Ədəbiyyatımızın milli vicdanı

 

Tarixə dünya müharibələri siyasi qalmaqallarla daxil olmuş XX əsr Azərbaycan ədəbiyyatına böyük şəxsiyyətlər bəxş etdi: M.Ə.Sabir, Ü.Hacıbəyli, Ə.Hüseynzadə, H.Cavid, C.Cabbarlı... Bu böyüklər sırasında C.Məmmədquluzadə müstəsna yer tutur. Yalnız bu böyüklər arasındamı?! Ədəbi-tarixi fikrimizin dəqiq meyarı, böyük tənqidçi Yaşar Qarayev ölümündən bir qədər əvvəl, görün, yazıb: "Bizim ədəbiyyatda ağlın dastanına zirvə Nizamidir; eşqin qəmin faciəsinə meyar Füzulidir; qeyrətin ağrısına timsal - Sabirdir; həm eşq, həm ağıl, həm qeyrət üçün borcun, cavabdehliyin ölçüsünə əmsal - Cəlil Məmmədquluzadədir! XX əsrdə onu "zəmanə özü, təbiət özü yaradır", üstəlik tarixi keçmiş , orta əsrlər , XIX yüz il Məmmədşuluzadə özünü yenidən dərk edir. Hətta bu gün - XXI yüzilliyin astanasında da " etməli?", "Necə etməli?" suallarına ən yaxşı cavabı Mirzə Cəlilin əsərlərində tapırıq".

Əslində bu yerdə nöqtəni qoymaq olar. Adama elə gəlir ki, bu sözlərlə Mirzə Cəlil haqqında hər şey deyilib. Yaşar Qarayev düz deyir: Mirzə Cəlil ədəbiyyatımızın "Ağrı yaddaşı"dır. Lakin klassikin böyüklüyü məhz ondadır ki, o bir zamana, təkcə müasiri olduğu nəslə mənsub deyil, o hər yeni nəsillə birlikdə yenidən doğulur, hər yeni gələn nəsillə müasir olmağı bacarır, hər yeni nəslin və onun zəmanəsinin suallarına cavab verə bilir. Klassikin əbədiliyi və müasirliyi məhz bundadır.

Canlı Mirzə Cəlildən bizi 77 -il ayırır, 1932-ci ildə vəfat etməsəydi o, 5 il sonra 1937-ci ildə repressiya qurbanlarının siyahısında birinci sırada olacaqdı. Bu dəfə vaxtsız ölüm ona siyahıda birinci olmağa imkan vermədi, fəqət o milli yaddaşa birinci həkk olundu...

Mirzə Cəlil Azərbaycan nəsrinin zirvəsidir. Nə ona qədər, nə də ondan sonra nəsrimiz bu zirvəyə qalxa bilmədi. Böyük rus tənqidçisi Q.V.Belinski yazırdı ki, bütün rus ədəbiyyatı N.V.Qoqolun "Şinel"indən çıxıb. Böyük yazıçı və alim Mir Cəlal isə belə deyib: Biz hamımız Mirzə Cəlilin "Poçt qutusu"ndan çıxmışıq...

"Poçt qutusu"na qədər Mirzə Cəlil ədəbiyyatımızda mənzum dramın ilk nümunəsi olan "Çay dəstgahı" (1989) alleqorik dramını, "Kişmiş oyunu" (1892) pyesini, "Danabaş kəndinin əhvalatları" (1894), "Danabaş kəndinin məktəbi" (1896) povestlərini yazmışdı. Bəs nə idi "Poçt qutusu"nun möcüzəsi?!

Adi kənd müəllimi Cəlil Məmmədquluzadə mütaliə üçün kitabları dostu və qaynı Məmmədqulu bəy Kəngərlinin şəxsi kitabxanasından alırdı. Məmmədqulu bəy Kəngərli Mirzə Cəlillə Tiflisə gedərkən onu görkəmli mühərrir və publisist Məmmədağa Şahtaxtlı ilə tanış edir. M. Şahtaxtlı Məmmədqulu bəyin tövsiyəsi ilə 1903-cü ildə yenicə yazılmış "Poçt qutusu"nu oxuyur və hədsiz bəyənir. Bu hekayə və Məmmədqulu bəy Kəngərlinin səyi ilə Mirzə Cəlil "Şərqi Rus" qəzetində fəaliyyətə başlayır, faktiki olaraq mətbuat aləminə qədəm qoyur. Mirzə Cəlil sonralar yazırdı: "Darülmüəllimi bitirib gələndə burada özümdən artıq huşyar dostlara rast gəldim". Böyük ədəbiyyatşünas A.Zamanov yazırdı ki, onun birinci huşyar dostu Eynəli bəy Sultanova məktublarından birində yazırdı: "O qədər məni özünə qulaq asdırdın ki, axırda məni doğrudan da maarif aləminə daxil etdin. Yəqin bilirəm ki, sən olmasaydın, mən sadə kənd müəllimlərinin içində yaddan çıxmışdım".

