Aktual mövzuya
qeyri-ciddi münasibət
Bu gün Azərbaycanda
müşahidə olunan ictimai-siyasi və sosial-mədəni
proseslər hər bir vətəndaşın
qarşısında yeni vəzifələr qoyur. Hər kəs
anlayır ki, ictimai mənşəyindən, peşəsindən,
vəzifəsindən və dünyagörüşündən
asılı olmayaraq hamı vahid ideyaya - Azərbaycançılığa,
Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə
xidmət etməlidir. Hazırda dövlət bütün
mühüm humanitar və ictimai faydalı sahələrə
diqqət yetirərək, balanslaşdırılmış
daxili siyasət həyata keçirməyə
çalışır. Dövlətin inkişaf etdirdiyi
prioritet sahələrdən biri də vətəndaş cəmiyyəti
institutları simasında qeyri-hökumət təşkilatlarına
diqqətidir. Artıq Azərbaycanda istər iqtidar, istərsə
də müxalifət qəbul edir ki, Avropa dəyərlərinin
ölkədə tətbiqi, bütün fəaliyyətlərdə
şəffaflığın və ən əsası ictimai nəzarətin
təmin olunması eyni dərəcədə QHT-lərin fəaliyyətindən
də asılıdır.
Bunu yaxşı dərk
edən Fondumuz ölkənin ictimai həyatında fəallıq
göstərərək bir neçə sosial
yönümlü layihə həyata keçirib. Bu fəaliyyətin
davamı kimi cari ilin əvvəlində Fond tərəfindən
kimsəsiz və valideyn himayəsindən məhrum olan gənclərin
sosial-hüquqi reabilitasiya mərkəzinin
yaradılmasını nəzərdə tutan layihə işlənib
və Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurası tərəfindən elan edilən qrant müsabiqəsinə
təqdim edilib. Lakin Şura, ələlxüsus da layihəni
qiymətləndirən "ekspertlər" bu cür
böyük əhəmiyyət kəsb edən, ictimai
faydalı və dövlətin perspektiv proqramlarında əksini
tapan mövzuya həsr edilib layihəni dəstəkləməkdən
imtina etdi. Lakin QHT Şurası verdiyi qərarın heç
bir əhəmiyyət kəsb etməyən səbəblərini
izah etmək əvəzinə, bir qurum kimi sözü gedən
problemin həllində yaxından iştirak etməli, problemin
qismən də olsa həllinə şərait yaratmalı idi.
Sözü gedən
layihə Azərbaycan Respublikasının prezidenti cənab
İlham Əliyevin müvafiq fərman və sərəncamlarında
əks olunan hər bir sosial təbəqəyə ayrıca
qayğısı, kimsəsiz və valideyn himayəsindən məhrum
olanların qarşılaşdığı və ya qarşılaşacağı
problemlərin həllinə yönəlib, uşaq evlərinin
deinstitusionalizasiyası dövlət proqramının həyata
keçirilməsinə dair strateji planlaşdırma və bu
yöndə görüləcək digər işlərin həllinə
dəstək olmaq məqsədi ilə irəli
sürülüb.
Əfsus ki, layihələri
müsabiqədən keçməyən QHT-lərin şikayətlərinə
baxan Şuranın tərkibində fəaliyyət göstərən
Apelyasiya Komissiyasından Fondumuzun layihəsinin keçməməyinin
səbəblərinə dair gülünc arqumentlər gətirildi.
İlk növbədə
Apelyasiya Komissiyasının rəhbəri vurğuladı ki, əsas
qüsur odur ki, layihə geniş yazılıb?! Hər bir
savadlı insan anlayır ki, bu cür mühüm mövzunu 1
səhifədə əks etdirmək qeyri-mümkündür.
Layihə tərtib
olunarkən, onun məqsədi aydın göstərilib və
"Azərbaycan Respublikasının qanunvericiliyində, insan
haqları və azadlıqlarına dair konvensiyalarda, beynəlxalq
hüquqda və digər sənədlərdə əks olunan
kimsəsiz və valideyn himayəsindən məhrum olan kimsəsiz
gənclər üçün nəzərdə tutulan
hüquqların bərpası, cəmiyyətə
inteqrasiyası, təhsil, yaşayış yeri, iş və məşğulluq,
sağlamlıq və asudə vaxtın təşkili ilə
bağlı problemlərin həllinə xidmət edəcək
reabilitasiya mərkəzinin yaradılmasıdır" kimi əks
olunub. Görünür Şura "ekspertləri" bir
cümlədə öz ifadəsini tapmış layihənin məqsədini
görə bilməyiblər. Ümumiyyətlə, 3-4
"ekspertin" bir ay müddətində 15 istiqamət
üzrə, o cümlədən İnsan hüquqları və
demokratiya, QHT-lərin institusional inkişafı, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı Azərbaycanın ədalətli mövqeyinin
xarici ölkələrdə və beynəlxalq təşkilatlarda
təbliği və müdafiəsi, Ailə, qadın və
uşaq problemlərinin həllinə dəstək və s.
