Natiq Rəsulzadənin qırx illik axtarışları tərəddüdləri

 

O, ədəbiyyata qırx il (dəhşət!) əvvəl gəlib. Doğrusu, gəlməyib, hətta sıçrayış edib, baxmayaraq ki, o dövrdə Elçin, Anar, Əkrəm Əylisli kimi "ağırçəkili" cavanlar meydan sulayırdı. Moskvada məşhur Qorki adına Ədəbiyyat İnstitutunu yenicə bitirib vətənə qayıdan Natiq Rəsulzadə hardasa çox incə bununla bərabər inamlı addımlarla ədəbi mühitdə yerini tutdu. Onun hekayə povestlərini dünyanın ən böyük ən mütaliəli ölkəsinin "qalın" jurnalları həvəslə dərc edir, ən nüfuzlu sovet ədiblərinin dilindən əsərləri haqda rəylər səslənirdi. Onlardan bir neçəsini misal gətirək:

"Natiq siz, öz söz ehtiyatını artırmağa səy göstərməyən bir çox yazıçılarımızdan dil sarıdan üstünsüz" (V.Katayev), "Sənin povestini demək olar ki, birnəfəsə oxudum... Dil yığcam və eyni zamanda obrazlıdı, qəhrəmanlar canlı, cəzbedici təqdim olunub" (A.İvanov), "Maraqlı dramaturgiya və dilin parlaq obrazlılığı bu gənc yazıçının yaradıcılığını digərlərindən fərqləndirir" (V.Lidin).

Qırx il əvvəl Natiq Rəsulzadə ədəbiyyata gənclik həvəsli qalib kimi gələrkən qəti əmin idi ki, sevimli işinə heç vaxt xilaf çıxmayacaq. Bu çox çətin, bəzi məqamlarda isə mümkünsüz bir şey idi, amma Natiq həmişə olduğu kimi bu gün də sevgisinə sadiqdi. Və qeyd eləmək yerinə düşər ki, bu məhəbbət qarşılıqlı oldu. Hər halda, kitablarının sayı (dünyanın ən müxtəlif ölkələrində nəşr olunmuş otuzdan artıq kitab) və layiq görüldüyü ədəbi mükafatlar deməyə əsas verir ki, Natiq Rəsulzadəni şəkk-şübhəsiz alınmış yazıçı hesab eləmək olar.

...Bu da N.Rəsulzadənin yubileyinin astanasında çıxan iki yeni kitabı: "Tələ" və "Adacıq". Bu kitablara 70-80-ci illərdə yazılmışlarla yanaşı, yeniləri, indiki dövrdə qələmə alınanları da daxil edilib. Bu iki kitab müasir Azərbaycan nəsrinin ən istedadlı və orijinal düşüncəli nümayəndələrindən birinin yaradıcılıq axtarışları haqqında kifayət qədər bitkin təsəvvür yaradır. Elə onlar haqqında da danışacağıq.

Yaxşı olardı ki, məhəbbət hekayələrindən başlayaq. "Sevgi ili", "Çeburaşka", "Tələ", "Oğru", "Pəncərə" - bu hekayələrdən kişi və qadın münasibətləri zamanı bir-birini sıralayan ehtiraslar, həyəcanlar, ümumiyyətlə, hisslər qamması boylanır.

Məhəbbət mövzusu Natiqin dünyasında samballı yer tutsa da həzin, lirik motivlər onun yaradıcılığına yabançıdı. Onun məhəbbət hekayətləri həyatın özü qədər ağırdı. İki nəfərin məhəbbəti Natiqin hekayələrində demək olar ki, hər dəfə faciəvi sonluqla bitir: ya kişi, ya qadının ölümü, yaxud da ölümün özü qədər ağrılı ayrılıq.

Bununla yanaşı Natiqin məhəbbəti həyatın məşəqqətlərini, cismani əzabları daşımağa imkan verən, insanı əhatə eləyən ədalətsizlikləri onun gözündən qaçıran dünyanın ən gözəl hissidi. Və həmin o məhəbbət qeyb olanda həyat boş və boz bir anlama çevrilir.

Məhəbbətin ötəriliyi yazıçının əksər hekayələrinin leytmotivini təşkil edir. O məhəbbət ki, alınmadı, amma alınsaydı həyatın mənasına çevrilərdi. Bəzən məhəbbət Natiqin qəhrəmanlarını çox gec tapır: "Pəncərə" hekayəsində gənc qaçqın qıza vurulan və bu sevgiyə həyatını qurban verən 70 yaşlı rəssamı gəlib tapdığı kimi.

