Atamın sevimli yazıçısı
Unudulmaz
yazıçımız İlyas Əfəndiyevin
yaradıcılığına mən lap körpəlikdən
bağlı olmuşam. Atam Yusif Şamil oğlu riyaziyyat
müəllimi olmağına baxmayaraq, bədii ədəbiyyatı,
xüsusilə nəsri çox oxuyardı. Oxuduğu əsərləri
şirin bir dillə nağıl kimi öz övladlarına -
xüsusilə mənə danışmaqdan ləzzət
alardı. "Mənə" sözünü ona görə
deyirəm ki, atamın ilk övladı olduğum
üçün bütün maraq və diqqətini mənə
yönəldirdi.
Atamın ən çox
sevdiyi yazıçılardan biri İlyas Əfəndiyev idi.
O zamanlar bu xüsusi sevgini tam dəqiqliyi ilə dərk edə
bilmirdim. Sonralar başa düşdüm ki, bu sevginin
arxasında böyük bir yazıçının zəngin
və təravətli dili, dumduru təfəkkürü,
elli-elatlı, aranlı-yaylaqlı təbiətin zəngin və
çoxmənalı təsvirləri, Azərbaycan tarixinin ən
maraqlı məqamlarına dərindən nüfuz etmə
bacarığı, xalqı - onun qədim və müqəddəs
adət-ənənələrini, məişətini, ruhunu, mənəvi
varlığını ən incə cizgilərinə qədər
bilmək, sevmək və sevdirmək qabiliyyəti, ən
böyük sevgiyə layiq insan-vətəndaş
-yazıçı keyfiyyətləri dayanırmış.
Tale elə gətirdi ki,
mənə həyatda bir neçə dəfə bu unudulmaz
şəxsiyyəti görmək, əlini sıxmaq, söhbətini
dinləmək, tövsiyələrini eşitmək xoşbəxtliyi
nəsib oldu.
1970-ci illərdə
Bakıda mədəni mərkəz kimi məşhur olan kitab
pasajı fəaliyyət göstərirdi. Mən orda kitab
dükanında satıcı işləyirdim. Satıcı
işləməyimə baxmayaraq mətbuatda müntəzəm
çıxış edir, gənc şair kimi
tanınırdım. Burda işləməyimin mənə
faydası ondan ibarət idi ki, o dövrün məşhur
yazıçı, şair və alimləri, böyük
ziyalıları maraqlı kitablar almaq üçün tez-tez
kitab pasajına gələrdilər. İlyas Əfəndiyev
bu mərkəzə daha çox gələn, daha çox
kitab alan bir yazıçı kimi yadımda qalıb. Mənim
bədii ədəbiyyata olan sonsuz marağım oranı kitab
dükanından daha çox mədəniyyət mərkəzinə,
yazıçılarla oxucuların görüş yerinə
çevirmişdi. Tez-tez yazıçı və şairlərlə
görüşlər keçirirdik. Müəlliflər
öz kitablarını avtoqrafla oxuculara təqdim edərdilər.
Bu görüşlərin ikisində İlyas Əfəndiyev
də iştirak etmişdi. Mən də sevimli
yazıçımızın avtoqraflarını
almışdım. Bu gün onları kitabxanamda əziz bir
yadigar kimi saxlayıram.
Maraqlıdır ki,
heç vaxt şeir yazmayan İlyas Əfəndiyev mənə
avtoqrafı şeirlə yazmışdı. Nurlu çöhrəsi,
işıqlı siması gözlərimin
qabağındadı. Özünəməxsus ağayana bir təbəssümlə
"sənin kitabını şeirlə yazacağam", -
deyib "Söyüdlü arx" romanına belə
yazdı:
"Nəzakətli,
sadə, nəcib bir insana –
Kitab dostu,
şeir dostu Zəlimxana".
