Qürur duymağa haqqın var
Əzizim Elçin Hüseynbəyli!
Azərbaycan müstəqillik
qazandıqdan sonra milli düşüncə tərzinin
formalaşması, milli varlığımızın dərki,
tarixə qayıdışdan qidalanan tarixi əsərlərin
meydana çıxması, açılmamış səhifələri
açmaq cəhdi, tarixin həqiqətinə, həqiqətin
tarixinə ayna tutan kitabların yaranması məni həddindən
çox sevindirir. Ona görə həddən çox ifadəsini
xüsusi vurğu ilə işlədirəm ki, 70-80 illik bir
tarixi mərhələdə tariximiz tərsinə
yazılıb, tərsinə tədris olunub, tarixçi alimlərimiz
həm çaşıb, həm də onları bilə-bilə,
şüurlu surətdə çaşdırıblar. Həqiqət
tarixinin üstünə qalın qara pərdələr
çəkib görünməz bir hala salıblar ki, heç
kəs öz kimliyini dərk edə bilməsin. Ancaq cidanı
çuvalda, Ayı buludda, səsi sükutda gizlətmək
mümkün olmadığı kimi, həqiqəti də
öldürmək, gizlətmək, dəfn etmək
mümkün olmur. Ya zəlzələdən, ya vəlvələdən
bir gün zəncirlər qırılır, qollar
açılır, zindanlar, məhbəslər
dağılır, böyük həqiqət dərindən nəfəs
alıb ayağa qalxır və yenidən daha böyük
güclə, şahanə addımlarla, təmkinli yerişlə
gələcəyə doğru yeriyib gedir.
Əzizim Elçin!
Sənin əsərlərini
maraqla izləyən, diqqətlə oxuyan oxucularından biri də
mənəm. "Don Juan"ı həvəslə oxuyub
başa çatdırmışdım. Əsərlə
bağlı fikirlərimi həm telefonda, həm də müxtəlif
görüşlərimizdə sənə
çatdırmışdım. O əsərin məntiqindən
hiss edirdim ki, dünyaya yeni bir tarixi roman gəlir. "Don
Juan"ı necə həvəslə oxumuşdumsa,
"Şah Abbas"ı da eyni həvəslə gözləyirdim.
Artıq kitab
oxucuların ixtiyarına verilib. Yeni yaradıcılıq
uğuru münasibətiylə səni təbrik edirəm.
Açıq və səmimi
şəkildə etiraf eləmək lazımdır ki, Şeyx
Cüneyddən, Şeyx Heydərdən başlamış,
sonuncu səfəvi şahlarına və şahzadələrinə
qədər tariximizin səfəvilər dövrü hələ
lazımi şəkildə nə tarixi, nə də bədii
yaradıcılıq baxımından arzu olunan səviyyədə
açılmayıb. Hətta Şah İsmayıl Xətai
dühası belə tam təfərrüatı ilə
bugünkü nəslə çatdırılmayıb.
İnsaf və ədalət
naminə deməliyik ki, səfəvilər dövrü ilə
bağlı məşhur tarixçi alimimiz Oqtay Əfəndiyevin
elmi araşdırmaları, Fərman Kərimzadənin, Əzizə
Cəfərzadənin, Əlisa Nicatın bədii əsərləri
hələ sovetlər dönəmində bu sahədə
elmimiz və ədəbiyyatımız üçün xeyli
iş gördü. Ancaq bugünkü müstəqillik
dövrü bizə imkan verir ki, daha obyektiv, daha aydın şəkildə
biz öz tariximizi işıqlandıraq. Müstəqillik
işığında hər şeyi öz rəngində
görək, hər kəsi əməllərinə görə
qiymətləndirək. Bu baxımdan sizin qələminizdən
çıxan "Şah Abbas" tarixi romanı XXI əsrdən
XV-XVI əsrlərə baxış kimi çox
maraqlıdır və Səfəvilər dövrünə
maraq həmişə güclü olub, bu da şübhəsiz
Şah İsmayıl Xətai kimi bir şəxsiyyətin
dünyəvi nüfuzu ilə bağlıdır.
