Ədəbiyyat əxlaqi dəyərlərin keşiyində
"QIRXINCI OTAQ"IN MÜƏLLİFİ
HÜSEYNBALA MİRƏLƏMOVA AÇIQ MƏKTUB
Hörmətli
Hüseynbala müəllim, oxucular Sizi maraqlı, gərgin və
həyati süjetlər əsasında qələmə
alınan romanlar müəllifi kimi tanıyırlar. Zəngin
həyat təcrübəsi olan, neft sənayesinin müxtəlif
sahələrində çalışmış peşəkar
mühəndis, yazıçı olan Siz həyatı və
insan talelərini ədəbiyyatdan yox, həyatın
özündən tanıyırsınız. Sizin əsərlərinizdə
qadın talelərinin və obrazlarının təsviri
xüsusilə maraqlı və təzə alınır. Ona
görə də hər yeni əsəriniz maraqla oxunur, nəsrimizi
real həyat materialı, insan taleləri ilə zənginləşdirir.
Bu xüsusiyyətlər Sizin
populyarlığınızın əsas səbəbləridir.
Sizin "Azərbaycan"
jurnalının 2009-cu il 1-ci sayında dərc olunan yeni
"Qırxıncı otaq" romanınızın süjeti
digər əsərləriniz kimi qadın taleyi üzərində
qurulub. Romanlarınızda özünə yer tutmuş mürəkkəb
taleli qadın obrazları həyat yollarının müxtəlifliyi,
müxtəlif sahələrə aidiyyəti ilə diqqəti
cəlb edir və bəlkə də əsərlərinizə
oxucu marağını şərtləndirən əsas amillərdən
biri olur. Sizin yaratdığınız qadın surətləri
bir qayda olaraq epizodik xarakter daşıyanda belə, canlı
olurlar, səmimiyyətləri və həyat eşqləri ilə
diqqəti cəlb edirlər.
Sonuncu romanın qəhrəmanı
Cahan bir qədər təzə tipdir. Bu qadın elmi-ədəbi
mühitə məxsus bir adamdır, şeir yazır, elmi
işlə məşğul olur. Çoxlu çətinliklərdən
sonra namizədlik dissertasiyası müdafiə edir. Lakin zahirən
çox gözəl və uğurlu görünən
qadın iki dəfə ailə qursa da, ömrü boyu tək,
qadın kimi nakam bir həyat yaşayır. Oxucu əsər
boyu onun gözəlliyi ilə talesizliyi arasındakı ziddiyyət
üzərində düşünür. Bu düşüncələrin
bir qismi elə qəhrəmanın öz xatirələrindən
gəlir.
Romanın digər qəhrəmanları
da - həm müsbətlər, həm də mənfilər, ya
elmi mühitin, ya da məhkəmə sisteminin
adamlarıdır. Əsər hər iki mühitdə baş
verən mənfi hallara, burada gedən əxlaqi deqradasiya və
aşınma problemlərinə həsr olunub. Lakin romanın
quruluşu mürəkkəbdir. Buraya məhkəmə, islah
sistemi ilə bağlı qəhrəmanlar və problemlər
də daxil edilmişdir. Cahanın həbsxanaya düşməsindən
sonra romana islah-əmək müəssisələrinə aid
maraqlı epizodlar daxil olur.
Əsər təqaüdə
çıxmaq ərəfəsində olan Adil Hüseynli
adlı bir hakimin oxucuya təqdim edilməsi ilə
başlanır və elə məhkəmə prosesi ilə də
bitir. Sonuncu məhkəmənin artıq qırxıncı
otağın yerləşdiyi binada deyil, yeni məhkəmə
binasında keçirilməsi də əsərdə
xüsusi məna kəsb edir. Siz bunu sovetlər vaxtı millətin
başına oyunlar açan, günahsız insanlara
qarşı mütəmadi repressiyalar həyata keçirən
bir sistemin sonu kimi təqdim edirsiniz. Bu baxımdan, əsərin
adına çıxarılmış qırxıncı otaq
obrazı həm də keçmiş ədalət və məhkəmə
sisteminin timsalıdır.