Maraqlıdır ki,
kitablarını oxumamışdan əvvəl İlyas Əfəndiyevin
o vaxta qədər yaratdıqlarını mən nağıl
kimi, dastan kimi, bayatı kimi ürəyimə
köçürmüşdüm. Bu ifadələri gəlişigözəl
söz kimi işlətmirəm. İlyas Əfəndiyevin
yaradıcılığını dərindən izləyən
oxucular çox gözəl bilir ki, həqiqətən də
onun əsərlərində, dilində, düşüncə
tərzində bir bayatı kövrəkliyi, səhər
mehinin titrəyişi, ləpələrin
pıçıltılı dünyası var.
Az bir vaxt keçəndən
sonra atamın sevimli yazıçısı mənim
üçün ikiqat sevimli oldu. Tələbəlik illəri,
Bakının qaynar ədəbi həyatı, Azərbaycan
Milli Dram Teatrında onun dalbadal tamaşaya qoyulan, səhnədən
düşməyən əsərləri, o vaxta qədər
yazıçı kimi sevdiyim İlyas Əfəndiyevi dramaturq
kimi də mənə sevdirdi. Onun bütün səhnə əsərlərinə
sevə-sevə, böyük məhəbbətlə
baxmışam. Ədəbiyyatımızın
ağsaqqalı, nəsrimizin şairi, daramaturgiyamızın
sütunu, böyük Cabbarlının ləyaqətli varisi,
lirik və romantik duyğularımızın tərcümanı,
adında, soyadında, atasının adında iki peyğəmbərin
adını, soyadını və əfəndiliyini
yaşadan, ədəbiyyata "Kənddən məktublar"la,
dramaturgiyaya "İntizar"la gələn, lakin heç
vaxt oxucularını intizarda qoymayan bir
yazıçı-şəxsiyyət haqqında söz demək
hər bir qələm sahibi kimi, mənim üçün də
böyük şərəfdir.
82 il ömür sürən,
60 il ardıcıl, fasiləsiz yaradıcılıqla məşğul
olan, Azərbaycan dramaturgiyasına 19 səhnə əsəri
bəxş edən, 50 ildən çoxdur ki, əsərləri
səhnədən düşməyən İlyas Əfəndiyev
bu illər ərzində neçə-neçə nəslin,
gəncliyin tərbiyəsində, kamilləşməsində,
püxtələşməsində görün nə qədər
heyrətamiz və əvəzsiz bir iş görüb.
İlyas Əfəndiyevə
bu düşünmək hünəri, axtarmaq qabiliyyəti, yazmaq
eşqi, yaratmaq ehtirası hardan gəlmişdir? Birinci növbədə
Allahın verdiyi fitri istedaddan! Qarabağdan, Cıdır
düzündən, İsa bulağından, Daşaltıdan,
indiki Füzulidən, o zamankı Qaryagin rayonunun
aranlı-yaylaqlı, dağlı-binəli mənzərələrindən,
bu yollarda köç-köç olan ellərin zilli-bəmli
nəğmələrindən, bəy qızı Bilqeyis
xanımın uzun qış gecələrində
danışdığı nağıllardan, əfasnələrdən,
Qarabağ bəylərinin keşməkeşli taleyindən,
qaçaqların sərgüzəştlərindən!
İlyas Əfəndiyev
kənddən, təbiətdən, torpaqdan gətirdiyi
könül sərvətiylə kifayətlənmədi,
öz daxili dünyasını Tolstoyla, Dostoyevski ilə,
Stendalla, Servanteslə, Balzakla, Floberlə, Dikkenslə, "Don
kixot"la, "Robinzon Kruzo" ilə, "Hərb və
sülh"lə, "Səfillər"lə zənginləşdirdi.
Mütaliəni və müşahidəni qoşa qanad elədi.
Mehdi Hüseyn kimi
yazıçı, Adil İsgəndər kimi rejissor, Soltan
Hacıbəyov kimi bəstəkar, Cəfər Cəfərov
kimi teatrşünas, oxucu kimi arxa, xalq kimi dayaq hər millətin,
hər yazıçının qismətinə düşən
xoşbəxtlik deyil.
