Tozdan silkələnmək, təmizlənmək gərək...

 

SƏVİYYƏSİZ XİDMƏT İNSANLARI ÇOX ƏSƏBLƏŞDİRİR

 

Bəli, Azərbaycanda heç yerdə, vurğulayıram, heç yerdə yüksək xidmət görmək mümkün deyil. Niyə? Yəni xidmət sahələrində çalışanların hamısı səviyyəsizdir? Belə demək insafsızlıq olar. Bizə belə gəlir ki, bu ən çox görüb-götürməzlikdəndir. İndi çoxları xarici ölkələrə gedir, hər yerdə yüksək xidmət görürlər, amma türklər demişkən, maləsəf, heç nə götürmürlər. Azərbaycana qayıdırlar, yenə "Köhnə hamam, köhnə tas". Bütün dünya mədəniyyətə yüksəldi, hər şey insana yüksək xidmət üzərində quruldu, bizdə isə yenə təkrar edirəm, "Köhnə hamam köhnə tas" ... Gözəl, nəhəng obyektlər, ofislər tikib-qurmaqla iş bitmir, gərək insanlara yüksək mədəni xidmət də göstərilsin.

Restorana, yeməkxanaya girəndə müştərinin qarşısına çıxıb, onu gülərüzlə qarşılayıb, yer göstərsələr, nə olar, dünya dağılar? Axı, müştəri sənin "müəssisənə" qonaq gəlib, sənə "çörək verməyə gəlib"! Bəs, aləmə səs salmısınız ki, "ay biz belə qonaqpərvərik, ay biz beləyik, biz eləyik"! Hanı bəs? Görmürük, axı!

Bəziləri elə bilir ki, qonaqpərvərlik qonağın masasının üstünə çoxlu yemək düzməkdən ibarətdir. Yaxud, bir qonağa bir qoyun kəsmək deməkdir. Xeyr, elə deyil. Qonaqpərlik qonağı nəzakətlə qarşılamaqdır, yeməyi lazımınca, səliqə ilə təqdim etməkdir, çəngəli-bıçağı, boşqabları dünya mədəniyyətinə uyğun düzməkdir. Yemək üçün lazım olan başqa əşyalar masanın üstündə olmalıdır, qonaq gələndən gedənə kimi ona nəzakət göstərilməlidir. Bütün bunları Azərbaycanda harada görən olub?

Xarici ölkədə işləyəndə demək olar, 5 il 4 ay bir restorana getmişəm. Həmin restoranda mətbəx arxada yox, müştərilərin gözü qarşısındadır. Yüz, yüz əlli cür yemək, saysız salatlar, meyvələr, içkilər vitrindədir. Xaşxaşlı, gözəl ətirli çörəyi də göz qarşısında bişirirlər, əti də özləri istehsal edirlər. Hər müştərinin qarşısında menyu olur, insanlar heç zaman qiymətdə və keyfiyyətdə aldadılmırlar. Hər şey təmiz, hər şey gözəl!

Sifarişləri verib, oturursan, iki xidmətçi əlini əlinin üstünə qoyub sənə xoş təbəssümlə xidmət göstərirlər. Başının üstünü kəsdirib, bütün istəklərinə əməl etməyə çalışırlar. Onlara deyirsən ki, "daha gedə bilərsiniz, narahat olmayın", cavab verirlər ki, "nə danışırsınız, bizim çörəyimiz sizdən çıxır". Adam istəyir azərbaycanlısayağı cibində nə qədər pul var, versin onlara. Belə xidmət necə də adama xoş təsir bağışlayır. Kişilər çörəklərinin qədrini bilirlər. Yoxsa bizimkilər kimi? Girirsən restorana, səni qarşılayan olmur, sənə oturmaq üçün yer göstərmirlər. Döyükə-döyükə bir yer axtarırsan, tapıb əyləşən kimi kəsdirirlər başının üstünü ki, bəs, "bura zanitdir". Yaxud , restorana, yeməkxanaya daxil olub, özün bir yer tapıb oturursan, xeyli gözləyirsən, xidmətçi gəlmir. Oradakıların birindən uzaqdan-uzağa soruşursan ki, "niyə bir adam gəlmir?" O da uzaqdan-uzağa cavab verir ki, "ayaqyoluna gediblər, indi gələcəklər". Adam onun cavabından xəcalət çəkir. Nəhayət, xidmətçilərdən biri gəlir, menyusuz-filansız soruşur: "Sizə nə lazımdır"? Az qala deyəsən, ay ..... restorana niyə gələrlər?! Birtəhər özünü saxlayıb, "yeməyə nə var" deyə soruşursan. Xidmətçi də cavab verir ki, "hər şey"! "Məsələn"? o da başlayır saymağa: "Tikə, lülə, balıq, toyuq kababı"! Qalırsan mat-məətəl. Azərbaycanın yeməkləri elə bunlardan ibarətdir?

Nəbadə, bir restorana, yeməkxanaya daxil olub, deyəsən ki, "vaxtım azdır, hazır nəyiniz var"? O dəqiqə üstünə qışqırarlar: "Noolub alə, yanğındır"?!

