Növbədənkənar yazı
VƏ YA HƏR KİTAB SEVİNƏNİNİ
TAPIR...
"Zaman atəşdir,
önünə çıxan hər şeyi
yaxıb-yandırar, əsil şeirdən başqa..."
"Şeir bir
düşüncənin ifadəsi deyil, o, qanayan bir yaradan və
ya gülümsəyən dodaqdan yüksələn bir şərqidir..."
Hər dəfə
Bakıdan Türkiyəyə dönəndə yüküm
daha çox kitablardan ibarət olur. İldə iki dəfə
qısa müddətdə vətəndə olarkən gəlişimdən
xəbər tutan şair və yazıçı
dost-tanışlarımın yeni çıxan (ya da
çoxdan çıxan, amma mənimçün yeni olan) əsərlərindən
ibarət yetərincə kitab yığılır. Bunun əsas
səbəblərindən biri və bəlkə də
birincisi indi ədəbiyyatımızda "külüng
çalan" bir çox sənətkarın bir zamanlar hamisi
olmağımdır. Şadam ki, sədri olduğum Gənclərin
Respublika Ədəbi Birliyinin o zamankı üzvlərindən
bir çoxu indi aktiv ədəbi həyat sürməkdədir...
Doğrusunu deyim ki, sədrlik etdiyim o birliyə gələnlər
mənim təmsil olunduğum nəsillə müqayisə
olunanda daha şanslı idilər. Təvazökarlıqdan uzaq
olsa da, istər Gənclərin Respublika Ədəbi Birliyində,
istərsə də yaradıcısı və baş redaktoru
olduğum "Gənclik" jurnalında mənim gəncliyə
göstərdiyim qayğını məndən əvvəlki
ədəbi nəsillər bizim bir çoxumuza göstərməmişdilər.
Göstərmələri bir yana qalsın, ədəbi
uğurlarımıza qısqananları da az
olmamışdı. Əlbəttə, bu yazıda məqsədim
başımdan keçənləri corab ipliyi kimi
çözümləmək deyil. Bu, ayrı bir
yazının mövzusudur və inşallah bu yazım da
haçansa işıq üzü görəcək. Ədəbi
birliyə gələn gəncliyi ona görə şanslı
adlandırıram ki, onlara rəhbərlik edənə qədər
mən Moskva ədəbi mühitindən keçib gəlmişdim
və "öz yağında qovrulan" dərnək rəhbərlərindən
deyildim. Moskvada iki illik Ali ədəbiyyat kursunda oxumaq həqiqətən
də yaradıcı adam üçün önəmli bir
şans idi. Amma bu şansı dəyərləndirib,
böyük ədəbiyyat magistralına çıxanlar da
olurdu, Bakıdan apardığı istedadını
araq-çaxır şüşəsində, ya da bir-iki
nataşanın siqaretli nəfəsində öldürənlər
də... Seçim adamın özünə qalırdı.
Moskvaya 70-ci illərin əvvəllərində getmişdim.
Amacım Bakıda gözümdə qalan öyrənmək
arzumu doyuzdurmaq idi (Bakı Dövlət Universitetini qiyabi
bitirmişdim). Mənəvi cəhətdən ac idim. Və
çox şükür ki, ac ruhu doyurmaq üçün
Moskvada o zaman istənilən qədər qaynaq vardı. Nabokovdan
tutmuş Brodskiyə qədər, qadağan olunmuş şair
və yazarların əsərləri əlyazması
halında gizli şəkildə əldən-ələ
dolaşırdı... Gündüzlər dərs saatları
heç, Dobrolyubov küçəsindəki məşhur
yataqxanada sevdiyimiz müəllimlərlə bərabər səhəri
diri gözlə açdığımız gecələr də
az olmurdu... Estetikadan dərslərimizə gələn və
estetikanın dışında heç zaman eşitmədiyimiz,
eşidə bilməyəcəyimiz gizli mətləblərdən
qorxmadan açıq-aşkar şəkildə danışan,
boyu 2 metrə çatan, maral buğasına bənzəyən,
özünün təbirincə desək, "sibiryak",
uzun müddət Kremldə Sov.İKP-də mədəniyyət
şöbəsinin müdir müavini işləmiş və
açıq fikirlərinə görə də oradan
qovulmuş Gennadi İvanoviç Kunitsinlə,
üç-dörd yaxın tələbə dostumla səhəri
diri gözlə açdığımız gecələri
düşündükcə indi də burnumun ucu göynəyir.
Heç yadımdan çıxmaz, Gennadi İvanoviçin
aramıza salınmış birisinin etirazına "Leninizm
bez Lenina, xristianstvo bez Xrista", - deyib
hayqırdığı:
- Lenin dirilib Kremlə gəlsə,
onu "dəli" deyib dəlixanaya salarlar, İsa peyğəmbər
dirilib Vatikanın qapısını döysə, onun da aqibəti
Lenininkindən fərqli olmaz. Yəni, Kremlə Leninin, Vatikana
İsa peyğəmbərin özü yox, dəyişdirilmiş
sözü lazımdır".
