"Qarabağ münaqişəsilə bağlı vəziyyət hələ sıfır nöqtəsindən tərpənməyib"

 

GÜLTƏKİN HACIBƏYLİ: "DAĞLIQ QARABAĞ, CƏNUBİ OSETİYA, ABXAZİYA MÜNAQİŞƏLƏRİNİN HƏLLİ ÜÇÜN MÜNBİT GEOSİYASİ ŞƏRAİT HƏLƏ FORMALAŞMAYIB"

 

Bir müddət öncə Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşü keçirildi. Bəzi gözləntilərə baxmayaraq, bir sıra ekspertlər bu görüşün nəticəsiz başa çatdığı qənaətinə gəldilər. İndi isə hər iki dövlət başçısının Sankt-Peterburqda bir araya gələcəkləri gözlənilir. Bəs, növbəti görüş nə ilə nəticələnə bilər? Bu görüşdə Qarabağ münaqişəsi ilə bağlı tərəflər arasında heç olmasa baza prinsipləri üzrə razılaşmanın əldə olunması mümkündürmü? "525"in müxbiri ilə söhbətində bu məsələyə toxunan Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli ilk öncə bildirib ki, onun Praqa görüşü ilə bağlı hələ bu görüş baş tutmazdan öncə hansısa nikbin bir proqnozu, gözləntisi olmayıb: "Praqa görüşünün uğursuzluğunu bir çoxları bu görüşün Praqada ABŞ-ın səfirliyində baş tutması və həmin ölkənin təşəbbüsüylə reallaşmasını əsas gətirərək bildirirlər ki, Rusiya tərəfi belə bir şəraitdə sülhlə bağlı hansısa razılaşmanın əldə olunmasına öz razılığını verə bilməzdi və bu razılaşmanın əldə edilməməsi üçün də Ermənistan prezidenti Serj Sərkisyana Rusiyadan bu istiqamətdə mütəmadi tapşırıqlar verilirdi. Yəni, onların fikrincə, məhz bu səbəbdən Praqa görüşü uğursuzluğa düçar oldu. İndi isə bir qrup insanlar qarşıdan gələn Sankt-Peterburq görüşünə hansısa ümidlər bəsləyirlər və onlar bildirirlər ki, sözügedən görüşdə Rusiya tərəfi hansısa ciddi addımların atılması ilə bağlı Serj Sərkisyana öz ənənəvi tapşırıqlarını verəcək. Beləliklə də instruktaj almış Ermənistan prezidenti özünün daha çox danışıqlara, kompromisə meylli olduğunu nümayiş etdirəcək".

Bəs, bu iddialar nə dərəcədə əsaslıdır? Millət vəkili bu iddiaları da reallıqdan uzaq sayır: "Bu, mənim şəxsi fikrimdir və mən bu fikrimdə kifayət qədər inamlıyam. Düşünürəm ki, Praqada olduğu kimi, Sankt-Petetburq görüşündə də heç bir ciddi irəliləyişdən söhbət gedə bilməz və tərəflər bu danışıqlarda münaqişənin həllinə bir addım olsun belə yaxınlaşmayacaqlar. Bu günə qədər davam edən danışıqlar prosesi də göstərir ki, son 17-18 ildə, yəni, Minsk qrupunun yarandığı gündən bu yana bu proses ölü nöqtədən tərpənməyib. Bu illər ərzində, sadəcə, dəfələrlə müxtəlif tənzimlənmə variantları ortaya atılıb, münaqişənin gah mərhələli, gah paket həlli variantları müzakirəyə çıxarılıb, lakin bunlar təşəbbüslər, variantlar olmaqdan o yana keçməyib. Bunların heç birinin ömrü reallaşma mərhələsinə, gerçəkləşmə mərhələsinə qədər davam edə bilməyib. Bu da təbiidir. Çünki münaqişə yaranan zaman bu konflikti yaradan qüvvələr müəyyən məqsədləri hədəfə almışdılar, onların müəyyən amacları vardı". G.Hacıbəyliyə görə, hədəf alınan həmin məqsəd və amaclar öz aktuallığını bu gün də saxlamaqdadır. Bölgədə münaqişə Azərbaycanın Avropaya inteqrasiya meyllərinin qarşısını almaq istiqamətində bir əngəl kimi planlaşdırılmışdı, yaradılmışdı və bu günə qədər də Qarabağ münaqişəsinin həll olunmamasında əsas səbəb odur ki, Cənubi Qafqazın geosiyasi perspektivləri ilə bağlı hələ vahid bir mövqe formalaşmayıb. Eyni zamanda, Cənubi Qafqazda fərqli trayektoriya istiqamətində geosiyasi fəaliyyətlər sərgilənməkdədir: "Bu gün Gürcüstan birmənalı olaraq Qərbə istiqamətlənərək Avroatlantik məkana inteqrasiya siyasətini gerçəkləşdirir, Ermənistan Rusiyanın vassalı və forpostu kimi Rusiyaya, Kollektiv Təhlükəsizlik Müqaviləsinə inteqrasiya siyasətini həyata keçirir, Azərbaycan isə hələ ki, öz milli maraqlarını, öz təhlükəsizlik maraqlarını, eyni zamanda, öz dövlətini, millətini bu çətin münaqişədən, bu çətin mübarizədən salamat çıxarmaq iqtiqamətində çabalar göstərir. Belə olan halda, yəni, mənzərənin kifayət qədər qeyri-müəyyən olduğu bir vaxtda Qarabağ münaqişəsinin həllindən danışmaq nəinki yersizdir, mənə elə gəlir ki, bu, sadəlövhlük olardı. Bu münaqişənin həlli nəticə etibarilə gələcəkdə Cənubi Qafqazın geosiyasi oriyentasiyasının bəlirləndiyi, müəyyənləşdiyi anlamına gələ bilər və gələcək ki, bu da hələ ki, real görünmür. Əslində, Cənubi Qafqazın bugünkü reallığı bunun tamamilə əksini bəyan edir". G.Hacıbəylinin dediyinə görə, bu gün Cənubi Qafqazın Avropaya inteqrasiya istiqamətində flaqmanı sayılan Gürcüstanda çox gərgin bir vəziyyət var. Keçən ilin avqustunda başlanan olayların nəticəsi olaraq Abxaziya və Cənubi Osetiyada Rusiyanın günü-gündən artan hərbi iştirakı, təsir dairəsi çox ciddi mətləblərdən xəbər verir: "Belə bir vaxtda sözümün əvvəlinə qayıdaraq bir daha qeyd etmək istəyirəm ki, Sankt-Peterburq görüşündən də nə isə gözləmək, fikrimcə, düzgün deyil. Digər bir tərəfdən, Rusiyanın Gürcüstana, Azərbaycana qayıtmaq istiqamətində çox ciddi səyləri ortadadır. Məsələn, bu yaxınlarda MDB-nin Kollektiv Təhlükəsizlik Şurasına üzv olan ölkələrə Rusiyanın güzəştli şərtlərlə silah satacağı ilə bağlı bəyanatı, qərarı həmin ölkənin Ermənistana bu günə qədər təmənnasız bağışladığı silah-sursatla əlaqədar olaraq yaranmış durumu, mənzərəni bir az da aydınlaşdırmış oldu. Bütün çılpaqlığı ilə artıq bütün dünya ictimaiyyətinə təqdim etdi və bu, faktiki olaraq, rusların Ermənistana bundan sonra da hərbi yardım göstəriləcəyi ilə bağlı çox açıq niyyətlərinin etirafından ibarətdir. Bununla yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrlərinin heç bir məntiqə sığmayan və heç bir məntiqi ardıcıllığı olmayan bəyanatları da məlum mənzərəni bir daha çılpaqlığı ilə ortaya qoyur".

