Naxçıvanın öyrənilmə tarixinə
bir nəzər: rusiyalı şərqşünas
Smirnov və onun şəxsi arxivinin taleyi
Ömrünün
çoxunu Şərq tarixinin, o cümlədən
Naxçıvan tarixinin öyrənilməsinə, tədqiqinə
sərf edən rus şərqşünaslarından biri də
Konstantin Nikolayeviç Smirnovdur.
Əvvəlcə onu deyək
ki, bu hərbçi-şərqşünasla bağlı xeyli
axtarışlarımız olub. Buna əsas səbəb
Konstantin Nikolayeviç Smirnovun XX yüzilliyin otuzuncu illərinin
ortalarında Naxçıvana uzunmüddətli ezam
olunmasından sonra 500 illik tarixi olan Kəngərli arxivinin
Tiflisə aparılması ilə bağlıdır. Hələ
axtarışlarımızdan öncə bu haqda
yazmışdıq. O vaxtlar bir sıra fikirlərimiz
mülahizələr şəklində söylənmişdi. Ancaq
2005 və 2006-cı illərdə Konstantin Nikolayeviç
Smirnovun Tbilisidəki şəxsi arxivi ilə
tanışlıq, orada aparılan tədqiqatlar bu mülahizələrimizi,
nəinki doğrultdu, hətta bəzi faktlar bizi təəssüfləndirdi
və heyrətləndirdi...
Gəlin, qədim
Naxçıvanımızın maraqlı və zəngin
tarixi bir səhifəsi olan Kəngərli arxivini tapıb
Tiflisə aparan ensiklopedik bilikli şərqşünas alim,
gözəl tərcüməçi, kəşfiyyatçı
polkovnik Konstantin Nikolayeviç Smirnovun həyat yoluna qısaca
nəzər salaq və tariximizin parlaq səhifələri
saxlanılan şəxsi arxivinə ekskurs edək. Çünki
onun taleyində və məşhur olmasında Naxçıvan
tarixi əvəzsiz rol oynayıb və oynamaqdadır.
Konstantin Nikolayeviç
Smirnov 30 aprel 1878-ci ildə Dağıstan vilayətinin
Temirxanşura (sonralar Buynaksk) şəhərində
doğulub. Özünün yazdığı tərcümeyi-halına
görə hərbçi ailəsində doğulub. Onun
qohumlarının əksəriyyəti Asiya ölkələrində
hərbi xidmətdə olub. O, orta təhsilini Tiflisdə kadet
korpusda alıb, sonralar Peterburqda Mixaylovsk Artilleriya məktəbində
xüsusi hərbi təhsilini tamamlayıb. O, həmçinin
burada Xarici İşlər Nazirliyi nəzdində olan zabitlər
üçün təşkil olunmuş şərq dilləri
üzrə də xüsusi ali təhsil alıb və
1893-cü ildə həmin kursları bitirib. Eyni zamanda,
Sankt-Peterburq Arxeologiya İnstitutunu bitirib və ona bu institutun
həqiqi üzvü olması haqqında sənəd də
verilib. Oxuduğu illərdə İstanbulda və Trabzonda təcrübə
keçib. 1903-cü ildən 1917-ci ilədək hərbi
şərqşünas kimi Tiflisdə, Qafqaz Hərbi Dairəsinin
Qərargahında Türkiyə və Persiyanı
(İranı) öyrənən şöbədə işləyib.
1907-ci ilin
əvvəlində Hərbi
Nazirlik onu Tehranda işə başlamağı tövsiyə
edib. O, 1907-ci ildən
1914-cü ilədək Tehranda
rus səfiri N.Q.Qartviqin yanında işləməklə bərabər
İran şahının
oğlu, vəliəhdi
Sultan Əhməd Mirzənin tərbiyəçisi
və müəllimi olub.
1917-ci ilin oktyabr
çevrilişi Konstantin Nikolayeviç Smirnovun həyatını
tamam dəyişdirdi. Hərbi zəfərləri ilə
öyünən kəşfiyyatçının hərbi
karyerası qurtardı. 1918-ci ildə ordudan tərxis edilən
hərbi şərqşünas bir müddət Tbilisidəki
hərbi arxivdə işlədi. 1921-1923-cü illərdə
Batumdakı qərargahda
tərcüməçi idi,
amma 10 iyun 1923-cü ildə Mahincauridəki bağ evində həbs olundu. Onun arxivini, fotoşəkilləri, "Şir
və Günəş"
ordenini müsadirə
edib Qafqaz Əmək Ordusunun fövqəladə şöbəsinə
apardılar. 10 sentyabr
1923-cü ildə yenidən
azadlığa buraxıldı.
