Milli Azərbaycan
Ədəbiyyatı Muzeyində
daha bir görüş
AZƏRBAYCANIN KİV RƏHBƏRLƏRİ
ƏSASLI TƏMİR EDİLMİŞ NİZAMİ GƏNCƏVİ
ADINA MUZEYLƏ YAXINDAN
Dünən
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyində Azərbaycanın KİV rəhbərləri ilə
görüş keçirilib. APA-nın məlumatına
görə, görüşdə çıxış edən
muzeyin direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri
doktoru, professor Rafael Hüseynov 2009-cu il noyabrın 1-də
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin 70 yaşının tamam olduğunu, bu il həmçinin
dahi Azərbaycan şairi Nizami Gəncəvinin vəfatının
800 illiyinin qeyd ediləcəyini bildirib. 18 mayın Muzeylər
Günü olduğunu diqqətə çatdıran R.
Hüseynov belə bir gündə mətbuat nümayəndələri
ilə görüşün xüsusi məna kəsb etdiyini
vurğulayıb. O, qarşıdakı həftələrdə
də belə xüsusi dəvətlərin
olacağını qeyd edib. R.Hüseynov muzeyin böyük
zalında mütəmadi olaraq "Azərbaycanşünaslıq"
lektoriyalarının keçiriləcəyini, hər dəfə
ümummilli dəyər daşıyan vacib bir mövzuda
görkəmli mütəxəssislərin mühazirələrinin
dinləniləcəyini, yaxın zamanlarda muzeydə daimi fəaliyyət
göstərməyə başlayacaq, ölkənin ən
parlaq insanlarını qovuşduran "Ziyalılar
klubu"nun ilk yığıncağının
olacağını deyib: "Muzeyin böyük zalında
ayrı-ayrı yeni ekran əsrlərinin premyerası və
müzakirəsini, tematik şeir gecələrini keçirməyi
düşünürük. Buradakı yeni "Stenvey"
royalı vaxtaşırı təşkil edilən ədəbi-musiqili
axşamlarda ifa üçün ən mahir
pianoçuların ixtiyarına veriləcək. Muzeydə yeni
yaradılan "Ədəbi salnamə. Bədii-sənədli
video xronikalar" şöbəsində respublikada və
ölkədən kənarda tanınan rejissor və operatorlar
toplaşıb, yaxın vaxtlarda ayrı-ayrı klassiklərimiz
və ədəbi abidələrimiz haqqında öyrədici,
təbliğ-təşviq məzmunlu qısametrajlı filmlərin
istehsalına başlanacaq. Məqsəd həmin filmlərin həm
orta məktəb auditoriyalarına, həm teleekranlara, həm də
xarici ölkələrdə çıxaraq, söz sərvətimizi
və o sərvətləri yaradanları daha artıq
tanıtmaqdır. Muzeylə fəal əməkdaşlıq edən,
ekspozisiyanın və fondların zənginləşməsinə,
ədəbiyyatımızın inkişafına xüsusi
töhfələr verən şəxslərə "Muzeyin fəxri
qonağı" kitabçasının təqdim olunması ənənəsinin
əsası qoyulur. Bu kitabçanın sahibləri
üçün muzeyə gəliş biletsiz olacaq".
Binanın
tarixi barədə məlumat verən R.Hüseynov buranın
1850-ci ildə birmərtəbəli karvansara kimi tikildiyini,
1915-ci ildə isə ikinci mərtəbənin
artırılaraq, "Metropol" mehmanxanasına
çevrildiyini qeyd edib. 1918-1920-ci illərdə bina Azərbaycan
Demokratik Respublikasının Nazirlər Kabinetinin həm
iş, həm də yaşayış yeri olub. 1920-30-cu illərdə
burada Azərbaycan Həmkarlar İttifaqı yerləşdirilib.
1939-cu il
noyabrın 1-də, Nizaminin anadan olmasının 1941-ci ildə
qeyd ediləcək 800 illiyi münasibəti ilə, Azərbaycan
hökumətinin qərarına əsasən, şairin xatirə
muzeyini yaradılması yönündə işə
başlanılıb. Nizami muzeyinin yaradılaraq, həmin binada
yerləşdirilməsi üçün memarlar Sadıq
Dadaşov və Mikayıl Hüseynovun layihəsi üzrə əsaslı
təmir aparılıb, fasaddakı heykəllər
quraşdırılıb, daha iki mərtəbə əlavə
edilib. 1939-cu ildən sonra binada əsaslı təmir və
yenidənqurma işləri aparılmayıb, yalnız cari təmirlər
həyata keçirilib.
