19 Mayısdan başlanan
yol....Böyük Atatürkün öndərliyi
ilə başlanan bu yol Türkiyəni
İstiqlal və Cümhuriyyətə qovuşdurdu
Bu gün Türkiyə
tarixinin önəmli günü, 19 May - Atatürkü anma, gənclik
və idman bayramı qeyd edilir. Türkiyə Cümhuriyyətinin
digər tarixi günləri kimi, bu gün də böyük
öndər Atatürklə, onun türk milləti
qarşısında misilsiz xidmətləri ilə
bağlıdır. Eyni zamanda, bu günün əlahiddə
özəlliyi də var. 19 may həm də Atatürkün
doğum günü kimi qeyd olunur.
Tale elə gətirib ki,
Türkiyə Cümhuriyyətinin qurucusu, dünyanın ən
görkəmli sərkərdə və dövlət xadimləri
sırasında yer almış Atatürkün rəsmi
doğum günü tarixə naməlum qalıb. Atatürk isə
19 mayı - Türkiyənin qurtuluşu və istiqlalı
uğrunda savaşa başladığı günü
özünün doğum günü olaraq xalqına, türk
gəncliyinə və bütövlükdə tarixə ərməğan
edib.
90 il öncə, 1919-cu
il mayın 19-da Mustafa Kamal paşanın
başçılığı altında Samsun şəhərindən
başlanan tarixi yol torpağının
bütövlüyü, suverenliyi və dövlətçiliyi
uğrunda haqq müharibəsi aparan hər bir xalq
üçün böyük örnəkdir. Türkiyə isə
19 mayı ikiqat bayram olaraq qeyd edir, bu gün həm İstiqlal
savaşının tarixini, həm də Atatürkün həyat
yolunu bir daha vərəqləyir. Mahiyyət etibarilə
bir-birindən ayrılmaz olan bu iki tarixi yolçuluğa
qısaca biz də nəzər salaq.
Atatürk dünyaya
gözlərini açanda Osmanlı imperatorluğu öz
qüdrətini itirməyə doğru gedirdi. Belə bir vaxtda
onun doğulması türk xalqının və dövlətinin
xilaskarının dünyaya gəlməsi demək idi.
Mustafa Kamal 1881-ci ildə
o vaxt Osmanlı imperatorluğunun tərkibində olan
Balkanlardakı Rumeli vilayətində, Selanik şəhərinin
(indiki Yunanıstanın Saloniki şəhəri) Qocaqasım məhəlləsində
doğulub. Anası Zibeydə xanımın
xatırladığına görə, oğlu Mustafa
qış vaxtı, yanvara dünyaya gəlib. Lakin bu barədə
heç bir rəsmi sənəd yoxdur.
Atatürkün
ata-anasının vaxtilə Anadoludan Rumelinə
köçmüş qızıl-oğuz türkmənləri
soyundan olduğu bildirilir. Atası Əli Rza Əfəndi və
anası Zibeydə xanım 1876-cı ildə ailə qurublar. Atası
Selanik şəhər gömrük idarəsində kiçik
məmur olub. Mustafadan savayı ailədə daha beş
uşaq dünyaya gəlsə də, onlar kiçik
yaşlarında vəfat ediblər.
Mustafa məktəb
yaşına gələndə anası onun dini təmayüllü
məktəbdə təhsil almasını, atası isə
müasir təhsil verən ibtidai məktəbə getməsini
istəyir. Sonuc atasının istəyi kimi olur və Mustafa
1887-ci ildə Selanikdəki Şəmsi Əfəndi ibtidai məktəbinə
gedir. 1890-cı ildə atası vəfat edir. Bir müddət
təhsildən kənarda qalan Mustafa hərbçi olmaq
arzusuna düşür. Anasının etirazına rəğmən
Selanik hərbi təmayüllü məktəbinə qəbul
olunur.
1898-ci ildə Mustafa
Kamal Selanikdəki məktəbi bitirir və İstanbul hərbi
məktəbinə daxil olur. 1902-ci ildə oranı da leytenant
rütbəsi ilə başa vurur. Bundan sonra hərbi təhsilini
1902-1905-ci illərdə İstanbul Hərbi Akademiyasında
davam etdirir. 1905-ci ildə tam hərbi təhsilini başa
vuraraq ilk hərbi təyinatını alır, imperatorluğun
cənubuna - Suriyanın paytaxtı Dəməşqə
göndərilir.
