Azərbaycan insanını xəyal qırıqlığına uğradan mövqe

 

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ BARAK OBAMAYA MÜRACİƏT

 

Hörmətli cənab prezident! "Beləliklə, istər böyük kapitala, istərsə də mənim atamın da doğulduğu kiçik kəndlərə malik olan bütün xalqlar və hökumətlər bilməlidir: Amerika gələcək sülh və ləyaqət axtaran hər bir millətin, insanın, qadın və uşağın dostudur". Bu sözlər Sizin inaqurasiya nitqinizdən götürülən və həmin çıxışın leytmotivini təşkil edən çox parlaq fikirdir. Təkcə Kapitoli sarayı ətrafına toplaşan insanlar deyil, bütün dünyada Amerikanın siyasi idarəçilik həyatında yeni dövrün başlandığına dərin inam bəsləyənlər üçün Sizin şəxsiyyətinizin təcəssüm etdirdiyi gələcəyi bir kimsə ilə müqayisə etmək mümkün deyildi. Hər kəs özünəməxsus arqumentlərə əsaslansa da, hamını birləşdirən ümumi bir hiss - ABŞ-ın beynəlxalq gücü və imkanlarından istifadə edərək ədaləti təmin edəcəyi arzusu şübhəsiz idi. Amerikanın öz həyatında buna əsaslanmadan dünya hökmranlığını bərqərar etməyə çalışması sadəcə yeni müharibələrin anonsu olardı. Beynəlxalq aləmdə antiamerikan mövqelərini təşkilatlandıranlar, onları silahlandıraraq Amerika əleyhinə bloklara qoşanlar yalnız bu amildən ruhlanaraq dünyanı çoxqütblü əsasda yenidən təsir dairələrinə bölməyə can atmaqdadır.

Bu gün ABŞ-ın xarici siyasətində əvvəllər hayata keçirilən kursdan fərqli nə var? Əgər bunu göstərməyə çalışsaq, yetərli nümunələri gətirə bilərik: "Ötən 94 il ərzində ermənilərin cəhdləri bu xalqın istedadı, dinamizmi və dözümünü nümayiş etdirməklə, nəticədə, bu faciəni unutdurmağa can atanların qarşısında maneə yaradır". Bu sözlər isə ABŞ prezidentinin ermənilərin Xatirə günü ilə bağlı müraciətinin mətnindəndir. Sələflərinizdən irəliyə getmiş bu yanaşma açıq-aşkar tarixi həqiqətləri dəyişməklə reallıqda erməni xalqının böyük iddialarına siyasi zəmin yaradır. Azərbaycan insanını xəyal qırıqlığına uğradan bu mövqe ən azı 94 il ərzində Rusiyanın beşinci koloniyası kimi bu regionda ermənilərin necə böyük istedadla təcavüzkarlıq, ərazi işğalları və insan qətllərini həyata keçirməsini nəzərə almır. Tarixi hadisələr indiki gerçəklikdə dövlətlərin geosiyasi silahına çevrilmişdirsə, onda şübhə yoxdur ki, dünyada hüquqi prinsipləri tanıyan millətlər deyil, böyük siyasətə gərəkli olan xalqlar bütün formasiyalarda istənilən siyasi rejimlər tərəfindən himayə olunacaqdır. İstər Çar hakimiyyəti dövründə, istərsə də onların ideya düşmənləri olan kommunistlərin zamanında, daha sonra isə müstəqillik illərində Ermənistanın can atdığı ideya və məqsədlər həm də Amerika tərəfindən mükafatlandırılırsa, onda bu regionda daimi sülhün təminatı sual altında qalacaqdır. Bizi inandırmaq çətindir ki, belə tarixi gerçəklərin dünyada tanıdılması ərazilərin ələ keçirilməsi naminə yox, yalnız ədalətin bərpası üçündür.

Cənab prezident! Ölkəmizin müstəqillik qazanması ilə başlayan ABŞ-Azərbaycan münasibətləri müxtəlif mərhələlərdən keçib. Azadlığımızın ilk illərində xarici siyasətimizdə özünü göstərən eyforiya 1993-cü ildən sonra aparılan köklü dəyişikliklərlə Cənubi Qafqazın siyasi coğrafiyasının hüdudlarını müəyyənləşdirməyə, regionun beynəlxalq aləmə transformasiyasına səbəb oldu. SSRİ dağılandan sonra məhz Azərbaycanın iqtisadi-siyasi kursu yerləşdiyimiz bölgədə yüz illərlə dominantlıq edən sistemin islahına imkanlar açdı.

