Faykonun məktubları
"İlyas Əfəndiyev: şəxsiyyəti
və sənəti"
bioqrafik romanından
Mən artıq
yazmışam ki, təbiəti etibarilə şux, emossional,
duzlu yumoru sevən və qiymətləndirməyi bacaran bir
adam olan İlyas Əfəndiyevin dostları çox az idi və
ümumiyyətlə, o, xasiyyətinin dediyim cəhətlərinə
baxmayaraq, qətiyyən kommunikabelli adam deyildi, ünsiyyətə
girmək, dost-tanış qazanmaq həvəskarlığı
onun yanından tamam kənar keçmişdi. Onun məktub
yazmaq, teleqram vurmaq, heç olmasa, bayramlarda kimlərisə
telefonla da olsa təbrik etməklə qətiyyən arası
yox idi.
İlyas Əfəndiyev
təbiətinin bu xüsusiyyətləri ilə bağlı
onun həyatının səciyyəvi bir epizodunu xatırlamaq
istəyirəm.
Azərbaycandan kənarda
çox az sayda adamlar var idi ki, İlyas Əfəndiyev onlarla
yaxın, isti münasibətdə olsun və həmin az
saylı adamlardan biri də məşhur rus dramaturqu Aleksey
Mixayloviç Fayko idi.
Aleksey Fayko ilə
İlyas Əfəndiyev 1954-cü ildə Moskvada, SSRİ
yazıçılarının ikinci qurultayında
tanış olmuşdular və bu tanışlıq sonralar,
aralarındakı xeyli yaş fərqinə baxmayaraq (Fayko
İlyas Əfəndiyevdən düz 21 yaş böyük
idi), məhrəm bir dostluğa çevrilmişdi. Fayko
İlyas Əfəndiyevin yaradıcılığını,
o cümlədən də onun dramaturgiyasını yüksək
qiymətləndirirdi və "Bahar suları" pyesini rus
dilinə tərcümə etmişdi, həmin tərcümə
1959-cu ildə Moskvada, "İskusstvo" nəşriyyatında
ayrıca kitab kimi nəfis şəkildə nəşr olundu.
O kitabın nəşr olunmağından İlyas Əfəndiyevin
xəbəri yox idi və yadıma gəlir, Fayko kitabın bir
neçə nüsxəsini böyük bir məktubla ona
göndərmişdi. O məktubu mən də oxumuşdum, məzmununu
xatırlamasam da, yadımdadır ki, çox səmimi
yazılmışdı, ancaq heyif ki, o məktubu da, bir
çox başqa məktublar kimi, İlyas Əfəndiyev
qoruyub, saxlamayıb.
Mən də Aleksey
Faykonu ilk dəfə elə həmin 1954-cü ildə Moskvada
görmüşdüm - İlyas Əfəndiyev qurultaya gedəndə
məni və Timuçini də özü ilə Moskvaya
aparmışdı (bu, mənim ilk Moskva səfərim idi) və
o zaman mənim 11 yaşım var idi. "Moskva"
mehmanxanasında gözəl bir lüks nömrədə
qalırdıq və bir gecə Mehdi Hüseyn, İmran
Qasımov və yadıma gəlir, Əyyub Abbasovla birlikdə
bir neçə rus yazıçısı səs-küylə
- yaxşıca yeyib-içmişdilər - bizim nömrəyə
gəldilər və orada məclislərini davam etdirdilər.
Fayko da onların arasında idi, o biri yazıçılardan
indi yalnız cavan Yuri Nagibini xatırlayıram, o biriləri
xatirimə gəlmir, amma dolu, ətli-canlı, sifətindən,
hərəkətlərindən, danışığından
zadəganlıq yağan Faykonun o zamankı
görünüşü indiki kimi mənim gözlərimin
qabağındadır. Sonralar da Moskvada İlyas Əfəndiyevlə
birlikdə bir neçə dəfə onu
görmüşdüm, amma 60-cı illərin ikici
yarısından etibarən bu görüşlər artdı,
hətta ardıcıl oldu - o zaman mən artıq aspirant idim,
Moskvaya gedəndə hərdən ona telefonla zəng
çalırdım, məni evinə dəvət edirdi,
gedirdim, söhbət edirdik.
Hələ Oktyabr
inqlabından əvvəl Moskva universitetini bitirmiş bu adamla
görüşmək, onunla söhbət etmək mənim
üçün, yəni cavan bir ədəbiyyat adamı, gənc
yazıçı üçün son dərəcə
maraqlı idi və nə yaxşı ki, o vaxt, mən onun
söhbətlərinin bir qismini "isti-isti" qeyd etmişəm.
O vaxt mənə elə gəlirdi ki, Aleksey Mixayloviç Fayko
Lev Tolstoyun zadəgan qəhrəmanlarından biridir, o,
xüsusən Pyer Bezuxovu mənə xatırladırdı.
Bir dəfə ondan soruşdum:
- Tolstoyu
görmüşdüz?
Qalın şüşəli
eynəyini düzəldərək:
- Əlbəttə!-
dedi və 16 yaşında iki həmyaşıdı ilə
birlikdə Yasnaya Polyanaya necə getdiklərini, orada Lev
Tolstoyla necə görüşdüklərini, Sofya
Andreyevnanın onları çaya və alma piroquna necə
qonaq etdiyini xüsusi bir həvəs və şövqlə
söyləməyə başladı; Tolstoyun ölüm xəbərini
eşidəndə isə Faykonun 17 yaşı var idi və
özünün də, valideynlərinin də bu xəbərdən
necə sarsıldığını da yaxın günlərin
hadisəsiymiş kimi, təfərrüatı ilə mənə
danışdı.