Romanın
sonluğundakı məhkəmə prosesinə ədəbi
bir üsul kimi də baxmaq olar. Çünki romanın sonuna
doğru elmi mühitdə yaranan və cəmiyyətə
yayılan neqativ proseslərin, mafioz halların təsviri və
bədii təqdimini elə bir mərhələyə
çatdırırsınız ki, sanki özünüz bu
mövzunu dərinləşdirməkdən vaz keçir və
ədəbiyyatda və kinodramaturgiyada tez-tez rast gəldiyimiz
sonluqdan - ədaləti bərpa edən rəmzi məhkəmə
iclasının təsvirindən istifadə edirsiniz. Əsərin
sonluğundakı məhkəmə, Cahanın oraya qalib kimi
qırmızı paltarda getməsi sizə süjeti və qəhrəmanlarınızın
taleyini şərti olaraq yekunlaşdırmaq imkanını
verir.
Romanın əsas qəhrəmanı
Cahan Axundova bu əsərdə öz nənəsi Xoşavaz
arvadın obrazından ayrılmazdır. Cahan
çoxuşaqlı ailədə böyümüş,
kiçik yaşlarından nənəsinin himayəsində
yaşamış və ondan tərbiyə almışdır.
Nənənin bütün əxlaqı tərbiyəsi və
prinsipləri xalq köklərinə bağlıdır. Cahan
bunları nəinki mənimsəyib, hətta o, nənəsindən
götürdüyü prinsiplərdən bir addım da kənara
çıxa bilmir. Həyatda bəxti gətirməyən,
çoxlu mürəkkəb vəziyyətlərə, akademik
Qaraxanlının yorulmadan qurduğu tələlərə
düşən bu mərd qadın bəzən tərəddüd
edir və öz bəxtsizliyini nənəsinin prinsipləri ilə
yaşamağında görür. Amma belə tərəddüdlər
Cahan üçün keçici hallardır, bütün
müşküllərin içindən o, üzüağ
çıxır və əxlaqi prinsiplərin müqəddəsliyi
və əvəzsizliyi qənaətinə gəlir. O, əxlaqsız,
gözükölgəli, rişxənd obyekti olub
yaşamağı rədd edir. Belə həyat hətta
yağ-bal içərisində olsa belə, yenə də
Cahan üçün qəbuledilməzdir.
Cahan bəxtsiz olsa da,
gözəl bir qadındır. Ona görə daim kişilərin
diqqət mərkəzindədir. Mərd insanlar onun əxlaqi təmizliyinə
qiymət verir və ona yüksək hörmətlə
yanaşırlar. Lakin akademik Qaraxanlı yüngüləxlaq,
rəzil bir adam olaraq naqis və qəddardır, Cahana qənim
kəsilir. Siz romanda əhatəli yer tutan Cahan-Qaraxanlı əksliyini
bəzi epizodlarda nağıl süjetinə bənzədirsiniz.
Çünki sahibsiz gözəl olan Cahana qarşı
akademikin az qala otuz il davam edən məhəbbət macərası,
onu ələ keçirmək cəhdləri bəzən
mistik bir rəng alır. Qaraxanlı qeyri-adi
ardıcıllıqla Cahanı ələ alıb
sındırmaq istəyir. Öz növbəsində Cahan da
akademik Qaraxanlıya müqavimət göstərməkdən,
onun hədə və təhdidlərini, tələ və
şirnikdirmələrini dəf etməkdən yorulmur. Romanın
sonunda Qaraxanlı Cahanın təcrübəsiz gəlininə
əl aparmağa başlayır. Cahan artıq buna dözə
bilmir və dərin ruhi həyəcan içərisində
akademik Qaraxanlını qətlə yetirir, onu "cəzasına
çatdırır".
Qaraxanlının
ölümü Qaraxanlılar nəslinin dağılması
ilə deyil, daha da quduzlaşması, qanlı üsullara əl
atması ilə nəticələnir. Siz mahir bir sosioloq kimi bu
ailənin əxlaqi prinsiplərini və simasını, sosial
təbiətini oxucu üçün açmağa
çalışır və buna nail olursunuz. Qaraxanlıların
əsas prinsipi pul və mövqe qazanmaq üçün hər
yola, hər şeyə əl atmaqdır. Ailə və məişət
pozğunluğu, şərəfsizlik onların iyrənc niyyətlərinə
nail olmaqda əsas üsullarıdır. Babaları da vaxtilə
bolşeviklərin cəza maşınını işə
salan bir xidmətçi olub. Onun hakimiyyətə yarınaraq,
bolşevik terrorunda canfəşanlıq edə-edə
böyütdüyü oğlu Aşur Qaraxanlı akademik olub.
