Rəsul Rza
Mükafatı yeni laureatlara təqdim edilib
Ötən gün Yazıçılar Birliyində
(AYB) Beynəlxalq Rəsul
Rza Mükafatının
təqdimat mərasimi
keçirilib. Rəsul
Rza Fondunun prezidenti xalq şairi Fikrət Qoca mükafatın hər il mayın
19-da - R.Rzanın doğum
günündə təqdim
edildiyini nəzərə
çatdırıb. F.Qoca
mərhum xalq şairinin Azərbaycan ədəbiyyatının, milli
poeziyanın inkişafındakı
müstəsna rolundan
söz açıb.
Millət vəkili,
professor Rafael Hüseynov R.Rzanın ədəbiyyat tarimizdəki
yüksək mövqeyindən danışaraq, onun hər zaman
yaradıcı gənclərə böyük qayğı ilə
yanaşdığını vurğulayıb. R.Hüseynov
R.Rzanın adını daşıyan mükafata layiq
görülməyin qürurverici hal olduğunu diqqətə
çatdırıb.
"Vektor" Beynəlxalq
Elm Mərkəzinin rəhbəri şair Elçin İsgəndərzadə
R.Rza poeziyasının zənginliyi və şəxsiyyətinin
böyüklüyü barədə fikirlərini
bölüşüb.
Qeyd edək ki, Rəsul
Rza Mükafatının laureatları sırasında bu il Yusif
Seyidov, Oqtay Rza, Cəmil Həsənli, Rübail, Adil Şirin,
Əkbər Qoşalı, Mövlud Teymur, Natiq Qubadoğlu kimi
elm və ədəbiyyat adamlarının adları yer
alıb. Gənc yazarlar Ülviyyə Heydərova və Rəbiqə
Nazimqızıya isə Rəsul Rza adına Fondun "Ümid
işığı" mükafatı təqdim olunub.
Mərasimdə
çıxış edən laureatlar Rəsul Rza
Mükafatına layiq görüldükləri
üçün çox sevindiklərini dilə gətiriblər.
Profesor C.Həsənli R.Rzanın böyük şair olmaqla
yanaşı, xalqın taleyi və tarixi ilə bağlı
irimiqyaslı işlər gördüyünü söyləyib.
Gənc şairə R.Nazimqızı Yazıçılar
Birliyinin gənc yazarlara ciddi qayğı ilə
yanaşdığını önə çəkib. Mükafatçılardan
Oqtay Rza və Mövlud Teymur Rəsul Rzaya həsr etdikləri
şeirləri oxuyublar.
Yazıçılar
Birliyinin sədri Anar mükafatçıları təbrik edərək,
onlar gələcək fəaliyyətlərində daha
böyük uğurlar arzulayıb.
Mərasimdə Türk
Dünyası Görkəmli Ədəbiyyat və Sənət
Adamları Cəmiyyətinin rəhbəri Əminə Sevinc
Öksüzoğlu "Türk Dünyası Ədəbiyyatı
Şərəf Ödülü"nü xalq
yazıçısı Anara təqdim edib.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 20 may.- S.7.