Fayko xatirələrini
danışdıqca, bu Tolstoy müasirinə baxa-baxa mənə
elə gəlirdi ki, irreal bir aləmə düşmüşəm,
Fayko da canlı bir insan yox, o irreal aləmin sakini, daha
doğrusu, eksponatıdır.
Fayko İlyas Əfəndiyevin
yaradıcılığını, dediyim kimi, yüksək
qiymətləndirirdi:
- İlyası
yaxşı tərcümə etmək lazımdır.-
deyirdi.- Mən istərdim ki,
Avropa onu oxusun.
Maraqlıdır ki, 40
ildən sonra - İlyas Əfəndiyevlə Aleksey Fayko
haqqında bu yazını yazarkən - eyni sözləri mənə
məktubda tamam başqa bir adam yazmışdı.
2006-cı ilin
martında Litva Respublikası prezidentinin müşaviri, milliyyətcə
kəraim olan d-r Halina Kobeskaitye Dünya azərbaycanlılarının
qurultayında qonaq kimi iştirak etmək üçün
Bakıya gəlmişdi və mən onu Nazirlər Kabinetində
qəbul edərkən, söhbət əsnasında bildirdi ki,
vaxtı ilə İlyas Əfəndiyevin
"Söyüdlü arx" romanını Litva dilinə tərcümə
edib, onun, yəni İlyas Əfəndiyevin ailə üzvlərindən
kimləsə görüşmək, 1968-ci ildə Vilnüsdə
Litva dilində nəşr olunmuş "Söyüdlü
arx"ı onlara hədiyyə etmək istəyir. Biləndə
ki, mən kiməm, bu, onun üçün çox xoş bir
gözlənilməzlik oldu, məni İlyas Əfəndiyevlə
bağlı sorğu-suala tutdu və Litvaya qayıdarkən mən
də ona İlyas Əfəndiyevin rus dilində nəşr
olunmuş ikicildliyini bağışladım. Üstündən
heç bir ay keçməmiş Halina xanım mənə
çox səmimi bir məktub göndərərək
ikicildlik barədə təəssüratını yazdı və
orada belə bir cümlə var: "Mən istərdim ki,
Avropa onun romanlarını oxusun, pyeslərini tamaşaya
qoysun."
Amma biz Faykoya
qayıdaq...
Fayko hər dəfə
mənə şikayət edirdi:
- İlyas mənim məktublarıma
cavab yazmır...
Mən bunu Bakıda
İlyas Əfəndiyevə deyəndə:
- Düz deyir də!..-
deyirdi.- Gərək cavab yazım...
Yaxşı ki, Faykonun hələ
burasından xəbəri yox idi ki, qəti surətdə arxiv
həvəskarı olmayan İlyas Əfəndiyev nəinki
Faykonun məktubuna, ümumiyyətlə, məktublara cavab
yazmırdı, hətta minlərlə oxucu məktublarını,
dost-tanışın, o cümlədən də, yuxarıda
yazdığım kimi, Faykonun məktublarını heç
qoruyub, saxlayan da deyildi...
Bu sətirləri yazarkən
Aleksey Fayko ilə bağlı çox maraqlı (bəlkə
də qəribə!) bir təsadüfü xatırladım.
1971-ci ildə mən
Nizami adına Ədəbiyyat İnstitutunda "Ədəbiyyat
nəzəriyyəsi" şöbəsinin (Məmməd Cəfər
müəllimin şöbəsi!) kiçik elmi
işçisi vəzifəsində işləyirdim və
növbəti dəfə Moskvaya ezamiyyətə getməli
idim. Həmin vaxt "Azərbaycanfilm"də mənim ilk
filmimi - "Baladadaşın ilk məhəbbəti"ni
çəkməyə qərar verilmişdi və bu, rejissor
Fikrət Əliyevin də ilk müstəqil bədii filmi idi.
Məşhur rus sovet
kinorejissoru, hətta sovet kinosunun klassiklərindən biri hesab
olunan Leonid Zaxaroviç Trauberq, indi dəqiq yadımda deyil,
filmin bədii rəhbəri olmalıydı, yoxsa Fikrətin
kurs rəhbəriydi - uzun sözün qısası, ssenariyə
rəy verməli idi. Mən fürsətdən istifadə
edib, ssenarinin rus dilinə tərüməsini də
özümlə götürdüm ki, Moskvada Trauberqə
verim. Eyni zamanda, Aleksey Faykonun qan təzyiqi yuxarı olduğu
üçün İlyas Əfəndiyev hərdən ona innab
göndərirdi və həmin gözəl səfər
zamanı mən Faykoya da innab aparırdım.
O səfər isə həqiqətən
gözəl bir səfər idi və uzun illər boyu
saysız-hesabsız səfərlərim arasında o Moskva səfərinin
bütün təfərrüatı mənim xatirimdədir. Məsələ
burasında idi ki, mən həmin səfərə gözəl
və çox koloritli bir insan olan tənqidçi, unudulmaz Yəhya
Seyidovla bir yerdə çıxmışdım, onun da ezamiyyəti
var idi və o, həyatında ilk dəfə idi ki, Moskvaya
gedirdi.
Qatarla gedirdik və əslən
Ordubaddan olan Yəhya müəllimin özünün bir balaca
qüssə ilə dediyi kimi, o çağa qədər ən
böyük səfəri qatarla Bakıya gəlişi
olmuşdu, ömründə təyyarəyə minməmişdi
və bundan sonra da minmək fikri yox idi. Uşaq kimi həyəcanlanırdı
və tez-tez deyirdi ki, ezamiyyəti xüsusi olaraq mənimlə
bir yerdə götürüb ki, onu Moskvada tək
qoymayım...
