Ərəbyengicə" adlı kitab işıq üzü görüb
AMEA Naxçıvan
Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun
şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli
Baxşəliyev və Azərbaycan Dövlət İqtisad
Universitetinin professoru, tarix elmləri doktoru Abbas Seyidovun birgə
hazırladıqları "Ərəbyengicə" adlı
kitab bu yaxınlarda işıq üzü görüb. Bakıda
"Nurlan" nəşriyyatında akademik İsmayıl
Hacıyevin elmi redaktorluğu ilə nəşr edilən
kitabda ərazisi qədim tarixə malik olan Şərur
rayonunun Ərəbyengicə kəndinin tarixindən, qədim
yaşayış yerinin coğrafi mövqeyindən, habelə
qazıntılar zamanı aşkar olunan materialların
geniş texnoloji və tipoloji təhlilindən bəhs olunur.
Naxçıvan Muxtar
Respublikasının 85 illik yubileyinə həsr olunan
monoqrafiyada ötən il qədim yaşayış yerində
aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan
maddi-mədəniyyət nümunələri müəlliflər
tərəfindən elmi cəhətdən təhlil edilib,
Kür-Araz mədəniyyətinin mənşəyi ilə
bağlı məsələlər araşdırılaraq
onların qarşılıqlı əlaqələri göstərilib.
Qeyd edək ki,
"Yaşayış yerinin Coğrafi mövqeyi",
"Arxeoloji materialların texnoloji və tipoloji təhlili",
"Arxeoloji materialların Azərbaycan arxeologiyasında yeri və
əhəmiyyəti", "Eneolit mədəniyyətinin
izləri və Kür-Araz mədəniyyətinin mənşəyi"
adlı başlıqlar qədim yaşayış yerlərinin
bəzi qaranlıq səhifələrini ətraflı şəkildə
işıqlandırır.
Qədim
yaşayış yerinin tarixinin öyrənilməsi sahəsində
böyük rol oynayacaq monoqrafiyada rəngli foto şəkillər
və qrafiq təsvirlər də verilib.
Məlumat
üçün onu da qeyd edək ki, üç dildə-Azərbaycan,
rus və ingilis dillərində nəşr olunan kitab tədqiqatçılar,
tələbələr və geniş oxucu kütləsi
üçün nəzərdə tutulub.
Türkanə BƏYLƏRLİ,
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsinin əməkdaşı
525-ci qəzet.- 2009.- 19 may.- S.2.