Bu minvalla "Poçt qutusu" həm də Mirzə Cəlilin özünü ədəbiyyata gətirdi. Mirzə Cəlil isə ədəbiyyata təkcə Novruzəlini, Məhəmmədhəsən əmini, Usta Zeynalı, Qurbanəli bəyi yox, özündən əvvəlki yazıçılardan fərqli olaraq bütövlükdə xalqı ədəbiyyata gətirdi. Ədəbiyyata insanın taleyi xalqın tarixi taleyi kimi gəldi.

Bu yeni realizmin-tənqidi realizmin tarixi-estetik tələbi idi. Bununla da Cəlil Məmmədquluzadə Azərbaycanda tənqidi realizmin baniyi-karı oldu.

Hələ "Danabaş kəndinin əhvalatları", başqa adı ilə desək, "Eşşəyin itməkliyi" əsərində Cəlil Məmmədquluzadə itmiş eşşəyi yox, Məhəmmədhəsən əminin daxilində itmiş vətəndaşı, itmiş şəxsiyyəti, itmiş xalqı axtarırdı. "Poçt qutusu" kiçik bir hekayə deyil "Şahnamə", "İsgəndərnamə", "Dəhnamə"... səviyyəsində Novruzəlinamə idi. Novruzəlinamə XX əsrin epopeyası, özünü dərk etmək istəyən millətin gələcəyə məktubu, ədəbiyyatımızın milli vicdanından - Mirzə Cəlil qeyrətindən və istedadından süzülüb göz kimi açılan şəffaf sənət bulağı idi. O bulaqdan milli Azərbaycan nəsri dirilik və duruluq qazandı.

Novruzəli kiçik hekayənin adi surəti deyil, böyük bir estetik idealın daşıyıcısı olan epoxial qəhrəman idi. O, zəmanəsinin bütün sosial-psixoloji yükünü öz çiyinlərində daşıyırdı.

Mirzə Cəlil Novruzəlinin simasında özü-özünə aldanan, dəmir yolundan, poçtdan bixəbər nadan mühitində - Danabaş kəndində mürgüləyən xalqın obrazını yaratdı. Novruzəli poçt nə olduğunu bilməyəndə Bakıda Azərbaycan nefti uğrunda H.Z.Tağıyev, Ş.Əsədullayev kimi qeyrətli, milli burjuaziya nümayəndələri ilə Nobellərin, Rotşildlərin mübarizəsi gedirdi. Mirzə Cəlil Novruzəlini bu iş üçün ayıltmaq istəyirdi. Fikrimizcə, Novruzəlinin ən tragik davamçısı Usta Zeynal yox, Qurbanəli bəydir. Çünki usta Zeynal biləndə ki, işin getməməsinin "səbəbi" köməkçisi Qurbanın suvaq üçün gəci erməninin qabında gətirdiyi su ilə qayırmasıdır, onda bu işə fanatik bir dindarlıqla etiraz edir. Bu əslində bir dindarın şıltaqlığı deyil, ermənizmə, əcnəbilərə etirazdır. Qurbanəli bəy isə pristava və ruslara - rusçuluğa heç bir etiraz edə bilmir, qaçıb gizlənir və biabırcasına ifşa olunur, rəzil bir vəziyyətə düşür. Mirzə Cəlil Qori seminariyasını bitirmişdi və çarizmin Qafqaz siyasətini, xüsusilə də Qafqazda yaşayan xaçpərəst ermənilərdən və xristian gürcülərdən fərqli olaraq müsəlman türklərə münasibətini gözəl bilirdi. O, "Qurbanəlibəy" hekayəsində Qurbanəli bəylərin öz xalqı, milləti üçün heç nə edə bilməyəcəklərini bütün parlaqlığı ilə açıb göstərə bilmişdi.

Mirzə Cəlilin bəlkə də ən böyük xidməti təkcə Azərbaycanda və Qafqazda deyil, bütün Yaxın Şərqdə qüdrəti olan "Molla Nəsrəddin" jurnalını yaratmasıdır. Əsrin dörddə biri - 25 il (1906-1931) çap olunan bu jurnalı tərəddüdsüz olaraq Azərbaycan xalq həyatının ensiklopediyası, bugünkü milli məfkurəmizin abidəsi, azərbaycançılıq dərgisi hesab etmək olar.