Ölkəmiz təcavüzə məruz qalsa da qlobal təhlükələrə münasibətdə birmənalı mövqe tutdu. Lakin xarici təhdidlərə, o cümlədən, terrora, separatizmə və etnik təmizləməyə qarşı mübarizədə Azərbaycan layiq olduğu dəstəyi hələ də əldə edə bilməmişdir. Ölkəmiz Qərbin ən etibarlı iqtisadi, enerji və təhlükəsizlik partnyoru sayılır. Qabaqcıl Qərb dünyasının daşıdığı dəyərlərə böyük önəm verən xalqımız keçmiş Sovet idarəçilik ənənələrindən xilas olmağa, plüralist və azad vətəndaş cəmiyyəti qurmağa doğru inamlı addımlar atır. Bunlar sübut edir ki, Azərbaycan təkcə mədəni Qərbə deyil, həm də hüquqi və siyasi Avroatlantik məkana inteqrasiyanı qarşısına məqsəd qoyub. Lakin əhalisinin hər 8 nəfərindən birinin qaçqın olduğu məmləkəti fundamental insan haqlarına əsaslanan demokratiyaya qovuşdurmaq nonsensdir. Azərbaycan insanı üçün ABŞ-ın beynəlxalq və regional səyləri o vaxt müsbət nəticə verəcəkdir ki, ərazi bütövlüyünün təminatı demokratiya ixracından daha prioritet sayılsın. Başqa halda bölgəni hərbi platsdarmaya çevirməklə burada möhkəmlənmək çətin olacaq.

ABŞ-ın bu bölgəyə və ölkəmizə yönəlik siyasətinə Azərbaycandan baxış bir sıra sualların cavablandırılmasını tələb edir ki, bununla da gələcək münasibətlərin strateji xarakteri təmin oluna bilər. Bunları belə ümumiləşdirmək olar:

- 8 avqust 2008-ci idən sonra Rusiyanın Cənubi Qafqazda hərbi cəhətdən möhkəmlənməsi fonunda Amerikanın addımları nədən ibarət olub? Bölgəyə təşrif buyuran yuksək ranqlı nümayəndələr ABŞ administrasiyasını həll olunmamış konfliktlərin regional və beynəlxalq təhlükəsizliyə zərbə olduğuna inandıra biliblərmi? Əgər cavab müsbətdirsə, Azərbaycanın ərazi bütövlüyünü hər dönəmdə tanıyan Birləşmiş Ştatların real addımları nədən ibarət olub?

- ABŞ-ın Qafqazda dərin və dəyişilməz maraqları olduğundan bəhs edən Ağ Ev strateqləri bunun konturlarını sıralaya bilərmi? İlk yerdə hansı məqsədlərin durduğunu söyləmək mümkündür? Ötən dövr ərzində Ermənistana 2 milyard dollardan artıq yardım göstərən ABŞ bu ölkəni nə qədər demokratikləşdirə bilib və bu siyasət Ermənistanın beynəlxalq hüquqa uyğun davranmasına təsir edibmi?

- 1992-il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində həyata keçirdiyi soyqırıma Amerika dövlətinin rəsmi münasibəti necədir və prezident Barak Obama bu faciə ilə bağlı xalqımızın böyük dərdini bölüşürmü? Həmçinin, dünyada işğalçı dövlətlərə münasibətdə ABŞ-ın həyata keçirdiyi sanksiya rejiminin Ermənistana qarşı tətbiq olunmamasının səbəbləri nədir?

- Azərbaycanı antiterror, enerji və təhlükəsizlik məsələlərində strateji tərəfdaşı adlandıran Amerika başqa tərəfdən müxtəlif daxili məsələlərlə bağlı ölkəmizi tənqid edərkən bunun fundamental dəyərlərdən deyil, dövlətimizin xarici siyasətinə təsir etmək üçün daxili faktorları qabartması kimi təzahür edir. "Qara siyahıların" hazırlanması az qala soyuq müharibə dövrünün, ideoloji savaş zamanının mirası kimi müasir Amerikanın dünyaya siyasi təsir və təzyiq instrumenti kimi qalmaqda davam edəcəkdirmi?

- Azərbaycanın müsəlman ölkələri içərisində model dövlətə çevrilmək uğrunda çalışmaları ABŞ tərəfindən necə müdafiə olunur? Ölkəmizə dini eksport etməyə çalışan xarici güclərə qarşı mübarizədə Azərbaycana ABŞ tərəfindən nə səviyyədə dəstək göstərilir?

- Ölkəmizin Avroatlantik strukturlarda yerinin möhkəmlənməsinə dair əldə etmək istədiyi qarantiyaların verilməsi nə vaxta qədər təxirə salınacaq?

İnanıram ki, Azərbaycan insanını düşündürən bütün bu məsələlərin həlli ABŞ-Azərbaycan müttəfiqliyini yeni səviyyəyə qaldırardı. Ümidvaram ki, ABŞ prezidenti kimi Siz dünyada və regionumuzda ədalətli sülh çağırışlarına real dəstək verəcək, ölkələri hansısa rənglərə bölmədən qarşılıqlı faydalı əməkdaşlığa və ədalət prinsiplərinin reallaşmasına çalışacaqsınız. Bunun gerçəkləşməsi isə bizim də ölkəmizin daxil olduğu yeni ünvanlara Sizin edəcəyiniz səfərlər bu coğrafiyaların reallıqlarını yenidən qiymətləndirməyə və milli yaşantılarına daha dərindən bələd olmağa imkanlar açacaq.

 

    

Zahid ORUC ,

Milli Məclisin deputatı

 

525-ci qəzet.- 2009.- 21 may.- S.5.