Alim Qasımov rokla muğamın sintezindən ibarət dini
mahnı oxuyub
Azərbaycanın xalq artisti Alim Qasımov rokla muğamı özündə birləşdirən dini mövzuda mahnı ifa edib. Bu barədə APA-ya mahnının mətninin müəllifi, əməkdar incəsənət xadimi Baba Vəziroğlu məlumat verib. O bildirib ki, "İlahi" adlanan mahnıya "əlavə rəng qatan" Alim Qasımovun giriş hissəyə azan daxil etməsidir: "Kiçik musiqili əsərdə səsinin həm bəm, həm də zil nöqtələrini göstərən xanəndə ilk dəfə bu üsluba müraciət edib. "İlahi"ni ilahiləşdirən real namizəd məhz Alim Qasımov ola bilərdi. Seçimdə yanılmamışıq, tezliklə mahnının efir versiyasını da görmək arzusundayıq". Şairin sözlərinə görə, mahnının Naxçıvandakı "Əshabül-kəhf" ziyarətgahında ekranlaşdırılması nəzərdə tutulub. Hazırda Fransada səfərdə olan Alim Qasımovun səfərləri başa çatdıqdan sonra çəkilişlər başlayacaq.
525-ci qəzet.- 2009.- 23 may.- S.23.