Muzey
ekspozisiyasını qurmaq üçün II Dünya
Müharibəsi illərində də gərgin iş gedib. Amma
muzey qapılarını tamaşaçı üzünə
yalnız qələbədən sonra - 1945-ci il mayın 14-də
açıb.
Əvvəlcə
yalnız Nizaminin həyat və
yaradıcılığına həsr olunan bu muzey illər
keçdikcə bütövlükdə Azərbaycan ədəbiyyatı
və mədəniyyətini əks etdirən unikal muzeyə
çevrilib.
R.Hüseynov
bildirib ki, 2004-cü il dekabrın 30-da Azərbaycan prezidenti
İlham Əliyevin muzeyə gəlişindən sonra, 2005-ci
ilin yayında hazırlanan layihələr əsasında əsaslı
yenidənqurma, təmir bərpa işləri başlanıb:
"Muzeyin əsaslı təmir və yenidənqurma işləri
üçün Nazirlər Kabineti 13 milyon manat vəsait
ayırıb. Nəzərə alsaq ki, irəlicədən həmin
məbləğin 18 faizi əlavə dəyər vergisi olaraq
çıxılıb, vəsaitin müəyyən hissəsi
də layihələndirmə və texniki nəzarət
üçün yönəldilib, onda Maliyyə Nazirliyi tərəfindən
icraçı tikinti təşkilatlarına keçirilən
məbləğ təxminən 10 milyon manat olur. Yenidənqurmadan
əvvəl 800 kvadratmetr olan ekspozisiyanın sahəsi 2500
kvadratmetrə çatdırılıb, yenidənqurmadan qabaq
18 zaldan ibarət ekspozisiya əsaslı şəkildə
genişləndirilərək, 30 əsas və 10 köməkçi
zalda yerləşib. Bundan əlavə, kütləvi tədbirlərin
keçirilməsi üçün 250 və 75 yerlik iki
böyük zal əsaslı şəkildə yenidən
qurularaq, mebel və avadanlıqlarla təmin edilməklə
hazırlanıb. Ekspozisiya tamam yenidən qurulub, bütün zədələnmiş,
bir qismi sıradan çıxmış heykəl və rəsmlər,
çox vəsait tələb etməsinə baxmayaraq, dövlətdən
heç bir əlavə vəsait istənilmədən, muzey rəhbərliyinin
ölkənin təsviri sənət ustaları ilə şəxsi
münasibətləri sayəsində təmənnasız
olaraq restavrə edilib. Rəsm əsərlərinin
hamısı xarici ölkələrdə istehsal edilən nəfis
çərçivələrə salınıb. Muzeyin 120
mindən artıq eksponatının yenidənqurmadan öncə
ekspozisiyada 1000 elementi göstərilirdisə, yeni ekspozisiyada
25 mindən çox eksponat yer alır. Təmir və yenidənqurmanın
getdiyi müddətdə muzeydə daimi nəşr ediləcək
5 toplunun əsası qoyulub və ilk cildləri artıq
işıq üzü görüb".
R.Hüseynovun
sözlərinə görə, 2009-cu il aprelin 14-də
prezident İlham Əliyev aparılmış təmir və
yenidənqurmadan sonra muzeyi ziyarət edərək,
görülmüş işləri müsbət qiymətləndirib:
"Muzeyin ictimaiyyət üçün
açılışını 14 mayda - 1945-ci ildə muzeyin
cəmiyyətə açıldığı tarixi gündə
həyata keçirdik. Bundan sonra hər ayın 14-də muzeyə
giriş açıq qapı prinsipi əsasında olacaq".
Sonra
R.Hüseynov qonaqları muzeylə yaxından tanış edib.
Muzeyin ekspozisiyası,
ayrı-ayrı zallarda sərgilənən eksponatlar Azərbaycan
ədəbiyyatı tarixinin ən qədim çağlardan
müasir dövrə qədər olan fərqli mərhələlərilə
bağlı aydın təəssürat yaradır. Yüksək
səviyyədə, dünyada mövcud olan ən qabaqcıl
muzeyçilik təcrübəsi əsasında qurulan
ekspozisiya vasitəsilə Azərbaycan ədəbiyyatının
qədimliyi və zənginliyi dolğun bir şəkildə
nümayiş etdirilir.