İsmayıllıda Qalalar günü
təntənəylə qeyd
edilib
Mayın 10-da
ümummilli lider Heydər Əliyevin doğum günündə
qədim Cavanşir yurdu İsmayıllıda möhtəşəm bir bayram təntənəsi vardı.
Səhər tezdən
ulu öndərin abidəsi önünə gül dəstələri
qoyan rayon ictimaiyyətinin nümayəndələri və
qonaqlar "Ormanlar içində duran Talıstan"dan 3-4 km
yuxarıda olan VII əsrin möhtəşəm
tarixi-memarlıq abidəsi Cavanşir qalasına
yürüşə başladılar.
Bu yerlər ulu
Cavanşirdən üzübəri, yəqin ki, belə qələbəlik,
bu cür təmtəraq görməmişdi. Elə bil
Cavanşir növbəti qələbələrindən birini
qeyd edirdi. Qala divarlarının altında səngər yeri
deyilən talalarda çadırlar qurulmuşdu, tonqallar
qalanmışdı, qazanlar asılmışdı, məşəllər
alovlanırdı. Cavanşir cəngavərlərini
xatırladan yüzlərlə İsmayıllı sakini, məktəblilər
əllərində bayraqlar tutaraq, qara zurnaların sədaları
altında dar cığırlardan keçib qalanın ziyarətinə
tələsirdilər. Göz önündəki mənzərə
bu misralarla yaxından səsləşirdi:
Cavanşir
qalası... üstü duman, çən,
Küləklər
şəninə nəğmələr qoşar.
Tarix
kitabında yazıya dönən,
Torpağın
üstündə qala tək yaşar.
Bir etnoqrafiya muzeyi idi
Cavanşir yurdu o gün. Qocaman palıdlardan, cökələrdən
Cavanşir dövrünə aid yaraq-yasaqlar, qədim milli-məişət
əşyaları asılmışdı.
Bu möhtəşəm
el şənliyinin təşəbbüsçüsü və
təşkilatçısı olan İsmayıllı rayon
icra hakimiyyətinin başçısı Nizami Ələkbərov
tədbiri açaraq, iştirakçıları salamladı.
N.Ələkbərov qeyd etdi ki, milli dəyərlərimizə,
tarixi keçmişimizə böyük hörmət və
diqqətlə yanaşan ümummilli lider Heydər Əliyevin
86-cı ildönümü münasibətilə düzənlənən
bu el bayramı öndərə olan sonsuz hörmət və
ehtiramın təzahürüdür. O bildirdi ki, tarixi abidələr
və qalalarla zəngin olan İsmayıllı
torpağında bu ənənə hər il davam etdiriləcək.
Tarix elmləri doktoru
Qafar Cəbiyev qədim Alban mədəniyyəti və həmin
mədəniyyətin tərkib hissəsi olan Cavanşir
qalası haqqında toplantı iştirakçılarına
geniş məlumat verdi.
Nəğməkar
şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu,
şair Maarif Soltan, telejurnalist Elçin Əlibəyli, yerli qəzetin
redaktoru Şahməmməd Dağlaroğlu,
hüquqşünas Simran Həsənov və başqaları
belə tədbirlərin böyük əhəmiyyət
daşıdığını vurğuladılar.
Məclisi el sənətkarları
Aşıq Yanvar, Aşıq Cavid, Aşıq Elman,
müğənnilərdən İsmayıl Abbasov, Aytən Məhərrəmli,
Sahibə Abdullayeva və başqaları davam etdirdilər.
525-ci qəzet.- 2009.- 22 may.- S.7.