Mən İlyas Əfəndiyevin
çoxsaylı dostlarından bir neçəsinin
adını çəkdim. Əslində dövrün
böyük ziyalılar ordusunun, milli ruha sahib olan insanların
əksəriyyəti bu böyük yazıçı ilə
dostluq eləməyi özlərinə şərəf bilirdilər.
Çünki İlyas Əfəndiyev sözün
böyük mənasında əsli-nəsli, nəsil şəcərəsi
uca olan işıqlı bir mərhələnin barı-bəhrəsi
idi. Təsadüfi deyil ki, Nazim Hikmət kimi, Səməd
Vurğun kimi böyük şəxsiyyətlər onun
çoxşaxəli yaradıcılığına
böyük qiymət veriblər.
Onun qələmi
xalqımız üçün həmişə əziz olan
Natəvan obrazını - Azərbaycan qadınının və
qadınlığının ucalığını, qeyrətini,
milliliyini və bəşəriliyini, dövlətçilik təfəkkürünü
millətə təqdim edib, milyonlarla oxucunun varına, xəzinəsinə
çevirib.
İlyas Əfəndiyev
üzünü həmişə xalqa tutdu, "Sən həmişə
mənimləsən" dedi, xalq həmişə onunla oldu.
İlyas Əfəndiyev
könül saraylarının büllur saraylardan qat-qat
varlı və zəngin olduğunu qələmin
hökmüylə möhürlədi.
İlyas Əfəndiyev
gündəliklər məhv olsa da, sevginin, məhəbbətin
heç vaxt məhv olmadığını, əbədi
yaşadığını tamaşaçılara çatdırdı.
İlyas Əfəndiyev
sevgililərin cəhənnəmdə vüsalını təsvir
etməklə böyük sevginin cəhənnəmin
özünü də cənnətə döndərmək
qüdrətini bizə göstərdi.
"Geriyə baxma,
qoca", - desə də, tarixə, kökə, yaddaşa,
keçmişə böyük ehtiramla yanaşdı,
aydın sabahlara boylandı, "Körpüsalanlar"la
özü ilə xalq arasında dayağı sarsılmaz,
tağı yıxılmaz mənəvi körpülər
saldı.
"Valehlə
Sarıköynəyin nağılı"nı oxuyanda elə
bil ki, "Əsli və Kərəm"i, "Abbas və
Gülgəz"i yenidən oxuyursan. Hər dəfə
aldı Valeh, aldı Sarıköynək deyəndə
özünü boy boylayan, soy soylayan ozanlar məclisində
hiss edirsən. Ancaq bu romanın ruhu dil və üslub
baxımından folklor motivlərinə söykənsə də,
əsərdə yaradan, quran, öz alın təri, əl
qabarıyla əsrin, zamanın yeni dastanlarını yaradan,
öz halal zəhmətiylə daha da uca və qürurlu olan fədakar
insanları görürsən.
İlyas Əfəndiyevin
Azərbaycan ədəbiyyatı qarşısında xidmətləri
nədən ibarətdir? - sualına mənim cavabım belə
ola bilər:
İlyas Əfəndiyev
Cəfər Cabbarlıdan sonra Cabbarlı səviyyəsində
səhnəmizi yaşadan və zənginləşdirən tək
yazıçıdır (həm kəmiyyət, həm də
keyfiyyət baxımından). Onun
yaradıcılığı dilimizə təmizlik, ruhumuza
saflıq, fikrimizə aydınlıq, əqidəmizə
böyüklük, nəsrimizə və dramaturgiyamıza
lirizm və romantizm bağışladı. Millət
üçün bundan böyük sərvət, dövlət
üçün bundan zəngin xəzinə yoxdur. Budur xəlqi
və milli, budur dünyəvi və bəşəri
yaradıcılıq.
