Xalq yazıçısı İlyas Əfəndiyevin bədii
əsərlərinin dili haqqında mülahizələr
Dünya ədəbiyyatının
ən gözəl ənənələrinə dayaqlanan, milli
özünəməxsusluğa, folklora, klassik irsə möhkəm
bağlı olan, müasirlik, novatorluq və ümumbəşəri
məzmun daşıyan millilik İlyas Əfəndiyev
yaradıcılığının əsas xüsusiyyətləridir.
Həyat hadisələrini bütün incəliklərinə
qədər tərənnüm edən, onları dərin bədii
təhlil süzgəcindən keçirib ümumiləşdirən,
səlis, təbii dillə oxuculara çatdıran İlyas Əfəndiyev
həm də şairanə ruha, poetik ifadə tərzinə
malik sənətkardır. Onun yazıçı dili və bədii
üslubu ədəbiyyatımızda yeni bir ədəbi məktəb
səviyyəsinə yüksəlmişdir.
İlyas Əfəndiyev
yaradıcılığı üçün səciyyəvi
olan əsas cəhətlərdən biri onun cazibəli, təbii
və canlı bir dildə yazmasıdır. Bədii üslubu
formalaşdırıb dolğunlaşdıran mənbə və
amillər cərgəsində folklor poetikasının, folklor ənənə
və motivlərinin rolu İlyas Əfəndiyevin
yaradıcılığında olduqca güclüdür.
Azərbaycan dilinin zəngin
söz xəzinəsinə, çoxçeşidli
çalarına, bu dilin şəhdi-şəkərinə dərindən
bələdliyindən və vurğunluğundandır ki,
yazıçının əsərləri bədii dilinin
poetikliyi ilə seçilir. Ədib Azərbaycan nəsrinə
və dramaturgiyasına lirik-psixoloji üslubla yanaşı həm
də yüksək koloritli bədii dil gətirdi. Dramaturqun dil
və üslub sənətkarlığı xalq
yaradıcılığından, milli folklorumuzdan rişələnir.
İlyas Əfəndiyevin
bədii əsərlərinin dili əfsanə, rəvayət,
nağıl və dastanların leksikasından gələn
üslubi çalarlarla zəngindir. El ədəbiyyatından
gələn dərin hikmət, hər bir sözü yerində
işlətmək, yüksək ideya-məzmun, fəlsəfi
dərinlik, sistemli sintaktik düzüm, bədiilik,
obrazlılıq, ləngərli deyim ekspressivliyi,
axıcılıq və yüksək şeiriyyət bu əsərlərin
təsirliliyini, estetik siqlətini, bədii hüsnünü və
məna dərinliyini daha da artırır.
Obrazların dilindəki
xalq deyimləri, ifadələr əsərlərin bədii dəyərini
artırmaqla yanaşı, dil baxımından emosional və
axıcı olmasını təmin edir. Fikrin sadə və
aydın ifadəsi, obrazların dilinin sadəliyi, şirinliyi
və xalq dili üstündə köklənməsi İlyas Əfəndiyev
sənətinin, dilinin al-əlvanlığından, gözəlliyindən
xəbər verir. Yazıçı hər bir surəti öz
təbiətinə uyğun şəkildə
danışdırır. Yazıçının əsərlərində
adi danışıq dili ilə bədii dilin qoşalanması
mətnə xüsusi bir tamlıq gətirir. Bədii əsərdə
dillər polifoniyası əslində gerçəkliyi
çoxyönlü gördürməyə xidmət edir. Dramaturqun
"Üçatılan" romanında dillərin dialoquna
diqqət edək. Romanın mərkəzində
keçmişlərə dönmək, olmuşları
anlayıb bərpa etmək problemi durur. Burada
üç dilin-modelin dialoqu başlayır. Bu dillərdən biri yazıçının
indisinin dilidir. Bu dil olmuşları çağdaş təsəvvürlər
sistemində görükdürür: "Mən Ərşadla
yaman maraqlanırdım. Anam deyirdi ki, Ərşad
hər dəfə qoyun kəsib soyanda isti-isti çiy quyruq
yeyir, mən isə lap ləzzətli xörəkdə də
bir tikə quyruq yeyə bilməzdim. Sonra
anam danışırdı ki, "bəlgə
davası"nda heç kəs Ərşadın
qabağında dura bilməz". Romanın
sonrakı səhifələrində bu dilin ardınca başqa
dilin sintaksis düzümü başlayır. Bu dilin sintaksis prinsipləri əsasən xalq dilinin və
mifoloji elementlərin qrammatik qanunları ilə səsləşir.
