"Sözün müqəddəsliyi mənim üçün həmişə yüksəkdə dayanıb"

 

GÜLAYƏ ŞINIXLI: "SÖZ ADAMLARININ TƏMASLARI İLƏ MÖHKƏMLƏNƏN DOSTLUQ TELLƏRİ TÜRK DÜNYASI XALQLARINI DAHA DA DOĞMALAŞDIRIR"

 

Şairə Gülayə Şınıxlı (Rzayeva) 1964-cü ildə Gədəbəyin Düzrəsullu kəndində dünyaya gəlib. Orta təhsilini doğma rayonda alan G.Şınıxlının şeirləri 1992-ci ildən Azərbaycan Radiosu və Televiziyasında səslənib. Şairənin tamaşaçı və oxucularla ilk görüşü Azərbaycan Televiziyasında uzun illər yayımlanan "Aşıq Pəri Məclisi" proqramında olub. Sonralar G.Şınıxlı AzTV-də "Sazın-sözün sehrində" proqramına aparıcılıq edib. Şairə Orta Asiya və Türkiyədə bir sıra poeziya axşamlarında, şeir müsabiqələrində iştirak edərək mükafatlara layiq görülüb. G.Şınıxlının "Ay mənim gözləri kor məhəbbətim", "Bir şair yaşayır qəmin içində", "Gəlmişəm ki, deyəm, gəlməyəcəyəm", "Zaman ağlatdı məni", "Atatürkü görürəm" kitabları nəşr edilib. Bundan başqa, şeirləri müxtəlif antologiyalarda da yer alıb. "İlqarımda ilqarsıza uduzdum", "Gizlətmişəm gülə-gülə dərdimi", "Məni sənsizliyə sən öyrətmisən", "Ömrümün laylaları" adlı albom-kasetlərdə onun şeirləri toplanıb.

Bu il yubiley yaşını qeyd edən şairə bizimlə söhbətində həm ümumən yaradıcılığından, həm də indiyədək qatıldığı festival və müsabiqələrdən danışdı, o cümlədən bu yaxınlarda gerçəkləşən İraq səfərinin təəssüratlarını bölüşdü.

- Poeziyaya marağınızı ilk öncə nə vaxt hiss etdiniz?

- Söhbətimizə başlamazdan öncə oxucuları şeirimdən bir parça ilə salamlamaq istərdim:

 

   Nə ucuz tut onu, nə yarıda qır,

   Salamdan bahalı bəxşiş varmıdır?

   Salam yaradana ehtiramımdır,

   Əzəli-əbədi qüdrətli hakim –

   Salaməleyküm!..

 

Mənim şeirlə ilkin salamlaşmam lap kiçik yaşlarıma təsadüf edir. Orta məktəbdə oxuduğum illərdə yazdığım şeirlər respublikanın bir sıra qəzet və jurnallarında çap olunub. Əslində həmişə yazdıqlarımı "cızmaqara" adlandırıram. Sadəcə mən də hamı kimi yazıram. Amma yazmaq mənim həyatımın mənasıdır. Ədəbiyyata olan sonsuz həvəsim mənim bu sahəyə üz tutmağıma səbəb olub. Sözün müqəddəsliyi mənim üçün həmişə yüksəkdə dayanıb və hər zaman belə olacaq.

- Siz bir sıra şeir müsabiqələrində iştirak etmisiniz və mükafatlara layiq görülmüsünüz. Bu barədə bir qədər ətraflı məlumat verməyinizi istərdik.

- Müxtəlif vaxtlarda Türkiyədə türkdilli xalqların saz-söz festivallarında iştirak etmişəm. Keçən il Türkiyənin Konya şəhərində də Uluslararası Şeir Axşamlarına dəvət almışdım. Ötən ilin yayında da qardaş ölkənin Bursa şəhərində 18 ölkə yazarlarının iştirakı ilə keçirilən türk dünyası aşıqlarının və şairlərinin yarışmasına qatıldım. Heç gözləmədiyim halda həmin müsabiqədə birinciliyə layiq görüldüm və məni "Cümhuriyyət qızılı" medalı ilə təltif etdilər.

- Bu il aprelin sonlarında İraqa səfər etmisiniz. Səfər təəssüratlarınız əsasən nələrdən ibarətdir?

