20 yaşın mübarək,
"Yaramaz"!
Dövlət Film Fondunun təşkilatçılığı ilə Musiqili Komediya Teatrında rejissor, xalq artisti Vaqif Mustafayevin çəkdiyi "Yaramaz" filminin 20 illiyinə həsr olunmuş tədbir keçirilib.
Teatrın foyesində filmlə bağlı fotosərgi nümayiş etdirilib.
Fondun direktoru, əməkdar
incəsənət xadimi Cəmil Quliyev
çıxışında bu filmin Azərbaycanın kino
tarixində ilk dəfə faciə-məzhəkə
janrında çəkildiyini, rejissorun iyirmi il əvvəl
toxunduğu problemin indi də aktual olduğunu önə
çəkib: "Təsadüfi deyil ki, görkəmli
italyan bəstəkarı Bernardo Bertoluççi
dünyanın ən yaxşı 35 ekran əsəri
sırasında kifayət qədər beynəlxalq
mükafatlar almış "Yaramaz"ın da adını
çəkib".
Xalq artistləri Fərhad
Bədəlbəyli, Arif Məlikov, xalq
yazıçısı Çingiz Abdullayev və
başqaları rejissor V.Mustafayevin tamaşaçı ilə
öz ekran kodları ilə danışmağa, ünsiyyət
yaratmağa üstünlük verən rejissorlardan olduğunu
diqqətə çatdırıblar: "Ən gərgin
psixoloji yaşantıları, dramatik situasiyaları,
çıxılmaz məqamları zarafat, lətifə dili ilə
yumşaltmağı, bizi öz avand üzü ilə
usandıran dünyamızı gülüşün köməyi
ilə astar üzünə çevirməyi onun qədər
ustalıqla bacaran başqa rejissor tapmaq çətindir. Vaqif
Mustafayevin çəkdiyi "Yaramaz" filmi çox ciddi mətləblərin
lətifə estetikası, zarafat və ironiya dili ilə ifadə
olunması baxımından mükəmməl ekran əsəridir".
Qeyd edilib ki, filmdə
xarakter deformasiyası müasir bədii ifadə vasitələri,
satirik boyalarla təsvir olunub. Film həm də bu səbəbdən
ölkəmizdə və xaricdə böyük maraq doğurub.
Gecədə
tanınmış aktyorların çəkildiyi filmdən
fraqmentlər nümayiş olunub.
SARA