Burada söhbət açılan məkan - kəndin
yolları, ağacları, adamları və s. sanki təsvir
edilən hadisələrin folklor poetikasını
xatırladır: "Haramı ilə qışlağın
arası azı iyirmi beş kilometr idi. Qışda Haramıda çobanlar at
saxlamırdılar, ancaq qoyun saxlayırdılar. Ona görə də, Ərşad göz -
gözü görməyən qış gecəsində qar
basmış çöl-biyabanla ulduzları tuş tutub,
Kürdobaya tərəf payi-piyada addımlayırdı. Yaman soyuq idi, amma Ərşadın ağzından
Ziyadxan oğlu aşıq Kərəm kimi alov
çıxırdı. Kərəm Əslinin eşqinə
yanırdı, Ərşad da Sərvinazın eşqilə
alışıb-yanırdı..." Romandakı
ayrı-ayrı başlıqlar da dastanlarımızda təsvir
edilən hadisələri andırır: "Çoban Ərşadın
aşiqliyi, Sərvinaza nişan gələn qoyunların qəribə
macərası", "Tanrıya bəndəlik eləmir bu Ərşad!"
"İki qardaş ürgənin
cıdırda qoşalaşması və Ərşadın
Nurunu xəncərlə doğraması" və s.
Romandakı
üçüncü dil dastanlarda olduğu kimi Ərşadın
özünəməxsus işlətdiyi "öz
dili"dir. "Evin tikilsin tanrı!"
"Ə, hökumət adamı olanda nə
olar? Bəyəm sənin el-oban yoxdur?
Daşdan çıxmamısan ha? Niyə başa düşmürsən, ay
tanrısız?" Və ya: "Kor qalasan, dünya. Görəsən, heç mən yadına
düşürəm? Üçtoqqa
İman onun (həmişə fəxr elədiyi qaşqa
ürgənin-V. X.) qədrini nə biləcək? (Üçtoqqa İman indi təzə təşkil
olunan kolxozun fermasında briqadir idi.) O cür gözəl
atı yabıya döndərib, axırına
çıxacaq". Göründüyü kimi
romandakı bədii model, əsasən dastan və
nağıllarımızdakı motivləri xatırladır.
Misal gətirdiyimiz bu nümunələrdə sənətkarın
dil və üslubunun bir sıra xüsusiyyətləri əks
olunmuşdur. Bu xüsusiyyət öncə
dilin təbiiliyində, ifadənin zənginliyində və
obrazın psixologiyasının bütün incəliyinə qədər
açılmasında özünü göstərir. Yazıçı Ərşadı bitgin bir xarakter
kimi göstərir və onu hansı bir surətlə
qarşılaşdıranda da dilinə ayrıca bir ifadə
verir. Burada obrazın dilində süni səslənən
heç bir sözə rast gəlinmir.
Daha bir nümunə
çözümü: "Tənha iydə ağacı"
pyesində farslaşmış Ağayi Əşrəfi
Gülnazın onu yox, Eyvaz Şahsevənliyə könül verməsini
gördükdə o, için-için qovrularaq deyir:
"...Siz bu Qarabağ bəylərinin qızlarına
baxın! Milyonları, şahanə həyatı burda qoyub,
ona-buna muzdla xidmət eləyən bir sərsəriyə
eşq yetirir! Millət, millət deməyin axırını
həmişə elə belə gördük. Ağayi Əşrəfi!
Kasıb bir tərəkəmə oğlu istədiyin
qızı əlindən alıb səni bu qədər
yandırırsa, nəyə lazımdır o
milyonların?!".
Bilgə sənətkarın
həyat fəlsəfəsi azadlıq, müstəqillik,
sülh, əmin-amanlıq, ədalət, insanpərvərlik və
mənəvi ucalıq fəlsəfəsidir. İlyas Əfəndiyev
öz üslubu, öz yazı manerası olan sənətkardır.
Azərbaycan dilinin zəngin söz leksikasına dərindən
bələdliyindəndir ki, onun əsərlərinin dili
axıcıdır, obrazlıdır, birnəfəsə oxunur,
yüksək bədiiliklə yanaşı sintaktik
düzüm, deyim şirinliyi və məna çalarıyla
seçimlənir. Onun əsərlərinin ahəngi də
musiqisi də, həzinliyi də özündədir.
Burada sözlər,
cümlələr elə sırğalanır ki, fikir
aydın, səlis və dəqiq ifadə edilir. Hər
sözün məna tutumu, vurğusu,
çoxçalarlığı və ekspressivliyi estetik dəyəri
və bədii siqləti ilə seçilir. Ustad sənətkar
bədii dilə sahibliyi ilə sözün bütün incəliklərinə
dərindən nüfuz edərək hər bir obrazın
xarakterinə uyğun tutarlı sözlər və təsirli
ifadələr işlədir. Dramaturqun bədii dili təravətli
olduğu qədər də cazibəli və obrazlıdır.
Bəzən onun təhkiyəsi elə bir səviyyəyə
çatır ki, nəsrdən çox poeziyaya bənzəyir.
