sirlərin bəzi
nüansları müxtəlif üsul və vasitələrlə
üzə çıxır.
Poetik mənanın
sözlə işlənmiş vizual tablosuna baxaq:
"Göylərdə
yaşa dönür
xatirələrin
yuxusu,
saralır,
solur
tək
güllərin, çiçəklərin qoxusu".
Poetik mənanı
çözələməyə cəhd edək:
Payızda havalar soyuyur,
soyuq yağışların intensiv həyatı
başlayır. Bu vəziyyət təbiətdə baş verən
ənənəvi fəsil əlamətidir. Bu vizual təbiət
hadisəsi, həm də "ömrün payızı"na
varmış insanın içindəki virtual təbiətdə
də baş verir. Hər iki təbiətdə baş verən
fəsildəyişmə hadisəsinin doğurduğu ovqata
diqqət edin. İnsanın yaşı ötdükcə,
yaşlandıqda ("ömrün payızı") tez - tez
kövrəlir, keçmiş günlər, xatirələr
yuxu kimi "içinin göy üzündə"
yaşadığı yaşa dönür.
"Yaş
artdıqca
yağmurlar
nisgil gətirir
könüllərə
damla-damla".
Dəqiq poetik detallarla
çəkilmiş lirik-psixoloji durumun təbiliyi valehedicidir. Burada
poetikanı sözlərin deyil, düşüncənin
içində axtarmaq daha vacibdir.
Şeirin sonuncu misrası qeyri - adi, yüksək poetik energetikaya malikdir. Modern təfəkkürün, novator düşüncənin fərqli məfkurəsində ən parlaq təzahürlərindən birinə diqqət edin:
"Əşyalar susur,
əşyalar bir dost kimi
danışmır adamla..."
bu misra şeirin bütün poetik məzmununa şedevr sənət cövhəri qatır. Bu misranın orijinallığını şərtləndirən məqamlardan biri də onun doğurduğu poetik-fəlsəfi effektin çoxqatlılığı, çoxmənalılığıdır. Bu şeirdə, daha doğrusu, bu misranın bətnində Nəsimi ruhu çırpınmaqdadır.
Adil Şirinin şeirləri
lakonikliyi və incə lirizmi, həmçinin poetik
ideyanın obrazlı ifadə tərzi və ahəngi ilə həmişə
maraq doğurur. Onun qəm, kədər qoxulu şeirlərində
də işıqlı bir hüzn var. Məncə bu fakt da
onun yaradıcılıq fəaliyyətinin uğurlu elementlərindən
biri sayıla bilər. Bədii siqlətindən asılı
olmayaraq, onun bütün şeirlərində poetik təfəkkürün
fərdi cizgiləri məxsusi ifadə detalları ilə
görüntüyə gəlir.
"Oğlum Elgiz
üçün" şeirində ənənəvi
mövzuya özünəməxsus poetik rakursdan yanaşma tərzi
diqqət çəkir. Metafora və epitetlər obrazlı
düşüncənin səmimi və təbii ifadəsinə
təravət gətirir. Bəlkə də qəribə səslənər,
ancaq bu şeirdə dərdin təravəti duyulmaqdadır. Duyğu
və məzmunun vəhdəti poetik fikrin ümumiləşməsinə,
tamamlanmasına xidmət göstərən amil kimi ortaya
çıxır. Buna görə də Adil Şirinin
şeirlərində üslub eklektizminə rast gəlmək
olmur.
Şeirdəki bəzi poetik məqamlara diqqət etmək maraqlıdır:
Bir gün gəldi,
oğluma
təsəlli
verə bilmədim,
gözləri
doldu birdən
göz
yaşını silmədim".
İlk baxışda bu misralar publisistik təsir bağışlayır.
Lakin azca düşünəndə
sual doğur ki, ata oğlunun
göz yaşını
niyə silməyib?
Bu məzmundan doğan sualın poetikası daha dərin mətləblərin,
psixoloji məqamların
açarına çevrilir.
Bir vaxt atasının
hüzurunda ağlaya bilməyən "lirik mən", yəni
şair, sanki oğluyla deyil, özüylə üz-üzə
dayanıb. Bu insan ömrünün genetik poetikasıdır.
"Mənim
şair ömrüm
dörd
misralıq bayatı olacaq,
ağı
olacaq.
Bir gün
mən də bir fotodan
Baxacam bu
dünyaya,
sənin
ürəyin ağrıyacaq,
gözlərin
dolacaq..."
Şeirdə insan
ömrünün, insan taleyinin fəlsəfi-psixoloji məğzi
"ata və oğul" doğmalığı fonunda
çox yığcam poetik ümumiləşmə kimi əyaniləşir.
Poetik məqamın səmimi və təbii boyalarla, sənətkar
məharəti ilə canlı təsviri Adil Şirinin poetik nəfəsinin
bənzərsizliyinə bir vəsilədir.