istiqamətlər üzrə 500-dən artıq layihəni
oxuyub, təhlil edib, qiymətləndirməsi onların
"universal" olmaları və "fenomenal istedada"
malik olmaları haqqında fantastik fikirlər
formalaşdırır. Bu, özü-özündə layihələrin
qiymətləndirilməsində qeyri-obyektivliyə yol verilməsinə
dəlalət edir. Yəqin ki, bu cür "arqumentlər"
gətirən Komissiya rəhbərliyi Şuranın Əsasnaməsində
yer almış Qeyri-Hökumət Təşkilatlarına
konsultativ, metodiki, təşkilati-texniki, maliyyə və digər
formalarda yardım göstərilməsini nəzərdə
tutan 2.3.5 maddəsini nəzərə almayıblar.
Layihədə onun
davamlığını görə bilməyən Komissiya rəhbəri
hamıdan yaxşı bilməlidir ki, hər bir işin
davamlığı onun ilk növbədə əldə etdiyi
nəticələrindən asılıdır. Bundan əlavə,
Azərbaycan Respublikasının prezidentinin bu barədə
müvafiq sərəncam və göstərişləri ilə
həyata keçiriləcək sosial yönümlü tədbirlər
sırasında müxtəlif yönlü reabilitasiya mərkəzlərinin
fəaliyyət göstərməsi də nəzərdə
tutulub. Fondumuzun sözü gedən layihəsi məhz bu kimi
reabilitasiya mərkəzləri üçün təməl
daşı rolunu oynaya bilərdi.
Bizə bir məqam da məlum
oldu ki, Şuranın bəzi üzvlərinin hələ
2008-ci ildə Şuranın elan etdiyi qrant müsabiqəsində
fəal iştirak edən Fondumuzun "Kimsəsiz uşaq və
yeniyetmələr üçün hüquq-informasiya,
uşaq-hüquq maarifçiliyi sahəsində fərdi və
birgə tədqiqatların aparılması" layihəsinin
uğur qazanmasından xəbərləri belə yoxdur. Bu
layihə çərçivəsində Fond Bakı və
Abşeron yarımadasında yerləşən demək olar
ki, bütün uşaq evləri və internat məktəblərində
olub, monitorinq aparıb, oradakı vəziyyət, uşaq evləri
və internat məktəblərinin iş şəraiti, maddi
və texniki bazası, uşaqların yaş həddi,
onların arzu və istəkləri, problemləri və eləcə
də bu müəssisələrdəki
çatışmazlıq Fond tərəfindən dəqiqliklə
təhlil edilib və bu məlumatları əks etdirən məlumat
bazası yaradılıb. Bu barədə Fond dəfələrlə
mətbuatda hesabat tipli məqalə və müsahibələrlə
çıxış edib.
Monitorinq və
aparılan treninqlərə əsaslanaraq, qeyd etmək
lazımdır ki, istər uşaq evi, istərsə də
internat məktəblərində 18 yaşı tamam olan kimsəsiz
gənclər uşaq evi və ya internat məktəbini bitirəndən
sonra yaşadığı müəssisəni tərk etmirlər.
Uşaq evləri və internat məktəblərinin rəhbərləri
bu cür halları müxtəlif problemlərin olması ilə
izah etdilər.
Məhz buna görə
Fond hesab etdi ki, 3 ay ərzində həyata keçirdiyi layihə
problemin həllində müəyyən rol oynasa da, zaman
baxımından çox qısamüddətli bir layihədir.
Və Fond Şuranın 2009-cu il qrant müsabiqəsində
iştirakı ilə həmin layihənin davamı olaraq
sosial-hüquqi reabilitasiya mərkəzinin yaradılması
layihəsinin vacib olması qənaətində olduğunu
nümayiş etdirdi.
Mövcud Azərbaycan
qanunlarında valideynini itirmişlər üçün
xüsusi maddələr nəzərdə tutulub. "Valideynini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların sosial müdafiəsi haqqında" 1999-cu ildə
qəbul edilən qanunda kifayət qədər təminatlar nəzərdə
tutulub. Valideyn himayəsindən məhrum olanların vəziyyəti
barədə "Mənzil haqqında qanun"da da əksini
tapan maddələr var. Həmin maddələrə görə,
onlara 18 yaşından sonra da kömək göstərilməlidir.
