Şirməmməd Hüseynovun "Müstəqilliyin
çətin yolu... Reallıqlar, düşüncələr"
kitabı çapdan çıxıb
BƏXTİYAR VAHABZADƏ:
"ŞİRMƏMMƏD HÜSEYNOVU TANIYAN HƏR KƏS
BİLİR Kİ, ONUN QƏLƏMİNDƏN ÇIXAN
BÜTÜN YAZILARIN ARXASINDAN ONUN SINMAZ, DÖNMƏZ, ƏYİLMƏZ
ŞƏXSİYYƏTİ BOYLANIR"
Bu günlərdə
"Elm" nəşriyyatında Azərbaycan jurnalistlərinin
sevimli müəllimi, fədakar tədqiqatçı, BDU-nun
professoru Şirməmməd Hüseynovun "Müstəqilliyin
çətin yolu... Reallıqlar, düşüncələr"
kitabı işıq üzü görüb. 800-dən
çox elmi-publisistik məqalə, 15-dən artıq kitab və
monoqrafiya müəllifi olan professor Şirməmməd
Hüseynov son 25 ildə mətbuat tədqiqatçılığının
çox mühüm və maraqlı bir üsulunu yaradaraq,
inkişaf etdirib. Mirzə Fətəli Axundovdan
başlamış Məmməd Əmin Rəsulzadəyə qədər
gedən bir yolun ən gizli publisist anları onun qələmində
yenidən dirçələrək, müasirlik və
aktuallıq keyfiyyətlərini üzə
çıxarıb.
"Müstəqilliyin
çətin yolu... Reallıqlar, düşüncələr"
kitabına müəllifin 1988-1993-cü illərdə, həmçinin
2007-2009-cu illərdə yazılmış və ölkə mətbuatında
dərc edilmiş yazılarının bir qismi daxil edilib. Kitabda
həmçinin bir sıra tanınmış şəxslərin,
jurnalistlərin Ş.Hüseynovla bağlı məqalələrinə
də yer verilib. Bundan əlavə, kitabda Azərbaycanın
keçdiyi məşəqqətli illərin bir sıra
mühüm hadisələrinin yer alması da diqqət çəkən
məqamlardandır.
Ş.Hüseynov Azərbaycanda
sovet rejimi qurulana qədərki dövrü mətbuatı
böyük səbr və həssaslıqla
araşdırıb, Məmməd Əmin Rəsulzadə, Əhməd
bəy Ağayev, Əli bəy Hüseynzadə, Ömər
Faiq Nemanzadə, Üzeyir Hacıbəyli kimi böyük qələm
sahiblərinin dəyərli fikir və mülahizələrini
üzə çıxararaq çağdaş Azərbaycan
oxucusunun diqqətinə çatdırıb.
Kitaba ötən əsrin
əvvəllərində mətbuat orqanlarında
tanınmış simaların dərc edilmiş
çoxsaylı məqalələri də daxil edilib. Azərbaycan
Xalq Cümhuriyyətinin fəaliyyətilə bağlı bir
sıra mühüm sənədlərin kitabda əksini
tapması mühüm amillərdən biridir. Məhz
Ş.Hüseynov bir çoxlarına sirr olan bu məqamları
üzə çıxararaq, xalqımızın başına
gətirilən müsibətlərin hansı qaynaqdan həyata
keçirildiyini incəliyinə qədər
araşdıraraq, onları kitab vasitəsilə oxuculara təqdim
edib. Diqqət çəkən məqamlardan biri də
ondadır ki, həmin yazıların demək olar hər biri
Ş,Hüseynovun toxunulan məsələlər barədə
yazdığı ümumiləşdirici məqalələrlə
müşayiət edilir. Kitabda yer alan bu yazıları oxuduqca
xalqımızın, millətimizin başına gətirilən
qanlı olayların eyni qaynaqdan həyata keçirildiyinin
şahidi oluruq. Müəllif bütün bu məqamlara
aydınlıq gətirmək, eləcə də ermənilərin
bugünkü iddialarının əsas məqsədini
açıqlamaq üçün tarixə nəzər yetirərək
"Əkinçi", "İrşad",
"Açıq söz", "Hümmət", "Tərəqqi"
qəzetlərində bu səpgidə dərc edilmiş
yazılara diqqət yetirib.
Kitabda Ş.Hüseynovun
müxtəlif qəzetlərdə çap olunmuş
müsahibələrinə də yer verilib. Kitabda yer alan məqalələrin
bir qismi də milli məsələlərə, habelə
Cümhuriyyət dövrünə aiddir. Ötən əsrin
ilk yarsında mövcud olan mətbu orqanlarında Cümhuriyyətlə
bağlı qələmə alınmış məqalələrin
müəllif tərəfindən kitaba yerləşdirilməsi
qaranlıq olan bir sıra məqamların üzərinə
işıq salır. Bir sözlə, kitabda yer alan və son
illərə qədər qadağan olunmuş, eləcə də
açıqlanmamış tarixi sənədlərə,
görkəmli ictimai-siyasi və mədəniyyət xadimlərinin,
jurnalist və publisistlərin əsrin əvvəllərində
mətbuat səhifələrində dərc edilmiş
yazılarına istinadən müasir həyatımızla səsləşən,
onların tarixi əlaqəsi və köklərini anlamağa
yardım edən bu məqalələrin geniş oxucu kütləsi
üçün faydalı olacağı şübhəsizdir.
Kitabın ön sözünün müəllifi, mərhum
xalq şairi Bəxtiyar Vahabzadənin dediyi kimi, "Şirməmməd
Hüseynovu tanıyan hər kəs bilir ki, onun qələmindən
çıxan bütün yazıların arxasından onun
sınmaz, dönməz, əyilməz şəxsiyyəti
boylanır. Bu isə qələm əhli üçün
çox vacib şərtdir. O ətrafımızda cərəyan
edən irili-xırdalı bütün hadisələrə
yalnız öz gözlərilə baxır, öz ağlı
ilə qiymətləndirir. Onun yaxınlarına,
qohum-qardaşına, dostlarına və hətta
övladlarına olan münasibəti də eyni güzəştsiz
prinsip və eyni baxış əsasında qurulub. Ömrü
boyu Vətəninə, millətinə, doğma ana dilinə səcdə
qılan, onların taleyini öz şəxsi taleyi bilən və
bu əqidəsi uğrunda qələmilə
çarpışan əsl vətəndaş jurnalistin, tarix
aliminin qələmindən çıxan bu kitabın hər
bir azərbaycanlının masaüstü kitabı
olacağına inanıram".
Sonda belə bir dəyərli
kitabı bizlərə bəxş etdiyinə görə
sevimli müəllimimizə minnətdarlığımızı
bildirir, ona yeni-yeni yaradıcılıq uğurları və
cansağlığı arzulayırıq.
AQİL