Əzizim Elçin,
Şah Abbas körpəlik və uşaqlıq illərimin,
uzun qış gecələrinin, nağıllı-dastanlı
dünyamın ən sevimli obrazı kimi mənə əzizdir.
Ömrümün dünənində o, mənim
nağıllarımın, dastanlarımın qəhrəmanı
idi. Bu günsə artıq tarixi şəxsiyyət kimi, bir
roman qəhrəmanı kimi sənin sayəndə mən onu
sevdim, ona acıdım, ona ağladım, onunla qürur hissi
keçirdim, ağlına, qabiliyyətinə, sərkərdəlik
məharətinə heyran qaldım, heyrət elədim.
"- Bilmək
üçün neyləmək lazımdır?
- Öyrənmək və
axtarmaq.
- Nəyi öyrənmək
və axtarmaq?
- Məni.
- Biz səni
tapmışıq.
- Məni
tapmamısınız. Eşitmisiniz.
Yaxşı-yaxşı axtarın. İndi isə gedin. Mən
dincəlmək və xatırlamaq istəyirəm..."
Mənə belə gəlir
ki, bütövlükdə "Şah Abbas" romanı bu
sual-cavabların, neyçünlərin, niyələrin
axtarışları üzərində qurulub və sonda
öz bədii həllini tapıb.
Şah Abbas bütün
uğurlu və qüsurlu cəhətləri ilə,
bütün zəif və güclü cəhətləri ilə
oxucuya təqdim olunub. Bu obrazın şəxsində az qala 50
illik bir tarixi mərhələ bütöv
ağrı-acıları, qələbə və məğlubiyyətləri
ilə açılıb, şərh olunub.
Şah Abbas
ömrünün son günlərində öz şahlıq
taxtını nəvəsi Səfi Mirzəyə etibar edəndə
ona belə bir tapşırıq verir: "Mənim canamaz dəm-dəsgahımı,
sazımı da özünlə götürərsən, bir də
Şeyx Səfi xalısını". Canamaz, saz və
Şeyx Səfi xalısı. Bütün döyüşlərdə
bu üç müqəddəslik ona həmişə
qüvvət vermişdi. Ona görə də
tapşırıqla elə bil nəvəsinə demək istəyirdi
ki, bu canamazda dinini, sazda ruhunu, xalıda Şeyx Səfi müqəddəsliyini
yaşada bilsən sənə zaval yoxdu.
Şah Abbas atası Məhəmməd
Xudabəndədən şahlıq tacını alan kimi faciələrlə
dolu səhnələr insanı sarsıdır və bu
sarsıntılar, saraydaxili didişmələr, sui-qəsdlər
əsərin sonuna kimi davam edir. Şah Abbasın
anası fars qızı Xeyrənnisənin ustaclı,
şamlı, qızılbaş tayfalarına qənim kəsilməsi,
Xeyrənnisənin və onun anasının
qızılbaşlar tərəfindən qətlə yetirilməsi,
Şah Abbasın anasının qisasını almaq
üçün 22 qızılbaş əmirinin
başını kəsib Qəzvin darvazalarının
ucluqlarına sancdırması, Şah Abbasın əmri ilə
iki ogey qardaşının - Təhmasib Mirzənin və Əbutalib
Mirzənin gözlərinə mil çəkdirib, onları
ömürlük kor eləməsi hətta öz lələsini
belə qətlə yetirməkdən çəkinməməsi
elə bir ustalıqla təsvir olunur ki, bu məqamları
oxucuya sənətkarlıqla çatdırmaq
üçün sənin şəxsində
yazıçı qələmi tarixçi qələminə,
tarixçi istedadı yazıçı ilhamına qüvvət
verir. Nəticədə 40 ildən artıq şahlıq edən
Şah Abbasın şəxsi keyfiyyətləri bütün
çalarları ilə üzə çıxır. Bu zəhərləmələr,
kirişlə boğulmalar, başkəsmələrlə
bağlı Kərbəla müsibətlərini
xatırlatmağın çox dəqiqi yerinə
düşür. Hakimiyyəti möhkəm və
uzunömürlü etmək üçün qəddarlığın
son həddi əksər şahlara xas olan keyfiyyətdi. Şah
Abbasın bu qəddarlıqlarına baxmayaraq ardı-arası
kəsilməz müharibələrdə həmişə
qalib gəlməsi, yüksək sərkərdəlik məharəti,
bütün hərbi manevrlərdən ustalıqla,
üzüağ çıxması istər-istəməz
insanı - oxucunu heyrətə gətirir. Bütün əsər
boyu ürəkləri parçalayan acı bir həqiqəti
fani çılpaqlığı ilə açıb bu
günün oxucusuna təqdim elədiyin üçün
çox sağ ol. Bu əsər götürmək qabiliyyətimiz
olsa, tarixin ən böyük ibrət dərsidir. Biz qardaş
qırğınlarından söhbət düşəndə
nədənsə həmişə Sultan Səlimlə Şah
İsmayılın qarşılaşmasını -
Çaldıran faciəsini xatırlayırıq. Ancaq bu əsəri
oxuduqca hər səhifədə, hər fəsildə təəssüf
hissi keçiririk, qəlbimizdən qara qanlar axır.