Ümumiyyətlə, restoran işçilərini eybəcər geyimlərdə görəndə, onların əttökən ədalarına fikir verəndə, yüksəkdən lotular (ifadəyə görə bağışlayın) kimi danışdıqlarını eşidəndə iştahın küsür. Özünə söz verirsən ki, bir də buralara gəlmiyəcəyəm, vəssalam"! Hələ müştərilərə verilən boyat, natəmiz yeməklərdən söhbət açmıram. Səhər restoranı açan kimi salatları hazılayır, pomidor-xiyarı doğrayırlar. Sonra da vaxtı keçib qaralmış həmin tərəvəz məhsullarını müştərilərə sırıyırlar! Yəni, bizim xalq belə xidmətə layiqdir?

Paltarlar satılan mağazalara girirsən, görürsən satıcılar yığışıb söhbət edirlər, ucadan gülürlər. Mane olmaq istəmirsən, onlar tərəfə baxırsan, bəlkə başa düşələr ki, gəlmək, xidmət etmək lazımdır. Uzaqdan qışqırırlar "nə istəyirsən"? Gərək sən də uzaqdan, qışqıra-qışqıra nə istədiyini deyəsən! Alacağın paltarın qiymətini soruşursan, satıcı yüksək tonla, nümayişkaranə şəkildə dillənir: "Üç yüz manat"! Baxırsan həmin paltar, 50 manata dəyər, ya dəyməz. Aşağı qiymətini soruşursan, satıcı yenə yüksək tonla cavab verir: "İki yüz əlli manatdan aşağı olmaz"! Mağazadan çıxmaq istəyirsən, satıcı arxanca qışrırır: "Yaxşı, gəlin, iki yüz manata verərik". Qayıdıb bir az "bazarlıq" edirsən, qiyməti salırlar 150 manata. Belə qiymət, belə ticarət olar? Kimi bacarırlar, aldadırlar, kəf gəlirlər! Ağzını da aça bilməsən, səni "ağ yuyub qara sərərlər". Bəzi mağazalarda və restoranlarda "qoçular" da saxlayırlar, o yan-bu yan edərsən, hələ səni döyərlər də. Hamısının da arxası yüksək vəzifəli bir şəxsə bağlı olur. İndi gəl, haqqını tələb et, görüm, necə tələb edirsən?!

Bəzən mağazada bir paltarın qiymətini soruşursan, satıcı deyir ki, "bahadır, sən onu ala bilməzsən". Bu nə deməkdir? Satıcı nə bilir ki, müştərinin cibində nə qədər pul var? Bəlkə müştərinin geyimi-kecimi belə "göstərir"? Heç dəxli var?

Mağazaların şüşələrində yazırlar: "50-70 faizə qədər endirim". "Qədər", sözü nəyi ifadə edir? Konkret endirimi göstərmək olmazmı? Əlbəttə, olar! Bilərəkdən elə yazırlar. Çünki, 70 faiz endirim olan malı 50 faiz endirimlə satırlar. Həm də bizdə heç zaman endirim olmur. Malın qiymətini 100 manat artırıb, sonra 50 manatlıq endirim edirlər. Bu da sizin üçün endirim, hörmətli müştərilər!

Bəzi mağazalarda lap görməmişlik edirlər. İtaliyada istehsal olunan ayaqqabının qiymətini soruşursan, 1400 manat "oxuyurlar". Bu təxminən 1750 dollar deməkdir. Həmin ayaqqabını mən İstanbuldan 185 dollara aldım. Bakıdakı mağazanın satıcısına isə dedim ki, "həmin pul ilə İtaliyaya gedib, oradan eyni ayaqqabıdan iki cüt ala bilərəm".

Eyni mal bir mağazada bir qiymətə, başqa mağazada üç qat qiymətə satılır. Deyirsən, "bu mal filan mağazada filan qiymətədir, niyə belə baha satırsınız"? Nə desələr yaxşıdır? "Get, gətir, ikiqat qiymətə mən alıram"! Bu bədbəxt müştərini də özü kimi alverçi hesab etməklə onu təhqir edir.

Bir də görürsən, satıcı işləyən cavan oğlanlar dodaqlarında siqaret, əlləri ciblərində Ərəbzəngi kimi kəsdirirlər mağazanın qapısını! Əlbəttə, adam həmin mağazaya girmək istəmir, üstəlik cavan oğlanlara baxıb ibrət edir! Xalqın arvadı, qızı oğlanları yarıb keçməlidirlər içəri? Adam belələrini görəndə həm əsəbləşir, həm də onların əvəzinə xəcalət çəkir!