Burada o, Osmanlının
ağır durumunu yaxından dərk edir. İmperatorluğun
bir çox müstəmləkələrində olduğu
kimi, burada da dövlət məmurları arasında
rüşvətxorluq, dövləti işlərə laqeydlik
baş alıb gedirdi. Böyük imperatorluğun belə vəziyyətdə
idarə olunması onun şüurunda acı izlər
buraxır.
1906-cı ildə Mustafa
Kamal bir neçə hərbçi dostu ilə "Vətən
və Hürriyyət" adlı gizli cəmiyyət təşkil
edirlər. Gənc və ambisiyalı zabitlər dövlətin
idarəçiliyini sağlam əsaslar üzərinə
qaytarmaq barədə düşünürlər. Eyni vaxtda
Mustafa Kamalın vətəni Selanikdə keçmiş hərbçi
yoldaşlarından bir qrupu da "İttihad və Tərəqqi"
cəmiyyəti qurmuşdular. 1907-ci ildə Mustafa Kamal qısa
müddətə hərbi xidmətini Balkanlara dəyişir və
orada sözügedən iki cəmiyyətin birləşməsi
qərara alınır.
1909-cu ildə Osmanlı
dövlətində növbəti saray çevrilişi
baş verir, sultan II Əbdülhəmid taxtdan salınır və
V Mehmet padşah elan edilir. Bu çevrilişdə
"İttihad və Tərəqqi"də birləşən
gənc zabitlərin də rolu olur. Lakin elə bu vaxtdan Mustafa
Kamalla cəmiyyətdəki gənc zabitlər arasında fikir
ayrılıqları yaranır.
Mustafa Kamal cəmiyyətin
leqal siyasi təşkilata, partiyaya çevrilməsini və
onun üzvlərinin siyasət və ya hərbi xidmət
arasında seçim etməsini təklif edir. Çünki
zabitlərin bilavasitə siyasətlə məşğul
olması orduda ixtilaflara rəvac verirdi.
Lakin "İttihad və
Tərəqqi"nin rəhbərliyində təmsil olunan əksəriyyət
bunu qəbul etmir. Mustafa Kamal isə siyasətdən
ayrılaraq hərbi xidmətə üstünlük verir. Bu
arada Avropaya hərbi ezamiyyətə göndərilən,
Fransada hərbi təlimlərdə iştirak edən Mustafa
Kamal Osmanlı ordusunun rəqiblərindən nə qədər
geri qaldığını bir daha dərk edir.
1912-1913-cü illərin
Balkan müharibəsində Osmanlının ağır məğlubiyyəti
bu gerçəyi sübut edir. Müharibə nəticəsində
Osmanlı altı əsrə yaxın nəzarət etdiyi
Balkanları, o cümlədən Mustafa Kamalın vətəni
Rumelini itirir.
Balkanlardakı məlğubiyyət
ölkədə böyük etiraz doğurur, İstanbulda yeni
saray çevrilişi (iyun 1913) nəticəsində baş
nazir Mahmud Şövkət paşa öldürülür,
"İttihad və Tərəqqi"nin liderləri Tələt,
Ənvər və Camal paşalar hakimiyyəti ələ
keçirirlər. Ambisiyalı gənc generallar Balkan
uğursuzluğunu unutdurmaq üçün yeni hərbi
kampaniya barədə düşünür və Almaniya ilə
müttəfiqliyi gücləndirirlər.
Qeyd etmək
lazımdır ki, bilavasitə ordu rəhbərliyində təmsil
olunmayan Mustafa Kamal Osmanlının dünya savaşına
Almaniya ilə müttəfiq olaraq girməsinə mənfi
baxırdı. O görürdü ki, Osmanlı ordusundakı
alman məsləhətçilər əslində dövləti
məhvə təhrik edirlər.
1915-ci ilin yazında
Çanaqqala döyüşlərinin ilk mərhələsində
mayor Mustafa Kamalın 19-cü diviziyası misilsiz rəşadət
göstərir. Ona polkovnik rütbəsi verilir. 1916-cı ildə
Çanaqqala zəfərindən ardından onu Diyarbəkirdəki
ordu komandanlığına, Rusiya ildə savaş cəhbəsinə
göndərirlər. Mustafa Kamal yolda ikən
ona general - paşa rütbəsinin verildiyini eşidir.
Onun
komandanlığı altında 1916-cı ilin avqustunda rus
ordusunun Diyarbəkir istiqamətində hücumlarının
qarşısı alınır, Bitlis və Muş azad edilir. Bu uğurdan sonra
Mustafa Kamal paşa Osmanlının 2-ci ordu (şimal-şərq istiqamətində)
komandanı təyin edilir. Lakin digər cəbhələrdəki
məğlubiyyət Osmanlının
dünya savaşından
qalib çıxmasını
mümkünsüz etmişdi.