Faciəmizin
böyüklüyünə baxın ki, Şah Abbas
Osmanlıları məğlub eləmək üçün
Avropa ölkələri ilə güclü əlaqələr
yaradır, İspaniya kralına elçi göndərir,
Osmanlıları zəiflətmək istəyən Venesiya və
İtaliya ilə güc birliyi yaratmağa can atır, Fransadan
silah almaq üçün alverə girişir, öz
qılıncımız özümüzü kəsir,
qardaş öz qardaşının qanını tökür,
biri Osmanlı kimi, biri də qızılbaş kimi bir-birini məhv
edir, avropalıların fitvasına uyur, bu bədbəxt atabir,
anabir qardaşlar heç vaxt başa düşmür və
başa düşmək istəmir ki, qardaş
qırğınından qazanan ancaq Batı ölkələri
olur. Nəticədə Osmanlı imperiyasının
ölümü yaxınlaşır, Azərbaycanın
parça-parça olması üçün gələcəyə
zəmin hazırlanır. Bütün türk-müsəlman
dünyasını içəridən çökdürmək
üçün rusların, ingilislərin əlinə
yaxşı fürsət meydanı keçir. Bugünkü bəlalarımızın
kökü elə o zamanlardan gəlir. Şiə-sünnü
məsələsindən istifadə edənlər bizi
bütövlükdə ölümə, məhvə,
parçalanmaya aparır. Amansız düşmənə
fürsəti həmişə özümüz vermişik.
Qırılan da özümüz olmuşuq, qıran da. Ölən
də özümüz olmuşuq, öldürən də.
Bir-birini qıran eyni millətin tapdağı altında
Şirvan, Bakı, Təbriz, Gəncə, Dərbənd,
Naxçıvan, Qarabağ, Çuxursədd, bir sözlə
Azərbaycan adlı bir cənnət məmləkət cəhənnəmə
çevrilib bölük-bölük olmasaydı bu gün erməniyə,
rusa, gürcüyə yem olmazdıq.
Qalib gələn
İran aslanı Şah Abbasla məğlub olan Osmanlı
paşanın sual-cavabına fikir verin:
"Şah Abbas
ayağa qalxmadan soruşdu: Sən bu qədərmi
özündən razıydın, döyüşçüləri
evlərinə buraxdın, özünsə ova getdin, məni
saymadın?
Əli
paşa başını qaldırmadan:
Mən özümdən
yox, taleyimdən arxayın idim, o isə sizin üzünüzə
güldü, - dedi. Bu cavab şahın xoşuna gəldiyinə
görə daha bir sual verdi: Ağlınımı
qınayırsan, bəxtinimi?
Əli paşa bu
sözün də altında qalmadı:
- Bu döyüşdə
nə mənim ağlım, nə də bəxtim
günahkardı. Anadan xoşbəxt doğulan sənsən.