Mirzə Cəlil etiraf edirdi ki, "Molla Nəsrəddin" tək bir nəfər müəllifin əsəri deyil,... bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin asarının məcmusudur ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam". Məhz bunun sayəsində jurnal "Böyük bir ədəbi dövr yaratdı... Ədəbi dövrün başçısı" (Yusif Vəzir Çəmənzəminli) nüfuzunu qazandı. Əlbəttə ki, bu Azərbaycan ədəbiyyatında tənqidi realizmin epoxası idi.

Mirzə Cəlilə qədər, demək olar ki, hamı Mirzə Fətəlinin davamı idi. Mirzə Cəlil isə "davam" deyildi" (Y.Qarayev) başlanğıc idi. XX əsrin yeni intibah ədəbiyyatı "Molla Nəsrəddin"lə başlandı, onun başçısı tez bir zaman içərisində ədəbiyyatımızın milli vicdanına çevrildi. Bunu da eyni səmimiyyətlə Mirzə Cəlil özü etiraf edir: "Molla Nəsrəddin"i təbiət özü yaratdı... zəmanə özü yaratdı. Onun birinci nömrəsi nəşr olunan gündən mənim adım bir az vaxtın müddətində nəinki tək bircə Qafqaz müsəlmanlarının içində, bəlkə Yavıq Şərqdə şöhrət tapdı". Tarixi özünüdərkimizin, milli-mənəvi intibahımızın başında dayanan bir neçə mətbuat zirvəsi var: "Əkinçi", "Tərcüman", "Molla Nəsrəddin", "Füyuzat"... Bunlar yarım əsrlik bir dövrdə Türkçülük və Azərbaycançılığın vəhdətindən yaranmış milli ideologiyamıza tarixdə yol açdılar. XIX əsrin sonu XX əsrin ilk çərəyi türkün şanlı tarixinə yönəlmiş fikri hərəkatımıza məhz bu mətbuat abidələri başçılıq etdi. "Molla Nəsrəddin" ana dili uğrunda mübarizəni "Ana vətən uğrunda " mübarizəyə çevirən möhtəşəm azərbaycançılıq tribunası idi.

1928-ci ildən etibarən Mirzə Cəlilə qarşı hücumlardan birində, o, "Azərbaycan dilini korlayan yazıçı" kimi ittiham olunurdu. Əlbəttə bu təkcə ağ yalan yox, həm də tarixi-ictimai ədalətsizlik idi. Sadəcə olaraq böyük ədib onu "xırda milli burjua ədəbiyyatı nümayəndəsi" adlandıran, "Molla Nəsrəddin"i Mübariz Allahsızlar İttifaqının orqanına çevirmək istəyən bolşevik şpanaların göstərişinə boyun əyməmişdi. O bədbəxtlər bilmirdilər ki, klassiklər hər yetən zamana baş əymirlər, zamanı özlərinə baş əydirirlər... "Molla Nəsrəddin"in sayəsində Mirzə Cəlil XX əsrin məşhur publisistinə çevrildi. XX əsr Azərbaycan həyatının elə bir problemi yoxdur ki, onun publisistikasında öz əksini tapmasın. Mirzə Cəlilin möhtəşəm publisistik irsinin XX əsrin ədəbi-tarixi kontekstində, istiqlal məfkurəsinə dayaqlanan metodologiya ilə tədqiqi filoloji fikrimizin problemi olaraq qalır.

Azərbaycan dramaturgiyasının tarixini Mirzə Cəlilin əsərləri olmadan bütöv təsəvvür etmək çətindir. O, yaradıcılığa dram əsəri ilə başladı: ədəbiyyatımızda ilk mənzum dram olan "Çay dəstgahı" "Kişmiş oyunu" pyeslərini yazdı. Fəqət Mirzə Cəlilə Azərbaycan dramaturgiyasında mövqe qazandıran üç böyük əsər oldu: "Ölülər" (1909), "Anamın kitabı" (1920) "Dəli yığıncağı" (1926).

Sovet rejiminin amansız totalitar ideologiyasının kəshakəs vaxtı son dərəcə sərt, sarkazm üzərində qurulmuş psixoloji dram - "Dəli yığıncağı" yazıldı. Mirzə Cəlil olduqca simvolik tərzdə Sovet-bolşevik cəmiyyətini, heç bir qanunla tənzimlənməyən proletariat diktaturasını dəli yığıncağına bənzədirdi. Ağılsızlığın hökmranlıq etdiyi hər bir cəmiyyət dəli yığıncağıdır! - pyesin gizli qayəsi bu idi. Bəs etməli? Bu suala Mirzə Cəlil bir qədər əvvəl cavab vermişdi: bütün diktator qanunlarını, əcnəbi bilik savadını atıb Ananın Kitabına üz çevirməli! Digər böyük türk yazıçısı Ç.Aytmatovun 80-ci illərdə yaratdığı Manqurt obrazını öz anna dilini unudan, onun dilini bilməyən - beyni itmiş ziyalını Mirzə Cəlil hələ 1920-ci ildə "Anamın kitabı" pyesində yaratmışdı. "Dəli yığıncağı" pyesindəki Avropalı - Fransız həkim doktor Lalbyuz isə Mirzə Cəlilin əsl kəşfi idi. Əsərin sonunda məlum olur ki, əslində "dəlilər"i sağaltmağa gələn avropalı həkim özü əsl dəlidir. Mirzə Cəlil böyük cəsarət həssaslıqla burada Avropa Şərq problemini həll edir. XX əsrdə Avropanın (rus libasında) Şərq üçün yararsızlığını səhnədə əks etdirir.

