Məsud Əlioğlunun elmi irsi
"Darıxan adamlar"da toplanıb
Bugünlərdə "Təhsil" nəşriyyatında tanınmış tənqidçi və ədəbiyyatşünas Məsud Əlioğlunun "Darıxan adamlar" adlı ikicildilk kitabı işıq üzü görüb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunan topluda görkəmli şair və yazıçıların yaradıcılığına, xalqın şifahi və yazılı ədəbi irsinə, ümumiyyətlə, ədəbiyyat tarixinə aid maraqlı yazılar yer alıb. Birinci cilddə təqdim olunmuş elmi və publisistik məqalələrdə Nizami Gəncəvidən başlayaraq Səməd Vurğuna qədər milli ədəbiyyatımızın keçdiyi yola nəzərə salınıb, müxtəlif ədəbi seçmələrin bədii təhlil və tənqidi, araşdırma və tənqidçi münasibəti uğurlu əksini tapıb. Kitabın önsöz müəllifi filologiya elmləri doktoru, professor Yəhya Seyidov "İstedad və məhəbbət" adlı yazısında M.Əlioğlunu "ədəbiyyatımızın təkrarolunmaz istedada, temperamentə, orijinal xarakterə malik vətənpərvər mücahidi" kimi səciyyələndirib. Önsözdə həmçinin tənqidçinin həyat və yaradıcılıq yolundan bəhs olunub: "Məsud Əli oğlu Vəliyev 1928-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub. Orta təhsilini Bakıda tamamlayıb, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Hələ tələbə ikən müasir ədəbiyyat məsələlərinə dair tənqidi məqalələri ilə respublika mətbuatında çıxış edib..." M.Əlioğlunun 1955-ci ildə "Nəsrimizdə vətəndaş müharibəsi mövzusu"nda dissertasiya müdafiə edərək filologiya elmlər namizədi adını aldığını önə çəkən Y.Seyidov onun tənqidçilik və ədəbiyyatşünaslıq fəaliyyətində məhdudiyyət bilmədiyini vurğulayıb. Önsöz müəllifi "Milli ədəbiyyatımızın bütün dövrləri və janrlarında qələmini sınayan Məsud Əlioğlunun "Cəlil Məmmədquluzadənin dramaturgiyası", "S.S.Axundov", "Məfkurə dostları", "Ədəbiyyatımızda yeni insan", "Məslək qardaşları" kimi dəyərli əsərlər yazdığını qeyd edib. Y.Seyidov M.Əlioğlunu "təbiətcə çılğın, narahat, qəlbi həyat eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı insan kimi səciyyələndirib: "Bəlkə də elə bu səbəbdən o, milli söz sərvətimizin keçmiş və bugünkü məziyyətlərini üzə çıxarıb bu barədə ürək sözünü deməklə, tükənməz məhəbbətini bildirmək istəyib. Müəlliıfin öz sağlığında çapa hazırlanan, oxuculara təqdim olunan "Ədəbi fraqmentlər" kitabı da bu istəyin, bu məhəbbətin nişanəsidir".
Qeyd etdiyimiz kimi, birinci cilddə M.Əlioğlunun klassik söz ustadlarından N.Gəncəvi, M.Füzuli, M.P.Vaqif, M.V.Vidadi, C.Məmmədquluzadə, A.Səhhət, A.Şaiq, C. Cabbarlı M.Cəlal, Ə.Vahid və başqalarının yaradıcılığı ilə bağlı yazıları verilib.
İkinci cild isə Azərbaycan ədəbiyyatında romantizm cərəyanının görkəmli nümayəndəsi Hüseyn Cavidin irsinə həsr olunub. "Hüseyn Cavidin romantizmi", "Xəyal və həqiqət", "Hüseyn Cavidin lirikası", "Lirik qəhrəman və həyat", "Cavid qəlbinin romantikası", "Darıxan adamlar", "Hüseyn Cavidin demokratik idealları", "Təkliyin faciəsi", "Eşq və ülviyyət", "Fatehin faciəsi", "Hüseyn Cavid şeirində fəlsəfi motivlər" adlı yazılarda böyük romantik şairin bədii yaradıcılığı müxtəlif rakursdan təhlil edilib.
Sevinc MÜRVƏTQIZI