Atatürk Mərkəzində
Əhməd bəy Ağaoğlunun 140 illiyinə
həsr olunan tədbir keçirilib
Dünən Atatürk Mərkəzində
Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü
ilə ictimai xadim, jurnalist, pedaqoq və yazıçı Əhməd
bəy Ağaoğlunun anadan olmasının 140 illiyinə həsr
olunan tədbir keçirilib. APA-nın məlumatına görə,
tarixçi-alim Firdovsiyyə Əhmədova Ə.Ağaoğlunun
fəaliyyəti haqda danışıb. F.Əhmədova
bildirib ki, Ə.Ağaoğlu Azərbaycanda milli-istiqlal məfkurəsinin
formalaşmasında əməyi olan şəxsiyyətlərdəndir.
Ə.Ağaoğlunun Mustafa Kamal Atatürklə olan münasibətlərinə
də toxunan F.Əhmədova deyib ki, Türkiyə Cümhuriyyətinin
formalaşmasında da onun rolu az deyil. QAT sədri Akif
Nağı Ə.Ağaoğlunun Azərbaycanın müstəqilliyi
istiqamətində apardığı mübarizəyə diqqəti
çəkib. QAT sədrinin sözlərinə görə, Ə.Ağaoğlu
həm Türkiyənin, həm də Azərbaycanın
aydın ziyalılarından olaraq, türk millətinin
inkişafı istiqamətində ciddi iş aparıb. Sonra tədbir
alim və ziyalıların mövzu haqda
çıxışları ilə davam etdirilib.
Qeyd edək ki, Əhməd
bəy Ağaoğlu 1869-cu ildə Şuşa şəhərində
anadan olub. O, Sankt-Peterburqda və Parisin Sorbonn Universitetində
təhsil alıb. "Difai" təşkilatına rəhbərlik
edib. Osmanlı İmperiyasında "Gənc Türk" hərəkatının
üzvü, "Türk Ocağı" Türk Milli Hərəkatının
prezidenti olub. 1915-ci ildə Osmanlı Məclisi Məbusanına
(Millət Məclisi) Afyon nümayəndəsi olaraq
seçilib. 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin Milli
Məclisinin deputatı olub. Azərbaycanda sovet hökuməti
qurulduqdan sonra isə Türkiyəyə dönən Ə.
Ağaoğlu "Hakimiyyəti-Milliyə" qəzetinin
baş redaktoru, Türkiyə Cümhuriyyətinin banisi Mustafa
Kamal Atatürkün məsləhətçisi olub. Ə.
Ağaoğlu 1939-cu ildə Türkiyədə vəfat edib.
525-ci qəzet.- 2009.- 21 may.- S.3.