Ötən həftə bölgəyə növbəti səfərini reallaşdıran Fransanın Minsk qrupundakı həmsədri Bernar Fasye Qarabağ münaqişəsini uzun filmə bənzətdi və qeyd etdi ki, bu, hələ filmin başlanğıcıdır. Fransalı həmsədrə görə, Qarabağ münaqişəsinin həlli Yaxın Şərq münaqişəsinin həllindən tez ola bilər. G.Hacıbəylinin fikrincə, B.Fasyenin söylədikləri, əslində, Dağlıq Qarabağ münaqişəsinin bugünkü həlli perspektivlərini kifayət qədər çox açıq şəkildə ortaya qoyur. Yəni, onun bu bəyanatı simptomatik bəyanatdır: "O deyir ki, Qarabağ münaqişəsinin həlli Yaxın Şərq münaqişəsinin həllindən tez olacaq. Siz də bilirsiniz ki, Yaxın Şərq münaqişəsinin həlli, ümumiyyətlə, görünmür. Bu gün heç kim deyə bilməz ki, 30 ildən, 40 ildən, yaxud 100 ildən sonra Yaxın Şərq münaqişəsi nəhayət, öz həllini tapacaq. Düşünürəm ki, bu münaqişə dünyanın ən çətin həll oluna bilən münaqişələrindəndir. Bu münaqişəsinin həlli perspektivləri çox qaranlıq görünür. Bu baxımdan, Qarabağ münaqişəsinin həlli perspektivlərinin Yaxın Şərq münaqişəsinin nizamlanması şansları ilə müqayisəsi artıq Bernar Fasyenin özünün də həyata keçirdiyi işə nə dərəcədə qeyri-ciddi yanaşmasından və bu işin qeyri-ciddiliyinin fərqində olmasından xəbər verir. Bu bəyanat əslində o deməkdir ki, Qarabağ münaqişəsinin həlli istiqamətində bu gün vəziyyət sıfır nöqtəsindədir, bu durum sıfır nöqtəsindən hələ də tərpənməyib. Eyni zamanda, hətta son dövrlər Türkiyənin Ermənistanla yaxınlaşmaq, bu ölkəni Rusiya orbitindən çıxararaq özünə doğru meylləndirmək istiqamətində atdığı addımlara baxmayaraq, qeyd etmək istəyirəm ki, bu gün Qarabağ, Cənubi Osetiya, Abxaziya münaqişələrinin həlli perspektivləri çox qaranlıq və müəmmalıdır. Bu münaqişələrin həlli üçün münbit geosiyasi şərait hələ formalaşmayıb".

 

 

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet.- 2009.- 22 may.- S.5.