Yəhya müəllim
uzun illər idi Nizami İnstitutunda işləyirdi, elmlər
doktoru, tanınmış tənqidçi idi və həmin
vaxt İlyas Əfəndiyevin yaradıcılığı
haqqında elmi iş yazırdı (bir neçə il sonra
onun "İlyas Əfəndiyev. Həyatı və
yaradıcılığı haqqında müxtəsər
oçerk" adlı kitabı nəşr olundu (Bakı, Azərnəşr,
1975, 235 səh.) O, İlyas Əfəndiyevin həyatı,
xasiyyəti ilə çox maraqlanırdı və cürbəcür,
bəzən də mənə qəribə görünən
suallar verirdi, mən də bu suallara cavab verirdim, bəzən də
zarafata salırdım...
Nə isə, Yəhya
müəllimlə birlikdə o Moskva səfəri bəlkə
də ayrıca bir yazı mövzusudur, mən isə, deyəsən,
Fayko ilə bağlı söyləmək istədiyim həmin
maraqlı (və qəribə!) təsadüfdən
uzaqlaşıram...
Moskvaya
çatdığımız günün axşamı mən
Trauberqə də, Faykoya da telefonla zəng etdim,
"Baladadaşın ilk məhəbbəti"nin ssenarisini də,
innabı da götürüb, "Moskva"
mehmanxanasının eyni nömrəsində
qaldığımız Yəhya müəllimə söz
verdim ki, tez qayıdacağam və əvvəlcə Trauberqin
evinə yollandım ki, ssenarini ona verim, sonra da Faykogilə
gedim.
Leonid Trauberq 30-cu illərdə
sovet kinosunun digər bir "canlı klassiki" G.Kozintsev ilə
birlikdə "Maksim haqqında trilogiya"nın
quruluşçu rejissoru idi və sovet ideologiyası
onların çəkdiyi bu üç filmi klassika elan
etmiş, kino sənətində, ümumiyyətlə, sovet
incəsənətində, əgər belə demək
mümkünsə, sitayiş filmlərinə
çevirmişdi, hər iki rejissoru da "canlı
klassik" mərtəbəsinə qaldırmışdı.
Ancaq uzun müddət idi ki, Trauberq film çəkmirdi
(sonralar da heç nə çəkmədi) və üzdə
olan Kozintsev, Yutkeviç, Romm, Gerasimov, Roşal kimi sovet
"kino generalları"na - özünün gənclik
dostlarına - nisbətən kölgədə
qalmışdı, unudulmuşdu.
O vaxta qədər mən
Trauberqi görməmişdim və taksiyə minib,
soraqlaşa-soraqlaşa onun yaşadığı binanı
tapdım, taksi sürücüsündən xahiş etdim ki, məni
gözləsin, sonra mənzili tapdım və zəngi
basdım. Qapını nimdaş bir kostyum geyib, köhnə
qalstuk taxmış "canlı klassik" Trauberqin
özü açdı və köhnə əşyaların
cansıxıcı bir xəfəlik yaratdığı mənzildə,
deyəsən, ondan başqa heç kim yox idi. Ssenarini ona
verdim.
Doğrusu, Trauberq elə
ilk görüşdən mənə həyatda bəxti gətirməyən
və buna görə də pərişanlıq içində
olan, vaxtsız qocalmış (o vaxt gərək ki,
altmış neçəsə yaşı var idi), qaraqabaq,
qayğılı, xəstəhal bir insan təsiri
bağışladı və mən tələsirdim ki, şəxsiyyətinin
qaraqabaqlığı, elə bil, mənzilinin əşyalarına
və divarlarına da hopmuş bu evdən tez
çıxıb gedim. Kiçik söhbətimiz oldu, mən
tələsdiyimi deyib, sağollaşdım, Trauberq dedi ki, o da
harasa getməlidir və biz onun mənzilindən bir yerdə
çıxdıq. Mən təklif etdim ki, hara gedirsə, onu
məni gözləyən taksi ilə aparım, o da aşkar
bir məmnuniyyətlə taksiyə əyləşdi və
gedəcəyi adresi sürücüyə söylədi.
Mən həmin adresi
eşidəndə təəccüblə soruşdum:
- Bəlkə siz Faykogilə
gedirsiz?
Bu dəfə o təəccüblə
mənə baxdı:
- Bəli. Nədi ki?
Biləndə ki, mən
də Faykogilə gedirəm, bu qaraqabaq adam həmin axşam
ilk dəfə gülümsədi və:
- Qəribədir!..- dedi
("Udivitelno!..").
Məlum oldu ki, Trauberq
ilə Fayko hərdən zəngləşib,
görüşürlər, söhbət edirlər və həmin
gün də sözləşiblər ki, Faykogildə
görüşsünlər.
Beləcə, biz ikimiz də
Faykonun Furmanov küçəsindəki (bu gün yəqin o
küçənin də adı dəyişib) evinə getdik
və mən indi çox təəssüf edirəm ki, Yəhya
müəllim mehmanxanada gözlədiyi üçün,
Faykonun təkidinə baxmayaraq, onlarda çox oturub, bu iki nəfərin
- rus mədəniyyətinin bu iki unikal nümayəndəsinin
- söhbətinə qulaq asa bilmədim...
