Qulu Ağsəsdən
üçüncü kitab
- Baba, sən Rəmişi görmüsən?
- Hə, bala
görmüşəm, özü də neçə dəfə..
- Bəs Qədir
Rüstəmovu da görmüsən?
- Hə, onu da
görmüşəm.
- Yaxından
görmüsən? İkisini də bir yerdə?
- Yox, onların ikisini
bir yerdə ancaq qiyamət günü görmək olardı.
- Bəs Sara Qədimovanı?
- Dayan, mən də
soruşum da... Baba, bəs düz deyirlər ki, sən əvvəllər
Bakıda işləyirdin, həm də eynək
taxırdın?
- Hə, taxırdım.
- Niyə baba?
- Çünki o vaxt
Ağdam çox uzaq idi, eynəksiz görmək olmurdu
Gülablını. Taksiyə oturub "Məni Şuşaya
apar" deyəndə də, adamı bura yox, Bakıdakı
"Şuşa" restoranına aparırdı.
- Niyə uzaqdaydı ki
Ağdam, kim aparmışdı onu uzağa?
- Erməni.
- Erməni kimdi ki baba?
- ...onunçün gərək
lap əvvəldən başlayım. Onda Alsu hələ sizin
ananız deyildi, mənim balaca qızım idi, evə də
kim zəng vursaydı, dəstəyi birinci özü
götürərdi, əvvəlcə adını
soruşardı, ad xoşuna gəlməsəydi, dəstəyi
bizə verməzdi, həmin vaxtlar mənim təzə
kitabım çıxmışdı, otaq yoldaşım
İlqar da bu üçüncü kitabım haqqında birinci
yazını yazmışdı.
Yazmışdı ki,
ermənilərin ağlı olsaydı, gərək gizlincə
adam tutub Qulu Ağsəsin qələmini oğurlayaydılar,
yoxsa Qarabağı işğal eləməyin xeyri yoxdu. Niyə?
Çünki torpağı almaq hələ heç nədi.
Qarabağı məhv eləməkçün gərək
onun adət-ənənəsini, tarixini, insanlarının
düşüncə tərzini, sözünü-səsini,
şeirini-musiqisini məhv edəsən. Və nə qədər
ki Qulu Ağsəsin qələmi var, bütün bunlar da
yaşayır. Qarabağdan nə qədər istedadlı adam
çıxıbsa, yaşına, adına-sanına baxmadan
Qulu Ağsəsin qələmindən keçib, keçdikcə
də durulub, təmizlənib, üzü ağarıb. Qulu
Ağsəsin qələmi elə Qarabağın
özüdü. Çünki bu qələm Gülablıda
bitən tənha bir ağacın budaqlarından yonulub.
Çünki bu qələm elə qədim Qarabağın
özü qədər böyükdü. Hərdən mənə
elə gəlir ki, erməniləri o torpaqdan rədd edəndən
sonra, əvvəlki Qarabağ Qulu Ağsəsin qələmindən
süzüləcək, əvvəlcə Abdal-Gülablı
çıxacaq bu qələmdən, bütün
dağı-daşı, ağacı, kol kosu, adamlarıyla
birlikdə, sonra Ağdam süzüləcək, sonra
Şuşa, Xankəndi, beləcə bütün Qarabağ təzədən
dünya işığına çıxacaq. Adamlar
yavaş-yavaş evlərinə köçəcəklər,
yenə də musiqi məktəblərindən muğam sədaları
yüksələcək, yenə də Qarabağ
toylarının səsi Bakıyacan gedib çıxacaq, yenə
də, yenə də...
Qulu Ağsəsin
üçüncü kitabı Bakıda nəşr olundu,
dördüncü, beşinci, altıncı kitabları
Ağdamda çap olunacaq, İmza günü də
Abdal-Gülablıda keçiriləcək.
