Akademik Milli Dram Teatrı: qastrollar və uğurlar silsiləsi davam edir
DİREKTOR MAQBET BÜNYADOVUN
SÖZLƏRİNƏ GÖRƏ, YARADICI KOLLEKTİVİ
QARŞIDA ALMANİYA VƏ TÜRKİYƏYƏ YENİ
QASTROL SƏFƏRLƏRİ GÖZLƏYİR
Azərbaycanın bir sıra mədəniyyət ocaqlarında,
prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən,
köklü təmir-bərpa
işləri həyata
keçirilir. Dövlət Akademik Milli Dram Teatrının yaradıcı
kollektivi də binada əsaslı təmir-restavrasiya işlərinin
aparılması ilə
əlaqədar olaraq, bir müddətdir ki, fərqli bir məkanda qərar tutub. Ancaq bu proses
teatrın repertuarına,
məşqlərinə və
qastrol səfərlərinə
mane olmayıb. Məşqlər davam edir, yeni
tamaşalar hazırlanır.
Teatrın direktoru Maqbet
Bünyadov əməkdaşımızla
söhbətində teatrın
son üç ildə
qazandığı əhəmiyyətli
uğurlar, xarici ölkələrə qastrol
səfərləri, aktyorların
fəaliyyəti haqqında
söz açıb.
Yaradıcı kollektiv
öz tamaşalarını
Rəşid Behbudov adına Mahnı
teatrında, Opera və
Balet, Musiqili Komediya teatrlarında, Aktyor Evinin səhnəsində
sənətsevərlərə təqdim edir. Direktorun sözlərinə
görə, repertuarın
saxlanılması, rolların
yaddaşda qalması üçün qastrol səfərlərinin təşkili
teatrın hazırkı
fəaliyyətinin əsas
istiqamətlərindəndir: "Teatrımız 2006-cı il
avqustun 5-dən 16-dək İstanbulda
keçirilmiş III Beynəlxalq
Məkan Teatrı Festivalında və Başqırdıstanın paytaxtı
Ufada sentyabrın
11-20-də gerçəkləşən Türkdilli Dövlətlərin
"Tuqanlıq" IV Beynəlxalq
Teatr Festivalında iştirak edib. Hər iki festivalda xalq yazıçısı
Elçinin "Qatil"
əsəri əsasında
hazırlanan tamaşa
ilə uğurla təmsil olunmuşuq".
Direktor keçən mövsümün son qastrol
səfərindən danışaraq,
avqustun 10-dan 20-dək Misirin
Qahirə şəhərində
keçirilən XVIII Beynəlxalq
Eksperimental Teatr Festivalında F. Dostoyevskinin
"Cinayət və cəza" romanının
motivləri əsasında
Bəhram Osmanovun quruluş verdiyi "Cinayət oyunu" tamaşasını təqdim
etdiklərini xatırladıb.
M.Bünyadov uğurlar sırasında
2007-ci ilin mayında Trabzonda keçirilən Qaradəniz Dövlətlərinin
VIII Beynəlxalq Teatr Festivalında O.İoselianinin
"Kaş araba aşmayaydı" tamaşasını
müvəffəqiyyətlə nümayiş etdirmələrini
də vurğulayıb.
Keçən ilin 16-22
aprelində Kazan şəhərində Elçinin
"Arılar arasında", Əli Əmirlinin
"Mesenat" tamaşaları ilə çıxış
etmələri barədə məlumat verən M.Bünyadov
qastrolun təşkilati məsələlərini həyata
keçirənlərə minnətdarlığını
bildirib: "Kazan şəhərinə qastrol səfəri
bizim Mədəniyyət və Turizm Nazirliyi ilə
Tatarıstanın Mədəniyyət Nazirliyi arasında
imzalanmış əməkdaşlıq üzrə tədbirlər
planına əsasən həyata keçdi. Bunu xüsusi qeyd
etməliyəm ki, mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev teatrımıza həmişə böyük diqqətlə,
qayğıyla yanaşır".