Burasını da qeyd
edim ki, 1970-ci ilin sonları, 80-nin əvvəllərində mən
Leonid Trauberqin qızı, məşhur tərcüməçi
Natalya Leonidovna Trauberqlə tanış oldum. O zamanlar mənim
hekayə və povestlərim "Yunost" jurnalında
çap olunurdu və həmin jurnalın nəsr şöbəsinin
müdiri Meri Lazerevna Ozerova (tənqidçi Vitali Ozerovun
xanımı) ilə çox isti münasibətlərimiz var
idi, Natalya Trauberqlə də məni o tanış etmişdi.
O vaxtlar yaşı artıq 50-ni keçmiş Natalya Trauberq
çox güclü poliqlot idi, ingilis, fransız, italyan,
portuqal dillərindən rus dilinə bədii tərcümələr
edirdi, Ejen İoneskonun, Luidji Pirandellonun, Qrem Qrimin, Esa de
Keyroşun, Hilbert Çestertonun və başqa maraqlı
yazıçıların bir çox əsərləri rus
dilində onun tərcüməsində nəşr olunub.
Bir dəfə söhbət
əsnasında Natalya Trauberqə dedim:
- Atanız çox qaraqabaq
adam idi.
Çox səmimi bir təəccüblə:
- Siz nə
danışırsız!.. - dedi və onun həvəslə,
sevgi ilə danışdığı səmimi söhbətlərindən
belə məlum oldu ki, Trauberq güclü yumor hissinə
malik, şux, zarafatcıl bir insan imiş...
"İnsan mürəkkəb
məxluqdur!" - bu, artıq şablon bir ifadədir, ancaq
şablon nədir? Şablon - min illərin
sınağından çıxmış,
şablonlaşmış həqiqətdir.
...İlyas Əfəndiyevin
xarakteri üçün çox səciyyəvi olan belə
bir hadisə də yadıma düşür.
Mən artıq yay
aylarında bizim Kislovodsk səfərlərimiz, İosif
Samoyloviç Bassın əbədi müdir (demokratik
hakimi-mütləq!) olduğu pansionatda dincəlməyimiz barədə
yazmışam və 60-cı illərin birinci yarısında
- ili dəqiq yadımda deyil, amma xatirimdədir ki, İlyas Əfəndiyev
"Körpüsalanlar"ı yazırdı, deməli,
60-ların lap əvvəli idi - Kislovodskda, həmin pansionatda
da maraqlı bir təsadüf oldu.
Yaxşı
xatırlayıram, pansionatın həyətindəki
köşklərdən birində Səid Rüstəmovla
Sultan Hacıbəyov nərd oynayırdı və İlyas Əfəndiyev,
qardaşı, yəni mənim əmim, yazıçı
Tofiq Əfəndiyev, bəstəkar Arno Babacanyan, professor Əmir
Həbibzadə, bizim ailəvi dostumuz, həkim və
yazıçı Əli Ağabəyli, mən də
onların yanında, həmişəki maraqla, həyəcanla
oyuna azarkeşlik edirdik.
Məsələ
burasında idi ki, Səid Rüstəmov nərdi çox
azartla, Sultan Hacıbəyova qarşı isə xüsusi bir
azartla və pula - tası bir dənə o vaxtkı
qırmızı onluq! - oynayırdı və həmin vaxtlar
kənardan İlyas Əfəndiyevgilin səs-küylü,
qızışdırıcı azarkeşliyi Səid Rüstəmovun
oyunçu azartından qətiyyən geri qalmırdı.
İrəvanda anadan olub,
Moskvada yaşayan, əslən isə Şuşa ermənisi
Arno Babacanyan yaşlı bir kişi olan atası ilə
Kislovodskda hansısa sanatoriyada dincəlirdi, amma Sultan Hacıbəyovla
dost olduğu üçün hər gün - bəzən də
atası ilə - pansionata gəlirdi və elə Sultan vasitəsilə
də İlyas Əfəndiyevlə, xüsusən Əmir Həbibzadə
ilə yaxınlaşmışdı. Onun atasını, ? səhv
eləmirəmsə, adı Artyun idi - kim görürdüsə,
məhəttəl qalırdı: eyni ilə Nikita
Xruşşova oxşayırdı, elə bil, əkiz
qardaş idilər və Sultan Hacıbəyov Xruşşov
dövrünün məşhur filmi - "Bizim əziz Nikita
Sergeyeviç" ("Naş doroqoy Nikita Sergeyeviç")
- sayaq Arno Babacanyanı zarafatla "Bizim əziz Arno Nikita
Sergeyeviç" - deyə çağırırdı.
Yadımdadır, Əmir
müəllim hərdən ikibaşlı atmacalar
atırdı:
- Arno, indi Qarabağda
olaydıq, özü də Şuşada!
Belə anlarda Arno
Babacanyan - uzun və qarmaq burunlu, at sifətli bu adam - əməlli-başlı
qızarıb, nədənsə üzünü
başqasına yox, məhz İlyas Əfəndiyevə
tutaraq:
- İlyas, and olsun ki, mən
millətçi deyiləm!.. ("Klyanus, İlyas, ya ne nasionalist!")
- deyirdi və əlavə edirdi: - Onlara da nifrət edirəm!.. ("İ nenaviju
ix!..").
Ancaq mən yenə
pansionatdakı o köşkə, Səid Rüstəmovla
Sultan Hacıbəyovun o unudulmaz nərd oyunlarına
qayıdıram.
Dediyim həmin gün
bir nəfər - hündürboylu, dolu bədənli, o zaman yəqin
ki, 55-60 yaşlarında bir kişi idi -
şıdırğı nərd oyunu gedən köşkə
yaxınlaşaraq, gülümsəyə-gülümsəyə
rusca:
- İosif Samoyloviç
dedi ki, Azərbaycandan İlyas Əfəndiyev buradadı... Hə?-
soruşdu.
