Növbədənkənar yazı
VƏ YA HƏR KİTAB SEVİNƏNİNİ
TAPIR...
"Zaman atəşdir,
önünə çıxan hər şeyi
yaxıb-yandırar, əsil şeirdən başqa..."
"Şeir bir
düşüncənin ifadəsi deyil, o, qanayan bir yaradan və
ya gülümsəyən dodaqdan yüksələn bir şərqidir..."
(Əvvəli ötən sayımızda)
Axşam yol
üçün hazırlıq görəndə kitabları
saf-çürük eləməyə
başladığımda, gizləmirəm, birdən-birə
içim burxuldu. Bu cildli, qalın, gözəgəlimli
poliqrafik tərtibatla çap olunan kitabların bir
çoxundan elə bir-iki şeiri, ya da bir neçə sətir
oxumaq yetərli idi ki, onların maklaturadan başqa heç nəyə
yaramadığı ortaya çıxsın. Və elə bu
darmacalın darlığında birdən nədənsə
gözüm önünə ilk gələn Sovet dönəmində
Yazıçıların Moskva
yaxınlığındakı Maleyevka yaradıcılıq
evinin ətrafında qışın bəmbəyazlığında
qar altında duvaqlı gəlin kimi nazlanan şüy şam
ağacları gəldi: "Onları şeirdən ayırmaq
çətin, Onlar Yesenindən tərcümələrdi!"
Mən də Yesenin kimi, sözün həqiqi mənasında,
hər səhər yolum üzərində nazlanan o şam
ağaclarından birinə "vurulmuşdum" və xəlvətə
salıb ona Yeseninsayağı sevgimi
pıçıldayır, sağıma-soluma baxıb aranı
xəlvət görəndə saatlarla üz-üzə
dayanıb dərdləşirdim də. Bunu bir şair
fantaziyası sayıb-eləməyin, həqiqətən də
mənə elə gəlirdi ki, bu göylərə baş
çəkən boy-buxunu ilə yanındakı ağaclardan
seçilən və bu seçilmişliyini də gözəlcə
hiss edən o şüy şam ağacı mənim hiss,
duyğu dilimi yaxşı anlayırdı. Səssiz
suallarıma, canatımlarıma səssizcə də cavab
verirdi. Bu sükutu aradabir pozan şamların başından əsən
xəfif rüzgarın nəfəsindən elə həmin
şam ağacının yaşıl iynəli
yarpaqlarından narın-narın ələnən qar səsi
idi. Bəlkə heç qar səsi-zad da deyildi, elə bu
şüy, şivərək şamın özcə səsi
idi, qulaqlarımdan içimə dolurdu, ruhumu
oxşayırdı? Ağacın, daşın, insanın ruh
qohumluğundan əziz nə ola bilər ki?!. Sevginin dili hər
yanda eynidir, tərcüməsiz də anlaşılır. Və
mənə elə gəlirdi ki, ilham pərisi deyilən bir
şey vardısa, o, qarlı meşələrin
ortasındakı elə bu mənim sevdiyim şüy şam
ağacının başına hansı bir dahininsə xatirinə
qonur və lələklərindən o biri ölümlü bəndələrə
də pay düşür, ona görə də
yaradıcılıq evlərinə gedənlər geriyə əliboş
qayıtmırlar. Yoxsa niyə yaxşı əsərlərin
ünvanı Moskva yaxınlığındakı bu
yaradıcılıq evləri olmalı idi ki?! Və hərdən
mənə elə gəlirdi ki, ilham pərisi deyilən
varlıq elə mənim vurulduğum bu şümal
şamın özüdür. Hətta gizləmirəm, bəzən
də fikirləşirdim ki, Allah yerdə adamların
gözünə görünmək istəsəydi, onun
görüntüsü elə bu şüy şama bənzəyərdi.
Allah yer üzündə nə varsa hamısını
özünə bənzər şəkildə
yaratmayıbmı? Bu şam da onun bir
görüntüsünün donub qalan heykəlidir. Allahın
çeşidli zamanlarda bəzən Krişna, bəzən
Budda, ya da İsa kimi yerə endiyini bildiyimizdən buna da
inanmaq olar bəlkə?!
