"Cəhənnəmə gedən yol" tamaşası Astarada talış dilində oynanılıb

 

Astara rayonunun Kakalos kənd mədəniyyət evində yazıçı-dramaturq Azər Əliyevin "Cəhənnəmə gedən yol" əsərinin motivləri əsasında talış dilində hazırlanmış monotamaşanın təqdimatı keçirilib. Bu barədə APA-nın cənub bürosuna Astara Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şadoğlan Bayramov məlumat verib. Onun sözlərinə görə, Avropa Şurası Gənclər Fondunun maliyyə dəstəyi və "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Bərpa Mərkəzinin təşkilatçılığı ilə səhnəyə qoyulan əsərin quruluşçu-rejissoru YUNESKO-nun Muzeylər Şurasının üzvü Əfqan Şəfiyevdir. Baş rolu rayonun Pensər kənd mədəniyyət evinin "Bütəsər" bədii özfəaliyyət kollektivinin rəhbəri Səhabəddin Əhmədov oynayıb. Çağdaş cəmiyyətdə narkotika əsiri olmuş gəncləri bu bəladan uzaqlaşdırmaq məqsədinə xidmət edən tamaşanın Astaranın bir sıra yaşayış məntəqələrində, eləcə də Lənkəran, Lerik və Masallı rayonlarında oynanılması nəzərdə tutulub.   

 

 

525-ci qəzet.- 2009.- 23 may.- S.23.