1932-ci ildə o,
Gürcüstan SSR-in elmi işçisi adı ilə
qeydiyyatdan keçir. 1924-cü ildən "Zarya Vostoka (Şərqin
şəhəri") qəzetinin xarici şöbəsinin əməkdaşı
olmaqla bərabər, həm də Zaqafqaziya Ticarət
palatasında işləyir. 1933-cü ildən Şərqşünaslar
Assosiasiyasında çalışır, SSRİ Elmlər Akademiyasının
dil, tarix və maddi mədəniyyət Institutunun
Gürcüstan filialının elmi əməkdaşı kimi
fəaliyyət göstərir. Və bu vaxtdan etibarən onu
Naxçıvana elmi ezamiyyətə hazırlayırlar.
Gürcüstan Elmlər
Akademiyasının elmi arxivində Konstantin Nikolayeviç
Smirnovin 100 səhifəlik şəxsi işi
saxlanılır. Mənim xahişimlə akademiyanın
prezidenti göstəriş verdi ki, həmin işin üzü
tamamilə köçürülüb mənə
bağışlansın. O işdən istifadə edərək
yuxarıdakı bioqrafik məlumatları sizlərə
çatdırdım. Ancaq obyektiv səbəblərə
görə indinin özündə belə oradakı məsələlərin
çoxunu açıqlamağı məqsədəuyğun
saymadıq.
Bütün yazılan məlumatlar
göstərir ki, 1933-cü ildən sonra Naxçıvana elmi
səfərə hazırlaşan Konstantin Nikolayeviç
Smirnov çox yüksək hazırlıqlı, şərq
ölkələrinin tarixini, ərəb, fars və fransız
dillərinin əlahiddə mütəxəssisi, bir sözlə
hərbi şərqşünas və kəşfiyyat polkovniki
imiş. Ona verilən hərbi xasiyyətnamələrdə
göstərilir ki, Qafqazda əvəzedilməz mütəxəssisdir.
Smirnovun Naxçıvanda axtarışları haqqında əvvəllər
yazdığımız üçün təkrar etmək
fikrində deyilik. Təkcə onu demək istəyirik ki, o
Naxçıvana təzə gələnlərdən deyildi. Onun
şəxsi işini öyrənəndə aydın olur ki,
Smirnov Tehrana gedəndə dəfələrlə
Naxçıvanda olub. Və sovet hakimiyyəti illərində
artıq o hərbi forma geyinmirdi və hətta dövlət məmurları
da onun kəşfiyyatçı olduğunu bilmirdi, təkcə
Siyasi İdarənin məxfi şöbəsindən
savayı. Əsasən Kəngərli arxivinin Tiflisdəki
taleyindən danışmaq istəyirik. Smirnovun şəxsi
arxivi olan fondda (?39) Naxçıvan tarixi ilə bağlı təxminən
200-ə yaxın səhifə iş saxlanılır. Naxçıvandan
qayıdan alim şərqşünasın verdiyi məlumata
görə gətirdiyi sənədlər (300-dən çox)
çox qiymətlidir. Smirnovun apardığı sənədlər
Naxçıvanın nəinki tarixi, həm mədəniyyət,
həm də ədəbiyyat tarixi baxımından da çox əvəzsiz
mənbələrdir. O, özü apardığı sənədlər
haqqında yazdığı iki monoqrafiyada da bu barədə
dönə-dönə məlumat verib.
Onun yazdığı
"Ön Asiya sənədlərdə Naxçıvanın əlyazmalar
abidələri" I kitab 1936-cı ildə çap edilib (139
səhifədir). Həmin kitab bu gün də bizim
üçün bütün mənbələrdən qiymətlidir.
(Çünki mətnlərin, yəni sənədlərin
fotoşəkli də verilib, cəmi 25-ə qədər sənəd).
Yəni bu sənədlər artıq əlimizdədir. Bu
kitaba görə Konstantin Nikolayeviç Smirnovun, Cahangir
Hüseyn Əfəndi oğlu Qayıbovun və Mirzə Həsən
Qənizadənin adı Naxçıvan tarixində həmişə
yaşayacaq.
II kitab da çapa
hazır vəziyyətdə qalıb arxivdə. Çox təəssüf
ki, o kitabı nədənsə 1999-cu ildə Bakıda tələm-tələsik
çap ediblər. Bizcə, kitabın adını müəlliflərin
yazdıqları formada yazmaq daha düzgün olardı. Və
bu kitab hökmən izahlarla nəşr olunmalıdır.