İndi bu təsvirlərimdən
bezmiş oxucu deyəcək ki, şamla intim söhbətlərin
kitabla nə əlaqəsi var? Var, əziz oxucum, həm də əməlli-başlı
var. Bəs bu televiziyalardan, qəzet və jurnal səhifələrindən
təqdimatları yapılan, əlinə haram və
çirkli para keçdikdən sonra şair,
yazıçı cildinə girənlərin, ya da həvəsə
düşən neçə-neçə sıradan şeir həvəskarının
qalın-qalın kitablarının çap olunması
üçün istifadə edilən yağlı
kağızlar yerin altından çıxmır ki? Bir də
vallah heç onları da qınamalı deyil, axı neyləsinlər
ki, xalqımıza "şair" yarlığı
yapışdırılıb, həm də belələri haram
para ilə "tarixdə qalmağın" mümkün
olmadığını bilib, "tarixdə qalmaq
üçün" əsil sənətkarlara qibtə hissi
ilə, bu yolu seçirlər. Əsil şairlərə qibtə
bu günün, dünənin söhbəti deyil ki? Ölkələrə,
imperatorluqlara padişah olanların, könüllərin
padşahı ola bilməsi üçün necə dəridən,
qabıqdan çıxdıqlarına biz yox, tarixin özü
şahidlik etmirmi? Burda mətbəədə cingildəyən
çap maşınlarının orda ormanlarda şam
ağaclarının canına vəlvələ
saldığından neçəmizin xəbəri var? Tərs
kimi də indi Maleyevka da o Maleyevka deyil,
yazıçıların əlindən çoxdan
alınıb, rusiyalı işbazların əlinə
keçib... Biçarə əsil yazıçıların əllərində
sözdən qeyri nə qaldı ki? Bu əldənçıxmışlıq
hissi, bir vaxt milçək və şirə misalı ətrafımdakı
"sevənlərin" indi o "sevgilərinə"
sevgidən başqa hər ad verib buxarlandığı bu
günlərdə mənə elə doğmadır ki!.. Sevginin
izahata ehtiyacı yoxdur, izahata, izhara ehtiyacı olan sevgi əsla
sevgi deyil.
Bakıda kimlərəsə
işyeri, ofis, villa tikilməsi üçün canına
qıyılan, şalğam kimi yerə sərilən
ağacları gördükcə o Maleyevkadakı sevgili
şam ağacı üçün ruhum elə
sıxılır ki... Canımın belə
sıxılmağı mənə deyir ki, mütləq o
şam ağacının da başında bir iş var, yoxsa
durub-dururkən yadıma düşməz, ruhum belə
sıxılmazdı! Görəsən, "Qədir
ağacı" şeirimin qəhrəmanı canını
işbaz mişarından qoruya bildimi? Ən azından qurtula
bilməyibsə, kəsilib kağıza döndərilibsə,
heç olmasa özü kimi bir gözəl əsərə vətən
olsaydı, nə vardı ki?! Ağacların da bizim kimi Allah
övladı olduğunu sübut etmək üçün
uzağa getmək lazım gəlmir. Balıq kürü
tökmək üçün işin ən çətinini
seçir, min əngəli göz önünə alıb
axına qarşı üzür, bağa yumurtasını
sahildə qum üstünə atıb sulara gömülür.
O kürülər balıq olur, o yumurtadan yavru
çıxır və çıxan kimi də can
yaddaşıyla anasının olduğu yerə - sulara üz
tutur. O kürü tökən balıq da, o yumurta buraxan
bağa da yavrularına uzaqdan fikrən analıq edir. Gözə
görünməsələr də, onlar hər zaman fikrən
yavrularının yanındadırlar. Allah o bağanı da, o
balığı da insana görk üçün yaratdı. Hind
vedalarında Allah adına belə bir kəlam var: "Mən
suyun dadı, Günəşin işığı, efirin səsi,
insanın istedadıyam, hər şeydə, hər yerdə
var olan mənəm..."
Yəni Allahın
gözə görünmək ehtiyacı yoxdur, səbəb də
odur, nəticə də. Yaratdığı nə varsa, hər
zaman onların yanındadır. Və bu mənada nakam yox edilənlərin
qisası da yaman olur...
...Nə yazıq ki, mənə
verilən kitabların böyük çoluğu məndə
bu zamansız təəssüratı oyatdı. Yaxşı ilə
pisin sərhədlərin itdiyi, əksinə, yamanların
yaxşılardan qisas almağa başladığı və
kapitalizmə xas olan sənətin kütləviləşdirilməsinə
gedildiyi, elə "hamımız eyni bezin
qırağıyıq" düşüncəsinin hakim
olduğu, tənqidçinin paralı bəy tərifi ilə
yaşadığı, şair və
yazıçıların özləri haqqında öygü
məqalələri yazıb, başqa birisinin adıyla
çap etdirdiyi, az-çox ad çıxarmış tənqidçinin
də bu sövdələşməyə ortaq olduğu bir
mühitdə nədən danışmaq olar ki?..
Şairin içində
ən çox düşündüyü iki ilahi ilham
qaynağı var: Birincisi, Allah, ikincisi, şeir... Deməli,
şair Allahın övladıdır? Amerikalı şair
Eliotun şeirlə ilgili fikirlərini xatırlayacaq olsaq,
şeir və şairi toplumsal ölçü və yasaqlar
özünə tabe edə bilməz, əksinə yasaq və
ölçüləri o özünə tabe edir... Şair - əvəzolunmaz
şəxsiyyətdir. O, xor içində sıradan biri deyil,
solistdir. Hər hansı bir qanuna tabe olub baş əymir.
