Gənc pianoçuların respublika müsabiqəsinə
yekun vurulub
Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə
bu ilin aprelində keçirilən gənc pianoçuların
respublika müsabiqəsinin nəticələri məlum olub.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata
görə, müsabiqənin keçirilməsində əsas
məqsəd respublikada fortepiano ixtisası üzrə musiqi təhsilinin
inkişaf etdirilməsi, uşaq və yeniyetmələrin
estetik tərbiyəsinin yüksəldilməsi, gənc
istedadların üzə çıxarılması,
istedadlı uşaqlarla pedaqoji işin aktivləşdirilməsi,
şagirdlərin ifaçılıq səviyyəsinin
yüksəldilməsidir.
Müsabiqənin təşkilində
müasir təcrübədən istifadə edilib, I turda
iştirakçıların ifası videoyazı əsasında
qiymətləndirilib. Ən yüksək ifa nümayiş
etdirənlər II turda iştirak üçün Bakı
şəhərinə dəvət olunublar. Müsabiqəyə,
demək olar ki, bütün bölgə və şəhərləri
təmsil edən 300-dən çox şagird qatılıb.
Bakı Musiqi
Akademiyasının prorektoru Oqtay Abbasquliyevin sədrlik etdiyi,
tanınmış pianoçu və müəllimlərdən
ibarət münsiflər heyətinin qərarına əsasən,
II tura 79 ifaçı buraxılıb. II tur isə Bakı
şəhərində keçirilib. Müsabiqənin nəticələri
üzrə müxtəlif yaş qruplarında Bakı,
Sumqayıt şəhərlərindən, Naxçıvan
Muxtar Respublikasından, Abşeron və Salyan rayonlarından 21
gənc pianoçu müxtəlif dərəcəli diplomlara
və pul mükafatına layiq görülüblər.
Müsabiqədə fərqlənən, həvəsləndirici
diplom və tərifnamələrlə təltif olunan
pianoçular sırasında ölkəmizin müxtəlif
regionlarından - Bakı, Gəncə, Lənkəran,
Sumqayıt, Şəki şəhərlərinin, Abşeron,
Goranboy, Quba, Qubadlı, Salyan, Şamaxı, Zaqatala
rayonlarının uşaq musiqi və incəsənət məktəblərinin
şagirdləri yer alıb. Müsabiqəyə yüksək
səviyyədə şagird hazırladıqlarına görə
münsiflər heyətinin qərarı ilə Bakı,
Sumqayıt, Naxçıvan şəhər, Abşeron rayon,
Xırdalan şəhər, Salyan rayon, Naxçıvan MR
Şərur rayon Çərçiboğan kənd uşaq
musiqi və incəsənət məktəblərinin müəllimlərinə
fəxri fərmanlar verilib.