Şübhəsiz ki, "Ölülər" Mirzə Cəlilin şah əsəridir. Mirzə Cəlilin builki - 140 illik yubileyi "Ölülər"in yazılmasının 100 illiyi ilə üst-üstə düşür. "Ölülər" təkcə Cəlil Məmmədquluzadənin yox, ümumən Azərbaycan dramaturgiyasının şah əsəri, şedevr tragikomediyadır. Bu yeganə əsərdir ki, baş qəhrəman Kefli İsgəndər səhnədən zala "ölülər" deyə müraciət edir "tfu sizin üzünüzə" deyə onların üzünə tüpürür. Bu, təkcə Mirzə Cəlilin cəsarəti deyil, eyni zamanda Novruzəlidən ibarət xalqa məhəbbəti idi.

"Ölülər" 1916-cı ildə səhnəyə gəldi və bəlkə həm də onun güclü təsiri altında iki il sonra xalq ayılıb öz Milli dövlətini yaratdı. Əsərin ilk tamaşasından sonra Nəriman Nərimanov ona böyük qiymət verərək yazırdı: "Artıq dərəcədə məharətlə yazılmış, məzmunu eynən həyatımızdan götürülmüş, ideyası inqilabi bu drama müsəlmanların həyatında böyük rol oynayacaqdır: paslanmış beytləri pasdan təmizləyib, ölmüş ruhlara can verəcəkdir". Həqiqətən "Ölülər" dünya ədəbiyyatının dramatik şedevrlərilə bir səviyyədə durmağa layiq dram əsəridir. Tragikomediyanın müvəffəqiyyəti bir çox baxımdan Kefli İsgəndər surəti ilə bağlıdır. Görkəmli tənqidçi Mikayıl Rəfili yazırdı: "Əgər Məmmədquluzadə tək bir İsgəndər obrazını yaratmış olsaydı belə, yenə unudulmazdı, təkcə bir "Ölülər" onu dünya ədəbiyyatının böyük realistləri sırasına daxil edə bilərdi". Həqiqətən Kefli İsgəndər tarixi kökləri olan epoxal obraz idi. Bu surətin prototipi mənim ana babam - Kəngərli nəslindən olan maarifçi-hüquqşünas, Fransada Universitet bitirmiş Paşa ağa Sultanov-Kəngərlidir. Paşa ağa Sultanov Parisdə təhsilini başa vurub qayıdır Naxçıvana. Bir səhər minbərə çıxıb başlayır fransız dilində azan verməyə. Camaat onu qınayır deyirlər ki, biz sənin dediyini başa düşmədik. Onda Paşa ağa sual verir: məgər mollanın ərəbcə dediyini başa düşürsünüzmü?! Beləliklə Paşa ağa Sultanov öz hərəkətlərilə Mirzə Cəlilə Kefli İsgəndər obrazını yaratmağa imkan verir. Kefli İsgəndər Mirzə Fətəli Axundzadənin misi qızıla çevirən İbrahimxəlil kimyagərinin nadanı insana çevirən varisi idi. Mirzə Cəlil "nuxulular"ı, "Ölülər" səviyyəsinə qaldırmışdı. Belə "ölülər" qızdırmaya qarpız suyu ilə dərman edən "nuxulular"dan daha mənalı idi. Çünki bu "ölülər"ə elə indi əsl müsəlman qaydası ilə "Allah sizə rəhmət eləsin, ölülər" deyə bilirsən.

Cəlil Məmmədquluzadənin irsi milli varlığımızın aynasıdır. O, zaman-zaman milli özünüdərkə xidmət edir. Tarix Mirzə Cəlildən uzaqlaşdıqca o bizə yaxınlaşır, doğmalaşır. əslində Azərbaycan tarixi Mirzə Cəlilin ədəbiyyatımızın milli vicdanı kimi təsdiqinə xidmət edir.

 

 

Gülşən ƏLİYEVA,

filologiya elmləri namizədi,

dosent

 

525-c- qəzet.- 2009.-21 may.- S.6.