Yeni tarix imtahanı

 

SON AYLAR BAŞ VERƏN HADİSƏLƏR FONUNDA TÜRKİYƏ-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ CİDDİ SINAQLARDAN KEÇDİ VƏ TARİXİN BU İMTAHANINDAN ŞƏRƏFLƏ ÇIXDI

 

Son bir neçə ay ərzində Cənubi Qafqazda tarixi əhəmiyyətli dəyişikliklər baş verdi. Onlar uzun müddət qeyri-sabit olan bu regionun xalqları və dövlətlərinin imkanlarını, demək olar ki, hamı üçün aydın olan çərçivədə müəyyənləşdirdi. Əlbəttə, 2008-ci ilin avqust ayı - Gürcüstan və Rusiya arasındakı müharibə, qəribə də olsa, bir çox məsələlərə daha çox aydınlıq gətirdi. Məlum oldu ki, qonşu ölkələrin maraqları nəinki üst-üstə düşür, lazım gələndə müharibə də istisna deyil. Son halda, yuxarıda adı çəkilmiş ərazi savaşının gedişi və nəticələri Gürcüstanın xeyrinə olmadı. Gürcüstana "dost" olan güclü dövlətlərin başı öz problemlərinin həllinə qarışmışdı. Onlar danışdılar, etiraz etdilər, hədələdilər, lakin konret heç nə edə bilmədilər. Bədii şəkildə desək, hind nağıllarındakı kimi, iki fil başqasının balası uğrunda amansız mübarizəyə girişməz. Filin təbiətində belə hallar olmur və bunu hamı bilir. Lakin ayağı çox ağır olan filin qəzəbinə düçar olmaq arzuolunmazdır. Hər şey baş verə bilər.

Bu cür sadə məntiq nöqteyi-nəzərindən çıxış edərək, Cənubi Qafqazın müasir problemlərinə də yanaşmaq mümkündür. Dünya miqyasına görə nisbətən kiçik olan bu ərazidə olduqca çoxlu sayda müxtəlif ölçü və imkanlara malik olan "fillərin" ziddiyyətli maraqları cəmləşib və bir-biri ilə rəqabətdədirlər. Sirkdə kiminsə tərəfindən qəzəbləndirilmiş filə dərhal nə isə "dadlı bir şey" verirlər və o, tədricən "sakitləşir" və qəzəbini gizlədir.

İnsanın şüur və intellektə malik olduğunu nəzərə almasaq, onlar fillərdən çox az fərqlənirlər. Bununla belə, çox vaxt insanlar müxtəlif tərzdə boş yerə özlərindən çıxır, əsəbiləşir və vuruşurlar. Fillər gərgin vəziyyətlərdə, demək olar ki, eyni şəkildə hərəkət edir və onların davranışı gözlənilən olur. Bunu isə nüvə "dəyənəyinə" və qitələrarası ballistik raketlər kimi ciddi silahlara malik olan insanlar haqqında demək qeyri-mümkündür.

Beləliklə, bizə yaxın olan Cənubi Qafqaz üçün aşağıdakıları demək olar.

Həm keçmişdə, həm də hazırkı vaxtda olduğu kimi, bütün sülh və qeyri-sülh xarakterli addımlarda Cənubi Qafqazda üstünlük Rusiyanın tərəfindədir, Gürcüstan isə təəssüf ki, bu dəfə də məğlub oldu, həm də çox ciddi şəkildə. Mühüm regional dövlətlərdən bizə ən yaxın olan Türkiyə Respublikası nisbətən müstəqil mövqedə qaldı. Hərçənd, mühüm təklif imkanlarını ehtimal etmək mümkündür. Bununla belə, o da uduzanlar sırasındadır. Yaranmış vəziyyətlə bağlı Türkiyənin yeni planları həyata vəsiqə almadı.