Bəzən bir misra
şairin poetik qüdrətini, yüksək sənətkar məharətini
sübut etməyə yetərli olur, bəzənsə cild-cild
kitabların bu bədii həqiqəti təsdiq etməyə
gücü çatmır, başqa cür desək, nəfəsi
yetmir. Adil Şirinin istənilən misrası onun poetik
istedadının aynasına çevrilə bilər. Məncə
bu fakt hər bir istedadlı söz adamının, illah ki,
şairin ruhunu qanadlandıran xoşbəxtlik anının ətridir.
Bu ətrin qoxusunu duyanlar poeziyanın yaşıl kitabına
imza atan qələm sahibləridir. Mən həqiqi
poeziyanı yaşıl rəngdə görürəm.
"Ruzgar
alnımızdan bir misra silməz"
bu ecazkar, qeyri-adi
misranın müəllifi ilahi poeziyanın ətrini duymuş
azsaylı istedadlardandır. Məhz buna görə də
nisgil qoxulu bir ümidlə hər gün
pıçıldayır:
"Hər
axşam ürəyimdə
ayrılıq
çiçək açır".
Adil Şirinin
poetikasındakı ictimai, mənəvi, əxlaqi
bütövlük onun yaradıcılığında
geniş yer tutur. Bu önəmli məziyyət şairin
dünyagörüşünün, bədii-estetik
idealının müəyyənləşməsində,
formalaşmasında böyük əhəmiyyət
daşıyır.
Elə şeirlər
vardır ki, onlar ilahi vəhylə yazılır. Burada
şairin bədii texnikası, sənətkarlıq səriştəsi
heç yada düşmür. Çünki belə poetik
nümunələr insanı elə əfsunlayır ki, hətta
nəfəs çəkməyə belə taqət qalmır.
Şeirdə insanın fərdi ağrısının milli
ağrı ilə qolboyun olub, hədsiz dərəcədə
təbii və səmimi ifadəsinin ehtivasını və bu
poetik ifadənin həqiqi sənət möcüzəsinə
çevrilməsinin şahidi olursan. Vaxt olur ki, məqam gəlir
ki, sənət möcüzəsinin, parlaq poetik heyrətin
şərhə, təhlilə qətiyyən ehtiyacı olmur.
Bu əsl poeziya nümunəsində olduğu kimi:
"İndi
çoxdan bulud olub, anacan.
O
dağlarda arxamca atdığın su.
Gözlərimdə
umud olub, anacan,
Ürəyimdə
geri dönmək arzusu".
Qeyd etmişdim ki,
çağdaş poeziyamızın istedadlı nümayəndələrindən
biri kimi Adil Şirinin dərin poetik ümumiləşdirmə
bacarığı, obrazlı təfəkkür genişliyi, zəngin
bədii-fəlsəfi məfkurəsi, onun yüksək sənətkarlıq
məharətindən xəbər verir. Bu mənada şeirləri
kimi poemaları da öz bədii siqləti ilə
çağdaş ədəbi təhlil müstəvisində
geniş araşdırmaya layiqdir. Şairin poetik təfəkküründə,
düşüncəsində üzə çıxan hər
bir tapıntı, müraciət etdiyi mövzulardan
asılı olmayaraq, milli vətənpərvərlik ruhundan
heç vaxt uzaq düşmür. Hadisəyə vətəndaşlıq
və milli vətənpərvərlik mövqeyindən
yanaşaraq, onu yüksək bədii dəyər səviyyəsinə
qaldırmaqla, bədii faktın ideya-estetik qiymətini
düzgün müəyyənləşdirir. Adil şirinin
poetik istedadı, sənətkar qüdrəti
"Laçın şikəstəsi" və
"Rekviyem" simfonik poemasında onun həqiqi vətənpərvərliyinin
bədii təsdiqini əks etdirir. Şairin bu poemaları
obrazların zənginliyi, insan xarakterinin dərin psixoloji
qatlarına nüfuz etmək bacarığı ilə ədəbi-ictimai
fikrin inkişafında məxsusi dəyərə malikdir. Bu
sanballı sənət əsərləri poetik idrakın tarixə
və müasir dövrə münasibətinin yeni aspekti,
yüksək vətəndaşlıq qayəsi, inama, ümidə
çağırışı, mənəvi və əxlaqi
yetkinliyin dolğun nümunəsi kimi böyük ədəbi
səciyyə daşıyır.
Əminəm ki,
özünəməxsus poetik istedadı ilə
poeziyamızı zənginləşdirən Adil Şirinin
orijinal yaradıcılığının təravəti
solmayacaq. İçindəki yurd, torpaq sevgisiylə nəsillərə
nümunə olan şairlə Laçın dağlarında
şəxsən tanış olmaq arzusu keçir ürəyimdən.
Bu arzu ilə onun misralarındakı tükənməz
ümidin, inamın işığına üz tuturam:
"Bu gün
doğulan körpə
sabah əsgər
olacaq..."
Və :
"Sabaha
ümid var,
Oğul
doğur analar".
Bu misraların, bu
inamın işığında Laçın dağları
yol gəlir, Adil Şirin. Arzuların çin olsun,
dağların şair oğlu!
Balayar SADİQ