Əgər məhəbbət baş tutubsa, bu halda da onu ya təhlükə, ya da tələ gözləyir. Tələ sözüylə eyniadlı olan hekayə Natiqin məhəbbət mövzusunda qələmə aldığı ən güclü və təsirli hekayələrdəndi. Məhəbbət çox saf və məsum bir hissdi, kobudluq və riyakarlığın, bozluq və düşkünlüyün hökm sürdüyü bu dünyada onun yeri rahat deyil.

"Bazar, dözülməz gündü" hekayəsində bir vaxtlar qəhrəmanlarını - Qadını və Kişini birləşdirən hisslərin sönməsindən söhbət açılır. Bu sönmə hardasa get-gedə cismani sonluğa çevrilir. Bu, qəhrəmanları əhatə edən mühitə və şəraitə uyğun baş verir. Bu məkan gah cansıxıcı subay yataqxana otağı, gah göy üzünü örtən və uzandıqca uzanan sıx dumana bürünmüş Moskva küçələri, gah da sentyabrın leysan yağışlarında yuyunan bir cənub şəhəridi. Bütün hallarda hətta təbiət də hekayənin qəhrəmanlarını ümidsiz qoyur. Yalnız ölümün müjdəçisi olan ayrılığın gəlişiylə "nəsə ələgəlməz, amma ən əhəmiyyətli" olan onların içində qırılır.

Müəllifin özü kimi əksər qəhrəmanları da rifahın, toxluğun hər vəchlə qazanılmasının əleyhinədir. Odur ki, həyatın amansız keşməkeşlərində Natiqin bir pyesinin adı kimi sərgərdana çevrilirlər. Onlardan çoxu hətta yaşları altmışı, yetmişi adlasa da ruhən uşaq kimi qalıb. Məsələn, "Pəncərə" hekayəsində öz evinin divar, pəncərə və qapılarına vəhşi quşların, ilahi gözəlliyə malik kəpənəklərin şəklini çəkən, həmkarlarının uğuruna səmimiliklə sevinən və gözəllik qarşısında baş əyən rəssamı yada salaq. Yaxud, çox gözəl "Xor adamı" pyesində varlı həyat yoldaşının mafioz qohum-əqrəbasının "tərbiyə eləyə bilmədiyi" vokalçı Fazil.

Amma bütün bunlarla bərabər yəqin ki, yazıçının əsas düşməni laqeydlikdi. Bu mənada, təsirli "Uzunqulaq, uzunqulaq haqqında..." hekayəsi xarakterikdi. Bu hekayə sanki hardasa əfsanəvi fransız yazıçı Antuan Sent-Ekzüperinin "Balaca şahzadə"sindəki məşhur "biz öyrətdiklərimizə görə, cavabdehik" cümləsiylə səsləşir. İnsanlar onlara inanan, özlərinə öyrətdikləri bu nəvazişli, məsum heyvana, uzunqulağa qarşı xilaf çıxırlar. Bu heyvan insanların unutqanlığı və əzazilliyi ucbatından ins-cins olmayan adada ölür. Natiqin əksər qəhrəmanları da bax, eynən beləcə, onları əhatə edən bu acı gerçəkliyin vəhşiliklərinə və etinasızlığına tab gətirməyərək ölürlər. Taleyin oyunları qarşısında acizlik... Bu ekzistensial motivlər yəqin ki, Natiq Rəsulzadənin böyük Kyerkeqor, Sartr, Kamyu ilə tanışlığından irəli gəlir. Natiq cavanlıqda onların əsərlərindən çox təsirləndiyini etiraf edir.

Adi, uğurlu talelər Natiqi maraqlandırmır, onun üçün maraqlı olan ruhuna iblis girmiş, yaxud içini ilbiz basmış insanlardı, çünki qeyri-adi, qəribə hadisələr ("Təzyiq") məhz onların başına gəlir ki, bu da çox hallarda faciəvi sonluğu təmin edir. Və müəllifin qənaətincə, məhz belə məqamlarda maskalar cırılır, yalnız ölümün astanasında biz öz kimliyimizi dərk edir, bu vaxtacan hansı cildlərə düşdüyümüzü xatırlayırıq. Amma bu qənaət həddən ziyadə gec hasil olur. Çünki artıq əcəl qapının ağzını kəsdirib, səndən ən qiymətli olanı - həyatı almağa hazırlaşır. Və məhz bu məqamda elədiyin səhvlərə görə cavab verməlisən.