Elmi mühiti zəhərləyən bu adam böyük bir
biznes yaradıb. Onun biznesinin əsası isə saxta dərmanlar,
gübrələr istehsal etməkdən və satmaqdan,
fırıldaqçılıqdan ibarətdir. Romanın
süjetinin inkişafında onun firmalarından biri ilə
bağlı cinayət işinə hakim Adil Hüseynin
baxması məsələsi mühüm yer tutur. Məhz bu
işdə qocaman hakim qanunun aliliyinin təmin edilməsi
üçün əsil dəyanət nümayiş etdirir. Akademikin
saxta dərmanlarının gözə görünmədən
faciələrə səbəb olması, insanların zəhərlənib
ölməsi aşkarlanır.
Səciyyəvi cəhətdir
ki, Qaraxanlıların sonuncu nümayəndəsi olan Şahin
Verdiyev də böyük vəzifəli hakimdir. Lakin hakimlik
üçün onda heç bir ləyaqət və savad
yoxdur. Öz ailə ənənəsinə uyğun olaraq o,
öz vəzifəsini də əyri yollarla
qazanmışdır. Hakimlik onun üçün pul qazanmaq
vasitəsidir. Bu, onun əsl əqidəsidir. Ona görə də
ədalətdən və düzlükdən dəm vuran Adil
Hüseynlini Şahin dəli, ağlı pozulmuş bir adam
hesab edir. Onun əqidəsincə, ancaq səfeh adan puldan imtina
edə bilər. Adil Hüseynli isə saxta dərmanlarla
bağlı məhkəmə işində öz mövqeyində
durur və ona təklif olunan külli miqdarda puldan imtina edir.
Romanda diqqəti
cəlb edən mövzulardan biri də qanun və terror
problemidir. Bu məsələnin müasir cəmiyyətlərdə
mühüm əhəmiyyət kəsb etdiyini və
insanların həyatında yer tutduğunu, ictimai rəyi necə
məşğul etdiyini izah etməyə ehtiyac yoxdur. Sizi
romanda siyasi terror deyil, ancaq iqtisadi köklərə və səbəblərə
söykənən terror maraqlandırır. Simvolikdir ki, Adil
Hüseynlinin ailəsi də metroda törədilmiş terrorun
qurbanı olub. Lakin bu namuslu qanun keşikçisi istedadlı
müəllifin - Sizin qələminizin və təfəkkürünüzün
köməyi ilə özündə daxili qüvvə
tapır, həyatın amansız sınağı
qarşısında duruş gətirir və öz insani
keyfiyyətlərini saxlayır və humanist fəaliyyətini
davam etdirir.
O nəinki Qaraxanlılar
mafiyasının ifşasında əsas rol oynayır, həm
də Cahanın həbsdən azad edilməsinə nail olur. Aydındır
ki, ölüm cinayətin ən ağırlarından
sayılır, bu tipli cinayətlərlə bağlı
güzəştlərə nail olmaq qanun baxımından
çox çətindir. Lakin böyük hüquqçu təcrübəsi
olan Adil Hüseynli bunun yollarını tapır və bu
işdə cəmiyyətin, ictimai rəyin də
imkanlarından istifadə edir. Axı o, mətbuat mühitinə
yaxın bir adamdır, hakim olmaqdan başqa həm ədalətin
alovlu müdafiəçisi olan yazıçıdır,
kitablar müəllifidir. Məhz bu xüsusiyyətləri ona
Cahanı həbsdən azad etdirməyə imkan verir.
Dünya malının
düşkünü olan Qaraxanlılarla mübarizə Adil
Hüseynli üçün prinsipial bir məsələdir. Onun
öz atası Həmid kişi də yüzlərlə digər
günahsızlar kimi onların çirkin əməllərinin
qurbanı olub. Ona görə də Adil Hüseynli
Qaraxanlılarla mübarizəni həyat qayəsi sayır və
Cahanın həbsxanadan yolladığı dəftərləri
oxuyandan sonra işə girişir və bu faktın
özündən də Qaraxanlı mafiyasının
ifşası üçün dəlillərdən biri kimi
istifadə edir. Lakin o bir insan kimi də Cahanın halına
acıyır. Düşdüyü tələdən
çıxmaqda ona kömək etməyincə, onun
azadlığa çıxmasını görməyincə
rahat olmur.
