Gözəl cərrah, görkəmli dilçi

 

BÖYÜK AZƏRBAYCANLI CAVAD HEYƏTİN 83 YAŞI TAMAM OLUR

 

Mən Akademiyanın Dilçilik İnstitutunda aspiranturanın III kursunda oxuyuram. Az vaxtda minimum imtahanlarımı vermişəm. Elmi işim də hazırdır. Düzünü deyim ki, ötən iki ildə neçə-neçə elmi məqalələr yazıb həm yerli, həm də digər xarici ölkələrin mətbuatında çap etdirmişəm. Həftələrlə yuxusuz gecələr keçirsəm də, istədiyimə nail olmuşam. Amma iki həftədir ki, bir insan haqqında, bir azərbaycanlı haqqında bircə səhifə yaza bilmirəm. Yox, yox, yazıram, amma özüm yazdıqlarımı özüm bəyənmirəm. Daha doğrusu, o insana, onun əməllərinə, şəxsi keyfiyyətlərinə, Azərbaycana, azərbaycanlılara olan diqqətinə, qayğısına layiq söz tapa bilmirəm. Beləcə dilçiliklə məşğul olan bir aspirant kimi yazdıqlarımın hamısını cırıb atmaq istəyirəm... Fikrimi çatdırmaq üçün bir az əvvələ qayıtmaq istəyirəm.

Yeddi ay əvvəl Ankarada keçirilən VI Uluslararası Türk Dili Qurultayına hörmətli akademik Ağamusa Axundovla, filologiya elmləri doktoru Məhəbbət xanım Mirzəliyeva ilə, professor Tofiq Hacıyevlə, Nizami Xudiyevlə, Firidun Cəlilovla yanaşı, mən də dəvət almışdım. Qurultayda türkdilli dövlətlərin, türk dilçiliyinin ən görkəmli alimləri, Türkiyə Cümhuriyyəti prezidenti və digər dövlət xadimləri iştirak edirdilər. Tədbirdə mən də çıxış etdim. Bu mənim görkəmli elm adamları qarşısında ilk çıxışım idi. Kürsüyə necə qalxdığımı, çıxışa necə başladığımı xatırlamıram. Birdən Məhəbbət xanımın ayaqüstə dayanıb həyəcanla mənə baxdığını görəndə sərbəstləşdim.

Fasilə zamanı azərbaycanlı alimlərə uca boylu bir kişi yaxınlaşdı. Qrupumuzun üzvləri ilə çox səmimi görüşdü, sonra da mənim əlimi sıxıb: - Çox yaxşı, ağıllı və təmiz danışdın. Təbrik edirəm, qızım - dedi. Bir qədər də gülümsünmüş halda: - Maraqlanmışam, qurultaydakıların içərisində ən yaşlısı mənəm, ən cavanı da sənsən - dedi. Üz-gözündən nur yağan bu qamətli kişi bütün azərbaycanlıların yaxşı tanıdığı görkəmli dilçi alim, tibb elmləri doktoru, böyük insan əslən iranlı olan Cavad Heyət idi. Aspirant olduğumu biləndə mənə xeyli məsləhət verdi. Sonra Bakıda AMEA-da görüşdük. Onu atamla da tanış etdim. Ankaradakı qurultaydakı çıxışımı öz dərgisində nöqtəsinə, vergülünə toxunmadan dərc etmişdi. Onda mən Cavad bəyin bir dilçi alim, mülayim qəlb sahibi kimi nələrə qadir olduğunu hiss edirdim.

Fevralın ortalarında gözlənilmədən ailəmizə üz verən hadisə bizi yenidən görüşdürdü. Cəmi 8 ay əvvəl onurğa sütunundan cərrahiyyə əməliyyatı olan atamda kəskin ağrılar başlamışdı. Bakıda hər cür müayinədən sonra həkimlər müəyyənləşdirdilər ki, aorta damarında anevrizma var. Ən qısa müddətdə cərrahiyyə əməliyyatı aparılmalıdır. Bakıdakı cərrahlar əməliyyatın müsbət təsirinə cəmi 20% təminat verirdilər. Əlacımız kəsilmişdi, əlimiz hər yerdən üzülmüşdü, atamın dərdinə çarə tapa bilmirdik, əlimizi hara uzadırdıqsa nəticə olmurdu, həkimlərin bir qədər ehtiyatla, həm də ciddi surətdə dedikləri "...elə hesab edin ki, bədəninizdə bomba gəzdirirsiniz. O hər an partlaya bilər, bir saatdan, beş saatdan sonra da, lap elə bu dəqiqə də" sözləri qulağımda cingildəyirdi. Ötən o üç gündə nələr çəkdiyimi bircə özüm bilirəm.