Fantastika, fantasmaqoriya elementləri ("Ev" povesti, "Cazibə" "Qardaş" hekayələri), absurd, qeyri-adi şəraitlərdə sənətkar təxəyyülü ilə gerçək hadisələri cilalamaq müəllifə insan xislətinin bu və digər tərəflərinə sanki mikroskop altında baxmaq və onu ən xırda detallarına qədər öyrənmək üçün lazımdı. Bu şəraitdə onun qəhrəmanlarının yaxşı (yaxud pis) tərəfləri daha çılpaqlıqla üzə çıxır.

Natiqin qəhrəmanları tez-tez onun bədii təxəyyülünün gücüylə ekstremal vəziyyətlərə düşürlər və bu zaman onun və yaxınlarının bu və ya digər obrazının hansı xarakter nümayiş etdirəcəyindən asılı olur. "Ev" povestində qəhrəman yaşamaq əvəzinə mövcud olmaq, yaşamağı imitasiya etməkdənsə ölümü üstün tutur. Müəllifin fikrincə, yeknəsəklik, bozluq, gündəlik qayğılar istedadı, insandakı Allah vergisini məhv edir. Və bu yeknəsəklikdən yeganə çıxış yolu qiyam, üsyandı və hətta əgər bu qiyam sonda qəhrəmanı məhvə aparsa belə.

"Ev" çox güman ki, Natiq Rəsulzadənin daha parlaq, daha sirli əsəridi. Bu əsər hətta mütaliə edib qurtardıqdan sonra da küt ağrı kimi oxucunu rahat buraxmır, onu müəllifin təqdim etdiyi vəziyyət barədə düşünməyə və təhlillər aparmağa vadar edir.

Əsl ədəbiyyat çoxmənalıdı, onun batinində xeyli nüans və çalarlar gizlənib. Odur ki, oxucular Natiqin nəsrində şəxsən axtardıqları suallara cavab tapmaq istəyirlər. Kimlər üçünsə "Ev" bozluğa və həyatın yeknəsəkliyinə qarşı bir qiyam, kimlər üçünsə qürura və yekəxanalığa qarşı ədalətli cəzadı. "Ev"in qəhrəmanı mövcud olduğu cansıxıcı mühitdən bezərək qaçır və qəribə, yarımhavalı insanların yaşadığı adaya düşür. Bir müddətdən sonra bu adadakı həyat da ondan ötrü dözülməz olur və o, yenidən qaçmağa üz tutur. Bu dəfə isə onun yolu ölümə sarıdı. Məntiq budu. Gərək olanının qiymətini, həyatının hər anını dəyərləndirə biləsən, bu həyat sənə nə qədər ağır, usandırıcı görünsə belə. Əks halda, yeganə alternativ ölümdü, çünki "həyatdan imtinanın bir yolu var: ölüm".

Natiq absurda tez-tez müraciət eləyir. Nasirin sözlərinə görə, dahi Kafka onun ən sevimli yazıçılarındandı. Əlbəttə, Qoqol və onun fantasmaqorik Peterburq povestləri də yazıçıdan təsirsiz ötüşməyib. Absurd nəsrinin xarakterinə daha uyğun gələn nümunə "Duel" və "Tramvay" hekayələr idi. Bu absurd ab-havanın və fantastik obrazların timsalında yazıçı həmçinin, respublikanın yaşadığı 90-cı illərdəki ağır vəziyyəti təsvir edib. Belə ki, qəribə vaqon başçısıyla hara ünvanlandığı bilinməyən qatar sonda sərnişinlərini dərin meşəyə gətirib çıxarır. Canavar adamların meşədən gələn ulartısı 90-cı illərdə respublikada baş verən hadisələrə işarə kimi səslənir və həmin o dövrdəki qeyri-müəyyənliyi, qarmaqarışıqlığı və ümumi çaşqınlığı çox mükəmməl əks etdirir.

Öz əsərlərində nə qədər fantastik vəziyyətlər yaratsa da yazıçı gerçəyi təsvir eləyir. Bəzən ehtirasları daha da qızışdırıb, rəngləri daha da qatılaşdırsa da, Natiq Rəsulzadənin hekayə və povestlərində hər şey kifayət qədər zamana uyğun əks edilib. Məhz buna görə onun əsərləri insanı içəridən tərpədir, düşüncələrə qərq edir, bəzən gündəlik həyatda bizi əhatə eləyən ədalətsizliklərə və eybəcərliklərə qarşı etiraz oyadır.

Bununla yanaşı, Natiq Rəsulzadənin əsərləri hansısa pafosdan, patetikadan tamamilə xalidi. Onlar bilərəkdən söndürülüb. Yazıçı oxucunu bu dünyaya niyə gəldiyi və bu dünyada özündən sonra nə iz qoyacağı barədə düşünməyə vadar edir.

