Türkiyəli şairə Yeşim
Ağaoğlu ilə Yazıçılar Birliyində
görüş olub
Ötən gün Yazıçılar
Birliyində Türkiyə
PEN mərkəzinin və
BESAM idarə heyətinin
üzvü, şairə
Yeşim Ağaoğlu
ilə görüş
keçirilib. "Dünya
ədəbiyyatı" dərgisinin
baş redaktoru, şair Səlim Babullaoğlu əslən Azərbaycandan olan, məşhur Ağaoğlular
nəslinin nümayəndəsi
Yeşim Ağaoğlunu
yeni türk şeirinin, incəsənətinin
dəyərli nümayəndəsi
kimi səciyyələndirib:
"Türkiyə və
Azərbaycan poeziyası,
türk və azərbaycanlı düşüncəsi
həmişə bir-birilə
mübadilədə inkişaf
edib. Amma açıq dünyada
daha artıq yaşam təcrübəsi
olan Türkiyə xüsusən sənətin
modern və avanqard məziyyətlərini əxz
eləyib, onu öz içindən keçirib. Yeşim Ağaoğlu
da bu məziyyətləri
yaradıcılığında əks etdirən dəyərli bir yazardır". S.Babullaoğlu
Y.Ağaoğlunun həyatından
bəzi məqamları
tədbir iştirakçılarının
nəzərinə çatdırıb:
"İstanbulda dünyaya
gələn Yeşim xanım həmin şəhərdə ədəbiyyat
fakültəsinin arxeologiya
bölümündə təhsil
alıb. İkinci ixtisası kinematoqraf
olan Yeşim Ağaoğlunun Türkiyənin
müxtəlif dərgilərində
şeirləri çap
edilib". İndiyədək
6 kitabı işıq
üzü görən
Y.Ağaoğlunun Azərbaycanda
həm ana dilimizdə, həm də rusca şeir
kitabının çıxdığını
vurğulayan S.Babullaoğlu
onun Polşada, Daşkənddə, Nyu-Yorkda,
Sofiyada sənət festivallarında iştirak
etdiyini diqqətə çatdırıb.
Tədbirin təşkilatçılarından
biri, tanınmış Azərbaycan rəssamı Səbinə
Şıxlinskaya çıxışında
Y.Ağaoğlunun bugünlərdə paytaxtda keçirilən
Beynəlxalq Müasir İncəsənət Forumu ilə
bağlı Bakıya gəldiyini bildirib. S.Şıxlinskaya onun
şeirlərinin Türkiyədəki kimi, Azərbaycanda da
maraqla qarşılanacağına əminliyini ifadə edib.
Y.Ağaoğlu hələ
5 yaşındaykən şeir yazdığını və təkcə
ədəbiyyatla deyil, sənətin bir çox növləri
ilə yaxından maraqlandığını
açıqlayıb: "Mənim memarlıq, kino və baletə
də ciddi marağım var. Bununla bağlı
duyğularımı şeir dili ilə ifadə etməyə
çalışıram. Səyahət etməyi çox sevirəm.
Şəhərlər mənə zəngin təəssürat
verir. Bakı da bu cəhətdən istisna deyil. Bu şəhəri
çox xoşlayıram. Şeir yazmaq istedadının bir
Allah vergisi olduğuna inanıram, amma fikrimcə, yazar təkcə
bu vergi ilə kifayətlənməyib, öz üzərində
çox işləməlidir". Azərbaycan
yazarlarının əsərləri ilə bir sıra dərgilər
vasitəsilə tanış olduğunu deyən
Y.Ağaoğlu çıxışının ardınca
şeirlərindən nümunələr oxuyub.
Tədbirdə AYB-nin
katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid,
"Ulduz" jurnalının baş redaktoru Elçin
Hüseynbəyli, şairlərdən Qulu Ağsəs,
Gülxani Pənah, Fərqanə Mehdiyeva və
başqaları Y.Ağaoğlu ilə geniş fikir mübadiləsi
aparıblar. Söhbətdə hər iki ölkənin
yazarlarının bir-birini daha yaxından tanımaları,
sıx yaradıcılıq əlaqələri qurmaları
üçün belə görüşlərin intensiv təşkilinin
vacibliyi vurğulanıb.
Sevinc MÜRVƏTQIZI