Şair Hüseyn Arif yad edilib
Dünən
Yazıçılar Birliyində (AYB) Turan Ədəbi
Birliyinin təşəbbüsü ilə görkəmli
şair Hüseyn Arifin 85 illik yubileyinə həsr olunan tədbir
keçirilib. Tədbiri giriş sözüylə açan
AYB-nin katibi Rəşad Məcid mərhum sənətkarla
tanışlığından bəhs edərək, vaxtilə
H.Arifin onun şeirlərinə "Uğurlu yol"
yazdığını bildirib. R.Məcid Azərbaycan dilinin
şirinliyini, zənginliyini öz əsərlərində
yüksək səviyyədə əks etdirən H.Arifin
yaradıcılığında ilk növbədə sadəlik
və səmimiliyin diqqəti çəkdiyini
vurğulayıb.
Turan Ədəbi
Birliyinin rəhbəri Vüsal Nuru H.Arifin poeziyası, onun ədəbi
sənətkarlığı haqqında fikirlərini
bölüşərək, mərhum şairin ədəbiyyatımızda
özünəməxsus yer tutduğunu söyləyib.
Şair Abbas Abdulla
H.Arifi qələmi və şəxsiyyətilə geniş
şöhrət qazanmış nadir sənətkarlardan biri
kimi qiymətləndirib.
"Hüseyn Arif
dövrün ədəbi-ictimai mühiti üçün
canlı əfsanə idi. Onun poeziyasının sehri, dilinin
gözəl və axıcı olması əsərlərinin
təsir gücünü son dərəcə
artırırdı. Hüseyn müəllim gənclərin
yaradıcılığına böyük önəm verir,
onları mümkün qədər dəstəkləyirdi".
Bu fikirləri isə tədbirdə şair Çingiz Əlioğlu
səsləndirib.
Yazıçı Nahid
Hacızadə, şair Adil Cəmil və digər
tanınmış qələm sahibləri də H.Ariflə
bağlı xatirələrini danışıb, onun yaradıcılığı
barədə düşüncələrini dilə gətiriblər.
71 saylı orta məktəbin şagirdləri H.Arifin şeirlərini
söyləyiblər.
Sonda
çıxış edən Turan Ədəbi Birliyinin katibi
Tapdıq Türksoy mərasimə qatılanlara minnətdarlığını
bildirib və belə tədbirlərin mütəmadi
keçirilməsinin vacibliyini vurğulayıb.
Hüsniyyə İSMƏTQIZI