Faiq Hüseynbəyli:
"Ədəbiyyatda vətənpərvərlik
mövzusunun tükəndiyini
düşünənlər yanılırlar"
Gənc şair Faiq Hüseynbəyli bir müddət əvvəl hərbi xidmətini başa vurub və bu yaxınlarda
onun yeni kitabı çapdan çıxıb. "Vektor" Nəşrlər Evinin çap etdiyi "Sabahın adamı" adlı kitab müəllifin hərbi xidmətdə olarkən yazdığı şeir və poemalardan ibarətdir. Kitaba ön söz
yazan "Vektor" Beynəlxalq Elm Mərkəzinin prezidenti, şair Elçin İsgəndərzadə gənc
həmkarını "Sözün
və vətənin layiqli əsgəri" adlandırıb, kitabı
isə vətənpərvərlik
mövzusunda yazılmış
ən yaxşı poetik toplu kimi
qiymətləndirib: "Kitabın əsas leytmotivini şairin şərəfli hərbi
xidmətini əks etdirən poetik nümunələr təşkil
edir. Son illər günümüzün
əsgər həyatını
bu kitab qədər real canlandıran və yüksək bədiiliklə,
eyni zamanda böyük millilik və vətənpərvərliklə
əks etdirən başqa bir kitaba rast gəlməmişəm.
Bu şeirlərin hər sətrində Vətən
sərhədini göz
bəbəyi kimi qoruyan və Vətən torpağının
hər zərrəsi üçün canından
keçməyə daim
hazır olan sıravi əsgər Faiq Hüseynbəylinin nəfəsi duyulur".
F.Hüseynbəyli ilə
əsasən gənc şairin hərbi xidmət təəssüratları
və orada qələmə aldıqları barədə
söhbətləşdik.
- Hərbi xidmətdə
olarkən oradan göndərdiyim əksər yazılar mətbuatda
çap olunurdu və bunlar mənə gəlib çatanda
ürəyim dağa dönürdü. Deyərdim ki, arxa cəbhədəki
söz adamları səngərlərdə vətən
torpağını göz bəbəyi kimi qoruyanların hisslərini
yaxşı anlayır və qiymətləndirirdilər. Komandirimiz
hərbi hissənin tədbirlərində mənə tez-tez
söz verir, çıxışımın sonunda isə yeni
şeirlərimi oxumağı xahiş edirdi. Yeni şeirlərim
isə adətən marşlar, hərbi nəğmələr
olurdu. Orada - hərbi hissədə anladım ki, vətənpərvərlik
şeirlərinə böyük ehtiyac var. Adi görünən
elə şeirlər var ki, onları bütün hərbi hissə
əzbərləmişdi. Məsələn, bu misralar əsgər
addımlarının ritmi altında çox möhtəşəm
səslənirdi.
Zəfər
xəbəriylə qayıdacağam,
Gözləsin
yolumu ellər - obalar.
Qoy rahat uyusun ana torpağı
Bizə miras qoyan ulu babalar.
- Necə fikirləşirsən, ədəbiyyatın mövzuca qloballaşdığı bir dövrdə oturub vətənpərvərlik mövzusunda şeirlər yazmaqla ədəbi mühitdə mövqe qazanmaq mümkündürmü? Ümumiyyətlə, ədəbiyyatımız bu mövzuya qayıtmaqla nə əldə edə bilər?
- Orta məktəbdə
oxuyarkən Səməd Vurğunun, Süleyman Rüstəmin,
Rəsul Rzanın sovet-alman müharibəsi zamanı
yazdıqları şeirləri əzbərləyirdim. Bunlar
yüksək sənətkarlıq nümunəsi olan əsərlərdir.
Ancaq bu o demək deyil ki, ədəbiyyatda, poeziyada vətənpərvərlik
mövzusu artıq tükənib. Belə düşünənlər
yanılırlar. Qarabağ münaqişəsi Sovet dövlətinin
dağıldığı vaxta düşdü. Sovet ənənələrindən
uzaqlaşmaq o demək deyil ki, yaxşı ənənələri
də atmalıyıq. Vətənpərvər ruhlu ədəbi
nümunələr olmalıdı, özü də xüsusən
hazırkı zamanda! Əgər torpaqlarımızın iyirmi
faizi işğaldan azad olunmayıbsa, bu yolda bizi mübarizə
gözləyirsə, mənəvi səfərbərlik
haqqında ciddi düşünmək lazımdır. Həm də
bu necə yanaşmadır ki, Pablo Nerudaya vətənpərvərlik
mövzusunda yazdığı şeirlərə görə
verilmiş Nobel mükafatını təqdir edirik, ancaq
özümüzdə bu mövzunu qapatmaq istəyirik. Nazim
Hikmət ayaq basmağa icazə ala bilmədiyi Türkiyəni
az qala bütün şeirlərində tərənnüm
edib. "Öncə vətəndir" ideyası nahaq
yaranmayıb. Mən xoşbəxtəm ki, vətənə
sözlə də xidmət edirəm, yazdığım bir
çox şeirləri olduğum hərbi hissədə hələ
də əzbərləyir, müntəzəm oxuyurlar.