Bu cümlələri
hayqırdıqdan sonra hətta bizi sınayıcı və
qınayıcı, sirayətedici baxışlarla seyr edib:
"Niyə qorxaq gözlərlə mənə
baxırsınız, yoxsa dediklərim həqiqət deyil"
- deyə gileyləndi də. Hələ siz onun Kremlin
qapalı qapıları arxasında millətdən xəbərsiz
baş verən olaylar, saraydaxili intriqalar; Stalinin zəhərlənməsi,
Beriyanın tutulması, Xruşşovun əvvəlcə vəzifəyə
yiyələnməsi, sonra da işdən
çıxarılması və ilk dəfə
duyacağımız, eşidəcəyimiz daha nələri,
nələri açıb tökdüyü halını
görəydiniz... Bütün bunlar sovet hökumətinin
dünyaya meydan oxuduğu 1970-lərdə söylənilirdi.
Qulaqlarımızın pası beləcə yavaş-yavaş
açılırdı. Yaz günəşinin istisinə
açılan qış donundan yüksələn buxar kimi
özümüz də hiss etmədən qorxu hissi
canımızdan daşlanırdı. Müəllimlər sanki
dünyəvi və insanüstü biliklərini bizlərə
axtarmaq üçün bir-birilə yarışa girmişdilər.
Bəlkə də bu, sadəcə bizim şansımız
deyildi, atmosferin özündən gələn bir diqtə idi. İstəyən
belə istəmişdi... Bu səbəbdən də ruhunu
dövrün hakim diqtəsinə qapdırmış bəzi
müəllimlər sinfimizə qorxa-qorxa gəlirdilər. Boğazdanyuxarı
dərs deyənləri anındaca bu
bığlı-saqqallı "tələbələr"
hay-küy salıb sinifdən qovurdular. Ali ədəbiyyat
kurslarında yaş sərhədi olmadığından 40 tələbənin
içində, otuz yaşım olmasına baxmayaraq, ən gənci
məndim. Artıq bu sinifdə boğazdanyuxarı
şüara, sovet realizminə yer yoxdu. Sovet hökumətinin
yıxılacağı düşüncəsi hələ o
zamandan gündəmə gətirilmişdi. Və bu
düşüncə ağızdan-ağıza,
qulaqdan-qulağa yayılır, millət yavaş-yavaş bir
növ buna alışdırılırdı. Əsas olan,
yalan ya doğru, bir fikir toxumunun insanın ruhuna səpilməsidir.
(Yeri gəlmişkən, onu deyim ki, dünyada saysız elmi
qurumlar, akademiyalar, universitetlər fəaliyyət göstərir.
İnsanlara normal təhsil prosesində o qədər çox
predmetdən dərs keçilir ki, saymaqla qurtarmaz. Amma nə
yazıq ki, elə mötəbər bir elm ocağı, ya da
universitet yoxdur ki, orada ruh elmi tədris olunsun. Halbuki, əsas və
əbədi olan ruhdur. Ali ədəbiyyat kurslarında, adı
qoyulmasa da, ruhun varlığını bu və ya başqa bir
şəkildə təsdiqləyəcək sirlərə
toxunulurdu). O toxumun göyərməsi an məsələsidir.
Və o zaman mənə elə gəlmişdi ki, Sovet hökumətini
sosialist düşüncəsinin ilk dəfə boy göstərdiyi
Almaniyada deyil, Rusiyada həyata keçməsini istəyən
hansı gücdürsə, elə həmin güc də indi
Rusiyada onun yıxılmasını istəyirdi. Belə
olmasaydı, adıkeçən dönəmlərdə
artıq Sovet hökumətini öyən yox, altdan-altdan
söyən əsərlər bəyənilməz, mükafata
layiq görülməzdi. Hətta mənə 1978-ci ilə
Moskvada N.Ostrovski adına Ümumittifaq, Bakıda isə Komsomol
mükafatı veriləndə adını şair qoyan birisi
KQB-yə anonim məktub yazmışdı ki,
M.İsmayılın şeirləri komsomolun lehinə yox, əleyhinədir,
dini, Allahı təbliğ edir, elə isə niyə ona
mükafat verilir?