Çünki ona ən böyük hakimiyyət verilib, o,
baş əyəcəyi qanunları da özü bəlirləyir.
...Zəhər havasından di gəl usanma,
Arzular tükənir, umudlar bitir.
Vətən, torpağına dən səpir, amma,
Yerindən ya tərif, ya şüar bitir.
Qürbətdə "sevgili yarım" vətəndi,
Dağlanmış yağ kimi yarama daman.
Vətən, Qarabağsız yarıvətəndi,
Mən də ki, vətənsiz yarımadamam.
Əyninə geydiyi şeytan köynəyi,
Gəl, belə millətin halına yanma.
Hamı nəsə deyir, nəsə söyləyir,
Kimsə dediyinə inanmır amma...
Vətən, onun bölünmüş, parçalanmış taleyi yaddan çıxıb. Bütün ölkə seks və ev alveri xəstəliyinə yoluxub. Hər tərəf ehtirasların küçə qadını zövqünə bürünüb. Ölkənin aydınları isə bütün bu olumsuzluqlarla mücadilə etmək yerinə, axına qoşulmağı, "çula bürün, elnən sürün" fəlsəfəsiylə zamanının çaldığına oynamağı üstün tutur. Şairi, müğənnisi qalsın bir yana, Azərbaycandan Türkiyəyə gələn hətta elm adamları da elmi məruzələr yerinə çox zaman şüar deyib, alqışlamaqla məşğuldurlar. Türkiyənin belə şüarlara eytiyacı da yoxdur. Özlərinin məddahları yetərincədir. Amma onları da qınamaq olmaz. Çünki 50 ildir, şüar deməyə öyrənmiş bir məmləkəti təmsil edirlər. Maşallah, deputat seçiləndən sonra dünənki zavod direktoru, telejurnalist, elmlər doktoru, "iş adamı" deputat mandatının sehrli dəyənəyilə ilhama gəlir, dönüb yazıçı, şair, ya da mahnı yazarı olur. Bu azmış kimi, ölkə daxili bir yana qalsın, onların sözlərinə yazılmış mahnıları, əlbəttə, yarınmaq üçün, müğənnilər xaricdə də ifa edir, həm də bununla da qalmayıb, heç məmləkətdə adı yetərincə duyulmamış adamları "Türk dünyasının böyük sənətkarları" kimi təqdim etməkdən də çəkinmirlər. Həm də dövlətlərarası konsertlərdə Türk dünyasının müxtəlif yerlərindən gələn müğənnilərindən fərqli olaraq, mahnı əvəzinə şüar deməklə əl çaldırmağa, bəyəni toplamağa çalışırlar. Ortada gülüş hədəfi olan yalnızca sözlərinə mahnı yazılan, ya da şeiri oxunan şairin, ya da şeiri oxuyan müğənninin adı deyil, zövqsüzlüyü ortaya qoyulan bütöv bir millət olur. Ən acınacaqlı hal odur ki, gedib Türkiyədə şüar deyənlər bir şeyi bilmirlər ki, belə şüarlardan türkün qarnı çoxdan toxdur. Bütün bu həngamələrlə gedib Türkiyədə bir-iki telekanala çıxıb guruldayan, qaranlığa daş atan və Bakıya "qəhrəman" kimi qayıdanlar unudurlar ki, Azərbaycanın, eləcə də Türk dünyasının mənafeyi Türkiyədə deyil, dünyanın başqa ölkələrində, həm də ağıllı bir şəkildə müdafiə olunmalıdır. Bax, bunu bacardığımızda dünyaya dərdimizi anlada biləcəyik. Gəlişmiş ölkələrdən birində konsul işləyən bir təmsilçimizin qohumu ilə eyni yerdə işlədiyimdən və o konsulumuz da dərdini mənim tanışıma açdığından erməni lobbisi ilə beyin savaşında durumumuzun heç də içaçıcı olmadığını duyduğumda təəccüblənmədim. Çünki şüarlarla dünya arenasına çıxmaq mümkün deyil. Siyasətlə siyasətçilər, həm də professional siyasətçilər məşğul olmalıdır. Yoxsa dünənin müəllimi, jurnalisti, iki cümləni dalbadal qura bildiyi üçün siyasətçilik etdiyindən halımız indikindən heç də yaxşı olmayacaq. Həm də onu nəzərə almaq lazımdır ki, bu, sonradan "siyasətçilər" dil bilmədiklərindən özlərini göstərmə meydanı kimi Türkiyəni seçirlər. Buranınkı, nə də olsa, öz dilimizdir axı? Amma türk milləti də belə şeyləri çox gördüyündən əllərini yelləməklə keçinir...
(Ardı var)
525-ci qəzet.- 2009.- 22 may.- S.2.