Məsələn: "...Hər bahar Şuşa
qalasının Cıdır düzündə, "Ərimgəldi"
deyilən yerdə axşamlar daş-qaş içində, zər-xara
libaslarda gəzməyə çıxan qız-gəlinin
gözəllikləri, Cıdır düzündə
cıdıra çıxan cavan igidlərin mindikləri
qaragöz atların mərdanə yürüşü
orda-burda oxunan muğam təsniflərində tərənnüm
olunurdu. Və elə bil ki, bütün bunlar gənc qız
Gülsənubərin həssas qəlbində,
özünün də dərk etmədiyi, fərqinə
varmadığı səssiz, sözsüz mahnılara hay
verirdi..." Başqa bir nümunə: "Saranın süd
anası bir qaşqa ceyran oldu. Ata qızını kimsəyə
tapşırmadı. Arxasına şəlləyib qoyun
otardı, dağ güllərinin arasında yatırtdı. Sara
ceyran südü əmə-əmə, qayalar arasında
qaynayan durna gözlü bulaqlardan su içə-içə
böyüdü, nazlı bir sona oldu. Dağlar onun gözəlliyinə
heyran qaldı. Çiçəklər ona qibtə etdi.
Aşıqlar hüsnünə dastan dedilər. Sorağı
ellərə yayıldı. İgidlər dərdə
düşdü. Ay dağlar arxasından boylanaraq ona baxdı,
məftun oldu...Günəş onu görməyə tələsdi,
lakin saraldı, getdi". Buradakı bədii təsvir vasitələri
öz yerində, axıcılıq, nizamlı söz
sırası, yüksək şeriyyət, bədiilik və
poetik məntiq əsəri birnəfəsə oxutdurur. M.
Svetayevanın maraqlı bir fikri var: "Sözlə hətta
çalınmamış musiqini eşitmək, çəkilməmiş
şəkli görmək olar". İlyas Əfəndiyev əsərlərində
xalqın milli adət-ənənəsinə güclü bir
etiqad var. Bu mühitdə yaşayan bütün elat
adamları mərdlik, igidlik, qeyrət və namus qanunlarına
əməl edirlər.
"Geriyə baxma, qoca
" romanında Kərbəlayi İbixanın ailəsində
qonaq olan və onun nişanlı qızına tamah salan Murovun
atının quyruğunu kəsirlər.
"Murov qəzəblə
soruşdu:
- Kərbəlayi, bu nə
işdi?
Kərbəlayi
İbixan dağdan ağır adam idi, Murova sakit baxıb dedi:
- Ağa,
altmışında yorğalamaq istəyən yabını
bizlərdə belə eləyirlər ki, bir az yüngülləşsin,
bəlkə, yolunu azmaya!"
İlyas Əfəndiyev
bədii sözü oxucunun ürəyinə və fikrinə
tez yol tapır və bu söz unudulmur, yaddaşda qalır. Ədibin
əsərlərindəki sözlər arasındakı
ilişgilər həm qrammatik, həm də poetik ilişgilərdir.
Cümlələrdəki seçimli dil vahidləri, söz
düzümü, semantika, səs çalarlarının rəngarəngliyi
və ahəngdar təhkiyə üsulu bu əsərlərin
təsirliliyini və təbiiliyini artırır. Akademik Məmməd
Arif dramaturqun bədii dilinin estetik təravətindən və
bədii hüsnündən bəhs edərək
yazmışdır: "İlyas Əfəndiyevin üslubuna
qüvvət verən, lirik-romantik ruhunu qanadlandıran amillərdən
biri də onun bədii dilidir. Ədibin çox təmiz,
aydın yüksək bədii qüvvəyə malik dili
vardır. Bu səlis, hətta şairanə dərəcədə
təsirli dilin gözəl ifadə tərzinin vasitəsilə
yazıçı təbiətin füsunkar gözəlliklərini,
kənd həyatının ürəkaçan təbii mənzərələrini
canlandırdığı kimi insan qəlbinin də ən incə
duyğularını, zərif tellərini dilləndirir, öz
qəhrəmanlarının daxili aləmini məharətlə
işıqlandırır."
İlyas Əfəndiyev
dilindəki ekspressivlik və yüksək bədiilik dəruni
hiss və duyğuların daha təsirli ifadə olunmasına
və estetik gözəlliyinə bir tamlıq gətirir.
Yazıçı
obrazların nitqini səciyyələndirmək və hadisənin
hansı yerdə baş verdiyini bildirmək üçün bəzən
surətlərin dilində dialekt sözlər də işlədir.