- İlk kitabın on
altı yaşında, orta məktəbi bitirərkən
çap olunub. İkinci poetik toplun bakalavr diplomunu,
üçüncü kitabın isə magistr dərəcəsini
alanda nəşr edilib. İndi də hərbi xidməti
başa vurmusan, yeni kitabın oxuculara təqdim olunub. Sanki hər
mərhələni bir kitabla tamamlayırsan. Bu, ənənədir,
yoxsa təsadüf?
- Durub deyim ki, elə
deyil, düz olmaz. Şeirlərim mənim
yaşantılarımdır, ömrün ayrı-ayrı mərhələlərində
müxtəlif hisslərin təsiri altında olmuşam. Dünyagörüş
fərqi də var, axı. Buna görə də o yaş mərhələsinə
yazdığım şeirlərə yekun vurmuşam. İlk
kitabımda on-on beş yaşımda yazdığım təmsillər
və uşaq şeirləri toplanıb. İkinci kitabımda
artıq məhəbbət şeirləri üstünlük təşkil
edir. Bu, ömrün çılğın
çağıdır, o yaşımda qəzəllər, nəğmələr
yazmışam. Üçüncü kitabımda isə ciddi
məsələlər qoyulub. Çünki magistraturada oxuyarkən
həm də işləyirdim, işdə
qarşılaşdığım çətinliklər əslində
həyatda qarşılaşdığım ilk çətinliklər
idi. Hərbi xidmətdə olarkən isə yaxamı daha
maraqlı mövzular tanıdı. "Qaranquş
yuvası" poemasının yaranması maraqlı bir
tarixçə ilə bağlıdır. Mən hərbi xidmətə
getdiyim gün qızım Aytac dünyaya gəldi. Onun ilk ad
günü mənsiz keçmişdi. Səkkizinci kilometr qəsəbəsində
kirayələdiyim ev hərbi xidmətdə olduğum müddətdə
qışqabağı isti ölkələrə
köçmüş qaranquşun yuvası kimi boş
qaldı. Xidmət zamanı gördüyüm bir boş
qaranquş yuvası bu hisslərimi təzələdi. Elə
Qarabağda insan nəfəsinə həsrət qalmış
ev-eşiklər də bu yuvalar kimidir. Əgər hardasa
ağrıdan və dərddən söhbət
açıramsa, məncə, bu, vətənin
ağrısı və dərdidir.
- Yeni kitabındakı "Sabahın adamı" poeması mətbuatda işıq üzü görəndə birmənalı qarşılanmadı. Amma sən heç o yazılanlara cavab vermədin...
- Poema mən hərbi
xidmətə getməzdən bir qədər əvvəl
çap olundu. Tənqidi yazıların sorağını isə
hərbi xidmətdəykən aldım. Ümumiyyətlə,
tənqid olunmayan, rezonans doğurmayan yazı ciddi əsər
sayıla bilməz. Atam Bilal Alarlı tələbə olanda
Mövlud Süleymanlının povestlərini kəskin tənqid
edirmişlər, hətta qadağan olunmasından söhbət
gedirmiş. Atam deyir, bunun əsas nəticəsi o oldu ki,
Mövlud Süleymanlının yaxşı bir
yazıçı olduğu meydana çıxdı. Tənqid
əslində şairi və yazıçını həm
özünə, həm də oxucuya tanıdır. Ona görə
də bütün yazılarımın tənqidin süzgəcindən
keçməsini istəyirəm. Ancaq bizdə professional tənqid
çox xəsisdir və tənqid çox zaman məqsədli
olur. Həmin tənqidlər poema haqqında deyil, poemada təsvir
olunanlarla bağlı idi. Poemada konkret adlar çəkilib ki,
görünür, bu da "tənqidçi" deyilən kəslərin
ürəyincə olmayıb. Olmasın. Amma məncə, həmin
adlar Azərbaycan ədəbiyyatı tarixinə fərqli hərflərlə
yazılan və yazılacaq imzalardır.
525-ci qəzet.- 2009.- 21 may.- S.7.