Qulu Ağsəs gəzəyən
kişi deyil. Amma qələmi oxucunun əlindən tutub
özünün də görmədiyi yerləri gəzdirə
bilir.
Qulunun
üçüncü kitabında publisistikası, nəsri
toplanıb. Məncə, şeirləri Qulu Ağsəsin eynəyindən
iç tərəfindən, nəsri isə
çölündən qidalanır. Onun şeirləri
heç kimin görmədiyi, bilmədiyi aləmdən gəlir,
amma publisistikası, nəsri hamımızın gözü
qarşısında olanlardır. Amma həm də görmədiklərimizdi.
Çünki bunları görməkçün Qulu Ağsəs
eynəyindən baxmaq lazımdı. Bu eynəkdən isə
bircə dənədi.
"Nabran
novellası"yla başlanan eyni adlı kitaba Qulunun neçə
illər ərzində yazdığı publisistikası, nəsri,
aldığı müsahibələri toplanıb. Amma oxuyanda
adama elə gəlir ki bütün bunlar bir nəfəsdə
yazılıb, bəlkə də yazılmayıb, elə
bütöv halda qələmdən düşüb.
Bu kitab səsli
kitabdı. Yox, içində CD filan yoxdu, danışan
kitabdakı adamlardı. Habil Əliyevdən tutmuş Rəmişə
qədər, Səxavət Məmmədovdan tutmuş Möhlət
Müslümova qədər, Sara Qədimovadan tutmuş Qədir
Rüstəmova qədər, bir sözlə hamı
danışır, hətta bir-iki yerdə Akif İslamzadənin
pıçıltıları da eşidilir, amma qəribəsi
odur ki, səslər bir-birinə qarışmır, hay-küy
yaratmır, intizamlı bir orkestr kimi hamı öz yerini bilir,
hamı öz yerində, öz vaxtında danışır. Və
bu səslər birləşərək möhtəşə
bir simfoniya yaradır. Qulu Ağsəs isə əlində
dirijor çubuğu əvəzinə qələmini tutub, bu
orkestri idarə edir.
Amma yox, düz demədim,
hamı danışmır bu kitabda. Ağır-ağır susanlar da var. Əlbəttə ki, qələm əhli.
Onların yerinə Qulu
Ağsəsin qələmi
özü danışır.
Anar, Mövlud Süleymanlı, Fikrət
Qoca, Ramiz Rövşən, Rəşad
Məcid, Vaqif Bəhmənli, İsa Muğanna, Əkrəm Əylisli. Bir sözlə, Qulunun eynəyindən görünən
bütün ədəbi
mühitimiz.
Və nəhayət Qulu
Ağsəsin öz hissləri, öz fikirləri. Şeirləşə
bilməyən, onun həddən artıq narın olan şeir
süzgəcindən keçə bilməyən hisslər,
fikirlər düşüncələr. Bir çoxları elə
bu yazıları da böyük inadla şeir
adlandırardılar. Amma Qulu Ağsəs yox. Çünki təkrar
edirəm, onun şeir süzgəci çox narındır,
oradan nəsə keçirmək çox çətindir. Ona
görə də Qulu az şeir yazan qələm sahiblərindəndir.
Mən bu yazını tələsik yazdım. Heç "Nabran novellası" kitabını tam oxuyub qurtarmamışam. Amma oxuduqca gördüm ki içimdə demək istədiklərim getdikcə çoxalır və əgər kitabı tam oxuyub qurtarsam, hisslərimin hamısını yazıya sığışdırmaqçün gərək sicilləmə bir yazı yazım. Yenə də nəsə yaddan çıxacaq, nəsə unudulacaq. Amma demək istədiyim bircə kəlmə nə olursa olsun heç vaxt yadımdan çıxmaz: Başqa mövzular öz yerində, ancaq Qarabağ haqqında ya gərək Qulu Ağsəsdən yaxşı yazasan, ya da ümumiyyətlə, yazmayasan.
İlqar FƏHMİ