Məlum oldu ki, bu adam
maşın sürə-sürə ailəsi ilə birlikdə
Moskvadan istirahətə gəlmiş məşhur bədii
qiraət ustası, SSRİ-nin xalq artisti Sergey Mixayloviç
Balaşovdur. Orası da məlum oldu ki, Balaşov müasir bir
əsər əsasında kompozisiya hazırlamaq istəyib,
dostu Aleksey Fayko öz tərcüməsində İlyas Əfəndiyevin
"Bahar suları"nı ona verib, Balaşov pyesi oxuyub,
çox bəyənib və bu əsəri hazırlamaq istəyir,
Kislovodskdakı bu təsadüfi görüş də,
görünür, təsadüf deyil...
Çox az vaxt
keçdi ki, Sergey Balaşov İlyas Əfəndiyevin də,
Sultan Hacıbəyovun, Əmir Həbibzadənin də məhrəm
bir dostuna - "Seryoja"ya çevrildi və İlyas Əfəndiyev,
Sultan Hacıbəyov, Əmir müəllim - mən də
onların yanında!? tez-tez pansionatın
yaxınlığında, Kislovodsk gölünün kənarındakı
"Turist" restoranına şam yeməyinə gedəndə,
Sergey Balaşovu da özləri ilə dəvət edirdilər.
Balaşov gözəl yumor hissinə malik, savadlı bir adam
idi və adi söhbət zamanı belə, sözləri elə
tələffüz edirdi ki, elə bil, o sözlər onun
ağzından yox, dəqiq qəliblərdən
çıxır.
Balaşov hər dəfə
İlyas Əfəndiyevdən xahiş edirdi ki, bərabər
oturub, "Bahar suları"nı bədii qiraət - əslində
bir aktyorun teatrı - üçün hazırlasınlar və
hər dəfə də İlyas Əfəndiyev söz verirdi
ki, bu günlərdə oturub, bir yerdə işləyəcəklər.
Tez-tez tədarük
görüb (qaraçaylardan toğlu alıb!), Balaşovu da
dəvət edərək "Zamok" adı ilə məşhur
olan qalanın yerləşdiyi meşəyə, yaxud
Kislovodskın "Xram vozduxa" deyilən səfalı bir
yerinə gedib, çöldə süfrə açıb,
özümüz kabab bişirirdik və o məclislərdə
(məclis əhli eyni olurdu: Sultan Hacıbəyov, o zaman hələ
orta məktəbdə oxuyan oğlu İsmayıl, Əmir Həbibzadə,
Tofiq Əfəndiyev, Əli Ağabəyli, bəzən də
İosif Samoyloviç Bass) Sergey Balaşov öz
repertuarından parçalar söyləyirdi və doğrusu,
mən uzun müddət onun sənətinin təsiri
altında olurdum. O zaman mən artıq çap olunurdum, hekayələrim
mətbuatda çıxırdı və Kislovodskda dincəldiyimiz
o gözəl günlərdə də "Əsli və Kərəm"
adlı kiçik bir povest yazırdım (Əsli də, Kərəm
də müasir gənclər idi və sonra "Azərbaycan"
jurnalında, eləcə də mənim 1966-cı ildə nəşr
olunmuş ilk kitabçamda çap olunmuş bu povest mənim
aləmimdə özümdən əvvəlki ədəbiyyata
və ənənələrə qarşı bir protest idi!) və
Balaşov öz repertuarından parçalar söylədikcə,
mənim də içimə bir ruh yüksəkliyi dolurdu, məndə
inam yaranırdı ki, yazmağa başladığım bu
povest Azərbaycan ədəbiyyatında əsil hadisə
olacaq.
Yadımdadır,
Balaşov Qoqolun "Şinel"indən, Yesenindən,
Mayakovskidən parçalar söyləyirdi, xüsusən,
onun ifasında "Hamlet" son dərəcə təsirli
alınırdı. Bu adamda böyük dəyişmə
istedadı var idi, yəni o Hamletin də, Ofelyanın da,
Hertrudanın da, Paloninin də sözlərini elə təbii
ifa edirdi ki, elə bil, söhbət bir yox, bir neçə
aktyorun gözəl ifasından gedir.
Sergey Balaşovun sənəti
İlyas Əfəndiyevin də xoşuna gəlirdi. Bir dəfə
Balaşov Yeseninin "İran nəğmələri"ni
ifa edəndən sonra İlyas Əfəndiyev soruşdu:
- Seryoja, sən bilirsən
ki, Yesenini İrana buraxmayıblar, İran adı ilə onu
Abşeronda, Bakının yaxınlığındakı Mərdəkan
kəndində saxlayıblar? Bu nəğmələri də,
elə bilib ki, İrandadı, Mərdəkanda yazıb...
Heyrətdən
Balaşovun gözləri kəlləsinə
çıxdı:
- Ne mojet bıt?! ("Ola bilməz?!")
Balaşovun o "Ne
mojet bıt?!"ı indiyə qədər mənim xatirimdədir
və orasını da mən xüsusən son vaxtlar tez-tez
xatırlayıram ki, həmin söhbətdən
iki-üç gün sonra Balaşov İlyas Əfəndiyevə
dedi:
- İlyas, bilirsən, mən
daha "İran nəğmələri"ni ifa edə bilmirəm...
Öz-özümə söyləyirəm, amma görürəm
ki, əvvəlkitək getmir... İçimdə nə isə
sınıb...