İlyas Əfəndiyevin
şəxsiyyətinin və
yaradıcılığının vəhdəti məndə
belə bir məntiqi nəticə yaradır. O, bir ziyalı
kimi keçmişin və gələcəyin, dünənin və
sabahın, kəndin və şəhərin, sevənlərin
və sevilənlərin, gənclərin və baharın
yazıçısıdır!
İlyas Əfəndiyev
Azərbaycan xalqının azadlığı, müstəqilliyi
uğrunda vuruşan, çarpışan, məğlub olan, qələbə
çalan fədailərdən biri olub desəm, qətiyyən
səhvə yol vermərəm. Azərbaycanın müstəqillik
mövzusu xüsusilə onun üç əsərində -
"Natəvan", "Hökmdar və qızı" və
"Şeyx Xiyabani"də çox böyük ürək
yanğısı, vətəndaşlıq qeyrəti ilə
oxucuya təqdim olunur. Bu əsərlərdə qoyulan problemlər,
qaldırılan məsələlər, öz haqqı və
hüququ uğrunda vuruşan, çarpışan talelər,
günahlarımız, səhvlərimiz,
aldanışlarımız, qəhrəmanlığımız
elə bir bədii sənətkarlıqla təqdim olunur ki,
oxucunun, dinləyicinin, tamaşaçının ürəyi
parçalanır, tükləri biz-biz olur. Natəvanla Xasay
xan Usmiyevin qarşılaşmaları, İbrahim xanla Cavad
xanın, İbrahim xanla qızı Ağabəyim
ağanın qarşılaşması bugünkü səhvlərimizin,
günahlarımızın, biganəliyimizin kökünün
harda olduğunu çox dəqiqliklə, həssaslıqla bizə
göstərir. Bu məntiq bizə deyir ki, İlyas Əfəndiyev
yaradıcılığı bir güzgüdür, bu
güzgüyə bax, özünü tanı, gözəlliklərini
də gör, çirkinliklərini də.
Uğurlarını da gör, qüsurlarını da!
Bu əsərlərdə
müəllif yazıçıdan daha çox tarixçi
kimi çıxış edir. Tariximizdəki qara ləkələrin
səbəblərinə və səbəbkarlarına
qarşı bir hakimə çevrilir, hökm
çıxarır, ittiham edir, atəş açır, od
püskürür, həyəcan təbili çalır,
"Ayıl, ey millət", - deyir.
Bu yerdə - "Yeddi
"Qarabağnamə" var, İlyas Əfəndiyevin
yaradıcılığını mən səkkizinci
"Qarabağnamə" hesab edirəm" - deyən
böyük vətəndaş tənqidçimiz Yaşar
Qarayevi tamamilə haqlı hesab edirəm.
Səkkizinci
"Qarabağnamə" və İlyas Əfəndiyev.
Çox dürüst və dəqiq deyilmiş bu ifadə
böyük yazıçının həyat və
yaradıcılığına verilmiş halal bir qiymətdir.
Torpağını, vətənini, millətini, dövlətini,
tarixi keçmişini sevən insanlar üçün bu halal
qiymət heç vaxt öz dəyərini və çəkisini
itirməyəcək.
Atamın sevimli
yazıçısı, mənim sevimli yazıçım
sabah da övladlarımın, nəvə və nəticələrimin
sevimli yazıçısı olaraq hər gələn nəsillə
yenidən kəşf ediləcək, oxunacaq, xatırlanacaq.
Bizdən salam olsun xatirəyə
dönənlərə, yaddaşlara köçənlərə,
xalqın tərcümeyi-halına çevrilənlərə,
xatırlananlara, İlyas Əfəndiyev kimi ruh və qələm
sahiblərinə!...
15.05.2009
Zəlimxan YAQUB,
xalq şairi
525-ci qəzet.- 2009.- 23 may.- S.25.