Əslinə baxsan,
hardasa o fürsət yoxsulunun sözlərində həqiqət
də vardı, altmışıncı illər olsaydı, nəinki
mənim kitablarıma mükafat verilər, bəlkə onlar
heç çap olunmazdılar da. Yox,
açığını deyim ki, mən məqsədli şəkildə
komsomolu, ya da partiyanı söymək fikrinə düşməmişdim,
sadəcə şüuraltı bir sezişlə uyğulanan
sovet şablonundan qaçmağa çalışmış,
bir misra da olsun, Leninə, partiyaya, komsomola şeir
yazmamışdım. Bunu qürurla deyə bilərəm ki, təkcə
bizdən yaşlıların deyil, bəlkə də
yaşıdlarım arasında da tək adamam ki, yuxarıda
dediyim mövzulara aid kitablarımda bir misraya da rast gəlinməz...
Hələ mən Ali ədəbiyyat
kurslarında "Quran"la "Bibliya" ilə altı
aylıq seminarları, həftədə bir dəfə topluma
göstərilməsi yasaqlanmış filmlərə
baxışı, Moskva və Leninqraddakı muzeylərə,
görməli yerlərə vaxtaşırı səfərləri
demirəm. Boynuma alım ki, son 13 ildə zamanımı
yalnız dünyanın ədəbi və elmi fikir birikiminin ən
dəyərli əsərlərini oxumaqla keçirsəm də,
aradan keçən bunca zaman ərzində mən o iki ildə
adlarını oxumaq üçün siyahıya
aldığım kitabları hələ də bitirib
qurtarmamışam. Həm də mən bu kitabları
kitabxanalardan araşdırıb tapmıram. Moskvada oxuduğum
iki il ərzində boğazımdan kəsib leqal və ya
illeqal əsərlərdən oluşan zəngin bir kitabxana
yaratmışdım... Bütün bunları yazmaqda məqsədim
odur ki, Moskvadan Bakıya qayıdarkən mən artıq iki il əvvəl
Bakıdan oxumağa gedən adam deyildim. Bakıya Moskvanın
havasıyla qayıtmışdım. Öncə də dediyim
kimi, iki illik Ali ədəbiyyat kurslarının havası o
qatı sovet illərində tamam bir başqa havaydı. Bakıda
heç zaman duymadığım və duyulması, hiss edilməsi
mümkün olmayan havaydı bu. Xoşbəxt o millətdir
ki, paytaxtı nəyə görəsə, hardasa təsadüfən
seçilmir. Allah tərəfindən o millətin milli koduna,
xarakterinə uyğun olaraq seçilir. Bizim qəbul edib-etməməyimizdən
asılı olmayaraq, Moskva məhz belə bir paytaxtdır. Həm
də sadəcə ruslar üçün deyil, qoynuna gələn
hər kəsə eyni ilham işığı verdiyi
üçün. Moskvanın üstü Allaha açıq
bir bacadır. O bacadan yalnızca Ay, Günəş,
ulduzların işığı düşmür, həm də
o baca yaradıcı adamla ilham pərisi arasında bir
ünsiyyət aralığıdır. Bəlkə buna
görə də dünya ədəbiyyatının ən
önəmli əsərlərinin bir çoxu məhz onun
qucağında yazılır. Təkcə rus sənətkarlarının
deyil, elə bizim də yazıçı və şairlərimizin
dişədəyər əsərlərinin altına
baxsanız, onların böyük çoxluğunun Moskva
yaxınlığındakı Maleyevka və Peredelkino
yaradıcılıq evlərində
yazıldığını görəcəksiniz. Paytaxt
sarıdan yarımadığımızı deyərkən
fikrimdən tarixi paytaxtlarımız Gəncə və Gəncəvilər,
Təbriz və Təbrizilər keçir. Qonşu ölkə
paytaxtlarından fərqli olaraq, nə yazıq ki, tarixin fərqli
dönəmlərində Bakının küçə və
meydanları yalançı qəhrəmanların adı və
abidələrilə tanındı. Adlar və abidələr
toplumun qürur, öyrəniş qaynaqları olmaldır. Bizdə
isə çox zaman tərsinə oldu. İndi Bakıda tikilənlər
və sökülənlər haqqında gündə nə qədər
xəbər yayınlanır... Arada insanların zəhməti
və zövqü məhv olub gedir. Moskvada isə, biz bəyənsək
də, bəyənməsək də, vəziyyət
başqadır, adı və abidələri ilə tarixdən
günümüzə qədər yol gəlir...
Var olmaqla deyil, gərək varis də olsun. Hər sahədə olduğu kimi ədəbiyyat da ənənə və varislik üzərində qurulur.
Yəni,
ədəbiyyatların gələcəyi
yox, keçmişi var, əllə tutulan, gözlə görünən, oxunması
mümkün olan keçmişi. Bu mənada hər ədəbiyyatın gələcəyi
onun keçmişi ilə şərtlənir.
Bu dəfə Bakıda
olanda da köhnəli-təzəli bir
xeyli kitabla
(Ardı var)
525-ci qəzet.- 2009.- 21 may.- S.2.