İlyas Əfəndiyev
bir az pərt oldu:
- Bilsəydim, deməzdim...-
dedi.
Balaşov:
- Yox, yaxşı elədin,
dedin!- dedi.
Balaşov "Bahar
suları"ndan başqa da İlyas Əfəndiyevin əsərlərini
oxumaq istəyirdi və mən öz təşəbbüsümlə
Kislovodsk Şəhər Kitabxanasına gedib, İlyas Əfəndiyevin
1959-cu ildə rus dilində nəşr olunmuş bircildlik
"Seçilmiş əsərlər"ini
götürüb, oxumaq üçün Balaşova verdim. Bunu
bilən İlyas Əfəndiyev üzünü mənə
tutub gülə-gülə:
- Sən də qəribə
oğlansan e!..- dedi.
İlyas Əfəndiyevin
o kitaba daxil edilmiş nəsri, xüsusən də "Atayevlər
ailəsi" pyesi Balaşovun çox xoşuna gəlmişdi.
Orası da yaxşı
yadımdadır ki, bir-iki qədəh araq içəndən
sonra Balaşov sovet hakimiyyətini əməlli-başlı
söyməyə başlayırdı və bir dəfə də
özü xalis rus olan bu adam üzünü İlyas Əfəndiyevə
tutub:
- İlyas, niyə sən
rus deyilsən?- soruşdu.
Belə bir gözlənilməz
suala acığı tutan İlyas Əfəndiyev:
- Səni başa
düşmədim...- dedi.
Balaşov (onun sözlərini
o vaxt dediyi kimi qeyd etmişəm, indi də kobudluğuna
baxmayaraq, dəftərçəmdən o cür də
köçürürəm):
- Niyə Moskvada Paqodin
tamaşaya qoyulur, bu köpək oğlu Safronov tamaşaya
qoyulur, ancaq İlyas Əfəndiyev yox? ("Poçemu v Moskve stavitsya Paqodin, etot sukin sın
Safronov, a İlyas Efendiyev net?")
İlyas Əfəndiyev
gülüb:
- Sualın ünvanı
düz deyil! ("Vopros
ne po adresu!")-
dedi.
Balaşov pansionatda təxminən
bir ay qaldı və İlyas Əfəndiyev də eləcə,
onunla oturub, "Bahar suları"nı işləmədi,
yenə söz verdi ki, xüsusi olaraq Moskvaya gələcəyəm,
oturub, işləyəcəyik. Balaşovun sənəti,
dediyim kimi, İlyas Əfəndiyevin xoşuna gəlirdi, yəni
səbəb bu deyildi, səbəb o da deyildi ki,
"Körpüsalanlar"ı yazırdı, buna görə
də fikrini dağıtmaq istəmirdi,? yox, səbəb sadəcə
olaraq onun, yəni İlyas Əfəndiyevin xasiyyətində,
xarakterində idi, onda, hərgah belə demək mümkünsə,
"yaradıcılıq işgüzarlığı"
deyilən şey, ? danışıqlar aparsın, münasibətlər
yaratsın, fəaliyyət göstərsin ki, əsərləri
çap olunsun, təbliğ edilsin, geniş yayılsın, həmişə
diqqət mərkəzində qalsın və s. - qətiyyən
yox idi. Nəinki yox idi, bu, onun təbiətinə zidd idi və
İlyas Əfəndiynev heç vəchlə təbiətinin
əleyhinə getməyi bacarmırdı. O məhsuldar
yazıçı idi, demək olar ki, yazı yazmayan
günü olmurdu, amma onda dediyim həmin
"yaradıcılıq işgüzarlığı" yox
idi.
Bəzən də elə
olurdu ki, Sistem özü özünün müəyyən
etdiyi sərhəddən kənara çıxmağa icazə
vermirdi və bu mənada İlyas Əfəndiyevlə
bağlı maraqlı (və xarakterik!) bir epizodu qeyd etmək,
elə bilirəm ki, yerinə düşər.
1973-cü ilin oktyabr
ayında - elə o zaman bu epizodu qeydə aldığım
üçün, tarixləri və adları dəqiq
yazıram - Türkiyənin SSRİ-dəki səfiri İlter
Türkmen səfirliyin attaşesi Metin Yapıncılar ilə
Bakıda səfərdə idi və onlar ayın 8-də
axşam Akademik Milli Dram Teatrında (o zaman Məşədi Əzizbəyov
adına) İlyas Əfəndiyevin "Unuda bilmirəm" əsərinin
tamaşasına baxmağa gəlmişdilər.
Mənim bundan xəbərim
yox idi, tamaşaya çox az qalmış unudulmaz Həsən
Turabov evə telefon açıb: "Nə əcəb yoxsan?
Türkiyənin səfiri gəlib."- dedi və o zaman
sevimli Türkiyənin səfirini görmək, onunla söhbət
etmək mənim üçün (güman edirəm ki,
yalnız mənim üçün yox!) çox maraqlı,
dövrün kontekstində isə hətta qeyri-adi bir hadisə
idi.
Mən teatra getdim,
İlyas Əfəndiyev də orada idi (ona da heç nə deməmişdilər,
adəti üzrə həmişə öz tamaşalarına
gedib, baxırdı) və həmin gün baş rolların -
Nərmin və Kamran - gənc ifaçıları Amalya Pənahova
və Həsənağa Turabov, görünür, Türkiyə
səfirinin zalda olmağından daha artıq
ruhlanmışdılar və onlar da, Məmmədrza
Şeyxzamanov da (Möhsünzadə), Sofiya Bəsirzadə də
(Səadət xanım), Hamlet Qurbanov da (Cəmil), hətta
epizodik rolların ifaçıları Muxtar Avşarov, Məcnun
Hacıbəyov, Elxan Ağahüseynoğlu da o tamaşanı
xüsusi bir həvəslə oynadılar.