Çünki burada mübahisə doğuran cəhətlər
də var. Hələ Azərbaycan alimləri 1937-ci ildə bu
kitabın içərisindəki bəzi məsələlərə
qəti etiraz ediblər. Hətta Bakı alimlərinin düzəliş
etdiyi variant da əlimizdədir. Yəqin gələcəkdə
onun çap edilməsinə çalışacağıq. Təəssüflər
olsun ki, kitabda orijinal sənədlərin və tarixi mədəniyyət
abidələrinin, həmçinin arxeoloji abidələrin
foto şəkillərini çap etdirməyi müəllifə
qadağan ediblər. Bu haqda da məlumat var. O fotoşəkillərin
hamısı Smirnovda olub. Demək olar ki, ömrünün son
illərində o, ancaq Naxçıvan tarixi ilə məşğul
olub. Onun faciəli məhvindən, arvadının vəfatından
sonra sahibsiz qalan arxivi əldən-ələ keçib.
4 may 1937-ci
ildə Smirnovu işdən azad edirlər. 1938-ci ilin yanvarınadək özünə
iş axtaran hərbçi-şərqşünası 13 yanvarda yenidən tuturlar. Qeyd edək ki, azərbaycanlı ərəbşünas
Cahangir Qayıbov da Smirnovla birlikdə
həbs edilir. Onlar ikisi də həmin
institutda işləyirmişlər.
Naxçıvan tarixi ilə
bağlı sənədlərin axtarışı bizi qədim
Tiflisə, indiki Tbilisiyə gətirib çıxarır. Saburtalo
şəhərin ən gözəl yerlərindən biridir.
Burada yaşıllıqlar içində Gürcüstanın
K.Kekelidze adına Əlyazmalar Institutu yerləşir. 28 dekabr
1960-cı ildə Irina Kolomeyceva adlı bir qadın Konstantin
Nikolayeviç Smirnovun şəxsi arxivini gətirib bu instituta
təhvil verib. Amma özü haqqında heç bir məlumat
qoymadığından, onunla bağlı hələlikdə əlavə
heç nə öyrənmək olmadı. Smirnovun şəxsi
arxivi olan fondda 156 qovluq saxlanılır. Bunlar hamısı
beş qrupa ayrılıb.
Birinci qrupda onun bioqrafik
materialları toplanılıb. İkinci qrupda
alimin yazdığı
əsərlər diqqəti
özünə artıq
dərəcədə cəlb
edir. Burada Naxçıvanla və Irəvanla bağlı çox zəngin materiallar var. Üçüncü qrupda,
onun məktublaşmaları
(bunlar Şərq siyasi tarixində əvəzsiz materiallardır)
yerləşdirilib. Dördüncü qrupda müxtəlif işlər toplanıb.
İran tarixçisi Cəmil Quzanlının
1826-1828-ci il Rusiya-İran müharibəsi
haqqında yazdıqları,
farsdilli sənədlərin
fotosurətləri, həyat
yoldaşının 104 səhifəlik
gündəliyi də
buradadır. Həmçinin
əlavə materiallar
adı altında çapa hazırlanmış
bir kitabın hazır mətnləri var: "Ön Asiya sənədlərdə.
II kitab. Naxçıvan ölkəsinin tarixi
və etnoqrafiyası materialları" (118 səhifə).
Konstantin Nikolayeviç Smirnovun heç bir elmi dərəcəsi
olmayıb. Amma onun
elmi maraqlarının
dairəsi və yazdıqları adamda heyrət doğurur. İstedadlı insan, öz
işini ürəkdən
sevən zabit, kəşfiyyatçı, tədqiqatçı,
gözəl tarixi əsərlərin (bəzi
qüsurlarına baxmayaraq)
müəllifi, dostu və silahdaşı C.Qayıbovla birlikdə vəhşicəsinə məhv
edilib.
Və yəqin ki,
Gürcüstan Təhlükəsizlik İdarəsinin arxivlərində
də onun və C.Qayıbovun şəxsi işləri
saxlanılır. Çox maraqlıdır: Naxçıvandan
"əsir" aparılan Kəngərli arxivi, Tiflisdə
müsadirə edilib haraya aparılıb?
O sənədlər bu
gün bizə olduğundan da çox vacibdir. Məsələn,
Smirnovun çap etdirdiyi bir sənəddə göstərilir
ki, Naxçıvanın (ölkəsinin) şimal sərhədi
Bazarçaydan başlanır və sair.
Smirnovun arxivində
Hüseyn Cavidin I türkoloji qurultayda
çıxışı və Azərbaycanla bağlı digər
məsələlərə də aid məlumat var. Onun şəxsi
arxivi və yazdığı 30-a qədər monoqrafiya o qədər
maraqlı və zəngindir ki! Ona görə də qərara
aldıq ki, bunların hamısını kitab kimi hazırlayıb
oxuculara təqdim edək. Çünki müstəqilliyi
müqəddəs bilən hər bir naxçıvanlı tədqiqatçının
ən vacib işi bilərəkdən gizlədilmiş
arxivimizin üzə çıxarılması
olmalıdır.
Musa QULİYEV,
525-ci qəzet.- 2009.- 22 may.- S.6.