1918-ci ilin oktyabrın
31-də Osmanlı Mudros sülhü müqaviləsini
bağlamağa məcbur olur. Türk qoşunları
tutduqları bir çox əraziləri, o
cümlədən Cənubi
Qafqazı (Azərbaycanı)
tərk etməli olurlar. "İttihad
və Tərəqqi"
hökumətinin rəhbərləri
- Ənvər, Tələt,
Camal paşalar isə alman gəmisində ölkəni
tərk edirlər.
Dövlət
faktiki olaraq idarəolunmaz vəziyyətə
gəlmişdi. 1919-cu ilin yazında indiki Türkiyənin böyük hissəsi işğal edilmiş, o cümlədən yunan qoşunları ölkənin
cənub-qərbini ələ
keçirmişdilər. İstanbuldakı Osmanlı hakimiyyəti
nə dövləti xilas etmək, nə də işğalın qarşısını
almaq iqtidarında idi.
General Mustafa Kamal İstanbuldakı
təslimçi hakimiyyətlə
yolları ayırır.
1919-cu ilin mayın
16-da o, bir qrup silahdaşı ilə
"Bandırma" adlı
gəmidə İstanbulu
gizlicə tərk edərək Samsuna gəlir. Burada mayın 19-da Qurtuluş
savaşının başladığını
elan edir. İstanbul hökuməti ona mane olmağa çalışsa
da, Mustafa Kamal paşa ordudakı vəzifələrindən istefa
verdiyini bildirir. Həmin il
dekabrın 27-də qoşunları
ilə Ankaraya gəlib çıxan
Mustafa Kamal bu şəhəri yeni Türkiyə dövlətçiliyi
uğrunda mübarizənin
mərkəzi elan edir.
Mustafa Kamal paşa
1920-ci il aprelin 23-də Ankarada Türkiyə Böyük Millət
Məclisinin çağırılmasına nail olur. Ölkədə
faktiki ikihakimiyyətlik - bir tərəfdə iflas etmiş
imperatorluq hakimiyyəti, digər tərəfdə isə
xalqın iradəsini bir yerə toplayaraq vətənin
xilası uğrunda savaşan hərbçilər, Mustafa Kamal
paşanın komandanlığı altında təşəkkül
tapan ordu vardı.
1919-cu ilin mayından
1921-ci ilin yanvarınadək dövr Qurtuluş savaşında
lokal hərbi əməliyyatlar dövrü olur. 1921-ci ilin
yanvarından isə Mustafa Kamal paşa türk qoşun birliklərini
genişmiqyaslı hərbi əməliyyatlara
hazırlayır.
1921-ci il avqustun 22-də
başlanan və sentyabrın 13-də qalibiyyətlə
başa çatan Sakarya savaşı Türkiyə ordusunun
gücünü nümayiş etdirir. Sakarya zəfərindən
sonra TBMM Mustafa Kamala "qazi" adı və marşal hərbi
rütbəsi verir.
Qurtuluş
savaşının zirvə nöqtəsi isə 1922-ci ilin
avqustundakı "Böyük Taarruz" ("Böyük
Hücum") əməliyyatı oldu. Avqustun 26-da sübh
tezdən türk qoşunları baş komandan Qazi Mustafa Kamal paşanın əmri ilə düşmən üzərinə
hücuma keçdi.
30 avqustadək
30 avqust zəfəri
Türkiyənin tarixində və Mustafa Kamalın həyatında
yeni bir şərəfli səhifə açdı. Türk
xalqı yenilməzliyini sübut etmiş, yeni Türkiyə
dövlətinin, cümhuriyyətin ilk təməl
daşı qoyulmuşdu.
Bir il sonra, 1923-cü il oktyabrın 29-da Mustafa Kamal paşa sərhədləri bütöv, müstəqil Türkiyə Cümhuriyyətini elan etdi. Artıq onun tarixə Atatürk kimi düşməyə tam haqqı vardı. 1934-cü il noyabrın 24-də TBMM-nin qərarı ilə ona rəsmən Atatürk soyadını verildi. 1938-ci il noyabrın 10-da Atatürk bu dünyaya vida etdi. Onun qurduğu möhtəşəm dövlət isə 86-cı ilini yaşamaqdadır.
Vüqar ORXAN