Əsərdə
Cahanın ədalətpərəstliyi ilə,
düzlüyü ilə Adil Hüseynlinin humanizmi bir-birini
tamamlayır və romanınızın humanist pafosunu
artırır. Tamahkarlıqla təmənnasızlıq,
sadəlövhlüklə hiyləgərlik, insanpərvərliklə
qəddar terrorçuluq və qaniçənlik bütün əsər
boyu döş-döşə durub mübarizə edir. Sonda isə
böyük çətinliklər, insan qurbanları sayəsində
olsa da işıq, ədalət, insanlıq düşüncəsi
qalib gəlir. Adil Hüseynlinin ölümündən sonra
üzə çıxan vəsiyyətnamə isə bu əksliyə
nöqtə qoyur: qoca hakim terror hədəfində
yaşayanda belə, özünü itirmir, öz mənzilinin
belə ədalətlə təmənnasız
qonşularına verilməsini vəsiyyət edir.
Romanda aydın şəkildə
görünür ki, bu gün terrora əl atan, xalqı
qorxutmağa çalışan qaniçən ünsürlər
əslində iyirminci ildə başlanan bolşevik terrorunu
davam etdirmək istəyənlərdir. Onlar xalqdan və ədalətli
cəzadan qorxaraq terrora əl atırlar. Siz demək istəyirsiniz
ki, qanundan qaçmaq, özlərini qan və qorxunun köməyi
ilə gizlətmək istəyən ünsürlər rəzil,
və daxilən çürükdürlər.
Qanunçuluğun təmin olunduğu cəmiyyətdə
onlara yer yoxdur, müstəqil dövlət, onun cəmiyyəti
ağı qaradan seçməyi bacarır. Cahanın amnistiya
yolu ilə azadlığa çıxması da bu həqiqətlərin
təsdiqi kimi səslənir. Müsbət, ədalətli
insanların üstünlük qazandığı cəmiyyətdə
Qaraxanlıların qara hökmü və qanlı
caynağı işləmir. Onlar qanlı əməllərlə
bu təmizlənməyə müqavimət göstərirlər,
tərəddüd etmədən qan tökürlər. Lakin cəmiyyətdə
artıq qara qüvvələrə yer yoxdur, bu qüvvələr
nə qədər vurnuxsalar da, onların qanuni cəza
alması qaçılmazdır.Romanın birinci hissəsində
belə təəssürat yaranır ki, Siz əsəri Adil
Hüseynlinin üzərində quracaqsınız. Lakin hadisələr
davam etdikcə, Cahan mövzusu süjetdə öz həcmini
artırdıqca, qocaman hakim əsərdə ikinci planda
qalır və Siz ustalıqla Cahanın maraqlı, ibrətamiz
taleyini önə çıxarırsınız. Məhz Cahan
obrazı əsərə dinamiklik gətirir və birinci hissədəki
süjet ləngliyini, dramatizmin azlığını aradan
qaldırır. Yalnız Cahan obrazının meydana gəlməsi,
onun dəftərlərinin təqdim edilməsi və Adil
Hüseynlinin bu yazılardakı həqiqətləri
oxuması romanı dramatik edir. Oxucu da Adil Hüseynli kimi
Cahanın taleyindən ayrılmaq istəmir, əsəri əlindən
qoymadan hadisələrin sonluğunu izləməyə
çalışır.
Hadisələr
inkişaf etdikcə süjet xətti sona doğru yenidən məhkəməyə
qayıdır. Adil Hüseynli ehtiyatsızlıq edib
"Qırxıncı otağın sirri" adlı
romanı bitirdiyini öz hakim yoldaşı Şahin Verdiyevə
deyir. Bu cavan qanun alverçisi isə, demə, böyük bir
mafiyanın əsas sütunu imiş. Bir gün sonra müəyyən
mənada sadəlövhlük etmiş hakimin evində cinayət
yolu ilə axtarış aparılır və romanın
hazır əlyazması oğurlanır. Adil Hüseynli
anlayır ki, bu əsərin hazır olması barədə o
ancaq məhkəmədəki 40-cı otağın hakimi
Şahin Verdiyevə söyləyib. Evin talanması da yəqin
ki, onun əmridir və əsərin sonunda hakim cildinə
girmiş bu canavarın iç üzü açılır.
Lakin bu epizod süjetyaratma baxımından əsərin zəif
nöqtəsi sayıla bilər. Çünki romanın əlyazmasının
oğurlanması Şahin Verdiyevin iyrənc simasından
örtüyü götürmək üçün vasitə
olaraq qalmır, həm də əsərdəki sirr motivinin
vaxtından qabaq açılmış olduğunu göstərir.
Siz Adil Hüseynli
obrazını müsbət qəhrəman kimi yaradırsınız.