Bəzən satıcılar müştərilərə xidmət etmək əvəzinə, deyingənliklə məşğul olurlar. Bu günlərdə gənc bir qız ərzaq mağazasında soyuducudan bir neçə su şüşəsi götürdü. Sonra əvəzində başqalarını götürmək istədi. O dəqiqə satıcı hirsləndi: "Hərəniz soyuducunu bu qədər açıq qoysanız, işimiz düzələr ki"! Dedim, "a kişi, müştərinin xətrinə niyə dəyirsən? Hansı suyu istəyir, qoy onu da alsın də! Təki sənin alverin getsin". Satıcı ağzını açdı, gözünü yumdu. Az qala, qızı da, məni də döyəcəkdi. Pa atonnan! Belə satıcı ancaq Azərbaycanda ola bilər! Hansı ki satıcı nəzakətlə müştəriyə yaxınlaşıb istədiyi su şüşəsini özü ona verə bilərdi, həm də şüşənin tozunu silməklə. Ondan soruşan gərək, tozlu şüşəni soyuducuya niyə qoymusan? Çünki sənin qəlbin də, fikirlərin də, mənəviyyatın da toz içindədir! "Dəli Kür" filmində necə deyilir? "Bütün imperiya toz içindədir"! Bu sözləri xidmət sahəsinə də aid etmək olar! Tozdan silkələnmək, təmizlənmək, nəhayət, dünya mədəniyyətinə qovuşmaq gərəkdir!

Təxminən iyirmi ilin söhbətidir. Moskvada olarkən mağazadan konfet aldım. Satıcı qadın 5-10 qəpikdən ibarət pulun qalığını qaytarmaq istəyəndə, mən "əliaçıqlıq" edib, götürmək istəmədim. O, qəpikləri piştaxtanın üstünə atıb, əsəbləşdi: "Sizin qəpiyinizə qalmamışam"! Amma bizimkilər edirlər?! Qəpikləri götürürlər, məmnun halda "sağ ol" da deyirlər. Bu ələbaxımlılıq deyil, nədir? İndi böyük marketlərdə kassada əyləşən cavan qızlar qəpik-quruş qalığı qaytarmırlar. Pulun qalığını istəsən, qəpikləri üstünə atıb, sənə "qəpeyşik" deyəcəklər. Hansı ki onların özləri , müdirləri , əsl "qəpeyşik"dirlər! Malları dəyərindən qat-qat baha satmaqları bir yana, müştərilərə aldıqları ərzaqları yığıb aparmağa, paket belə vermək istəmirlər. Hətta, bütün dünyada görünməyən hərəkətə yol verirlər, paketi pulla satırlar! Bu qədər acgözlük olar? Ümumiyyətlə, ticarət sahəsində bu paket məsələsi birdəfəlik həll olunmalıdır. Vallah, mağaza müdirlərinin əvəzinə alıcılar utanırlar...

Xarici ölkələrdə bərbərxanaya girən kimi, sənin paltonu, plaşını, yaxud pencəyini götürüb, asırlar. İçmək üçün su, şirə təklif edirlər. Yüksək xidmətdən sonra (4-5 ədəd təzə dəsmaldan istifadə edilir) boyun-boğazını masaj edirlər, bərbərxanaya qoyulmuş masaj stulundan istifadə edirsən, axırda da təbəssümlə yola salırlar. Bizdə isə alayarımçıq yuyulmuş cırıq dəsmalları qurutmaq üçün küçəyə sərirlər. Gəlib-gedən maşınların tozu həmin dəsmallara hopur. Tozlu, çirkli dəsmalları da salırlar müştərilərin boynuna. Xidmət zamanı da bərbərlərin məntiqsiz, mənasız söhbətlərindən bezirsən!

Görünür, xidmət sahəsinə işə götürülən adamlar xüsusi seçilməlidir. Onlar yüksək xidmət mədəniyyəti nümayiş etdirməyə borcludurlar. Ona görə ki, hər şeydən əvvəl, bu sahədə işlədikləri üçün maaş alırlar. Bir də müştərini məmnun etməyin özü də bir rahatlıqdır.

Yenə xarici ölkələrdən misal gətirməyə məcburam. Bir yerə getmək üçün küçədə ondan-bundan yolun istiqamətini soruşmağa ehtiyac qalmır. Hər yerdə xüsusi işarələr yolu aydın göstərir. Böyük otellərdə qapını hansı tərəfə açmaq, hansı tərəfə getmək lazım olduğunu işarələr "söyləyir". Bizdə isə böyük bir idarəyə daxil oldunsa, axtardığını tapmaq müşkülə çevrilir. Bilmirsən hansı mərtəbəyə qalxasan, hansı tərəfə gedəsən. Adamlar da bildilər-bilmədilər, hərəsi bir yol göstərir...

Azərbaycanın turizm obyektlərinə sərf edilən pullarla hər hansı xarici ölkədə gözəl dincəlmək olar. Bizim turizm obyektlərində yüksək xidmət barədə söhbət gedə bilməz. Otellərdə xidmətdən razı qalsanız da, otel restoranlarında mütləq cibinizə "girəcəklər"...

Xidmət sahələrində çatışmazlıqlar, nöqsanlar haqqında çox yazmaq olar. İnsanları isə bu çatışmazlıqların, nöqsanların nə vaxt ortadan götürüləcəyi maraqlandırır...

 

 

Xeyrəddin QOCA

 

525-ci qəzet.- 2009.- 22 may.- S.5.