Çünki qalib xoşbəxtlikdən şişir, məğlub
isə boşalır".
Bu ürəkağrıdan
parçanı ona görə misal çəkirəm ki, bu
iki bədbəxtin heç biri bilmir ki, hər ikisi
böyük gələcək qarşısında məğlub
olub. Sabah Türk dünyasını, böyük Azərbaycanı
ruslar, farslar, ermənilər, ingilislər yağlı tikələr
kimi udacaq, bahalı parçalar kimi doğram-doğram edəcəklər.
XV əsrdə dünyanın yarısı olan Azərbaycanı
dağıtmaq üçün "Türkmənçay"
və "Gülüstan" müqavilələri
bağlanacaq, onun arxasınca Qarabağın, Dərbəndin,
Borçalının, Zəngəzurun, Göyçənin
faciələri gələcək.
1605-ci ildə
Cığaloğlu Sinan Paşa ilə Şah Abbasın
savaşında qızılbaşlar 34 türk
paşasını əsir almışdılar. Əgər
bir savaşda 34 türk paşası əsir alınıbsa,
indi görün hər dəfə Osmanlılarla
qızılbaşlar qarşılaşanda sayı 50 mindən
az olmayan qoşunlar bir-birinin qanını sel kimi axıdanda
biz nələri və kimləri itirmişik. Dünyanın
heç bir milləti tarixdə bir-birinə bu qədər qənim
kəsilməyib. Bu günün gözüylə baxanda
Şah Abbasın "böyük köçü"nə
tarixin böyük səhvi də demək olar. Əgər o
dünən Çuxursəddi, Borçalını, Rəvanı
köçürüb farsların içinə
doldurmasaydı bəlkə də Ermənistan və
Gürcüstan azərbaycanlılarının daha dəhşətli
qaçqınlığı, köçkünlüyü də
olmazdı. Şah Abbas o torpaqları boşaltmaqla özündən
xəbərsiz erməni kimi kəmfürsət düşmənə
dövlət olmaq üçün ərazi
hazırlayırmış.
Əzizim
Elçin Hüseynbəyli!
Əsərin bir yerində
çox qiymətli bir fikir işlətmisən: "Tarix hər
zaman ağadır. Ancaq onu ağa kimi də görmək
olar, gədə kimi də. Tarixi gədə kimi görənlərin
halına yazıq!"
Mən sənə təşəkkür
edirəm ki, çox böyük zəhmət, axtarış,
istedad bahasına tarixi ağa kimi görməyi və onu bizə
ağayana çatdırmağı bacarmısan. Sən əsərdə
heç bir yerdə oxucuya hökm eləmirsən, oxucuya təzyiq
göstərmirsən, oxucunun hansı nəticəni
çıxarmasını onun öz öhdəsinə
buraxırsan. Əsərdən çıxan məntiq, qayə
budur.
Mənim
düşüncəmə görə bu əsər bizə və
bizdən sonra gələnlərə belə deyir: Tarixini
yaxşı öyrən, şəxsiyyətlərini
dürüst tanı, keçmişinə sahib ol, öz
qılıncınla özünü kəsmə, dilinə,
dininə, əqidənə, etiqadına sadiqlik hissini itirmə,
milliliklə millətçiliyi qarışdırma, gələcəyini
düzgün qurmaq üçün tarixin acı həqiqətlərindən,
böyük dərslərindən ibrət al. Özün
ol, özgələşmə. "Mən kimdən" demə,
"kim məndən" de. Gücü kökünə ver
ki, budaqların tufanlara yem olmasın. Xalqdan millətə, millətdən
dövlətə doğru get, millətdən tayfaya enmə,
tayfadan millətə doğru get. Getdinsə, getməyi
bacardınsa dünya sənindi. Bacarmadınsa nə dünya sənindi,
nə də sən dünyanınsan!
Vəssalam,
şüttamam!
Öpürəm səni! Sənə yeni yaradıcılıq zirvələri arzulayıram!
Zəlimxan YAQUB,
xalq şairi
525-ci qəzet.- 2009.- 20 may.- S.6.