Qafqaz Universiteti Naxçıvan Dövlət Universitetilə birgə "Arşın mal alan"ı təqdim edib

 

Mayın 17-də Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində Qafqaz Universiteti Naxçıvan Dövlət Universitetinin (NDU) incəsənət fakültəsi dahi bəstəkar Üzeyir Hacıbəyovun "Arşın mal alan" əsərinin tamaşasını nümayiş etdirib. Səhnə əsərinin quruluşçu rejissoru NDU-nun müəllimi, Naxçıvanın əməkdar artisti Mübariz Əsgərovdur. Tamaşanı NDU-nun orkestri müşayiət edib.

Musiqilər sözügedən ali təhsil müəssisəsinin müəllimi Vahid Məmmədov dirijorluğu ilə səsləndirilib. Tamaşanın rəssamı NDU-nun birinci kurs tələbəsi Cəlal Rzayevdir.

Əsas rolları M.Əsgərov (Əsgər) və Gülyanaq Fərzəliyeva (Gülçöhrə) ifa ediblər. Soltan bəy və Telli rolunu isə NDU-nun müəllimləri Sərdar Qurbanovla Leyla Abbasova canlandırıb. Universitetin müəllimləri ilə yanaşı hər iki təhsil ocağının tələbələri də operettada rol alıblar. Tələbələrdən Zeynəb Yusifova (Cahan), Şəhriyar Zeynalov (Süleyman), Əfsanə Mirzəyeva (Asya) və Ramin İmamquliyevin (Vəli) ifaları maraqla qarşılanıb.

Tamaşaya Qafqaz Universitetinin rəhbəri professor Ahmed Sanic, NDU-nun rektoru akademik İsa Həbibbəyli, fakültə dekanı İsmayıl Mürsəlov, prorektor Araz Zalovla yanaşı, teatrsevərlər və ictimaiyyət nümayəndələri də tamaşa ediblər.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2009.- 21 may.- S.7.