M.Bünyadovun dediyinə
görə Elçinin "Arılar arasında" əsəri
əsasında hazırlanmış tamaşa ilə ötən
ilin oktyabr ayında Türkiyənin Ankara, Konya, Tarsus şəhərlərinin
bələdiyyə başçılarının dəvəti
ilə sözügedən bölgələrə qastrol səfərləri
reallaşan teatrın çıxışları olduqca
uğurlu alınıb.
Bu il də qardaş
ölkəyə iki əhəmiyyətli qastrol səfəri
edən teatrın son uğurları haqqında söz
açan M. Bünyadov deyib: "Yanvar ayında Türkiyənin
Ankara və Kayseri şəhərlərində mərhum xalq
şairi Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən
qılınc" əsərinin tamaşası anşlaqla
keçdi. Teatrımız keçən ayın 14-dən 24-dək
Türkiyənin Konya şəhərində II "Min nəfəs,
bir səs" Uluslararası Festivalına türk dramaturqu
Tuncer Cücenoğlunun "Uçqun" tamaşası ilə
dəvət olunmuşdu. Bu nüfuzlu beynəlxalq tədbirdə
də uğurla iştirak etdik".
M.Bünyadov türkiyəli
tamaşaçıların böyük maraq və rəğbətinin
şahidi olduqlarını bildirib:
"Tamaşalarımızı izləyəndən sonra daha
bir neçə gün qalmağımızı xahiş edirlər,
Azərbaycanda teatr sənətinin yüksək
inkişafını müsbət qiymətləndirirlər. Bizim
tamaşalara baxandan sonra kollektivi adətən ayaq üstə
alqışlayırlar".
Bugünlərdə
teatrın yenidən İstanbulun üç bələdiyyəsindən
və Ankara şəhərindən qastrol dəvəti
aldığını deyən M.Bünyadov iyun ayında
qastrol səfərinin tarixini konkretləşdirmək
üçün Türkiyəyə gedəcəyini
vurğulayıb. Həmçinin Almaniyanın Köln şəhərindəki
Azərbaycan diasporunun qastrol dəvətini qəbul edərək,
bu yaxınlarda orada monotamaşa göstərəcəklərini
söyləyib.
Direktor teatrın
binasında aparılan təmir işlərini ölkə rəhbərliyinin
bu sənətə və yaradıcı kollektivə
qayğısının təhazürü kimi dəyərləndirib:
"Əvvəllər teatrımız bir neçə dəfə
təmir olunub, amma əvvəlki təmirlər çox kefiyyətsiz
alınmaqla yanaşı, müasir tələblərə də
cavab verməyib. Amma indiki təmir ən yüksək
standartlar əsasında aparılır. Binaya baş çəkəndə
görürəm ki, həm daxildən, həm də
çöldən əsaslı şəkildə restavrasiya
olunur. Həm rejissorların, həm də
aktyorlarımızın yüksək səviyyəli
tamaşalar təqdim etməsi üçün lazımi şərait
yaradılır".
M.Bünyadov texniki məsələlərlə
yanaşı, yaradıcılıqla bağlı işlərin
də yüksək keyfiyyətdə görülməsinin
vacibliyini vurğulayıb: "Bununla bağlı
dramaturqlarımızın da, rejissorlarımızın və
aktyorlarımızın da üzərinə böyük məsuliyyət
düşür. Tamaşaçıları teatra cəlb etməyin
yolu yalnız dramaturq, rejissor və aktyorların uğurlu
işbirliyindən keçir".
Hazırda rejissorlardan
Rövşən Almuradlının, Əsgər Əsgərovun,
Bəhram Osmanovun hazırladıqları yeni tamaşalar üzərində
həlledici işlər getdiyini açıqlayan M.Bünyadov
xarici ölkələrlə yanaşı, Azərbaycan
rayonlarına da qastrol səfərləri nəzərdə
tutduqlarını diqqətə çatdırıb:
"Mayın 21-dən 24-dək xalq yazıçısı
İsmayıl Şıxlının 90 illik yubileyi çərçivəsində
keçirilən silsilə tədbirlərin davamı olaraq,
"Ölüləri qəbiristanlıqda basdırın"
tamaşasını Qazax, Şəmkir və Gədəbəy
rayonlarında tamaşaçılara təqdim etməyi
planlaşdırırıq".
Sevinc MÜRVƏTQIZI