Bakıda Berlin İncəsənət Xadimləri Birliyi üzvlərinin sərgisi açılıb

 

Dünən Azərbaycan Rəssamlıq Akademiyasında Berlin İncəsənət Xadimləri Birliyi nümayəndələrinin sərgisinin açılışı olub. APA-nın məlumatına görə, sərginin açılışında çıxış edən Azərbaycan Rəssamlıq Akademiyasının sədri Ömər Eldarov burada Berlindən olan 7 rəssamın - Ute Faber, Susanne Knaak,Vera Krikhan, Monika Ortmann, Sabine Şnayder, Hans Stayn, Rene Ştrekerin rəsm əsərlərinin nümayiş etdirildiyini deyib. Ö.Eldarov bildirib ki, sərgi Azərbaycanda Alman Həftəsi çərçivəsində keçirilən tədbirlər sırasına daxildir. Rektor tədbirin ən önəmli cəhətlərindən biri kimi Berlin İncəsənət Akademiyasının rektoru Martin Renetsin Bakıya gəlməsini qeyd edib.

Almaniyanın Azərbaycandakı səfiri Per Stankina, Berlin İncəsənət Akademiyasının rektoru Martin Renets Azərbaycanda bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar. M.Renets bundan sonra Azərbaycana daha tez-tez səfər edəcəyini vurğulayıb. O, Azərbaycan Rəssamlıq Akademiyası ilə Berlin İncəsənət Akademiyasının daha sıx əməkdaşlıq edəcəyini açıqlayıb.

Sərginin nümayişi iyunun 10-na kimi davam edəcək.

 

 

525-ci qəzet.- 2009.- 21 may.- S.7.