"Unuda bilmirəm"i
Tofiq Kazımov 1968-ci ildə tamaşaya qoymuşdu və tənqidin
də, ədəbi ictimaiyyətin də,
tamaşaçıların da yekdil fikrinə görə bu
tamaşa teatrın böyük yaradıcılıq uğuru
idi. Emin Sabitoğlu gözəl musiqi bəstələmişdi,
tərtibat isə rəhmətlik Sənan Qurbanovun teatrda ilk və
çox orijinal işi idi. Orasını da deyim ki, "Unuda
bilmirəm" düz 17 il teatrın repertuarında qaldı və
500 dəfədən artıq oynandı.
Əsər də,
quruluş da, ifalar da İlter Türkmenin çox xoşuna gəldi
və o ağız dolusu heyranlığını bildirdikcə,
bizim Mədəniyyət Nazirliyinin işçiləri ilə
birlikdə onu müşayiət edən və mənim
tanımadığım bəzi adamların sir-siftini
açıq-aşkar təlaş və qayğı dolu bir
ifadə bürüyürdü. Bu adamların bir qismi azərbaycanlı
idi, amma bəziləri də türk dilində gözəl
danışan rus idi və yəqin ki, Moskvadan gəlmişdilər,
tamam da aydın idi ki, onlar da, həmin bir qism azərbaycanlılar
da xüsusi xidmət orqanlarının işçiləridir.
Səfir sidq-ürəkdən
gələn bir qətiyyətlə dedi ki, bu əsəri
mütləq Türkiyədə tamaşaya qoymaq
lazımdır və israrla İlyas Əfəndiyevdən
xahiş etdi ki, pyesi ona çatdırsın, İlyas Əfəndiyev
də mənə işarə edərək:
- Oğlum çatdırar- deyə söz verdi.
Orası da heç
yadımdan çıxmır ki, tamaşa qurtarandan, qonaqlar gedəndən
sonra İlyas Əfəndiyev teatrla bağlı olan bir nəfərin
adını çəkib, yanında dayanmış Tofiq
Kazımova:
- Filankəsin
dostlarını gördün də!..- deyərək, həmişəki
şux gülüşü ilə bərkdən güldü.
"Filankəs"
haqqında teatr aləmində belə bir söz gəzirdi ki,
guya KQB-nin adamıdı... O zaman mən Nizami adına Ədəbiyyat
İnstitutunda baş elmi işçi işləyirdim və səhəri
gün işə gedəndə bizim direktor müavini Kamal
Talıbzadə dedi ki, mədəniyyət naziri Zakir
Bağırovun köməkçisi telefonla zəng edib, nazir
mənimlə təcili görüşmək istəyir.
Zakir Bağırov
İlyas Əfəndiyevin uşaqlıq dostu professor Əhəd
Bağırzadənin bacısı oğlu idi, atası Nəriman
bəy isə mənim babam, yəni İlyas Əfəndiyevin
atası Məhəmməd Əfəndi ilə yaxın dost
olmuşdular, bizim də aramızda ilıq bir münasibət
var idi, amma o vaxta qədər mən onun Mədəniyyət
Nazirliyindəki iş otağında olmamışdım.
Mən Mirzə Fətəli
Axundov haqqında pyes yazmaq istəyirdim, annotasiyasını
nazirliyə vermiş, müqavilə bağlamış,
qonorarının da 25 faizini almışdım və o zaman da
elə bildim ki, nazir mənimlə buna görə
görüşmək istəyir, amma çox mədəni bir
adam olan Zakir Bağırov hal-əhvaldan, bir-iki xoş sözdən
sonra bir az çətinlik çəkərək:
- Mənim İlyas
müəllimə deməyim yaxşı deyil, ancaq sən elə
elə ki, İlyas müəllim pyesi Türkiyənin səfirinə
verməsin...- dedi və mənim təəccübümü
görüb, kiçik bir sükutdan sonra əlavə etdi: - Səhər-səhər
mənə zəng etmişdilər... - Yenə kiçik bir
sükutdan sonra açıq-aşkar bir məcburiyyət məhkumluğu
ilə: - Mənim şəxsən səndən
xahişimdir...
İlyas Əfəndiyevin
belə məsələlərdə cod xasiyyətinə
yaxşı bələd olduğum üçün, o vaxt
Zakirlə görüşümüz barədə ona heç
nə demədim (onsuz da "Azərbaycan" jurnalında
çap edilmiş pyesi səfirə mən verməli idim), səfir
Moskvaya pyessiz getdi və bir də ancaq 90-cı illərdə
söz düşəndə rəhmətlik Zakir
Bağırovla həmin söhbətimizi İlyas Əfəndiyevə
danışdım.
O ki, qaldı, mənim
Axundov haqqında pyesimə, mən o pyesi yazmadım və ən
maraqlısı da o idi ki, məni ruhdan salan İlyas Əfəndiyev
oldu. Mən belə düşünmüşdüm ki, pyesdə
yeganə personaj Axundov olacaq və ölüm ayağında
çarpayıda uzanmış Mirzə Fətəli
özü öz həyatını danışır, fəlsəfi
fikirlərini söyləyir, əsərlərini yada salır.
İlyas Əfəndiyev nazirlik üçün
yazdığım geniş annotasiyanın surətini oxuyandan
sonra dedi ki, bu cür yazsan, darıxdırıcı olacaq,
tamaşaçı gəlməyəcək,
yaxşısı budur ki, bunu nəsrlə yaz.
