IX Bakı Kitab Bayramına hazırlıq yekunlaşır
AYDIN XAN: "KİTABSEVƏRLƏRİ,
ƏDƏBİYYATA BAĞLI İNSANLARI MARAQLI PROQRAM GÖZLƏYİR"
Mövcud ənənəyə uyğun olaraq, bu il də mayın 26-da Bakı Kitab Bayramı keçiriləcək. IX Bakı Kitab Bayramı, bu bayramın tarixi haqqında daha ətraflı məlumat almaq üçün tədbirin əsas təşkilatçısı olan Yeni Yazarlar və Sənətçilər Qurumunun (YYSQ) sədri Aydın Xanla söhbətləşdik.
- Bakı Kitab Bayramını təşkil etmək ideyası nə zaman yaranıb və ilk dəfə bu bayram nə vaxt gerçəkləşib?
- Kulturoloji
layihəmiz ilk dəfə olaraq 1999-cu ildə baş tutub. Hələ
Sovetlər dönəmində də hərdən kitab
bayramları keçirilərdi. Amma biz bu ənənəni,
artıq unudulandan sonra, yenidən bərpa etmək qərarına
gəldik. Doqquzuncu dəfə həyata keçiriləcək
bu tədbirə Azərbaycan Yazıçılar Birliyi, Mədəniyyət
və Turizm Nazirliyi, M.F.Axundov adına Milli Kitabxana təşkilati,
Gənclər və İdman Nazirliyi isə maddi dəstək
verir. Builki layihəyə martın 15-dən start verilib. IX
Bakı Kitab Bayramı Azərbaycan Xalq Cümhuriyyətinin 91,
Yazıçılar Birliyinin 75, Cəlil Məmmədquluzadənin
140 illiyi, "Bakı - İslam Mədəniyyətinin
paytaxtı" və Uşaq ili münasibətilə təşkil
olunub. Bu dəfə də ötən ilin ən yaxşı
kitablarının, ədəbiyyat və mədəniyyət
hadisələrinin dəyərləndirilməsilə
bağlı sənət müsabiqəsi elan etmişik.
Son zamanlar ölkədə daha çox dini
kitablar, dərsliklər və monoqrafiyalar daha çox
çap olunur. Sonrakı yerdə poeziya, bədii nəsr
nümunələri və estetik kitablar gəlir. Maraqlı cəhət
kimi qeyd etmək istərdik ki, son vaxtlar bizdə uşaq nəşrlərinin
dünya standartlarına uyğun çapı diqqəti
çəkir. "Af Poliqraf", "Təhsil",
"Tuti", "Beşik" nəşriyyatları bu sahədə
xüsusən sistematik çalışırlar. Fikrimcə,
bu da uşaq ədəbiyyatı sahəsindəki
boşluğu doldurmağa xidmət edir. Biz çox istərdik
ki, elmi-intellektual, bədii kitabların sayı daha çox
olsun. Builki kitab bayramında Misir, Türkiyə, Rusiya ilə
bağlı ayrıca stendlər təqdim ediləcək.
Bundan başqa Azərbaycanda yaşayan xalqların ədəbiyyatı,
ulu öndər Heydər Əliyevlə bağlı,
ictimai-siyasi məzmunlu, uşaq ədəbiyyatına aid stendlər
də olacaq. Qarabağla bağlı ayrıca stendimiz olmasa da,
mövzu ilə bağlı xeyli sayda kitab tədbirdə yer
alacaq.
- Nəşrləri qiymətləndirmə prosesi yekunlaşıbmı? Bu il qaliblər sırasında əsasən hansı sahələri işıqlandıran müəlliflərin adlarına rast gələcəyik?
- Artıq münsiflər heyəti qiymətləndirməni başa çatdırıb. Keçən il nəşr olunmuş ilin nəsr və şeir kitabları nəşriyyatların seçimindən sonra bizə təqdim edilib. Onların içərisindən ən yaxşılarını fərqləndirməyə çalışmışıq. Builki kitab bayramında qonaqlar bir qədər kölgədə qalmış, layiqli, amma geniş tanınmayan müəlliflərinin kitablarının mükafat almasının şahidi olacaqlar. Builki qaliblər sırasında aşıq ədəbiyyatı, yetmişinci illərdə ədəbiyyata gəlmiş bir şairin toplusu, tarixi romanlar, ensiklopedik lüğətlər və başqa sürpriz hesab oluna biləcək kitablar var. Onu da qeyd edim ki, builki nominasiyalar arasında uşaq ədəbiyyatı ilə bağlı kitablar xüsusi fərqləndirilib. Oxucuları yaxşı mənada təəccübləndirəcəyimizə ümid bəsləyirik. Ümumiyyətlə, biz hər dəfə çalışırıq ki, yeni imzaları cəmiyyətə təqdim edək. Mayın 26-da M.F.Axundov adına Milli Kitabxanada keçirəcəyimiz əsas tədbirimizdə illik milli kulturoloji mükafatın builki qaliblərini elan edəcəyik. Hər il olduğu kimi, bu dəfə də kitabsevərləri, ədəbiyyata bağlı insanları maraqlı proqram gözləyir. Tədbirimiz səhər saat 11-dən axşama qədər davam edəcək. Bu müddətdə yeni kitablardan ibarət sərgiyə ictimai milli kulturoloji baxış, illik kulturoloji mükafatın təqdimatı, innovativ dəyirmi masa, bir çox müəlliflərin yeni kitablarının təqdim olunması, imzalanma mərasimləri, yığcam və rəngarəng oyunlar, oyun qaliblərinin mükafatlandırılması nəzərdə tutulub. Ədəbiyyatsevərlərə kitablar hədiyyə edəcəyik.
- Ümumilikdə layihə çərçivəsində hansı tədbirləri keçirməyi planlaşdırırsınız?
- Mart ayından başladığımız bu layihə sentyabradək davam edəcək. Bu bayramda qalib gələn kitabları bir çox beynəlxalq yarışmaya, o cümlədən sentyabrda keçiriləcək MDB ölkələri Beynəlxalq Kitab Yarışmasına göndəririk. Bakıda keçirilən kitab bayramında qalib gələn nəşrləri Mədəniyyət və Turizm Nazirliyinə veririk, Nazirlik isə diplomatik poçt vasitəsilə onları həmin müsabiqəyə təqdim edir. Bu müsabiqə artıq yeddinci dəfədir ki, keçirilir. Bizim göndərdiyimiz kitablar indiyədək müxtəlif nominasiyalarda qalib seçilib. Onlardan "Təhsil" nəşriyyatının təqdim etdiyi "Qarabağ ensiklopediyası", "Qədim Şuşa", "Heydər Əliyev", "Şəki xanlığı" kimi kitablar sözügedən müsabiqədə fərqli nominasiyalar üzrə mükafatlandırılıblar. Bu bayramın davamı kimi sentyabrda Moskvada keçiriləcək XXII Beynəlxalq Moskva Kitab Sərgisində iştirak etməyi də düşünürük. Orada Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan kitablarından ibarət stendin yaradılmasına çalışacağıq. Qurumumuz hər il hərbi hissələrin birinə, "Ümid yeri" uşaq evinə, Heydər Əliyev adına Ali Hərbi Məktəbə kitablar hədiyyə edir, bu ənənəni qorumaq niyyətindəyik.
Sevinc MÜRVƏTQIZI