Yazıçı ara-sıra şöhrətin, uğurun və maddi rifahın dəyərləri barədə məsələlərə müraciət eləyir. Bu, əbədi mövzudu. "Xilas və rəhm elə" hekayəsində yazıçı oğlunun faciəvi ölümündən sonra qəflətən oxucu rəğbəti, dəhşətli populyarlıq qazanır. Get-gedə o, bu populyarlığa dəbdəbəyə öyrəşən kimi uyğunlaşır, şöhrətin dənizində üzür. Qəflətən həyat yoldaşının ünvanladığı "Vicdanla de, indi oğlumuzun bizimlə birgə olması naminə sən hər şeydən imtina edərdinmi?" sualı onu səksəndirir. Bu sualda böyük məna gizlənib. Çünki çox vaxt ağlasığmaz şöhrət və populyarlıq yazıçını öz-özündən, öz varlığından, dev yuxusuna getmiş vicdanından ayırır. Natiq Rəsulzadənin bu suala cavabı birmənalıdı: "...Allah insanı yaradır, peşəni yox, insanı yaradır, iş-güc sonranın işidi, çox şey təsadüfün, insan isə Allahındı və əgər səni bu fikirlərə arvadının sualı qərq edibsə, onda nə insansan?"

Yazıçının düz on il əvvəl elədiyi etiraf bu mövzuya qüvvət kimi də səslənə bilər: "Populyarlıq yazıçı üçün zəruridi, amma bu, çox davam eləməməlidi. Bu, qızılça kimi ötəri bir şey olmalıdı, gərək keçirəsən vəssəllam. Populyarlığı uzun müddət səngiməyən yazıçı son nəticədə ona işləməyə məhkum olur. Populyarlığını daha da artırır, həmişə üzdə olmağa, dillərdə gəzməyə, hər şeyin mərkəzində qərar tutmağa can atır. Qısası, populyarlığı üçün yaşayır. Bu isə düzgün deyil, yazıçı həyatı belə olmamalıdı, ümumiyyətlə, bu, həyat deyil. Yazıçı həyatı məna, sakitlik, hətta deyərdim ki, sükut tələb edir. Həyatın elə bir anı gələ bilər ki, populyarlıq hər şeyi məhv edər".Zamanı bir neçə il geri qaytarsaq, deməliyik ki, Natiq Rəsulzadənin yaradıcılıq yolu heç də həmişə hamar olmayıb. Yetmişinci illərin sonunda o, kəskin sosial problemlərdən bəhs edən bir neçə əsər yaratdı ki, bu da mədəniyyətə məsul yüksək çinli məmurların etirazına səbəb oldu. Məsələn, onun yaradıcı həyatında Bakı "sexovşik"lərindən bəhs edən "Gecənin atlısı" povesti DİN-də və DTK-da qızğın müzakirələrə səbəb oldu. Natiqin moskvalı həmkarları heyrət içindəydilər: "Belə bir əsəri necə çap elətdirə bilmisən?" Gənc yazıçının başının üstünü qara buludlar alanda və onun kitabları respublika nəşriyyatlarının tematik planlarından çıxarılanda məsələyə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi İmran Qasımov qarışdı. Onun Mərkəzi Komitənin məhz hansı məmuru ilə danışdığını bilməsəm də Natiq tezliklə İ.Qasımovun kabinetinə çağırıldı.

Elə buradaca ona faktiki bəraət verildi və respublikanın rəhbərinin sözləri diqqətinə çatdırıldı: "Heydər Əliyeviç dedi ki, Rəsulzadənin əsərləri respublikada "əyriliyə" və rüşvətxorluğa qarşı aparılan mübarizənin tərkib hissəsidi". Bu, faktiki olaraq, yaşıl işıq, gənc yazıçıya himayədarlıq idi. Bundan sonra Natiqin tərcümeyi-halında ən məhsuldar dövr başlanır. Təsadüfi deyil ki, 1984-cü ildə o, ümumittifaq miqyaslı, nüfuzlu N.Ostrovski adına mükafata, bir il sonra isə Azərbaycan komsomolu mükafatına layiq görülür.