Qeyd etmək lazımdır ki, uşaqlar yetkinlik yaşına
çatandan sonra uşaq evlərinin səlahiyyətindən
çıxır. Əgər mövcud qanunvericilikdə əksini
tapan maddələr yerinə yetirilsə, kifayət qədər
imtiyazlardan istifadə oluna bilər. 15-18 yaşına
çatmış valideyn himayəsindən məhrum olan şəxslər
müvafiq icra hakimiyyətinə müraciət edəndən
sonra onların peşə yönümü istiqamətində
iş aparılmalı, səhhətləri nəzərə
alınmaqla müvafiq işlə təmin edilməlidirlər.
Valideyn himayəsindən
məhrum olan yeniyetmələr üçün sosial xidmət
sahələrində xüsusiləşdirilmiş iş yerləri
də təşkil olunmalı, ilk iş yerlərindəsə,
onlar paltar, ayaqqabı, geyimlə təmin olunmalı, orta əmək
haqqının beş mislinə bərabər məbləğdə
birdəfəlik müavinətlər almalıdırlar. Qanuna
görə, valideyn himayəsindən məhrum olan şəxslərin
adına bank hesabları açılmalı və həmin
hesaba kompensasiyalar ödənilməlidir.
Qanunda o da nəzərdə
tutulub ki, əvvəllər mənzil sahəsi olmayan və
valideynini itirmiş, valideyn himayəsindən məhrum, qəyyumluqda
olan uşaqlar bütün tipdə olan təhsil müəssisələrini
bitirməyə, əhaliyə sosial xidmət və cəzaçəkmə
müəssisələrindən, silahlı qüvvələr
sıralarından azad olunmağa üç ay qalmış
müvafiq icra hakimiyyəti orqanında mövcud qanunvericiliklə
müəyyən olunmuş qaydada sosial normalardan az olmayan
yaşayış yerləri ilə növbədənkənar
təmin olunurlar. Qanunun bu maddəsini isə yerli icra hakimiyyəti
başçıları həyata keçirir. Valideyn himayəsindən
məhrum olmuş şəxslərin qeydiyyatı həm
yaşayış yeri, həm də müvəqqəti
olduqları yer üzrə aparılır. Qeydiyyatdan
çıxarılması isə yalnız müvafiq icra
hakimiyyəti orqanının razılığı ilə
mümkündür. Qanun ev alıb-satarkən valideyn himayəsindən
məhrum olmuşları dövlət rüsumundan da azad edir. Hətta
onlar üçün məqsədli torpaq sahələri
ayrılır və qaytarılmayan ssudalar verilir.
Fondumuz bu cür müddəaları
nəzərə alaraq hazırladığı layihəni məhz
QHT Şurasına, yəni milli donor institutuna təqdim etməyi
məqsədə uyğun hesab etdi. Şuraya ayrılan
büdcə vəsaitlərinin həmin layihəyə kifayət
edəcəyini bilən Fondumuz ölkəmizin daxili problemini
xarici deyil, məhz milli donorun dəstəyi ilə həyata
keçirməyi lazım bildi.
Bu mövzuda olan layihələr
dünyanın müxtəlif ölkələrində, hətta
bizimlə həmsərhəd olan Rusiya Federasiyasında müvəffəqiyyətlə
həyata keçirilib. İlyas Əfəndiyev Fondunun beynəlxalq
və xarici təşkilatlarla əməkdaşlığı
bu layihənin Azərbaycanda da müvəffəqiyyətlə
yerinə yetirilməsinə əsas verir.
Ədalət naminə
qeyd etmək istərdim ki, Apelyasiya Komissiyasının
iclasında QHT Şurasının bir çox üzvü layihəmizin
mövzusunun aktual olması barədə fikirlər söylədi
və onu rəğbətlə qarşılayıb, birgə
həyata keçirmək təklifini verdi. Əfsus ki, həlledici
sözə malik "ekspertlər" layihəni dəstəkləmədilər.
Ümid edirik ki, Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının rəhbərliyi
bu problemlərin həllində Azərbaycanda fəaliyyət
göstərən QHT-lərə bundan sonra daha çox dəstək
verəcək və vətəndaş cəmiyyəti
institutlarının inkişafına maneə törədən
bu kimi bürokratik və qərəzli halların
qarşısını alacaqdır.
Tural ƏFƏNDİYEV
İlyas Əfəndiyev Fondunun prezidenti
525-ci qəzet.- 2009.- 19 may.- S.2.