Bu dialekt sözlər mətnin içərisində
asanlıqla başa düşülür. Məsələn:
"sitallıq", "tüpü", "qahmar
çıxmaq", "özünü mazamata qoymaq",
"alma-salma" (gözlənilmədən mənasında),
"eyzən" (həmişə mənasında),
"dürək" (xarici təsirlərə uyub, əslini
itirən, nə ondan, nə bundan olan xırda adamlar),
"dayna", "selav", "sərvaxt",
"keçələt", "yanpörtü", "səllimi",
"girəvə", "qovlanıb" (fərməşlər
qovlanıb dəvələrə yükləndi), "zayıl"
(Səkinəni görüb ağlı zayıl oldu),
"lümə" (atının quyruğunu kəsib lümə
toyuğa göndəriblər), "xəncər-bəlgə
davası", "kəsafət", "karsala",
"bedahat" (gəlinlər), "sosur" (qapalı),
"xapaxap", "hüştürüm"
(hüştürümlə axan çay), "vəchində"
(müqabilində mənasında), "tənumənd"
(boylu-buxunlu tənumənd bir adam idi), "selbə" (selbə
ilə vurub qıçını sındırdı),
"mağıl dayna" (təəccüb, istehza mənasında)
və s.
İlyas Əfəndiyev
millətin mənəvi birliyi, ən qiymətli sərvəti
olan müqəddəs dilimizə yüksək qiymət verən
və onun təəssübünü çəkən sənətkar
idi. "Hər bir xalqın ancaq özünəməxsus milli
ruhu, milli koloriti var" - deyən sənətkarın fikrincə:
"Yazıçı üçün dil onun ürəyinin
tərcümanıdır. Ədəbiyyata gətirilən
sözü yazıçı elə işlətməlidir ki,
o, hamı üçün anlaşıqlı olsun. Xalqın
ruhu ilə, canlı danışıq dili ilə
mayalanmış əsərlər həmişə ümumxalq
rəğbətini qazanır." Əsl sənət
nümunəsi yaratmaq üçün ədib, istedadla, əzablı,
əziyyətli zəhmətin birləşməsini vacib
sayırdı. "Mən əziyyət çəkməkdən
geri durmamışam" - deyən sənətkar "hər
bir əsərim ömrümün bir
parçasıdır" söyləməklə fəxr
edirdi. Çünki "ömrünün bir
parçası" hesab etdiyi bu əsərlər "ilahi
vergi" saydığı əsl istedadın və
böyük zəhmətin hesabına yaranmışdır. Sənətkara
görə, "istedad ilahi bir vergidir və bu vergini sönməyə,
məhv olmağa qoymamaqdan ötrü tanrı bəndəsi,
"yoruldum" sözünü dilə gətirməməli,
gecə-gündüz işləməlidir."
Fikrimizcə, dramaturqun bədii
əsərlərindəki axıcılıq, rəvan təhkiyə,
yüksək şeiriyyət və poetik deyim öncə ustad
sənətkarın milli folklora və xalq dilinə dərindən
bağlılığı ilə ilgilidir. Akademik Bəkir Nəbiyev
dramaturqun dil və üslub sənətkarlığından bəhs
edərək yazmışdır: "İlyas Əfəndiyev
həm nəsr, həm dram əsərlərini cazibədar bir
üslubda, şirin dillə yazır, ilk təsvirlərdən,
ilk dialoqlardan oxucu və tamaşaçı qəlbini fəth
edirdi. Hələ ilk əsərlərindən olan "Bahar
suları" pyesinin şeiriyyətini vaxtilə xalq şairi
S.Vurğun yüksək qiymətləndirmişdir. Həmin
keyfiyyət ədibin əsərlərində zaman keçdikcə
daha da büllurlaşmış, dramaturq və nasir kimi onun fərdi
üslubunu müəyyənləşdirən amillərdən
birinə çevrilmişdir.
İlyas Əfəndiyev
bədii əsərlərinin dili aydın və
obrazlıdır, zəngin ifadə vasitələrinə və
lüğət tərkibinə malik bir dildir. Yüksək
estetik dəyəri və bədii siqləti ilə seçilən
bir dildir. Fərdi sənətkarlıq məziyyətləri,
fəlsəfi məfkurəsi, miqyaslı poetik
düşüncəsi onu Şərq fəlsəfi təfəkkürünün
ünlü nümayəndəsi kimi diqqətə
çatdırır. Dramaturqun zəngin xalq düşüncəsindən
qaynaqlanan bədii əsərlərinin dilindəki həzinlik,
obrazlılıq, təbiilik və musiqilik onun poetik ruhunun bulaq
kimi saflığından və böyük ədəbi
istedadından xəbər verir.
Həmişəyaşar
sənətkarımız İlyas Əfəndiyevin bədii əsərlərinin
dil və üslub xüsusiyyətləri
çağımızda yeni meyar işığında, elmi-nəzəri
fikrin arsenalında öz miqyaslı tədqiqini gözləyir.
525-ci qəzet.- 2009.- 22 may.- S.7.