Natiqin povest və hekayələrinin yazıldığı dil haqqında da bir neçə kəlmə söz deməyə bilmərəm. Gənc Azərbaycan yazıçısının "böyük və nəhəng" dili mükəmməl mənimsəməsi barədə böyük rus yazıçısı Valentin Katayevin dedikləriylə tamam razıyam. Bəli, o, rus dilini həqiqətən də mükəmməl bilir, onun obrazlı müqayisələri, epitetləri, qəhrəmanlarının dəqiq xarakteristikaları, koloritli təsviri mənə bədii müqayisələrin əvəzolunmaz ustası Yuri Oleşanın ("Həsəd", "Üç gombul", nəsrini xatırladır. Digər ədiblər inciməsinlər, amma mənim şəxsi qənaətimcə, Natiq Rəsulzadə rus dilində yazan Azərbaycan yazıçıları arasında ən yaxşı üslubçudu.

...Yetkin yaradıcılıq dövrünü yaşayan yazıçıya yubileyi ərəfəsində bir neçə sualla müraciət etdim. Ən əvvəl öyrənmək istədim ki, bu gün özünü necə hiss edir, mütləq azadlığın gətirdiyi bu yeni, mürəkkəb şəraitdə necə yazır. O azadlıq ki, təəssüf bizə əsl ədəbiyyata kütləvi marağın azalması və oxucu auditoriyasının sürətlə daralması fonunda gəlib çatdı.

Natiqin mənə cavabı belə oldu:

"Bilirsən, 90-cı illərdə məndə olan o çaşqınlıq hissi ötüb keçdi. Biz, sovet yazıçıları üstün şəraitə, kitablarımıza görə, yaxşı yaşamaq üçün heç də az olmayan qonorar almağa öyrəşmişdik. Yadımdadı, 70-ci illərdə Qabriel Qarsia Markes "Literaturnaya qazeta"ya geniş müsahibəsində demişdi ki, bəs bizdə tiraj siyasəti düzgün qurulmayıb. Böyük Şopoxov on milyon tirajlı "Sakit Don"a görə cəmi 10-20 min rubl qonorar alır. Bununla belə yazıçılar digər yaradıcı sahələrin nümayəndələri cüzi əməkhaqqı alan fəhlə qulluqçularla müqayisədə kifayət qədər varlı görünürdülər. Bütün bunlar dağılanda çaşqınlıq, sənin heç kimə lazım olmadığın kimi bir hiss yarandı. Amma get-gedə bizlərə aydın oldu ki, bu, bütün dünyada müşahidə olunur. Ciddi ədəbiyyatın məqsədinin elitarlıq, onun aqibətinin isə təbii ki, az tiraj olmasıyla barışmaq lazımdı. vicdanla, populyarlığa can atmadan işləmək lazımdı...

Yazıçı ilk oxucu, ilk redaktor və ilk senzordu. O bütün yazılanları özündən keçirməlidi. Və yalnız özü özündən razı qaldığı halda yazılanları işığa çıxara bilər".

Fikrimcə, əsl yazıçı heç vaxt özündən razı qalmır. O, həmişə tərəddüd içindədi, daima yeni üfüqlər, yeni mövzular, yeni qəhrəmanlar axtarışındadı. Heç vaxt eşitməmişəm ki, Natiq Rəsulzadə özü haqqında yüksək fikirdə olsun. O, həmişə sadə, təvazökar və tamamilə iddiasızdı. Bu haqda akademik Bəkir Nəbiyev də öz sözünü dilə gətirib. Bəkir müəllim deyir ki, Natiqi görəndə mən həmişə müdrik xalq kəlamını xatırlayıram: "Ağac bar verəndə başını aşağı əyər".

...Qırx il əvvəl yazıçılıq Natiq Rəsulzadənin həyatının mənasına və sevgisinə çevrildi. 1999-cu ildə müstəqil Azərbaycanın prezidenti Heydər Əliyev onun peşəsinə bu sədaqətini yüksək qiymətləndirib 50 yaşında Natiqi "Azərbaycanın əməkdar incəsənət xadimi" adına layiq gördü. İnanmaq istərdik ki, istedadlı Azərbaycan yazıçısı və dramaturqunun əməyinin dövlət tərəfindən təsdiqi bu gün də Natiqdən yan ötməyəcək. Onun rəngarəng nəsri, çoxjanrlı dramaturgiyası, yazdığı ssenarilər və bu ssenarilərə çəkilən filmlər ümumilikdə Azərbaycan mədəniyyətinə əvəzolunmaz töhfədi. Öz dostuma və həmkarıma arzum budur ki, o, heç vaxt ən qiymətli keyfiyyətlərindən birini itirməsin - insanı anlamaq və onun dərdinə şərik olmağı. Axı, böyük sənət əsərləri də məhz elə anlamaqdan və dərdi duymaqdan doğulur.  

 

  

Elmira Axundova,

yazıçı-publisist

 

52qəzet.- 2009.- 23 may.- S.20.