Axundov haqqında nə
o pyes yazıldı (baxmayaraq ki, nazir müavini rəhmətlik
Məmməd Ziyadov tez-tez telefonla zəng edib, müqavilənin
vaxtının bitdiyini deyirdi), nə də nəsrlə nəsə
bir şey yazdım və Mədəniyyət Nazirliyindən
aldığım o 25 faiz qonararı da 1975-ci ildə
Yazıçılar İttifaqında katib işləyəndən
sonra hissə-hissə maaşımdan çıxdılar.
Bir halda ki, yuxarıda
söz Faykodan düşdü, bir söhbəti də
xatırlamaq istəyirəm.
1968-ci ilin noyabrında məni
həyatımda ilk dəfə respublikanın rəsmi nümayəndə
heyətinin tərkibinə daxil etmişdilər: Molla Pənah
Vaqifin anadan olmasının 250 illiyi münasibətilə
Moskvada keçiriləcək yubiley tədbirlərində
iştirak etməyə getdik və o vaxt mən növbəti
dəfə Fayko ilə görüşdüm, bu söhbəti
də o zaman ondan eşidib, gecə mehmanxanada dəftərçəmə
qeyd etdim. Həmin tələsik
qeydləri olduğu kimi köçürürəm:
"...Söz teatrdan
düşmüşdü. Fayko Stanislavskidən,
Nemiroviç-Dançenkodan, Tairovdan, ən çox da
Meyerxolddan danışdı. Vsevolod Meyerxoldla çox yaxın
münasibətləri olub və danışırdı ki,
iyirminci illərin birinci yarısında hansı pyesi
yazırdımsa, bitirən kimi, mütləq Meyerxoldgilə
gedib, ona oxuyurdum. Meyerxold daxilən çox iztirab çəkirdi...
Məsələ burasında idi ki, Meyerxoldun arvadı, məşhur
aktrisa Zinaida Rayxın birinci əri Sergey Yesenin idi və ondan
boşanandan sonra Meyerxoldla ailə qurmuşdu, amma buna
baxmayaraq, hərdən gizlin gedib, rəfiqəsigildə
Yeseninlə görüşürdü və Meyerxold da bunu
bilirdi... Daxili dünyaları yaşadıqları zamana, sistemə
sığmayan bu "üçlüyün" taleyi
çox faciəli oldu: Yesenin 1925-ci ilin qışında, Yeni
il qabağı intihar etdi, Meyerxold 1940-cı ildə "xalq
düşməni", "ingilis cəsusu" kimi güllələndi,
Zinaida Rayx isə ondan bir il əvvəl - 1939-cu ildə (Meyerxold
artıq həbs edilmişdi) öz evində naməlum qatil tərəfindən
on bir bıçaq yarası ilə qətlə yetirildi... Bu
sonuncu hadisəni danışanda Fayko əməlli-başlı
tutuldu..."
Bu qeydləri
yazdığım gündən qırx ildən artıq bir
vaxt keçib, amma Aleksey Faykonun eləcə tutulması indi
birdən-birə gözlərimin qabağına gəldi, hətta
orası da yadıma düşdü ki, Fayko Zinaida Rayxdan
danışanda, mənim içimdən belə bir hissiyyat
keçdi ki, deyəsən o özü də Rayxa biganə
olmayıb...
Çox incə teatr
zövqünə malik olan qoca Fayko Meyerxoldu dahi rejissor hesab
edirdi və rus teatr sənətinin inkişafında onun
misilsiz rolu olduğunu deyirdi. Mən elə bilirdim ki, Meyerxold yəhudi
idi, amma Fayko dedi ki, Meyerxold da, Rayx da təmiz almandırlar və
mən bunu Bakıda İlyas Əfəndiyevə deyəndə,
o da çox təəccüb etdi, çünki o da elə
bilirmiş ki, Meyerxold yəhudidir.
Yadımdadır ki, bu
söhbətdən bir-neçə gün sonra, Bakıda,
axşam İlyas Əfəndiyevgilə getmişdim (onda mən
Vaqif 30-dakı Yazıçılar Evində, 16 kv.m.-lik
birotaqlı mənzildə yaşayırdım), Tofiq
Kazımov da orada idi, həmişəki kimi kiçik və səliqəli
bir süfrə arxasında oturub, xırda-xırda içə-içə
(İlyas Əfəndiyev həmişəki kimi konyak, Tofiq də
həmişəki kimi araq) söhbət edirdilər və
İlyas Əfəndiyev məni görən kimi, birdən-birə
həmin Meyerxold söhbəti yadına düşdü:
- Tofiq, - dedi. - Meyerxoldun
milliyyəti nə idi? Tofiq Kazımov Moskvada,
Teatr İnstitutunda Oleq Tabakovla, Oleq Yefremovla, Yevgeni Vaxtanqovla
birlikdə Knebbelin kursunda təhsil almışdı və həmin
gün az qala yarım metr uzunluğunda olan
müştüyünə (o, müştük azarkeşi idi,
müştük yığırdı və siqareti də hər
gün müxtəlif müştüklərdə çəkirdi)
taxdığı siqaretdən bir qullab alıb:
- Necə yəni
Meyerxoldun milliyyəti nə idi? Yəhudi!- dedi.
İlyas Əfəndiyev
bir qalib səsiylə bərkdən:
- Xeyir, əzizim! - dedi.- Meyerxold alman imiş!..
ELÇİN
525-ci qəzet.- 2009.- 23 may.- S.26-30.