Korrupsiyaya qarşı
mübarizədə cəmiyyətin
rolu mövzusunda konfrans keçirilib
MİLLİ MƏCLİSİN HÜQUQ SİYASƏTİ
VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN SƏDRİ
ƏLİ HÜSEYNOV: "DÖVLƏT BÜDCƏSİNİN
İCRASINA NƏZARƏT, ŞƏFFAFLIĞIN TƏMİN
OLUNMASI ÜÇÜN MİLLƏT VƏKİLLƏRİ SƏYLƏRİNİ
ARTIRMALIDIR"
Korrupsiyaya Qarşı
Parlament Üzvlərinin Qlobal Təşkilatı (GOPAC) və
bu qurumun Cənubi Qafqaz regional şəbəkəsinin təşkilatçılığı
ilə dünən Bakıda "Korrupsiyaya qarşı
mübarizə sahəsində cəmiyyətin rolu"
mövzusunda konfrans keçirilib. Millət vəkili, təşkilatın
Cənubi Qafqaz regional şəbəkəsinin üzvü Fuad
Muradov bildirib ki, Azərbaycanla GOPAC arasında sıx
münasibətlər mövcuddur. O xatırladıb ki, Azərbaycanın
millət vəkilləri ötən ilin noyabr ayında
GOPAC-ın Küveytdə keçirilən III konfransında iştirak
ediblər. Həmin konfrans zamanı təşkilat rəhbərliyi
ilə qurumun Cənubi Qafqazda regional şəbəkəsinin
yaradılması məsələsi müzakirə olunub və
bu haqda müsbət qərar qəbul edilib. Bundan sonra isə
bu il fevralın 3-də Bakıda Gürcüstan
deputatlarının iştirakı ilə belə bir şəbəkə
yaradılıb. F.Muradovun sözlərinə görə,
qurumun məqsədi şəffaflığın təmin
olunmasıdır.
GOPAC-ın fəxri
prezidenti, qurumun icraçı direktoru Con Vilyems
çıxışında bildirib ki, Azərbaycan, o cümlədən,
millət vəkilləri korrupsiyaya qarşı səmərəli
mübarizə aparır. O, azərbaycanlı deputatların
GOPAC-ın tədbirlərində fəal iştirakını
təqdir edib. Dünyada təxminən 35 min parlamentarinin
olduğunu deyən C.Vilyemsin fikrincə, onlar korrupsiyaya
qarşı mübarizədə fəal olmalıdır. GOPAC-ın
məqsədi isə bu məsələdə parlamentariləri
bir araya gətirməkdir. O, qeyd edib ki, rəhbərlik etdiyi təşkilat
bundan sonra da bu mübarizədə öz dəstəyini
göstərəcək.
Milli Məclisin Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin sədri,
GOPAC-ın Cənubi Qafqaz regional şəbəkəsinin rəhbəri
Əli Hüseynov çıxışında bildirib ki,
sürətli inkişaf edən ölkələrdə bu məsələ
xüsusi əhəmiyyət kəsb edir. 2003-cü ildə
Milli Məclis tərəfindən "Korrupsiyaya qarşı
mübarizə haqqında" Qanunun qəbul edildiyini deyən
Ə.Hüseynovun sözlərinə görə, bu sahədə
ölkəmizdə mükəmməl hüquqi baza
mövcuddur. Onun fikrincə, deputatlar bu məsələdə
iki istiqamətdə fəal olmalıdır. Birincisi, dövlət
büdcəsinin icrasına nəzarət, şəffaflığın
təmin olunması üçün millət vəkilləri
səylərini artırmalıdır. İkincisi isə,
qanunların qəbulunda peşəkar ekspertizanın
olmasıdır. Komitə sədrinin dediyinə görə,
şəffaflıq baxımından Dövlət Neft Fondunun
yaxşı nümunəsi var. Fəaliyyətimiz bu nümunə
əsasında qurulacaq. Ə.Hüseynovun bildirdiyinə görə,
bu yaxınlarda çirkli pulların yuyulmasına qarşı
mübarizə haqqında qanun qəbul olunub və bu qanunun qəbulunda
beynəlxalq ekspertlər fəal iştirak ediblər. Ə.Hüseynov
onu da qeyd edib ki, GOPAC-ın Cənubi Qafqaz regional şəbəkəsi
qeydiyyatdan keçmək üçün sənədlərini
Ədliyyə Nazirliyinə təqdim edib. Eyni zamanda, şəbəkənin
əhatəsinin genişləndirilməsi də təşkilatın
məqsədlərindəndir.
Korrupsiyaya qarşı
mübarizə üzrə Dövlət Komissiyasının
katibi İnam Kərimov çıxışında bu sohədə
görülən işlər haqqında məlumat verib. O,
bildirib ki, 2003-cü ildə qanun qəbul edildikdən sonra
Korrupsiyaya qarşı mübarizə haqqında Dövlət
Proqramı təsdiq edilib, 2007-ci ildə milli strategiya qəbul
olunub. Bundan əlavə, dövlət
qulluqçularının etik davranış kodeksi qəbul
edilib. Dövlət Komissiyasının katibi həmçinin
vurğulayıb ki, ölkəmiz korrupsiyaya qarşı
mübarizə ilə bağlı beynəlxalq sənədlərə
qoşulub və bu istiqamətdə mötəbər
qurumların layihələrində yaxından iştirak edir. Onun
fikrincə, Respublika Prokurorluğunda korrupsiyaya qarşı
mübarizə idarəsinin yaradılması da bu baxımdan
müsbət addımdır. İ.Kərimov qeyd edib ki,
Dövlət Komissiyası GOPAC-la əməkdaşlığa
və təşkilatın tədbirlərində fəal
iştirak etməyə hazırdır.
Kamil HƏMZƏOĞLU