- Məni İraqa tanınmış Kərkük şairi Şəmsəddin Kuzəçi dəvət etmişdi. Səfər İraqın gənclik və idman naziri Qasim Muhammed Cafer, türkmən millət vəkili Fevzi Ekrem Terzioğlunun təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşdi. Bu səfərdə əsas məqsəd dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunmuş simpoziumda iştirak etmək idi. Dövlət səviyyəsində keçirilən bu tədbirdə şeirlərimlə çıxış etdim. Bildiyiniz kimi, İraq müharibə vəziyyətində olan bir ölkədir. Hər tərəfdə şəhid məzarlığı var. Hətta maşın qəbiristanlığına da rast gəldik. İraqın Nəcəf, Kərbəla və Bağdad şəhərlərində olduq. Bu şəhərlərdə gəzdikcə adamın ürəyi göynəyir. Hər şeydən öncə mən anayam, müharibə olmasını istəmirəm. İraqda isə hər tərəfdə amansız müharibənin izləri görünür. Bu, əlbəttə, İraqda həyatın bütün sahələrinə təsir edib. Amma iraqlılarda ruh var, yenidən tikib-qurmaq əzmi, gələcəyə ümidləri yaşayır. Bütün faciələrinə, axıdılan qanlara baxmayaraq, onlar şeirə, sənətə də diqqət və qiymət verməyə macal tapırlar. Kədərli təəssüratlarıma baxmayaraq, İraqa səfərimdən çox məmnun qaldım. Çünki biz Füzuli sözünün səcdəsinə, böyük bir adın işığına yığışmışdıq.

- Sizcə, bu səfərlər yaradıcılığınıza və ümumiyyətlə, qardaş türk ölkələri arasında mədəni-ədəbi əlaqələrə nə kimi təsir göstərir?

- Bu səfərlərdə qardaş türk ölkələrinin şairləri, yaradıcı insanları ilə əlaqələrimiz qurulur, ünsiyyətimiz yaranır. Bunlar,əlbəttə ki, bir qələm adamı kimi mənim yaradıcılığıma və dünyagörüşümə çox müsbət təsir göstərir. Xüsusilə keçən ilin oktyabr ayında Altundağ bələdiyyəsinin və Nəcib Fazil Qısakürək Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən şeir axşamı yaddaşıma gözəl təəssüratlarla həkk olunub. "Altundağda şeir axşamı" adlı həmin tədbir artıq dördüncü dəfə idi ki, keçirilirdi. Həmin görüş TRT kanalında bir proqram şəklində də yayımlanıb. O proqramda Türkiyənin məşhur şairləri Abdurrahim Karakoç, Faruk Faik Köprülü, Hilmi Yavuz, Nurullah Genç, Semih Sergen, Yavuz Bülənt Bakiler kimi dəyərli söz adamları ilə bir araya gəldik və türk dünyasının söz aləmi haqqında fikirlərimizi, düşüncələrimizi paylaşdıq. Tədbirin əsas təşkilatçılarından biri də Türkiyənin tanınmış yazarlarından biri Mehmet Nuri Barmaksız idi. Bu proqram çərçivəsində məşhur türk yazarı professor İsa Kayacanla görüşmək də mənə nəsib oldu. Belə görüşlər məni çox sevindirir. Çünki bu, əbədi və sarsılmaz qardaşlığın gözəl bir örnəyi idi. Yavuz Bülənt Bakilerin Azərbaycana həsr etdiyi şeirlər də bunun ifadəsidir:

 

   Azərbaycan ürəyimdə bir şah

   damardır...

   Ayətdir kitabımda,

   bayrağımda rüzgardır...

 

Bu hissləri qarşılıqlı şəkildə bir-birimizə anlatmaq üçün türkdilli xalqların söz adamları olaraq, hər zaman bir yerə toplaşmağımıza, müntəzəm görüşməyimizə ehtiyac var. Çapa hazırlanmaqda olan sonuncu kitabımdakı şeirlərdə də bu duyğular əsas yer tutur:

 

   Yerimlə, göyümlə, xoş sabahımla,

   Göylər səyyarəsi səma şahımla,

   Təmkini-təqdirəm öz Allahımla,

   Əzəli-əbədi vəhdətimdir söz.

   Gülayə, bir vicdan gəzir qanımda,

   Haqqa tapınmışam hər bir anımda,

   Almışam mən həyat imtahanımda,

   İnsanam, ən ali qiymətimdir söz.

 

Əminəm ki, söz adamlarının təmasları ilə möhkəmlənən dostluq telləri Türk dünyası xalqlarını daha da doğmalaşdırır. Bu görüşlər xüsusən Azərbaycan-Türkiyə münasibətləri baxımından böyük önəm kəsb edərək, ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, "Bir millət-iki dövlət" həqiqətini əbədiləşdirir.

  

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 21 may.- S.7.