Mən bu gün baş verən proseslərin nəticələrinə əsasən fikir söyləyirəm. Təəssüf ki, bir çox ekspert və politoloqlar Azərbaycan Respublikasının da ən azı Gürcüstan qədər uduzduğuna dair nəticə çıxarmaqda tələsdilər. Mən nəinki bu fikirlə razı deyiləm, hətta onu qərəzli hesab edirəm:

a) Rəsmi Bakı üçün kimə etibar etməkdə öz seçimini dəqiqləşdirmək daha da asanlaşdı. Baxmayaraq ki, "etibar" kimi sözlər siyasətdə yalnız şərti olaraq işlədilir;

b) Respublikamız Cənubi Qafqaz regionunda öz mövqeyini dəyişmədi, o, mərkəzə daha da yaxınlaşdı;

c) Nəhayət, hər şey aydınlaşdı, qaranlıq məqamlara işıq salındı və indi hamı açıq-aşkar danışmaq məcburiyyətində qalıb;

d) Məlum oldu ki, tarixi dostluğa malik olan xalqların mövqeyini hesaba almamaq qeyri-mümkündür. Birincisi, qəzəbli xalq istənilən ölçülü filləri geridə qoya bilər. İkincisi, xalqlarımızın (türkləri və azərbaycanlıları nəzərdə tuturam) bir hissəsi bəzi liderlərə inamını nisbətən itirib, digər hissəsi isə başqa liderlərin xarakterlərinə dair müsbət fikirlərində daha da qətiləşibdir. Bu, olduqca mühüm regional amildir;

e) Azərbaycan bütün qonşularla münasibətlərdə bərabərhüquqlu tərəfdaş olduğuna dair öz iradəsini bir daha nümayiş etdirə bildi;

f) Qarabağ məsələsinin həlli sonuncu beynəlxalq forumların hamısında öz layiqli yerini tutub. Lakin bu mürəkkəb məsələdə sülh danışıqları prosesi iştirakçılarının mövqeyinin açıqlığı baxımından, əvvəlki on ildəki ilə müqayisədə xeyli irəliləyiş vardır. Siyasi ritorika daha konkret xarakter alıb. Problemin həllinə dair mümkün variantlar real vəziyyəti nəzərə alan güzəştlər çərçivəsində müəyyənlişdirilib. Ola bilsin ki, belə daha yaxşıdır. Bizim üçün sülh və ərazi bütövlüyü vacibdir;

g) Rusiya ilə Gürcüstan arasındakı müharibə və onun ardınca Cənubi Qafqazın siyasi xəritəsində baş verən dəyişikliklər Qarabağ probleminin tezliklə həllinin və Ermənistan tərəfindən işğal olunmuş torpaqların Azərbaycana qaytarılmasının vacibliyi ilə bağlı dünyanın iri dövlətlərinin ortaya qoyulan şübhələrini aradan qaldırdı. Son 9 ayda baş verən proseslərin nəticələrinə bir çox faktları da əlavə etmək olar. Lakin buna o qədər də lüzum yoxdur. Bizim üçün əsas odur ki, Türkiyə və Azərbaycan münasibətləri son nəticədə hər iki ölkə xalqlarının iradə və maraqlarının kəsişdiyinin başa düşülməsinə gətirib çıxardı. Bu, bəlkə də Cənubi Qafqazda sabitlik üçün olduqca mühüm nəticədir. Bu istiqamətdə ciddi addımlar 2009-cu ilin may ayının ortalarında Azərbaycanın prezidenti İlham Əliyevin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə görüşlərində müəyyənləşdi. Görüşlər iki dövlət - Türkiyə və Azərbaycan arasında yeni, daha praqmatik münasibətlərin əsasını qoydu. Bütün bunlarla yanaşı, hər iki ölkə xalqlarının qardaşlıq hissləri ciddi sınaqlardan keçdi və tarixin yeni, gözlənilməyən imtahanından şərəflə çıxdı.

Deyirlər ki, xalqların dostluğu "hüquq və vəzifələr" anlayışını özündə ehtiva etmir. Onun mahiyyətində müqəddəs qaydalar mövcuddur. Dostluğun sərhədlərini pozmaq cəhdi ortaya çıxanda mahiyyətdən irəli gələn özünümüdafiə mexanizmi avtomatik olaraq işə düşür. Biz bu yaxınlarda onun şahidi olduq.

P.S. Dünyanın aparıcı dövlətlərini fillərlə müqayisə yalnız onların gücünü göstərmək niyyətindən irəli gəlir. Bunun xalqlara heç bir aidiyyəti yoxdur.

 

 

Rafiq ƏLİYEV,

fəlsəfə elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2009.- 23 may.- S.9.