Dərdimi ikinci ana hesab etdiyim Məhəbbət xanıma açdım, əslində mən açmadım, o özü bunu hiss edib sorğu-suala tutdu, öyrəndi. "Bəlkə Cavad bəyə zəng edək" - dedi. Zəng etdim. Atamın xəstəliyi haqqında ona məlumat verdim. Cavad bəy çox təəssüfləndi və dərhal da: İrana gəlin - dedi. Yarım saatdan sonra Cavad bəy özü bizə telefon açdı: Mənim nəzərdə tutduğum həkim ABŞ-dadır, hələ iki həftə orada olmalıdır, xahiş etdim ki, qayıtsın, amma onu gözləmək olmaz, nə qədər imkan varsa, tez gəlin. Səhəri gün xəbər tutduq ki, Cavad bəyin nəzərdə tutduğu Fazil həkim onun xahişi ilə ezamiyyətini yarımçıq qoyub Tehrana qayıdıb.

Tehrana gecə yarısı çatdıq. Cavad bəyin tapşırığı ilə atamı birbaşa xəstəxanaya apardılar. Cavad bəy, Fazil həkim atamı yenidən müayinədən keçirdilər. İkinci gün cərahiyyə əməliyyatı aparıldı. Hələ Bakıda eşitmişdim ki, Cavad bəyə ayaqüstə çox dayanmaq olmaz. Amma əməliyyat zamanı 82 yaşlı Cavad bəy düz 2 saat əməliyyat otağında ayaqüstə dayandı. əməliyyat qurtarandan bir saat sonra otaqdan çıxan Cavad bəy əllərini qaldırıb: - Allaha şükür, Allah mənim duamı yerdə qoymadı, məni xəcalət eləmədi, atanız narkozdan ayıldı, hər şey yaxşıdır, Allah atanızı sizə bağışladı - dedi.

İndi neçə vaxtdır ki, Bakıya qayıtmışıq, atam sağalıb, özünü yaxşı hiss edir. Amma mənə bir fikir dinclik vermir. Həyatda necə də yaxşı insanlar var imiş. Bu minnətdarlıq məktubunu yazmaqda məqsədim Cavad bəyə təşəkkür etmək, onun xeyirxahlığını kimlərəsə çatdırmaq deyil. Onsuz da Cavad bəyin ölümün pəncəsindən qurtardığı azərbaycanlı təkcə mənim atam deyil, müharibədə yaralanmış yüzlərlə gənclərdir. Bu təşəkkür məktubunu yazmaqla ürəyimdə qovrulan ağırlığı, insanlara olan borcumu bildirmək, ürəyimi boşaltmaq istəmişəm.

Mən Füzuli qaçqınıyam. Əgər atama bir şey olsaydı, qaçqınlıq sözünə bir yetimlik də əlavə olunardı. Amma Cavad bəy bizi xilas etdi. Atamı itirmək qorxusu olanda o bizə pasiban çıxdı, arxa oldu.

Ona hamı Cavad bəy deyir. Amma mən onun bu yüksək insani keyfiyyətlərini, xeyirxahlığı, qayğıkeşliyini görəndən sonra ona necə müraciət edəcəyimi bilmirəm.

Uluların ulusu Cavad bəy, Siz bizi yetimlikdən xilas etdiniz, axan göz yaşlarımızı sildiniz, qapımızı qara çadırdan qorudunuz. Sizə min alqış!

Hörmətli Cavad bəy, Azərbaycanda, bütün türk dünyasında Sizi tanımayan yoxdur. Siz böyük cərrah, görkəmli dilçi alimsiniz. Haqqınızda yazılan kitabların, məqalələrin çoxunu oxumuşam. Siz bu millətin, o taylı bu taylı Azərbaycanın canlı Dədə Qorqudusunuz. Bıçağınız qələminizdən, qələminiz də bıçağınızdan itidir. Zəkanız, ağlınız, insanlığınız və ağsaqqallığınızla ən uca zirvəyə yüksəlmisiniz... Ömrü Allah verir, bu təbiidir. Həkimləri insanlara bəxş edilən əlavə ömrün müəllifi adlandırırlar. Siz neçə-neçə insanları ölümün pəncəsindən xilas edib onlara əlavə ömür bəxş etmisiniz: min il, yüz min il, bunu deyə bilmərəm, bircə onu bilirəm ki, gecələr qələminizlə, gündüzlər bıçağınızla özünüzə əbədiyaşar bir ömür qazanmısınız. Sizə Dədə Qorqud kimi əbədiyaşarlıq arzulayıram.

 

 

Gülnarə Əliyeva,

 

 AMEA Dilçilik İnstitutunun aspirantı

 

525-ci qəzet.- 2009.- 23 may.- S.30.