Hadisələr bir-birini əvəz etdikcə Sizin ona aşkar
rəğbətiniz hiss olunur, bu isə obrazın müəyyən
epizodlarda birmənalı qəbul edilməsi, onun sxematik cizgilərinin
üstünlüyü ilə tamamlanır.
Adil Hüseynlinin ən
cazibədar cəhəti onun təvazökarlığıdır,
sadə bir insan olmasıdır. Qürrələnmək,
özünü dartmaq, sadə adamlara yuxarıdan baxmaq ona
yaddır. Adil sadə bir ailədən
çıxmışdır. Müharibəni ləyaqətlə,
başa şərəflə vurandan sonra doğma atası da
qırxıncı otağın badına getmişdir. Bu
otağın obrazı Adil Hüseynlinin şəxsi
axtarışları, həqiqətpərəstliyi sayəsində
simvolik bir məna daşıyır, Stalin
repressiyalarının qorxunc mərkəzi kimi ümumiləşir.
Qaraxanlılar sülaləsi də məhz bu qorxunc otaq,
müdhiş cəza maşınına xidmət sayəsində,
onun əliqanlı icraçıları olaraq yüksəliblər.
Siz Cahanın
sarsıntı vəziyyətində akademik Qaraxanlını
öldürməsi ilə romanda bir detektiv xətt
yaradırsınız. Bu xətt Adil Hüseynlinin
ölümü və Cahanın həbsxana macəraları
şəklində davam edir. Siz hadisələri o qədər
dəqiqliyi ilə qələmə alırsınız ki, bu
epizodlar əsərin gərginliyini artırır, digər tərəfdən
isə terror mövzusunun inkişaf etdirilməsinə imkan
yaradır. Bu terrorun əsas məqsədi isə qanunsuz
qazanılmış sərvətləri, ləyaqətsizliklə
ələ keçirilmiş vəzifələri qorumaqdan ibarətdir.
Qaraxanlılar mafiya olaraq qorxulu olmaqdan başqa həm də qəddardırlar.
Qan axıtmaq onların xislətindədir, öz niyyətlərinə
çatmaq, mane olanları isə aradan götürmək adi
bir vasitəsidir.
Qoca hakimin
amansızlıqla öldürülməsi oxucunu
sarsıdır, elə təəssürat yaradır ki, ədalət
bununla nazilib qırılacaq. Lakin belə olmur. Zahirən
sadə görünən Adil Hüseynli öncəgörmə
nümunəsi göstərmiş olur. Cahanla görüşə
gələndə təhlükəni və izləndiyini hiss
etdiyindən əks tədbirlər görür. Öz
ölümünü göz önünə gətirsə də
o, həqiqətin və ədalətin zəfər
çalmasını təmin etmək üçün
görüş yerinə kameralı telejurnalistləri dəvət
edir. Nəticədə Qaraxanlıların ustalıqla düzəltdikləri
sui-qəsd kameraya alınmış olur və cinayətkarların
ifşasına imkan yaradır. Lakin qoca hakimin həyatı
qurban gedir, günahsız qanı axıdılır. Ancaq bu,
romanın ümumi nikbin ruhunu dəyişə bilmir.
Çünki sonda ədalət zəfər çalır.
Hörmətli
Hüseynbala müəllim! Siz yığcam, gözəl bədii
dilə malik yazıçısınız.
"Qırxıncı otaq" romanı da dəqiq və təsirli
təbiət təsvirləri ilə yadda qalır.
Ümumilikdə yeni
romanınızı yaradıcılığınızın
yeni bir uğuru kimi qiymətləndirmək olar. Əsərin əsasında
duran əxlaqi problematika bütün indiki nəsr
düşüncəsi üçün səciyyəvi və
müştərək bir cəhətdir.
Biz keçid xarakteri daşıyan bir cəmiyyətdə yaşayırıq və bu keçid təbii ki, çoxlu əxlaqi ziddiyyətlər yaradır, müəyyən dəyərlərin gözdən düşməsi, digərlərinin isə daha vacib sayılması ilə nəticələnir. Bu prosesdə bədii ədəbiyyat və nəsr özü də əxlaqi polemikaya qoşulur. "Qırxıncı otaq" romanı bu polemikada birmənalı olaraq xalq əxlaqının, insanpərvərlik düşüncəsinin əsas dəyərlərini ehtirasla himayə edir. Romanın əsas dəyəri də, bizcə, elə bundadır.
Hörmətlə ,
Nurlana ƏLİYEVA,
filologiya elmləri doktoru,
professor