Naxçıvanda xalq yazıçısı Hüseyn İbrahimovun 90 illiyi qeyd edilib

 

AMEA Naxçıvan Bölməsi Naxçıvan Dövlət Universiteti xalq yazıçısı, ictimai xadim Hüseyn İbrahimovun anadan olmasının 90 illiyinə həsr edilmiş konfrans keçirib. İştirakçılar əvvəlcə Hüseyn İbrahimovun ömür yolu yaradıcılığından bəhs edən sənədli filmə baxıblar.

Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev açaraq, yubilyarın yaradıcılığı, uzun müddət Muxtar Respublikada müxtəlif rəhbər vəzifələrdə məhsuliyyətlə çalışması, ictimaiyyətin rəğbətini qazanması barədə danışıb. İ.Hacıyev Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə və ictimai fəaliyyətinə görə H.İbrahimova dövlət rəhbərliyi tərəfindən "Şöhrət" ordeni, xalq yazıçısı fəxri adı verildiyini vurğulayıb.

Naxçıvan Dövlət Universitetinin rektoru akademik İsa Həbibbəyli bildirib ki, əyalətdə yaşayıb, orijinal ədəbi irs yaradan xalq yazıçısı öz yaradıcılığı ədəbiyyatımızın tarixində özünəməxsus yer tutur. İ.Həbibbəyli xalq yazıçısının Azərbaycana və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan torpağına böyük sevgisindən də söza açıb.

Sonra filologiya elmləri namizədi Lütviyyə Əsgərzadənin, elmi işçilər Fariz Yunisovun xalq yazıçısı Hüseyn İbrahimovun roman, dram və hekayə yaradıcılığı barədə məruzələri dinlənilib.

Konfransın sonunda yazıçının oğlu - Naxçıvan MR-in mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək, tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

 

 

Türkanə BƏYLƏRLİ,

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

 

525-ci qəzet.- 2009.- 20 may.- S.7.